“Sevgidə, qayğıda anayam, davranışda dost” - Mənim balam

“Sevgidə, qayğıda anayam, davranışda dost” - Mənim balam

Gənclik qəzeti
08 Noyabr 2019, 11:00 663
Onun söhbətindən doymaq olmur. Birinci dəfə görüşməyimizə, ortaq mövzumuzun olmasına baxmayaraq, elə hesab edirsən ki, sanki illərdir onu tanıyırsan. Övladlarından danışanda isə, gözlərinə xüsusi bir parıltı gəlir. Hiss edirsən ki, qəlbində onlara qarşı böyük sevgi, hətta mən deyərdim ki, aşırı dərəcədə sevgi hissi var.

Beləliklə, "Mənim balam” rubrikamızın qonağı "Unibank”ın İctimaiyyətlə əlaqələr və media şöbəsinin müdiri Sülhiyyə Şirinovadır. Sülhiyyə xanım iki qız övladı yetişdirir. Böyük qızı Ləmanın 15, kiçik qızı Fidanın isə 10 yaşı var.
 
- Sülhiyyə xanım, ana olduqdan sonra həyatınızda nələr dəyişdi?
- Analıq hissi insanı daha həssas olmağa vadar edir. Ana olduqdan sonra sanki daha xeyirxah olursan, xırda bir məsələyə fərqli reaksiya verməyə başlayırsan. Mənə görə, bu hiss insanlığın yeni mərhələsi, xarakterin yenidən formalaşmasıdır. Analıq hissi digər bütün sevgilərin ən mükəmməlidir, təmənnasızıdır və tükənməyənidir.
 
- Hansı qızınız sizə daha çox bənzəyir və o övladınızda özünüzdən, uşaqlığınızdan, gəncliyinizdən bir parça görürsünüzmü?
- Onların hər birində öz uşaqlığımı görürəm. Misal üçün, özgüvən, problemlərə yanaşma tərəfim böyük qızım Ləmanda özünü büruzə verib. Mərhəmət, sevgi tərəfim kiçik qızım Fidanda özünü tapıb. Balaca qızım daha çox mərhəmətlidir. Bəzən onun bu mərhəməti məni qorxudur ki, nə zamansa başqalarına kömək etmək məqsədi ilə özündən keçə bilər. O dərəcədə mərhəmətlidir. Heyvanları çox sevir. İmkan versəm, küçədəki bütün sahibsiz heyvanları gətirib evimizdə saxlayar. Sevgi doludu. Böyük qızım Ləman isə daha realistdir, ağıllıdır, əsil zəmanə uşağıdır, problemlərə daha soyuqqanlı yanaşır, qərarlarını hissləri ilə deyil, məntiqlə verir. Bəzən mənim qərarlarımda səhv də tutur.

 
 
- Danışdığınızdan qızlarınızla dost münasibətində olduğunuzu hiss edirik. Bu münasibət ana-övlad münasibətlərinə xələl gətirmirmi?
- Sevgidə, qayğıda anayam, davranışımda dostam. Hər addımda onlara çox güvəndiyimi çatdırıram. Təbii ki danlamalar da olur. Amma çalışıram qürurlarına toxunmayım. Uşaq kimi deyil, şəxsiyyət kimi baxıram onlara. Xüsusən onlarla bağlı qərarlarda öz fikirlərini öyrənirəm. Onların xəbərləri olmadan o qərarı vermirəm. Ləmanın 16 yaşı olacaq. İstənilən mövzuda onunla rahat şəkildə söhbət edirik. Hər şeyi mənimlə paylaşır. Fidan hələ balacadır deyə, ciddi mövzuları müzakirə etmirik. Oxşar cəhətlər çox olsa da, xarakterləri fərqlidir və çalışıram, davranışlarımda bunu nəzərə alım. Qızlarımın öz şəxsiyyətlərinə hörmətlə yaşaması və ətrafdan da bunu gözləməsi xoşuma gəlir. Bu məni çox sevindirir. Bilirəm ki, sabah da kiminləsə ailə quranda, narsist kişinin qurbanı olmayacaqlar. Onların özlərinə sayğılı olmaları mənim xoşuma gəlir.
 
- Bəs valideynlərinizin tərbiyə metodikası, sizə yanaşma tərzi necə idi?
- Biz ailədə 5 uşaq olmuşuq. O dövrün valideyn-övlad münasibəti fərqli idi. Uşaqlardan döyülən də olurdu, danlanan da. Amma bunu normal qəbul edirdik. Atam mənim müəllimim idi. Bir dəfə uşaqların əksəriyyəti dərsə hazırlaşmamışdı və löhvədə misalı həll edəndə, mən də nəsə səhv etdim və bütün sinfin qarşısında bir şillə vurdu mənə. Düzdür, bu mənim ilk şilləm olduğu üçün pis oldum, ağladım. Amma məndə hansısa bir travma kimi qalmadı və elə həmin gün unutdum getdi. O dövrün tərbiyə metodunda valideynin uşağı hərdən vurması, danlaması az qala normal sayılırdı. Amma mən bu gün belə bir cəzanı övladıma edə bilmərəm və etmərəm də, çünki dövr başqadır, çox ağır bir nəticəyə səbəb ola bilərəm. Bizim dövrümüzdə valideyn sevgisi bir az sərt idi. Bu gün isə övladında nəsə yarımçıqlıq olmasın deyə, özgüvəni formalaşsın deyə, sevgini tam və açıq şəkildə büruzə verməlisən. Mən sevgini bildirməyin tərəfdarıyam və bunu da etməyə çalışıram. Övladı hansısa sınaqdan çıxmış tərbiyə metodunu tətbiq etməklə tərbiyə etməyin tərəfdarı deyiləm. Bəzi şeylər gendən gəlir. Mən də, həyat yoldaşım da təbiətcə sakit insanlarıq, qızlarım da sakit xarakterlidirlər. Aqressiv, davakar insanları xoşlamırlar. Bəzi xasiyyətləri valideynlərimizdən nümunə olaraq götürürük. Mən övladıma hansısa əməlin pis olduğunu deyib özüm onu etsəm, övladım təbii ki, mənim əməlimi edəcək, dediyimi deyil. Bəzi xasiyyətlər də, davranışlar da ətrafına, olduğun cəmiyyətə əsasən formalaşır - buna da müdaxilə edə bilmərik. Düzdür, insanın formalaşması üçün cəmiyyətin müəyyən təsiri olur, amma yenə də ailədən çox şey asılıdır. İnsanlığın göstəricisi olan əsas baza ki var, bu xüsusiyyət valideyndən və gendən gəlir.

 
 
- Övladlarınızın gündəlik münasibətdə olduğu dost çevrəsinə, mühitinə nəzarət edə bilirsinizmi?
- Görünən, bilinən formada nəzarət etmirəm, amma müşahidə edirəm. Fidan hələ ki, balacadır. Bilirəm ki, məktəbdə hamı tərəfindən sevilir. Ləmanın yeniyetmə yaş dövrüdür, bu dövr əsas diqqət verilməli dövrdür. Ancaq mən ona çox güvənirəm. Heç zaman onun telefonuna, dostları ilə yazışmalarına baxmamışam. Ümumiyyətlə bizim evdə heç kim onun telefonunu yoxlamır. Çünki o danışdığı insanları, rəfiqələrini, onlarla olan münasibətləri bizimlə bölüşür. Ləman haqqında hər şeyi bilirəm, məlumatlıyam. Bütün bunları o özü mənə danışır. Hər ikisinin ağlına, əxlaqına etibar edirəm. Uşaqlar üçün valideynin ona güvəndiyini bilmək çox vacibdir. Onlar ikisi də bilir ki, ata-ana onlara güvənir və bu güvəni sarsıtmaq olmaz. Ləmandan hansısa bir sualı bir az inamsız soruşanda, bu onun xətrinə dəyir. Sual dolu baxışları ilə "sən mənə güvənmirsən?” demək istəyir. Qızlarım məndən heç nə gizlətmədikləri üçün içimdə heç bir şübhə yaranmır.
 
- Bəzən deyirlər ki, anaya daha çox qız övladı yanır və valideynlərin qayğısına oğuldan çox qız övladı qalır. Siz bu fikirlə razısınızmı?
- Heç kim valideyninin borcunu qaytara bilməz. Anam məni yetişdirib, mən də öz övladımı yetişdirirəm. Təbiətin qanunu budur. Yəqin ki, bu, cəmiyyətdə sübut olunub ki, bir deyimə çevrilib. Həm də qadın kişiyə nisbətən daha həssasdır. Öz sevgisini, qayğısını göstərə bilir. Bu deyim ondan da qaynaqlana bilər.  
 
- Qızlarınızla nə qədər zaman keçirə bilirsiniz?
- Əslində mən çox arzulayırdım, elə bir işim olsun ki, qızlarımla daha çox zaman keçirə bilim. Valideynlərimizi itirəndən sonra fərqinə vardıq ki, əslində onlarla daha az zaman keçirmişik. Ancaq onlara çox ehtiyacımız var idi və biz bu zamanı gözəl dəyərləndirə bilərdik. Mən də istəyirəm ki, qızlarımla daha çox zaman keçirim, amma işlərimlə əlaqədar alınmır. Yalnız axşam işdən sonra və həftə sonları onlarla zaman keçirə bilirəm. Açığı, bu mövzuda özümdən narazıyam.
 
- Müsahibədən əvvəl söhbətimizdə atanızı 14 yaşınızda itirdiyinizi dediniz. Atasızlığı ömrünüzün hansı dönəmlərində hiss etdiniz?
- Atamı itirəndən düz 20 il unuda bilməmişəm. Anam iki il olar dünyasını dəyişib. Bəlkə anam mən dünyanı dərk etdikdən sonra, müəyyən bir yaşa çatdığım zaman və ağır xəstə olduğu üçün 2 il bizi onu itirəcəyimizə hazırladı deyə, itkisini çox ağrılı keçirmədim. Atamın itkisi ilə müqayisədə daha az ağrılı qəbullandım anamın yoxluğunu. Yeniyetməlik dövrümdə, gənclik illərimdə, ailə quranda, hər zaman ən çətin anlarımda atamın yanımda olmasını istəmişəm. Düşünürdüm ki, atam olsaydı, həyatım fərqli olardı. Bu ehtiyacı hər zaman hiss etmişəm.

 
 
- İki ildir ki, ananızı itirmisiniz. Necə hesab edirsiniz bacıdan ana olurmu?
- Heç kim valideynin yerini vermir, onları əvəzləmir. Ancaq mən valideynlərimin qoxusunu qardaş-bacılarımdan almışam. Bəzən bacımın evinə yığışırıq, hamımız bir-birimizi orda tapırıq. Doğmaların verdiyi aura, ailə ortamı bir başqadır. Hər nə qədər yaxşı, gözəl, hər zaman yanında olan mərd dostların olsa da, ailədə tapdığın o ruhu, istiliyi heç nə əvəz edə bilmir.
 
- Qızlarınızın hansı peşəyə sahib olmalarını arzu edirsiniz? Onların ixtisas seçiminə müdaxilə edəcəksinizmi?
- Əsla. Sadəcə, həmişə deyirəm ki oxuyun, özünüzü inkişaf etdirin. Nə qədər ata-ananız sizə dəstəkdir, gələcəyiniz üçün indidən çalışın. Bir də deyirəm ki, ali təhsil xatirinə instituta girməyin. Əsas odur sevdiyiniz bir işiniz olsun. Məsələn, qızlarımın ikisinin də bir peşəyə marağı olsaydı, mən onları məmnuniyyətlə dəstəkləyərdim. Fidanın içində böyük türkçülük ruhu var. Deyir ki, Türkiyəyə gedəcəm, əsgər olacam, snayperçi olacam. Aykido ilə məşğul olur, kəmərləri var. Amma hələ bir istiqamət seçməyib. Fərqli bir ruha malikdir. Mən ondan böyüyəndə sahibsiz heyvanlar üçün bir məkan yaradıb, onlara qulluq edəcəyini də gözləyirəm. Bir az xəyalpərəstdir, mühafizəkardır. Ancaq Ləmanın konkret hədəfləri var, o, realistdir. Xaricdə oxumağı arzulayır. Bir az feminist ruhludur. Deyir ki, qadın əzilməməlidir, güclü olmalıdır. Saatlarla oturub, onların fikirlərinə, gələcək arzularına qulaq asıram və bu mənə zövq verir. Heç zaman düşünməmişəm ki, mənim övladım mütləq filan peşənin sahibi olmalıdır. Hər zaman istəmişəm ki, onlar öz sevdikləri peşə ilə məşğul olsunlar. Çünki insan sevdiyi peşə ilə məşğul olanda xoşbəxt olur. Mən bilirəm ki, bu gün Ləmana desəm ki, o ixtisasa sahib olmağını istəyirəm, o, oxuyar, qəbul olar. Amma bu onun ürəyincə olmaz. Ona görə müdaxilə etmərəm heç vaxt. "Qız uşağı filan peşəni seçməlidir” - fikrini qəbul etmirəm. Mənim yanaşmamda "qız uşağı” anlayışı yoxdur, insan var.
 
- Sülhiyyə xanım yaxşı övlad olmağı bacarıb, yoxsa ana olmağı?
- Mən pis övlad olmamışam. Yaxşı oxuduğuma görə atam məni dərs keçdiyi yuxarı siniflərə aparıb löhvədə misal həll etdirəndə, onun mənimlə necə fəxr etdiyini hiss etmişəm. Jurnalist kimi imzam qəzetdə çıxanda, televiziyada adım gedəndə, anamın mənimlə necə qürurlandığını görmüşəm. Ağıllı, sözəbaxan, dərs oxuyan uşaq olmuşam. Təbii ki, valideynlərin borcunu qaytarmaq mümkün deyil. Ana olaraq, uşaqlarıma daha yaxşı şərait yaratmaq, daha çox vaxt ayırmaq istəyərdim. Çalışıram ki, mümkün olanı edim. Özümü daha yaxşı övlad kimi dəyərləndirirəm, nəinki ana kimi. Çünki ana kimi övladlarım üçün daha çox şey etmək istərdim. Bu gün əksər analar özündən razı deyil. Çünki hər bir ana istəyir ki, övladına daha çox nələrsə etsin.
 
- Bəzən qadınlar uşaqlığında mərhum olduqları qayğını övladlarına tətbiq etməyə çalışırlar. Sizdə necə, olubmu ki, uşaqlıqda ürəyinizdə nakam qalan hansısa istəyi övladlarınızla tamamlayasınız?
- Atamı itrəndə mənim 14, kiçik qardaşımın 5 yaşı vardı. Anam 35 yaşında 5 uşaqla tək qalıb. 5 uşaqla ailəni dolandırmaq, üstəlik, bu uşaqların qayğılarının içərisində bizimlə xüsusi məşğul olmağa imkanı yox idi. Birinci sinfə qədər məni ana nənəmgil saxlayıb. Nənə, baba, dayı, xala - hər kəs mənim nazımı çəkirdi. Bir xatirə danışım. Toyuq bişəndə, təbii ki, ən çox əti mənim boşqabıma qoyurdular. Amma bir qayda da var idi ki mütləq nənə, baba, xala, dayı - hərə öz yeməyindən bir yaxşı tikəni seçib mənim qarşıma qoyurdu. Məktəbə gedəndə, öz evimizə gəldim. Bu qədər sevginin içində böyüyən uşaq – gəlmişəm evimizə ki məndən başqa balaca-balaca 4 uşaq var evdə və təbii ki, bu qədər uşağın içində kimdir mənə xüsusi qayğı, sevgi göstərən? Öz ailəmə alışmaq prosesim bir az çətin keçdi. 10-cu sinifdə oxuyanda yayda ana nənəmgilə getmişəm. Yenə toyuq bişib və ən çox mənim boşqabıma yığılıb. Adətim üzrə gözləyirəm ki, yenə hərə öz tikəsini mənimlə paylaşacaq, amma təbii, bu, baş vermir. Mənim gözlərim doldu. Təsəvvür edirsiz, 15-16 yaşlı qız nəyə görə pis olub. Sevginin yaratdığı alışqanlıq idi bu. Anamın təkbaşına 5 uşağa eyni sevgini verməsi, həm ata, həm ana olması, təbii ki, çətin idi. Mən o zamanlar qarşıma məqsəd qoymuşdim ki, bir gün ana olsam, uşaqlarımı çox sevəcəm və bu sevgini açıq şəkildə bildirəcəm.
 

 
- İndi qızlarınıza o sevgini verə bilirsinizmi?
- Qızım balaca olanda anam mənə kömək etməyə gəlmişdi. Qızımı qucağıma alıb onu əzizləməyə başladım. Anam deyirdi ki, mənim yanımda övladını niyə belə əzizləyirsən? Deyirdim ki, sən mənə uşaqlığımda o sevgini verməmisən deyə içimdə boşluq qalıb. Ona görə hər zaman düşünürdüm ki, övladıma daha çox sevgi verəcəm. Mən bu gün də qızlarımı əzizləyirəm. Qızlarımı sevgi ilə böyütmüşəm. Düşünürəm ki, bu doymuşluq onlarda var. Sevgisiz böyüyən uşaqlarda sonradan travma yaranır, yanlış seçim edirlər. Kimsə onlara xoş söz deyəndə, elə bilirlər ki, həyatındakı sevgi boşluğunu o dolduracaq və uğursuz seçim etməyə məcbur olurlar. Böyük qızım uşaq yaşlarında nənəsigilin yanında böyüdü. 3 il yanımda olmadı. Hərdən buna görə özümü günahlandırıram.
 
- Əvvəllər nənələrimiz gəlin köçürəndə, "Qızıldan taxtın olunca, qızıldan bəxtin olsun” - deyərmişlər. Sülhiyyə xanım bu sözləri qızları üçün deyərmi?
- Əslində, bəxtin olması çox yaxşı bir şeydir. Bizim dilimizdə "xoşbəxt ol” sözü var. Yəni, bəxtin xoş və gözəl olsun. Bəzən bəxt deyəndə, qızların yalnız ailə həyatını nəzərdə tuturlar. Bəxt hər mənada - işdə, çevrədə, yaşadığın mühitdə olmalıdır. Tək ailə qurmaq anlamında deyil.
 
Xəyalə Rəis