• cümə, 26 Aprel, 19:03
  • Baku Bakı 22°C

“Şöhrət” ordenli paraolimpiyaçı - Portret

12.10.16 10:45 4006
“Şöhrət” ordenli paraolimpiyaçı - Portret

Rio-de-Janeyro Olimpiadasından bir neçə gün sonra hamının diqqəti yenə Braziliyanın ikinci ən böyük şəhərinə yönəlmişdi. Bu dəfə paraolimpiyaçıların yarışına.

Bayraqdarımıza edilən haqsızlığı unutdurdu

Paraolimpiya Oyunları 1960-cı ildən təşkil edilir. Fiziki qüsurlu idmançılar arasında keçirilən bu yarışların təşkilində əsas məqsəd həmin şəxsləri cəmiyyətə qazandırmaqdı. İlk dəfə Romada təşkil edilən yarış sonradan ənənə halını aldı. Artıq hər dəfə Olimpiya Oyunlarından sonra dünyanın ən böyük idman yarışının keçirildiyi şəhərdə yeni həyəcan - Paraolimpiya oyunları başlayır.
Ölkəmiz müstəqillik tarixində 6-cı dəfə qatıldığı yarışda 4 il öncə, Londonda qazanılmış nəticəni yaxşılaşdırmağı planlaşdırırdı. 2012-ci ildə Britaniyanın paytaxtına 21 idmançı ilə yollanmış ölkəmiz 12 medal qazanmağı bacarmışdı ki, bu medallardan da 4-ü qızıl, 5-i gümüş, 3-ü isə bürünc olmuşdu. Medalların əyarına görə ölkəmiz Paraolimpiadanı 27-ci pillədə başa vurmuşdu.
Bu dəfə isə hamı paraolimpiya yığmamızın Rioda 4 il öncəki nəticəni bir az daha yaxşılaşdıracağına ümid edirdi. Yığmamız Braziliyaya Londondakından 4 nəfər çox, 25 idmançı ilə yollandı. Bu dəfə də həmişə olduğu kimi, əsas ümidimiz cüdoya idi. Azərbaycanın paraolimpiyaçı cüdoçusu deyəndə ağıla ilk olaraq İlham Zəkiyev gəlir. Paraolimpiya oyunlarında cüdoda ölkəmizə ilk qızıl medalı qazandırmış əfsanəvi idmançı yenə heyətdə idi. Lakin Afina və Pekin Paraolimpiya Oyunlarını qızıl medalla başa vuran, Londondakı analoji yarışda sə "qızıl”ı "bürünc”ə dəyişən Zəkiyev bu dəfə medalsız qaldı. Cüdoçumuzun medalsız qalmasında hakimlər də az rol oynamadı. Belə ki, Paraolimpiya Oyunlarındakı bayraqdarımız məhz hakimlərin haqsız qərarları sayəsində yarışı medalsız tərk etdi.
Ancaq Rioda cüdo yarışlarında yeganə medal ümidimiz Zəkiyev deyildi. Bayraqdarımıza edilən haqsızlıq fonunda 73 kq çəki dərəcəsində yarışan Ramil Qasımov bütün ölkəni sevincə qərq edən uğura imza atdı. O, bu çəki dərəcəsində Rio Paraolimpiya Oyunlarında ölkəmizə ilk və son "qızıl”ı qazandırdı. Məhz onun uğuru sayəsində paraolimpiya millimiz Riodan himnimiz səslənməmiş qayıtmadı. Gəlin, ölkəmizə bu sevinci yaşatmış qəhrəmanımızı daha yaxından tanıyaq.

Sambodan cüdoya

Qasımov Ramil Famil oğlu 1981-ci il, avqust ayının 13-də Gəncədə dünyaya göz açıb. O, hələ kiçik yaşlarından idmana meyl salıb. Ramil xalası oğlu kimi samboya getmək arzusunda idi. Çox keçmir ki, xalası oğlu onu öz məşq etdiyi idman klubuna aparır. Ramilin ailəsinin də razılığından sonra o, 9 yaşından etibarən sambo ilə məşğul olmağa başlayır. Onun ilk məşqçisi isə Əli Hacıyev olub. Maraqlıdır ki, Ramil hələ də həmin mütəxəssisin rəhbərliyi altında çalışır.
Ramil uzun müddət, 2001-ci ilə kimi samboyla məşğul olub. Bu idman növündə onun uğurları heç də az deyildi. Belə ki, yeniyetmələrin dünya çempionatında 2-ci olan Ramil, daha sonra gənclər arasında keçirilmiş analoji yarışda qızıl medallara da sahib çıxır. Böyüklərin yarışında isə 3-cü olur.
2001-ci ildən etibarən Ramil özünü samboya çox yaxın olan cüdoda sınamaq qərarına gəlir. Onun bu sahədə də uğurları özünü çox gözlətmir. 2002-ci ildə Tbilisidə keçirilmiş beynəlxalq turnirdə iştirak edir. 66 kq çəki dərəcəsində yarışan Qasımov, turniri 3-cü pillədə başa vurur. Tbilisidəki üçüncülükdən sonra Ramil öz uğurlarını davam etdirir.
O, 2005-ci ildə Tbilisidə təşkil edilmiş Dünya Kubokunda 2-ci olur. Cəmi 1 il sonra Bakıda təşkil edilmiş analoji yarışı qızıl medalla başa vurur. Qasımov daha sonra müvafiq olaraq Bakı, Roma və Tbilisidəki Dünya Kuboklarını 3-cü pillədə başa vurur.
Ən böyük uğurlarından birinə isə 2007-ci ildə imza atır. Tailandın paytaxtı Banqkokda təşkil edilən Universiadada 66 kq çəki dərəcəsində yarışan idmançımız, bütün rəqiblərini üstələyərək, qızıl medallara sahib çıxır.
Bir müddət sonra isə Ramil 66 kq çəki dərəcəsini 73-lə əvəzləyir. Qasımov bu çəki dərəcəsində Azərbaycan çempionu olur.

Paraolimpiyaya keçid

Ancaq Ramilin gözündəki zəiflik onun əvvəlki kimi çıxış etməsinə mane olurdu. 2013-cü ildə tibbi komissiyadan keçən Qasmov, elə həmin ildən paraolimpiyaçı kimi çıxış etməyə başlayır. Ramil paraolimpiyaya keçidini belə xatırlayır: "Gözümdə zəiflik var idi. Həmişə eynək taxırdım. Nəhayət, 2013-cü ildə tibbi komissiyadan keçdim və mənim paraolimpiyaçı kimi iştirakıma icazə verildi”.
Paraolimpiyaçı kimi Ramildən yeni uğurlar gözləməyə elə də uzun vaxt lazım olmur. O, elə həmin ildə Macarıstanın Eqer şəhərində keçirilən Avropa çempionatının qızıl medallarına yiyələnir. Bir il sonra ABŞ-da - Koloradoda dünya çempionu olan Ramil, ötən il Portuqaliyanın Odivelaş şəhərində ikinci dəfə paraolimpiya sahəsində Avropa çempionu olur.
Bu il isə Ramili daha məsuliyyətli yarış gözləyirdi. O, Rioda təşkil edilən Paraolimpiya Oyunlarında da ölkəmizi qızıl medalla sevindirməli idi.

"Gərək onu yaşayasan ki, biləsən”


73 kq çəki dərəcəsində yarışan Ramil Qasımov yarışa 1/4 final mərhələsindən başlayır. O, ilk olaraq kubalı Cerardo Rodrigezi məğlub edir. Yarımfinalda alman Nikolay Kornhassı yolundan kənarlaşdıran idmançımız qızıl medal uğrunda ukraynalı Dmitro Soloveylə üz-üzə gəlir. Rəqibini ipponla məğlub edən Qasımov, Rio Paraolimpiya Oyunlarında millimizə ilk və son qızıl medalı qazandırır. Ramil həmin möhtəşəm anları belə xatırlayır: "Qalib gəldikdən dərhal sonra məni ilk olaraq məşqçim təbrik etdi. İkinci təbrik edən isə İlham Zəkiyev oldu. Daha sonra zənglər başladı. Heç bilmirəm ilk olaraq kimlər zəng etdi. Zənglərin sayı həddən artıq çox idi. Ümumiyyətlə, o anları sözlə ifadə etmək mümkün deyil. Gərək onu yaşayasan ki, biləsən. Himn çalınır, bayrağın ucalır və bütün ölkə səni dəstəkləyir. Möhtəşəm duyğudur”.
Doğrudan da, Ramilin qazandığı uğur möhtəşəm idi. Vətəndən minlərlə km uzaqda, okeanın o tayında dövlət bayrağını qaldırıb, himnini səsləndirməklə, o, çox şərəfli bir missiyanın öhdəsindən layiqincə gəldi.
Onun uğuruna ölkə prezidenti İlham Əliyev də layiqli qiyməti verdi. Belə ki, paraolimpiyaçılarımız Riodan qayıtdıqdan sonra ölkə başçısı vətəndən minlərlə km uzaqda, bayrağımızı ucaldan idmançılara fəxri adlar, ordenlər verilməsi barədə sərəncam imzaladı. Təbii ki, bu idmançılar arasında Ramil Qasımov və 9 yaşından ona məşqçilik edən mütəxəssis Əli Hacıyev də vardı. Ölkə prezidenti Rio-de-Janeyro Yay Paraolimpiya Oyunlarında qazanılmış yüksək nailiyyətlərə, habelə Azərbaycan idmanının inkişafındakı xidmətlərə görə Ramilin və məşqçisinin "Şöhrət” ordeni ilə təltif edilməsi barədə sərəncam imzaladı.

"İdman mənim üçün həyat tərzidir”
Ramilin artıq 35 yaşı var. Ölkəmizdəki idmançıların bir çoxu olimpiya çempionu olduqdan sonra ən yüksək nailiyyəti qazandığını düşünür və erkən yaşda karyerasını bitirmək qərarına gəlir. Ancaq Ramil tam fərqli fikirdədir. O, hətta indidən 2020-ci ildə, Tokioda təşkil ediləcək Yay Paraolimpiya Oyunları barədə düşünməyə başlayıb: "Nə qədər ki, canımda qüvvə var, karyeramı davam etdirəcəyəm. Qarşıdan İslam oyunları, daha sonra Avropa çempionatı gəlir. Gözümüzü yumub açacağıq və Tokio Paraolimpiya Oyunlarının gəlib çatdığını görəcəyik. Ancaq hələ ki, öz yolumla dava edəcəyəm. İnşallah, sağlamlığım imkan verər və daha uzun müddət ölkəmizin şərəfini beynəlxalq arenada qoruyaram.
Zala girməsək, enerji bədəndən çıxmır. Nə vaxtsa idmandan uzaq qalacağımı ağlıma belə gətirmirəm. Hətta karyeramı bitirsəm belə, daim idmanla məşğul olacağam. İdman mənim üçün həyat tərzidir”.
Ramilin dediyi kimi, qarşıda hələ bir çox yarışlar var. Daim idmanla nəfəs alan paraolimpiyaçımız deyəsən, hələ bizi çox medalla sevindirəcək. Ən azı, onda idmana olan həvəs belə düşünməyə əsas verir.

Kənan

banner

Oxşar Xəbərlər