AZE | RUS | ENG |


Avtomobildən pul qazanan gənc- Startap

Avtomobildən pul qazanan gənc- Startap
Onun yeganə məqsədi çox iş görüb, çox tərləməkdi


Problemlərdən qorxmur. Deyir ki, hansısa işə başlayanda qorxdunsa, bir addım geri düşürsən. Ona görə də, problemdən qorxmaq əvəzinə, onun üzərinə gedib həll etdikdə, uğur da səninlə olur. Müsahibimiz "Lendock” ( https://lendock.com/ ) startapının təsisçisi və icraçı direktoru Ağahüseyn Əhmədovdur.
Ağahüseyn Bakı Dövlət Universitetinin kimya fakültəsini bitirib. Oxuduğu sahəyə marağı olmadığı üçün biznesə yönəlib. Azərbaycanda gəncləri birləşdirən ən böyük təşkilat - AIESEC-də vitse-prezident vəzifəsində çalışıb. Bundan əlavə, BP Azərbaycan şirkətində,  Bakı-2015 Avropa oyunlarında fəaliyyət göstərib. Hazırda Azərbaycanın ilk startap akseleratoru "SUP Accelerator” da xarici əlaqələr üzrə menecerdir.
 
"SUP Accelerator” nədir?
 
Accelerator texnoparklar, innovasiya mərkəzləri kimi startaplara dəstək verir və layihələrini komanda şəklində icra etmək üçün şərait yaradırlar. Bundan əlavə, əsas gücü ondan ibarətdir ki, 3 ay ərzində startapçılara müəyyən proqramlar keçir və 3 ayın sonunda xarici və yerli  investorların iştirakı ilə tədbirlər təşkil edirlər. İnvestorlar maraqlandığı startaplara sərmayələr qoyurlar. SUP azərbaycanın ilk startap acceleratorudur.
Ağahüseyn fəaliyyətə könüllülüklə başlayıb. Özünün də dediyi kimi,  işləməkdən qorxmamağı, daim yeniliyə can atması onu startap dünyasına gətirib. Bundan sonrakı həyatına kimyaçı kimi deyil, startapçı kimi davam edib: "Təşkilatlarda könüllü kimi fəaliyyət göstərirdim. Oradakı dostlarımdan biri mənə AIESEC-də işləməyi məsləhət gördü. Burada vəzifəyə qalxdıqdan sonra tədbirlər təşkil etməyə, sponsorlarla danışmağa başladım. Biznes mühitində böyüdüm. Oradakı tanışlığın hesabına startap dünyasına gəldim”.
 
"İcarə etmək üçün yer”
 
Ağahüseyn işin incəliklərini öyrəndikdən sonra öz ideyasını həyata keçirib və "Lendock”u yaradıb: "Lendock ingilis sözlərinin birləşməsidir. Yəni  lend və dock "icarə etmək üçün yer” mənasını verir. Həmtəsisçimlə birlikdə bu layihəyə başladıq. İlk olaraq fikirləşdik ki, icarə oluna bilən bütün əşyaların platforma üzərindən icarəsini təşkil edək. Amma sonra başa düşdük ki, əməliyyatları aparmaq kifayət qədər ağırdır və resurslarımız çatmır. Biznes modeli dəyişdik və yalnız avtomobil icarəsi təşkil etməyə başladıq. Platformanı sıfırdan yığdıq. "Lendock” nəqliyyat vasitələrinin icarəsi platformasıdır və bu platforma istəyinizə uyğun olan nəqliyyat vasitələrini tam rahatlıqla tapmağa kömək edir. Burada fərqli növ nəqliyyat vasitələrini (toy avtomobili,  səyahət üçün avtobus) tapa bilərsiniz. "Lendock”un əsas səhifəsi (http://lendock.com) istənilən bir şəxsə platforma üzərindən büdcəsinə uyğun nəqliyyat vasitəsi tapmağa imkan yaradır. Platformanın xidmətindən istifadə çox rahatdır. Belə ki, icarəyə götürmək istədiyiniz nəqliyyat növünü, tarixi, büdcənizi qeyd edərək, axtarış edə bilərsiniz. Və ya hazır "axtar” düymələrindən istifadə edib, birbaşa nəticələrə keçə bilərsiniz”.
 
Oturduğun yerdə pul qazan...
 
Həmsöhbətimin sözlərinə görə, "Lendock” istifadəçilərin icarə üçün nəqliyyat  vasitələrinin axtarışını rahatlaşdırmaqdan savayı, həm də pul qazanmaq üçün çox əlverişli imkan yaradır: "Hər bir kəs öz nəqliyyat  vasitəsini bizim platforma üzərindən digərlərinə icarəyə verə bilər. Bizdə qiymətlər digər icarə qiymətlərindən ortalama 30 faiz azdır və maşınların sayı çoxdur. Evindən heç bir yerə getmədən icarəyə götürə bilərsiniz. Tutaq ki, maşını 50 manata icarəyə verirsiniz, biz 20 faiz komissiya götürürük, qalanı icarə verənin özündə qalır. İcarə qiymətini və elanın platformada hansı vaxt məşğul və ya icarə götürülməyə uyğun olduğunu hər bir şəxs özü təyin edir”.
 
Barak Obama, Con Kerri, Sergey Brin, Mark Zukerberq...
 
Ağahüseyn həm də Amerikada, Silikon vadisində Qlobal Sahibkarlıq Sammitində iştirak edən 4 azərbaycanlıdan biridir. Belə ki, həmin forumun spikerləri Barak Obama, Con Kerri olub: "Bu sammitə Azərbaycandan 4 nəfər seçilmişdi, biri də mən idim. Sammitdən əvvəl əlavə proqram təşkil olundu və 140 nəfər startapçı seçildi. Bu 140 nəfərin içində Azərbaycandan yalnız mən seçilmişdim. Spikerlər Barak Obama, Con Kerri idi. "Google”un təsisçisi Sergey Brin, Mark Zukerberq də orada iştirak edirdilər. Televizorda, internetdə gördüyümüz şəxsiyyətlər hamısı o tədbirin moderatorları idi. Bu, mənim üçün çox böyük nailiyyət oldu. Azərbaycanlı gənc və sahibkar kimi bu işdə olmaqdan fəxr elədim. Mən inanılmaz məkanda - Silikon vadisində keçirilən Qlobal Sahibkarlıq Sammitində (QSS) iştirak etdiyimə görə çox şanslıyam. Dünyanı daha yaxşı etmək, real məsələləri həll etmək istəyən bu qədər çox oxşar düşüncəli insanların olmasını bilmək çox sevindiricidir. Sahibkarlıq yolunda hamımız oxşar problem və maneələrlə rastlaşırıq. Məşhur sahibkarlarla tanış olmaq, onlarla söhbətləşmək və fikir mübadiləsi aparmaq inanılmaz bir təcrübə idi. Bundan əlavə, öz sahələrinin mütəxəssisləri ilə keçirilən sessiyalar çox əhəmiyyətli idi”.
Müsahibimiz deyir ki, təkcə Azərbaycanda yox, bütün dünyada startaplarla bağlı çətinliklər var: "Tədbirdən sonra Silikon vadisini gəzdim və oradakı insanlarla tanış oldum. Bütün ölkələrdə eyni tipli problemlər yaşanır. Startap mühitində olan eyni problemlərlə üzləşməyimiz bizi dünyada həmrəy edir”.
 
İmkanlar da çoxdur, problemlər də...
 
Azərbaycanda startapla bağlı problemlərdən danışan gənc sahibkar deyir ki, ölkədə bu sahədə imkanlar da çoxdur, problemlər də: "Məncə, nə iş görürürsənsə, ən vacib məqam təsisçilər və komandadır. Komanda nə qədər güclü və həmrəy olsa, ideya yaxşı icra olunacaq. Əgər komanda yaxşı olmasa, ideya nə qədər mükəmməl olsa da, ortaya heç nə çıxmayacaq. Xəyallarla yaşamaq olmaz. Reallığı nəzərə alıb, ideya vermək lazımdır. Bizim startapçılar çevik işləməyi bacarmalı, bir işin üzərində uzun müddət qalmamalıdırlar”.
Ağahüseyn deyir ki, bu gün gənclərin çoxu startapın nə olduğunu bilmir. Müsahibimizin sözlərinə görə, bütün kiçik bizneslər startap deyil: "Startap kiçik bir biznesdən başlayıb böyümək potensialı olan ideya və ya layihədir. Startap hansısa problemə həll yolu tapır, texnologiyalardan istifadə etməklə insanların şəraitinin yaxşılaşdırır. Siz gedib tur şirkəti açırsınızsa, bu, startap deyil. Amma ilk açılan tur şirkəti startapdır. Uğurlu startapın göstəricisi komandanın güclü olması və çətinliklərlə düzgün mübarizə aparmaqdır. Çətinliklərdən qorxmamalısınız. Bir az qorxu oldusa, geri düşəcəksiniz. Problem varsa, problemin həllinə məqsədyönlü şəkildə getmək lazımdır. Təəssüflər olsun ki, biz əvvəlcədən problemləri özümüzdə yaşadır, özümüzü qorxudur və geri çəkilirik. Məncə, problemi düşünmək deyil, irəli getmək lazımdır ki, qarşına problem çıxanda onun həll yolunu tapasınız”.
Sonda gələcək planlarından danışan həmsöhbətimiz vurğuladı ki, yeganə məqsədi çox iş görüb, çox tərləməkdir: "Məqsədyönlü işləmək istəyirəm. Startapımı genişləndirib daha xeyirli və yararlı olmasına çalışacağam”.
Aygün ƏZİZ
 



 


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0046
GEL 1 Gürcü larisi 0.6915
GBP 1 İngilis funt sterlinqi 2.1255
TRY 1 Türk lirəsi 0.4748
KWD 1 Küveyt dinarı 5.6354
SEK 1 İsveç kronu 0.1952
EUR 1 Avro 1.8529
CHF 1 İsveçrə frankı 1.7260
USD 1 ABŞ dolları 1.7202