• cümə, 26 Aprel, 07:26
  • Baku Bakı 12°C

Silah mütəxəssisi yetişdirən fakültədən reportaj - Reportaj

23.05.16 11:34 8946
Silah mütəxəssisi yetişdirən fakültədən reportaj - Reportaj
Bu fakültə digərlərindən öz missiyasına görə fərqlənir. Onların vəzifəsi, məsuliyyəti daha ağırdır. Çünki onlar Azərbaycanın müsafiəsi üçün silah yaradan tələbələrdir. Əsas məqsədləri yüksək ixtisaslı kadr kimi yetişib müdafiə sənayəsinə öz töhfələrini verməkdir. Biz də bu şərəfli missiyanı üzərlərinə götürən tələbələrlə söhbətləşmək, fakültənin iş prinsipləri ilə maraqlanmaq üçün Azərbaycan Texniki Universitetinə yollandıq.

"Tələbə zavodun qoxusunu hiss etməlidir”
Qeyd edək ki, 2011-ci ildə Nazirlər Kabinetinin qərarına əsasən Azərbaycan Texniki Universitetində "Xüsusi texnika və texnologiya” fakültəsi yaradılıb. Fakültə haqqında məlumat verən dekan Ramiz Hüseynov bizimlə söhbətində bildirdi ki, fakültənin əsas məqsədi Azərbaycanın müdafiə sənayesi kompleksi üçün yüksək ixtisaslı kadrlar hazırlamaqdır: "Azərbaycan müdafiə sənayesi kompleksinin sifarişi əsasında bakalavr və magistr pillələri üzrə beş ixtisas əsasında təhsil verilir: Silah və silah sistemlərinin istehsal texnologiyası mühəndisliyi, Optotexnika, Pirotexnika vasitələri texnologiyası, Çoxkanallı radiorele və troposfer rabitəsinin yerüstü aparatlarının hazırlanması, istismarı və təmiri, Kompozisiya materiallarından müdafiə təyinatlı məmulatların layihələndirməsi və istehsalı. İlk dəfə 2012-ci ildə fakültəyə hər ixtisas üzrə 15 tələbə qəbul olub. Universitet bu fakültə üçün ən yaxşı müəllimləri seçib. Fakültəyə yüksək ballı uşaqlar qəbul edilir. Tələbələrdə seçdikləri ixtisasa sevgi yaratmaq üçün hər il tədris təcrübəsinə göndərilirlər. Tələbələrin hamısı Müdafiə Sənayesi Nazirliyində olur, təcrübə keçirlər. Hər dəfə çalışırıq ki, tələbələri bütün ixtisas sahələri ilə tanış edək. Onlar başa düşsünlər ki, seçdikləri ixtisas nədir və nə ilə məşğul olacaqlar. İkinci kursdan başlayaraq artıq ixtisas fənləri keçirilir. Onda biz nazirin sərəncamı ilə müdafiə sənayesinin zavodlarında xüsusi auditoriyalarda təcrübə keçirlər. İkinci kursdan başlayaraq həftədə bir dəfə dərslər zavodlarda keçirilir. Dərs gedə-gedə tələbə avadanlıqlarla tanış ola bilir. Müdafiə Nazirliyinin tədris mərkəzi var. Orada rabitə cihazları hazırlanır, tələbələr onların iş prinsipi ilə tanış olurlar. Çalışırıq ki, tələbə zavodun iyini, qoxusunu hiss etsin, yalnız auditoriyada oturub nəzəri bilik almasın”.

"Əlaçı tələbələr zavodda işləyir”

Dekannın sözlərinə görə, hələ birinci kursdan tələbələrə vətənpərvərlik hisslərinin aşılanması üçün müəyyən işlər görülür: "Hər bir tələbənin ilkin missiyası vətənpərvər kimi yetişməkdir. Onlar bilməlidir ki, burada oxuyan tələbələr gələcəkdə Azərbaycanın silahını yaradan şəxslərdir. Onlar sabah həmin silahların konstruktoru, texnoloqu olacaqlar. Biz bu hissi yaratmaq üçün birinci kursda ilk olaraq tələbələri Mübariz İbrahimovun qəbrini ziyarət etməyə aparırıq. Onlar dərk edirlər ki, burada təhsil alıb silah yaradıb vətənə öz borclarını qaytarmalıdırlar. Nə vaxtacan biz xaricdən silah almalıyıq? Artıq öz silahımızı yaratmalıyıq. Yaxşı oxuyan uşaqları fəhlə kimi yayda zavoda cəlb edirik. Onlar aylıq maaş alır, əlləri metala dəyir. Bundan əlavə, Müdafiə Sənayesi Nazirliyinin qərarı ilə əlaçı tələbələrə 80 manat təqaüd verilir, 100 manat isə universitetdən alırlar”.
Dekan bildirdi ki, dünyada gedən yeniliklərlə tanış olmaq və onları ölkəmizdə tətbiq etmək üçün universitetlərlə əlaqələr yaradılıb: "Kalaşnikov Universiteti ilə əlaqəmiz var. Hər ay Rusiyanın 8 şəhərində müdafiə sənayesi ilə məşğul olan alimlər konfrans keçirirlər. Biz də həmin konfransa canlı bağlanırıq. Fikir mübadiləsi aparır, yenilikləri öyrənir, öz fikrimizi bildiririk. Rusiyada bütün nailiyyətlər o konfransda müzakirə olunur. Gələcəkdə tələbə-müəllim mübadiləsi də aparılacaq”.

"Məxfi kitabxana”

Fakültə böyüklüyü ilə digər fakültələrdən fərqlənir. Kitabxanaları isə tam məxfi fəaliyyət göstərir. Tələbələrin nəzəriyyəni rahat qavraması üçün rus dilində olan kitablar fakültə hesabına tərcümə olunur.
Müəllimlər deyir ki, bu fakülətinin tələbələri yüksək balla qəbul olduqları üçün çox istedadlı və bacarıqlıdırlar. Belə tələbələrdən biri də Məmmədov Ridvandır. Ridvan Xüsusi texnika və texnologiya fakültəsinin 3-cü kursunda təhsil alır. O deyir ki, silaha olan həvəsi onu bu fakültəyə gətirib: "Dərslərimiz çox maraqlı keçir. Mühazirələrlə yanaşı, zavodlarda olur, öyrəndiklərimizi əyani tətbiq etmək imkanı əldə edirik. Elektron vəsaitlərlə təmin olunuruq. Dərslərimiz müasir texniki avadanlıqlardan istifadə edilməklə keçirilir. Laboratoriyalarda bütün ləvazimatlarla tanış oluruq. Mənə ən çox maraqlandıran ixtisasımla birbaşa əlaqəli olan fənlərdir. Silah istehsalında işlədilən avadanlıqlar çox maraqlıdır və mən onları bütün dərinlikləri ilə öyrənməyi qarşıma məqsəd qoymuşam”.

Qrupun tək qızı
Adətən Azərbaycanda hərb sahəsi ilə daha çox oğlanlar məşğul olur. Xüsusilə silah istehsalı dedikdə, qızlar arxa planda qalır. Amma Qasımova Rübabə bu "əngəli” aşaraq silah texnoloqu olmağı qarşısına məqsəd qoyub. Deyir ki, ailəsində də oğlan kimi böyüdüyü üçün həmişə hərbi xidmətə yollanmaq istəyib: "Uşaqlıqdan oğlan kimi böyümüşəm. Əvvəllər texniki fənlərə maraq göstərirdim. Amma silahın özü mənə həmişə maraqlı gəlirdi. Atam da bu ixtisası oxuduğum üçün məni çox dəstəkləyir. Məqsədim yaxşı konstruktor olmaqdır. Əvvəllər bu fakültədə oxumağım ətrafımdakı qızlara qəribə gəlirdi, amma indi alışıblar. Mən özümü fərqli hiss edirəm. Qrupumuzda tək qızam. Birinci dəfə tək qız olduğumu görəndə 1-2 həftə özümə gələ bilməmişdim. Amma indi düşünürəm, yaxşı ki, bu fakültəyə gəlmişəm. Əsas məqsədim biliyimi genişləndirərək magistr təhsili alıb professional silah konstruktoru olmaqdır”.

"Düşmən lərzəyə gəlsin”

Söhbətləşmək üçün digər qruplara da baş çəkirik. Universitetdə dərslərin bitməsinə az vaxt qaldığı üçün tələbələr kompyuter arxasında sərbəst işləri üzərində gərgin şəkildə işləyirlər. 3-cü kurs tələbəsi Ülvi deyir ki, əsas məqsədi gələcəkdə yeni silahlar yaratmaqdır: "Atam hərbi müəllim oluduğu üçün bizi vətənpərvər ruhda böyüdüb. Hazırda məndən böyük qardaşım da bu ixtisas üzrə təhsil alır. Ailəlikcə Azərbaycanın müdafiə sənayesinə töhfəmizi verməyə çalışırıq. Gələcəkdə yeni silahlar yaratmaq istəyirəm. Müharibə şəraitində yaşayırıq. Azərbaycanda elə bir silah yaratmaq istəyirəm ki, əsgərlərimizə daha çox kömək olsun və düşməni lərzəyə salsın”.
Şəbnəm Hüseynovanın isə tək arzusu əsgərliyə getməkdir: "Həmişə əsgərliyə getmək istəyirdim. Hərbiyə çox maraqlı olmuşam. Bütün yükün oğlanların üzərində qalmasını istəmirəm. Hərb sahəsində ölkəmizin daha irəliyə getməsi üçün borcumu yerinə yetirmək ən böyük arzumdur. Təəssüf ki, hərbi xidmətə getmək arzumun gerçəkləşməsi mümkün deyil, amma hərbi sahədə mütəxəssis olub borcumu yerinə yetirəcəyimə görə xoşbəxtəm”.
Aygün ƏZİZ
banner

Oxşar Xəbərlər