Sevgiləri ilə buzu da əridən cütlük - Ailə

Sevgiləri ilə buzu da əridən cütlük - Ailə

Gənclik qəzeti
14 İyun 2019, 12:30 3015
Bəhruz Niftəliyev: "Birlik olanda, əl-ələ verəndə, öhdəsindən gələ bilməyəcəyimiz heç nə yoxdur”
 
Ülviyyə Niftəliyeva: "İlk olaraq insan, daha sonra həyat yoldaşı olaraq çox güvəniləsi biridir”
 
"Valideyn” kəlməsinə böyük önəm verirlər. Övladlarına yaxşı valideyn olmaq üçün öz ana-atalarını nümunə götürürlər. Deyirlər ki, valideynləri sevmək mənəvi borc yox, elə mənəviyyatın özüdür. İki insanın xoşbəxt olması üçün valideynlərin də razılığının vacib olduğunu düşünürlər. "Ailə” rubrikamızın budəfəki qonaqlarıAzərbaycan Dövlət Televiziyasının Mədəniyyət Xəbərləri baş redaksiyasının baş redaktorunun müavini, Yazıçılar Birliyinin üzvü, İTV-də "Yadigarlar" verilişinin aparıcısı Bəhruz Niftəliyev və həyat yoldaşı "Rezonanspress.az” saytının icraçı direktoru, "Milli dəyərlər üzrə maarifləndirmə” ictimai birliyinin sədr müavini Ülviyyə Niftəliyevadır.
 
Bizi sevgili kimi görürdülər
 
Tanışlıqları tələbəlik dövrünə təsadüf edir. Həmin vaxt Bəhruz magistratura pilləsində təhsil alır, Ülviyyə isə magistraturaya hazırlıq mərhələsində imiş. Ülviyyə jurnalistika fakültəsində oxuduğuna görə, təcrübə üçün Bəhruzun anası, tanınmış jurnalist Flora Xəlilzadənin yanına gəlir. Flora xanım da oğlu Bəhruzla Ülviyyə xanımı tanış edir. Bəhruz deyir ki, münasibətləri dostluqla başlasa da, zamanla sevgiyə dönür: "Flora xanımın yanına tələbələr gəlirdi və o da mənə istiqamətləndirirdi ki, onlara kömək edim. Yəni bu, həmin dövrdə ənənə halını almışdı. Mən demək olar ki, Flora xanımın bütün tələbələrini tanıyırdım. Amma heç biri ilə bu cür yaxınlıq, dostluq münasibəti olmurdu. Açığı, Ülviyyə ilə də bağlı ilk dövrlər elə bir düşüncəm yox idi. Mən ona jurnalistika, magistraturaya hazırlıqla bağlı mövzularda yardım edirdim. Maraqlı bir məqam var ki, Ülviyyəni hazırlaşdığım kurslara, müəllimlərin yanına aparırdım, hansı ki, başqa xanımlarla da ora gedirdim. Digər xanımlarla gedəndə heç kim bizə o baxışla baxmırdı. Lakin Ülviyyə ilə olanda sanki insanlar nələrisə bizdən qabaq duyurdular, bizi sevgili kimi görürdülər. Zamanla, özümüz də gördük ki, dostluq münasibətimiz məhəbbət adlandırdığımız mərhələdə irəliləyir”.
 

 
Bəhruz çox səbirli, mən isə çılğın oluram
 
Ülviyyə deyir ki, Bəhruzu tanımamışdan əvvəl onun çətin xasiyyətli adam olduğunu eşidib və ona maraqlı gəlib: "Çətin xasiyyətli biri olduğunu deyirdilər. Ona görə, mənə maraqlı gəlirdi. Münasibətimiz dostluqla başladı və zamanla gördüm ki, xasiyyəti elə də çətin deyilmiş. Etiraf edim ki, bir-birimizi tamamladığımızı düşünürəm. Çünki ikimiz də çətin xasiyyətli adamlarıq (gülür). Elə məqamlar olur ki, Bəhruz çox səbirli, mən isə çılğın oluram. Ona görə, arada hiss edirəm ki, sözün yaxşı mənasında məni yola verir”. 
 
3 il sevgili olduq və 4-cü il evlənmək qərarına gəldik
 
Sevgililik dönəmindən danışan Bəhruz qeyd edir ki, 3 il sevgili olublar: "Mən 3-4 aya bir-birini tanıyıb evlənən insanları anlaya bilmirəm. Təbii ki, qısa müddətdə tanış olaraq evlənib xoşbəxt olanlar, amma uzun illər birini tanıyıb, sonra boşanan ailələr də var. Amma düşünürəm ki, tanışlıq dönəmi bir az uzun olmalıdır. Məsələn, biz 3 il sevgili olduq və 4-cü il evlənmək qərarına gəldik. Evlilik qərarı da birdən verilməməlidir. Həmin situasiya yaranmalıdır. Münasibətdə olduğun insandan o səmimiyyəti duymalısan. Mən Ülviyyənin yanında çox rahat idim, eynilə də o. Bir-birimizin yanında gülürdük də, ağlayırdıq da, hətta, bir dəfə ayrılmaq həddinə belə çatacaq dərəcədə dalaşdıq da. Amma münasibətimiz bitmədi. Beləliklə, zamanla anladım ki, biz ailə qura bilərik. Onu anamın, atamın yanında gəlin kimi görə bildim. Ailə qurmaq bir neçə hissin üzərində qurulur. Belə ki, evlənəcəyin insana məhəbbət hissin olur, onu dostun, sirdaşın kimi görürsən, ona qarşı qayğı duyursan. Bilirsinizmi, bu münasibətlər çoxluğu sizə hansı məqamda kömək olur? Həmin hisslərdən biri bitəndə, digərinə keçid edə bilirsən. Bu zaman sizi həmin şəxsə sadəcə, bir hiss bağlamamış olur”. 
 
 

Biz bütöv ailə ola bilirik

Ülviyyə ailə qurmalarında valideynlərin də böyük rolu olduğunu qeyd edir: "Düzdür, biz bir-birimizi sevirdik, amma ailələrin razılığı da önəmlidir. Əgər ailələrdən biri narazı olarsa, o zaman söz-söhbət yaranar. Onda da xoşbəxt ailə qurmaq müşkül məsələdir. Hazırda Bəhruzun valideynləri ilə birlikdə yaşayırıq. Bəzən xanımlar ayrı ev tələb edir. Mənim elə bir tələbim olmadı. Biz bütöv ailə ola bilirik. Hər iki tərəfin valideynlərinin bir-birinə və övladlarına olan münasibəti ailədə söz-söhbətin yaranmasına şərait yaratmır. Yəni evlənəcəyin insanla sözünün, xasiyyətinin tutması ilə iş bitmir. Mütləqdir ki, valideynlər də anlaşsın, onlar da bu evliliyə razılıq versin”.
 
Bəhruz seçibsə, onun üçün bu, doğrudursa...

Bəhruz bu məqamda seçim etmək məsələsinə toxunur: "Övladlarımızı elə yetişdirməliyik ki, onların seçiminə güvənək. Yəni onlar seçdikdən sonra müdaxilə etmək lazım deyil. Valideynlərim mənim seçimimə güvəndilər. Düşündülər ki, Bəhruz seçibsə, onun üçün bu, doğrudursa, demək, bizim üçün də elədir. Ona görə, məsləhət görərdim ki, valideynlər övladları ilə dost ola bilsinlər. Valideynlərim mənim ən yaxın dostumdurlar. Ona görə, mən hazırda övladımla o münasibəti qurmağa çalışıram”.
 
Həm ağıl, həm də ürəklə seçim
 
Ülviyyə də həm ağılla, həm də ürəklə seçim etməyin vacib olduğunu deyir: "Sırf sevgi ilə seçim etmək olmaz. Sevgi ilə ağıl üst-üstə düşməlidir. Çox təəssüf ki, yanlış seçimlər bu gün bir çox ailələrin dağılmasına səbəb olur. Həyat yoldaşını həm ağıl, həm də ürəklə seçmək lazımdır”.
 

 
Ailəyə olan münasibət önəmlidir
 
Ülviyyə deyir ki, həyat yoldaşında bəyəndiyi xüsusiyyətlərdən biri də heç kəsin sözünə qulaq asmamağıdır: "Bəhruzun həmişə öz fikri var. Tutaq ki, hansısa situasiyada nəyəsə "yox” dedisə, onu fikirləri ilə əsaslandırır. Yəni boş yerə "yox” demir. Bəhruzun yanında kimisə pisləsəniz belə, sizə inanmayacaq. O, mütləq həmin adamı görəcək və özü qərar verəcək ki, pisdir, yoxsa yaxşı. Heç kimin fikirlərinin təsirinə düşmür. Bu da ən çox bəyəndiyim xüsusiyyətlərindən biridir. Həmçinin anası, Flora xanıma olan sevgisi də çox xoşuma gəlir. Anasını sevməyən, hörmət etməyən bir kişi həyat yoldaşına da o cür yanaşır. Bundan başqa, onun ailəyə olan münasibəti də mənim üçün önəmlidir. İlk olaraq insan, daha sonra həyat yoldaşı olaraq çox güvənilən biridir. Bəhruza hər kəsdən çox güvənirəm. Bir gün mənə nə isə olsa, tam rahatlıqla övladımızı ona əmanət edə bilərəm. Bu gün güvənilən insan ola bilmək çox çətindir, amma Bəhruz bunu yaxşı bacarır. İşdən çıxdıqdan sonra evə gəlməsi, qızımızla vaxt keçirməsi, onun ata olaraq da çox yaxşı biri olduğunun göstəricisidir. Çünki ətrafımızda kifayət qədər insan görürük ki, ailəsinə zaman ayırmır, işdən çıxdıqdan sonra əyləncə məkanlarına gedir. Lakin Bəhruzda elə xasiyyət yoxdur. Düzdür, sosial həyatı məhdudlaşdırmaq olmaz. Elə vaxt olur, dostları ilə də görüşür, əyləncəsinə də vaxt ayırır. Amma hər şey çərçivəsində olur”.
 
Evinin nökəri, işinin ağası
 
Əslində, həmsöhbətim maraqlı məsələyə toxundu. Bəzi insanlar düşünür ki, evlilikdən sonra sosial həyat bitir və ya qarşı tərəf bunu məhdudlaşdırır. Bəhruz qeyd edir ki, bu situasiyada əsas məsələ güvəndir: "Bu situasiyanı hər kəs fərqli qiymətləndirir. Amma burada əsas məsələ güvəndir. Mən həyat yoldaşıma güvənirəmsə, niyə onun sosial həyatını məhdudlaşdırım? Bir insana güvənmirsinizsə, onunla nə dostluq etməyə, nə də ailə qurmağa dəyər. Digər tərəfdən, mən sadəcə, mətbəxi düşünən və ya başı ancaq işinə qarışan biri ilə ailə qura bilməzdim. Belə bir deyim var, əsl xanım evinin nökəri, işinin ağası olar. Bu iki nüansı birləşdirən biri, mənim həyat yoldaşım ola bilərdi”.
 

 
40 yaşından sonra evlənməyin nə mənası var?
 
İnsanlar bəzən "evliliyə hazır deyiləm” ifadəsini işlədirlər. Sizcə bu ifadə nə dərəcədə realdır? Bəhruz bunun bir bəhanə olduğunu deyir: "Necə ki, birini çox istəyirsiniz və ya nifrət edirsinizsə, eynilə də bu hiss zamanla doğulmalıdır. Biz artıq 6 ildir ki, evliyik və bir-birimizə dəstək verərək yaşayırıq. İnsan evlənməyi özü istəməlidir. Evlənmək xətrinə yox, həqiqətən sevərək, bir həyatı bölüşəcəyi şəxsə hörmət edərək evlənməlidir. Maddi durum da çox böyük rol oynamır. O mənada ki, insan düşünməsin ki, ayrıca evim, maşınım olsun. 40 yaşından sonra evlənməyin nə mənası var? Bir var 40 yaşında evlənəsən, bir də var o yaşda artıq yanında 15 yaşında övladın ola. Ona görə, hər şey vaxtında gözəldir”. 

"Qadın o zaman özünü evliliyə hazır hiss edir ki, onun qarşısına xarakterli kişi çıxır” deyən Ülviyyə xanım, həyat yoldaşının zaman haqqında dediyi fikirlə razı olduğunu, birlik, sevgi və ağıl olan yerdə hər şeyin yaxşı alınacağını qeyd etdi.
 
Valideynlərlə eyni evdə yaşamağı üstünlükləri
 
Bəzi cütlüklər ayrı evdə yaşamağı seçir, valideynlərlə birlikdə alınmadığını deyirlər. Müsahiblərimiz 6 ildir ki, Bəhruz bəyin valideynləri ilə bir evdə yaşayırlar. Ülviyyə deyir ki, valideynlərlə eyni evdə yaşamağın böyük üstünlükləri var: "Biz ikimiz də işləyirik. Hətta, Bəhruz axşam saatlarına qədər işdə olur və onda bəzi məsələlərdə ailə ilə yaşamağın müsbət tərəflərinin şahidi oluruq. Məsələn, elə vaxtlar olur ki, qızımızı həkimə aparmaq lazım gəlir, amma nə Bəhruz, nə də mən işdən çıxa bilmirik. Bu məqamda təbii ki, Flora xanıma müraciət edirik (gülür). Sözün əsl mənasında bizə çox dəstək olur”.
 

 
Biz də onlardan görüb-götürürük
 
Bəhruz da xanımın fikirlərini təsdiqləyir: "Bəli, Flora xanıma həqiqətən böyük təşəkkür düşür. Bu qədər işin arasında bizə də dəstək olur: "Məsələn, qızım Floranı bağçadan anam gətirir, onun qayğısına qalır. İnanın, bəzən işin çoxluğundan biz qızımıza vaxt ayıra bilmirik, amma o, bütün günü onunla maraqlanır. Məncə, biz onun bu əməyinin qarşılığını ödəyə bilmərik. Bu da bizim üçün ailə ilə yaşamağın ən gözəl tərəfidir. Eyni ilə atam Allahverdi müəllim də öz dəstəyini bizə göstərir. Biz də onlardan görüb-götürürük və gələcəkdə də onlar kimi valideyn olmağa çalışırıq”.
 
Bəhruz mətbəxə girdisə...

Bu qədər birlik, bir-birinə dəstək olmaqdan danışdıq. Bəs məişət işlərində, yemək bişirmədə necə, cütlüyümüz bu işləri də birlikdə görürmü? Sualı verən kimi Ülviyyə xanım gülə-gülə "qəti şəkildə Bəhruzla bir mətbəxə girmək olmaz” deyir: "Bəhruz mətbəxə girdisə, bütün qabları çirkləndirib çıxacaq, gəl, indi onları yu. Bəhruz qəti şəkildə nə mətbəx, nə də məişət işlərinə həvəsli deyil. İnanın, evdə tək olanda belə, yeməyini qızdırmağa ərinir. Əslində, belə danışmağıma baxmayın, mən də elə çox mətbəxə girən deyiləm. Çox sağ olsun Flora xanım, yeməkləri o hazırlayır. Əslində, bu xanıma heyran olmamaq mümkün deyil. Bütün işləri sevgi və qayğı ilə görür. Şəxsən mənim üçün ən gözəl ana və xanım portretidir".
 

 
Yeməyi qızdırmağa belə həvəsim olmur
 
"Niyə, bu yaxınlarda su kranımız xarab olmuşdu, birlikdə düzəltdik. Birimiz usta, birimiz fəhlə idik (gülür)” deyən Bəhruz bəy, ailənin istənilən sahədə, hər işdə bir-birinə dəstəyinin vacib olduğunu bildirir: "Gözümü açandan ailəmizdə belə görmüşəm. Atam və anam həmişə hər işdə bir-birinə dəstək olublar. Birlikdə işləmək, nəyəsə nail olmaq çox gözəl hisdir. Amma mətbəx və məişət işlərinə elə də maraqlı deyiləm. Hətta, evdə bəzən pərdəni belə Ülviyyə asır (gülür). Yemək bişirməyə gəlincə isə həqiqətən həvəsim yoxdur. Kimsə evdə olmayanda ac qaldığım vaxtlar olub. Çünki yeməyi qızdırmağa da həvəsim olmur”. 

Çəkişməsən, bərkişməsən
 
Problemsiz ailə olmaz, hər ailədə söz-söhbət olur. Ülviyyə xanım ailələrində kinli birinin olmadığını və problemləri də rahatlıqla həll etdiklərini bildirir: "Ailəmizdə kin saxlamaq, küskünlüyü uzatmaq yoxdur. Tutaq ki, hansısa mövzuda sözümüz oldu, elə məsələ oradaca bağlanır. Hər kəs işinin dalınca gedir, evə gələndə də sanki, heç nə olmamış kimi danışırıq. Əslində, münaqişənin olması da yaxşıdır. Çünki çəkişməsən, bərkişməsən. Yəni müəyyən problem yaşanır və biz onları birlikdə həll edərək bir-birimizə daha da bağlanırıq”.
 

 
Ələ-ələ tutuşduq və...

Bəhruz isə bir neçə il əvvəl olmuş hadisəni bizimlə bölüşərək sualımıza çox gözəl cavab verir: "İl yadımda deyil, amma gün dəqiq yadımdadır. Yanvarın 8-də, qışın ən sərt vaxtında yaxşı qar yağmışdı. Münasibətimizin yeni başladığı dönəmlər idi. Harasa gedirdik, birdən yerdən qar götürüb, ovcumun arasında bərk buz parçası halına gətirdim. Buz parçasını Ülviyyəyə göstərib, bunu əridə bilərikmi deyə soruşdum. O da "əlbəttə, əridə bilərik” dedi. Ələ-ələ tutuşduq və sərt buz parçası əllərimizin arasında əriyib yox oldu. Əslində, problemlər də belədir. Birlik olanda, əl-ələ verəndə öhdəsindən gələ bilməyəcəyimiz heç nə yoxdur. Təki birlikdə olmaq istəyi olsun”.
 
Sonda isə gənclərə ailə həyatı qurarkən düzgün seçim etməyi, seçimi isə həm ağıl, həm də sevgi ilə etmələrini məsləhət gördülər: "İdeal insan yoxdur, hər kəsin mənfi və müsbət xüsusiyyətləri var. Məsələ güzəştə getməyi bacarmaqdır. Ən vacibi isə ailəni kənar şəxslərin müdaxiləsindən qorumaqdır”.
 
Günel Azadə