Sevdiyi xanıma hisslərini etiraf edə bilməyən xalq artisti - Keçmişdəki mən
Onunla söhbət hər zaman maraqlı alınır. Zarafatlarından isə doymaq olmur.
69 yaşı var və düşünür ki, insan özünü hansı yaşda hesab edirsə, o yaş dövrünü
yaşayır. Və hər bir yaş dövründə həyatı sevərək yaşamağı üstün tutur.
Müsahibimiz xalq artisti, Lənkəran Dövlət Dram Teatrının istedadlı aktyoru
Qabil Quliyevdir. O, ömrünün 45 ilini Lənkəran Teatrına həsr edib.
Atla dərsə
gedən xalq artisti
1949-cu
ildəCəlilabadrayonununTahirlikəndində
anadan olub. İlk təhsilini 8 illik kənd məktəbində, orta təhsiliniCəlilabad1
saylı şəhər orta məktəbində alıb.1966-cı ildə orta
məktəbin 11-ci sinfini bitirdikdən sonra Bakı Neft Sənayesi məktəbində oxuyub
və bu təhsil ocağını fərqlənmə diplomu ilə bitirərək,1968-ci ildə
M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino
aktyorluğu fakültəsinin əyani şöbəsinə daxil olub.
Xalq artisti deyir ki, uşaqlığı kənddə keçib: "Qar və yağış yağanda yollarımız
palçıq olardı. Ayaqqabılarımız batmasın deyə, rezin çəkmə ilə məktəbə gedirdik.
Qar yağanda əmim oğlu məni ata mindirib, məktəbə aparırdı. Boyum o qədər balaca
idi ki, qarda batmağımdan qorxurdular. Ona
görə, məni atla dərsə aparıb, sonra da dalımca gəlirdilər. O zaman qar çox yağırdı”.
Uşaq illərini xatırlayarkən simasında təbəssüm yaranır. Deyir ki,
uşaqlığı maraq dolu keçib: "Bir dəfə uşaq vaxtı səhər tezdən hündür bir ağaca
çıxmışdım və yerə yıxıldım. Ayılanda artıq axşam idi. Gördüm ki, başım üzərində
bacım Elmira dayanıb və ağlayır. Sən demə, mən ağacdan düşüb, huşumu itirmişəm və
yıxılıb orda qalmışam. Bacım evdə qorxusundan
heç kimə bir söz deməyib və özü gedib məni axtarıb. Gəlib görüb ki, huşumu itirmişəm
və ağacın altında qalmışam”.
Müəlliməsinə vurulma və
nakam sevgi
Məktəb illərindən danışan Qabil müəllim mütaliəni çox sevib. Deyir
ki, məktəblərinin kitabxanasında oxumadığı kitab qalmayıb. İndinin özündə də mütaliəsiz qala bilmir. Yaxşı
oxuduğuna və bu səviyyəyə gəlib çıxdığıma görə, mütaliələrə borcludur.
Məktəb sevgisinin ülviliyindən danışırıq. Aydın olur ki, xalq
artistimiz ikinci sinifdə oxuyarkən rus dili müəlliməsi Zinaidaya aşiq olub: "O,
bizim məktəbə təyinatla gəlmişdi. Coğrafiya müəllimimiz Əhməd müəllimin nişanlısı
idi. Zinaida müəllimə ona olan sevgimdən xəbərdar idi və buna görə məndən küsmüşdü. Evdən məktəbə gedəndə
bizim yolumuz çaydan keçirdi. Ççayın yanında bulaq vardı. Gördüm orda çayın yanında
bir pasport ilişib. Bu Əhməd müəllimin pasportu idi. Onu kitabın arasına qoyub məktəbə
apardım. İkinci dərsdə Zinaida müəlliməmizin dərsi idi. Forsla, icazəsiz ayağa qalxdım
və pasportu gətirib müəlliməyə verdim. Pasportu görəndən sonra Zinaida müəllimə
ayağa qalxdı və məni qucaqladı. Dedi ki, səninlə artıq dostuq”.
Xalq artistindən ilk sevgisini soruşuruq. Danışmaqda tərəddüd etsə də,
istəyimizə nail oluruq: "Mən heç zaman sevgi məktubu yazmamışam. Sevgi etirafının
isə müxtəlif formaları var”. Əsl sevgi ilə tələbəlik illərində qarşılaşıb: "Tələbəlik
illəri insan ömrünün ən gözəl illəridir. Mən iki tələbəlik yaşamışam. Bakı Neft
Sənayesi məktəbində operator kursunda təhsil alırdım. Orada "çertyoj çəkənlər” qrupu
var idi. Orada mavi gözlü, Gülsurə adlı incə bir qız vardı. Onlar iki bacı idilər
və bir-birilərinə bənzəyirdilər. Biz Gülsurə ilə sadəcə, dost idik. Ağlımıza heç
nə gəlmirdi. O, məni görən kimi elektriçkadan düşürdü, birgə gedirdik. Valideynləri
də məni tanıyırdı və güvənirdi. Gedib şəhəri gəzdikdən sonra onu evlərinə ötürürdüm.
Daha sonra o, Azərbaycan Dövlət Pedaqoji İnstitutuna qəbul oldu. Tələbəlik illərində
cəmi iki dəfə görüşə bildik və ondan sonra bir-birimizi itirdik. O illərdən sonra
bir dəfə də olsun görüşə bilmədik və mən zamanında cəsarət edib ona hisslərimi etiraf
edə bilmədim. Onun surəti heç zaman gözlərim qarşısından getmir. 1966-cı ildə olduğu
kimi, onun surəti, şəkli gözümün qarşısındadır. Ondan sonra heç zaman tale bizi
qarşılaşdırmadı”.
Müsahibimizə "indi onunla qarşılaşsaydı nə deyərdiniz” sualını
veririk: "Ötən günlərimi qaytaraydılar, gələn günlərimi qurban verərdim”.
Tələbəlik illərində universitetin yataqxanasında
qalıb. Deyir ki, tələbəlik illərinin gözəlliyi bişirdikləri yeməklər olub. Tələbənin
ən çox sevdiyi yemək qaynadılmış kartof və ət konserv idi.
Tələbəlik illərində çalışıb, özünü zəhmətə alışdırıb: "Mənim kurs rəhbərim
Akademik Milli Dram Teatrının direktoru, rəhmətlik Əliheydər Ələkbərov idi. İşləmək
üçün
ona müraciət etdim. Əgər işləməsəm,
oxuya bilməyəcəkdim. O da məni böyük məmnuniyyətlə "Azdrama”ya işə götürdü. İlk
olaraq səhnədə dekorator işlədim. Daha sonra məni yardım heyətinə aktyor götürdü.
Beləliklə, həm əlaçı təqaüdü, həm də "Azdrama”dan məvacib alırdım. Bəy balası kimi
yaşayırdım. Televiziya verilişlərindən qonorar alırdım. Maliyyə cəhətdən heç bir
problemim yox idi”.
50 ilə bərabər 1 il
Onun hərbi xidməti yaradıcılıqla bağlı olub. Belə ki, hərbi xidmət
borcunu Dövlət Kino Komitəsinin hərbiləşdirilmiş kino bazasında keçirib: "Orda ancaq
filmlərin çəkilişlərində iştirak etmişəm. O illər çox gözəl keçib. "Mosfilm”in truppası ilə işləyirdik. "Marşal ulduzu”,
"İnsanlıq naminə” kimi filmlərdə çalışmışam. Gürcülərin "Sibir babası”, "Azərbaycanfilm”lə
Çexoslovakiyanın "Baranda” studiyasının çəkdiyi "Səmt küləyi” fillərində də çalışmışam.
"Qatır Məmməd”, "Nəsimi” kimi filmlərdə işləmişəm”.
Deyir ki, əlinə silah almayıb: "Mənim dövrümdə müharibə yox idi. Sibir
meşələrində film çəkərkən çox əziyyət çəkirdik, soyuqdan donurduq. Bığlarımız,
qaşlarımız buz bağlayırdı. Bakıda film çəkilişlərində isə günlərimiz çox yaxşı keçirdi.
Bir dəfə Naxçıvanda çəkilişdə idik. Sirkdən ora iki qartal gətirmişdilər. Ordan
qayıtdıq, gəlib Biləcəriyə çatanda gördük ki, qartalın biri yoxdur. Baxdıq ki, qartal
relsin üstündə oturub. Çox nəhəng quş idi. Onu güclə tutduq. Qatarın altında qalsaydı,
yəqin ki, bizə böyük bir problem yaranardı. Bəxtimizdən, qartal çox yorğun idi.
Leş yeyən qartallardan idi. Bir qanadının uzunluğu iki metr olardı”.
Xalq artistindən ilk maaşını xəbər alırıq: "İlk maaşımı neft
sənayesində işləyəndə almışam. Orada neft çıxarma operatoru işləyirdim. Çox
zaman mədəndə növbətçi qalırdım. O zaman maaşım 200 manatdan çox idi. Mən heç
zaman iş axtarmamışam, iş məni tapıb. İncəsənət Universitetində təhsil alandan
sonra ilk iş yerim "Azdrama” olub və orada ilk məvacibimi 1969-cu ilin yanvarında
almışam. O zamanlar ayda iki dəfə - ayın 15-də, bir də ayın 30-da məvaciblər verilirdi.
120 manat maaş almışdım”.
Hərbi xidmətdən isə heç dönmək istəməyib, ancaq nə biləydi ki,
qisməti onu Lənkəran Teatrında gözləyir: "Əslində, mənim niyyətim əsgərlikdə
qalmaq idi. Dostlarım təkid edirdilər ki, Moskvada qalma, geri dön. O zaman
kaskadyorluq da edirdim. Yaxşı at çapırdım və kaskadyor kimi çalışırdım. Mən də geri döndüm. Gördüm ki,
kinostudiyada aləm bir-birinə dəyib. Heç kim mənə sahib çıxmadı. Mən də
Mədəniyyət və Turizm Nazirliyinə müraciət etdim. O vaxt rəhmətlik Məmməd
Ziyadov nazirin birinci müavini idi. Dedi ki, Bakıda indi vəziyyət yaxşı deyil,
gəl səni Lənkəranda bir teatr açılıb, ora göndərək. Bir il orada işlə, bir
ildən sonra da Allah kərimdir, bir şey fikirləşərik. O bir ilin üzərindən artıq
50 il keçib ”.
Sevgi dolu ömür
Xalq artisti hesab edir ki, həyat sevgisi olmasa, insan yaşaya
bilməz. O, insanın hər bir yaşam dövrünü yüksək qiymətləndirir: "Hər bir yaş dövründə
insan həyatını sevməlidir. Həyatı gözəlləşdirən, şirinləşdirən sevgidir. Heç zaman
peşman olmamışam. Hərdən düşünürəm ki, bir zamanlar mənimlə bərabər neft sənayesində
işləyənlərin arasında Sosialist Əməyi Qəhrəmanları da, böyük vəzifə sahibi olanlar
da. Mən heç də onlardan kiçik bir mənsəbə sahib deyiləm. Bu gün onları heç kim tanımır,
amma məni çoxları tanıyır”.
Qabil Quliyev müasir gənclərə baxanda təəssüf hissi keçirir. Deyir
ki, müasir gəncliyimiz çox dar çərçivədə böyüyür: "Onların dünyagörüşləri o qədər
də geniş deyil. Gənclərimizin əksəriyyəti bu gün öz tarixini, klassik ədəbiyyatını
bilmir. Soruşanda da deyirlər ki, bunlar mənim nəyimə lazımdır? Ancaq bu, belə olmamalıdır.
İnsan öz tarixini, adət-ənənələrini bilməlidir, mənən zəngin olmalıdır. Mənən zəngin
olan insanlar həyatda xoşbəxt yaşaya bilərlər. İstərdim ki, bizim gənclərimiz öz
tarixini və mədəniyyətini sevsin və qiymətləndirsin. Hər şey mədəniyyətdən başlayır.
Torpağını, vətənini, xalqın milli dəyərlərini hər bir vətəndaş sevməlidir və buna
məhkumdur. Torpaq anadır, onu sevmək mütləqdir. Ayağımın altında torpaq olmasa,
mən necə yaşayaram? İnsanın ayağı torpaqda olanda güclü olur. Öz torpağında
olanda isə o daha güclü, ürəkli olur. Bu torpağı qorumaq vacibdir”.
Xəyalə Rəis