• cümə axşamı, 28 mart, 16:19
  • Baku Bakı 16°C

“Samsung”da qlobal strategiya mütəxəssisi işləyən azərbaycanlı - Uğur hekayəsi

28.02.19 15:38 2537
“Samsung”da qlobal strategiya mütəxəssisi işləyən azərbaycanlı - Uğur hekayəsi
Gün ərzində nəyi necə edəcəyini əvvəlcədən təyin edir. Onun üçün əsas prioritet təcili deyil, vacib işlərini görməkdir. Düşünür ki, plan qurarkən "bu gün”, "sabah”, "gələn ay” deyib vaxt uzadırıqsa, bununla karyeramızda uğurlu addım ata bilmərik. Müsahibimiz "Samsung”un Seuldakı baş ofisində qlobal strategiya mütəxəssisi (strateqist) kimi çalışan soydaşımız Həmid Dalqlıclıdır. O komandası ilə birlikdə "Samsung”un yeni strateji layihələrinin planlaşdırılması, məhsullarının ölkələrdə tanıdılması istiqamətdə layihələr hazırlayır.

Bakı Dövlət Universitetinin iqtisadi kibernetika fakültəsində bakalavr və magistr təhsili alıb. Sonuncu kursdan Deloitte Azərbaycan şirkətində audit və konsaltinq layihələri üzrə çalışıb. Daha sonra "Baglan Qrup” şirkətlər qrupunda risklərin idarə edilməsi üzrə rəhbər işləyib. 2014-cü ildən isə Çikaqo Universitetinin Bus Biznes Məktəbinə daxil olub və 2016-cı ilə qədər orada təhsil alıb. Hazırda Cənubi Koreyada Seul şəhərində "Samsung Elektroniks” şirkətində qlobal strategiya qrupunda işləyir.
- Həmid bəy, Azərbaycanda rəhbər vəzifədə işlədiyiniz vaxt ölkədən kənarda sıfırdan karyera qurmaq fikri necə yarandı?
- Bakı Dövlət Universitetində oxuyanda - hələ 3-cü kursda Amerikanın Vaşinqton şəhərində təcrübə keçdim. Bu bir il ərzində Amerika şirkətlərini, həyat tərzini, biznes mühitini öyrəndim. Bu zaman qərar verdim ki, bir neçə il iş təcrübəsi qazandıqdan sonra Amerikaya qayıdıb, MBA (biznesin idarə edilməsi üzrə magistr təhsili) proqramında təhsil alacam. 2012-ci ildən bu prosesi başladım, hazırlaşdım və Çikaqoda Bus Biznes Məktəbinə qəbul oldum. Düzdür, o vaxt Bakıda stabil karyeram, əlaqələrim var idi. Bütün bunları tərk edib iş karyerasına yenidən başlamaq risk kimi görünürdü. Bundan əlavə, maliyyə tərəfi də çətin idi. Nəinki iki il ərzində maaş almaq şansımı itirdim, həm də böyük miqdarda borc almaq da lazım oldu. Mən təhsili öz inkişafıma investisiya kimi görürəm. Əgər MBA dərəcəm olmasa idi, hazırda "Samsung”da işləyə bilməzdim.


- Bəs "Samsung” macərası (sərgüzəştləri) necə başladı?
- Çikaqoda oxuyarkən qərara gəldim ki, böyük bir texnoloji şirkətdə karyeramı davam etdirməliyəm. Seçimim ya Amerika, ya da Asiya və Avropa şirkətlərindən biri olmalı idi. Təhsil alarkən yay təcrübəsini Kaliforniyada Google şirkətində keçmişdim və Amerikanın texnoloji mühiti ilə tanış idim. Seçim qarşısında qaldığım müddətdə "Samsung” şirkəti bizim universitetə gəlib prezentasiya aparmışdı. Mən onların işçiləri ilə görüşdüm, əlaqələr yaratdım. "Samsung” kimi nəhəng şirkətdə işləmək çox maraqlı gəldi. Çünki bu brend dünyanın hər yerində tanınır. Uşaqdan tutmuş, böyüyə qədər hər kəs bu adla tanışdır. Eyni zamanda Seul kimi modern və dinamik şəhərdə yaşamaq da unikal şans idi və mən bunu dəyərləndirdim.

- Nəhəng bir şirkətin işləmə prinsipləri maraqlıdır. İşçilərə münasibətdə yanaşma necədir?
- Dünya üzrə 400 000 nəfər şəxs bu şirkətdə çalışır. "Samsung” balaca bir ölkədir. Hətta Koreya kimi inkişaf etmiş ölkənin ən böyük şirkətidir. Sözsüz ki, belə şirkətin idarə edilməsi balaca startapdan çox fərqlənir. Bu qədər insanın idarə edilməsi və qiymətləndirilməsi üçün çox mürəkkəb, administrativ sistem yaradılıb. Buna görə də "Samsung”da hansısa qərarların verilməsi müəyyən vaxt tələb edir. Balaca şirkətlərə baxanda strukturun özü daha bürokratik görünə bilər. Şirkətin fəlsəfəsi ondan ibarətdir ki, əvvəlcə strateji məqsədlər müəyyən olunur. Strateji məqsədlər müəyyən taktiki hədəflərə bölünür, taktiki hədəflər isə illik büdcələrə və əməliyyat planlarına bölünür. Hər görülən işin mahiyyəti böyükdür. Hansısa bir telefonun yaradılması Koreyada dizayn və tədqiqat qrupunda başlanılır, Vyetnam fabriklərinin birində emal olunur və gəmi ilə Amerikaya gətirilir. Bir telefonun emalı prosesində iştirak edən minlərlə adam bir-biri ilə tanış olmasa da, hər biri eyni bir məhsulun uğurlu olması üçün çalışır.


- Qlobal strateji departamentdə yəqin ki, əcnəbilər daha çoxdur. Hansı ölkələrdən olan işçilər sizi təəccübləndirir?
- Həqiqətən bizim qrup universaldır. Burada Amerika, Kanada, Qərbi Avropa ölkələrindən əlavə, Misir, Çin, Sinqapur, Tailand, Gürcüstan və Cənubi Afrika kimi ölkələrin nümayəndələri də var. Amma biz hamımız Amerikanın və Avropanın biznes məktəblərində təhsil almışıq. Demək olar ki, bilik səviyyəsi eynidir. Ən böyük fərqlər mədəniyyət və mentalitet baxımından olur. Məsələn, eyni zarafatı müxtəlif ölkələr fərqli anlaya bilirlər. Mənim üçün maraqlı fakt odur ki, hamımız müxtəlif mədəniyyətlərdən olmağımıza baxmayaraq, oxşar cəhətlərimiz fərqlərdən daha çoxdur. Hamı əcnəbi olduğu üçün eyni problemlərlə rastlaşır, adaptasiya prosesində xarici ölkədə eyni çətinlikləri keçirlər. Maraqlı təcrübədir. Bizim çox vaxt fərqli ölkələrin nümayəndələri ilə bağlı müəyyən stereotiplərimiz olur. Yaxından tanıdıqdan sonra, yanlış fikirdə olduğumu başa düşürəm. İstəyim odur, azərbaycanlılar daha çox ölkələri ziyarət etsin və iqtisadi əlaqələr yaratsınlar. Biz bununla nəinki özümüzü tanıdırıq, həm də dünyanı, insanları daha yaxından tanıyırıq.

- Adaptasiya çətinliklərindən danışdınız. Xarici ölkədə uğur qazanmaq istəyirsinizsə... cümləsini necə tamamlayarsınız?
- Məncə, ən əsası, siz açıq fikirli olmalısınız. Yəni çox vaxt biz dünyaya öz prizmamızdan baxırıq. Öz prinsiplərimizi, standartlarımızı, həyat tərzimizi düzgün hesab edirik və onlara alternativ görmürük. Amma reallıq odur ki dünya böyükdür, 200-dən çox ölkə mövcuddur. Hər ölkənin öz tarixi mədəniyyəti, prinsipləri var. Xarici ölkədə uğurlu olmaq istəyirsinizsə, siz yaşamağı planlaşdırdığınız ölkədə ilk olaraq yerli əhalinin etik davranış, mədəniyyət normalarını öyrənməlisiniz. Onların normaları sizdən fərqli olarsa, bunu səhv yox, sadəcə alternativ kimi qəbul etməlisiniz. Sözsüz, bəzi məsələlərdə siz razı olmaya bilərsiniz. Amma öz fikirlərinizi ideal kimi başqa insanlara qəbul etdirə bilməzsiniz.

- Fərqli ölkə, tamam yad mədəniyyət... Koreyalılar sizi necə qarşıladılar?
- Əsrlər boyu Koreya qapalı ölkə kimi tanınıb. Monoetnik bir ölkədir. Yəni burda başqa millətlər çox azdır. Amma son 50-60 illər ərzində Koreya dünya iqtisadiyyatına inteqrasiya olunub. Mən də Seula təzə gələndə burada nə ilə rastlaşacağımı bilmirdim. Mədəniyyətləri fərqli gəlirdi. Maraqlısı odur ki, Koreya mədəniyyəti Azərbaycan mədəniyyəti ilə oxşardır. Burada böyüklərə, milli adət-ənənələrə hörmət əsasdır. Milli yeməklərə belə çox böyük status verilir. Koreyalılar ailənin maraqlarını öz maraqlarından üstün tuturlar. Avropa və Amerikadan gələn əcnəbilərdən fərqli olaraq, azərbaycanlı kimi Koreya mədəniyyətini daha yaxşı anlayıram. Bu ölkəyə gələndə Koreya mədəniyyətini, tarixini, dilini öyrənməyə çalışdım. Koreyada hansısa bir mağazada onların öz dilində salamlaşsanız, sizə kömək etmək üçün əllərindən gələni edirlər. Onlar tərəfdən özümə qarşı aqressiya hiss etməmişəm. Ancaq koreyalı ilə dostlaşmaq çox çətindir. İnsanlar uzun müddət səni tanıdıqdan sonra, əlaqə qururlar.

- Koreyada iş rejiminin gərgin olduğunu deyirlər. Vaxtınızı necə tənzimləyirsiniz?
- Bəzən Bakıdakı dostlarım bu sualı mənə verəndə, zarafatyana deyirəm ki, "Samsung”la Azərbaycanda dövlət strukturları arasında fərq yoxdur. Burada qaydalar çox böyük rol oynayır. İş rejimi kifayət qədər sərtdir. İnkişaf etmiş ölkələr arasında statistikaya görə də koreyalılar daha çox işləyir. Onlar işdən gec çıxırlar. Hətta bəzi hallarda işçinin konkret işi olmayanda da gözləyir ki, rəhbər evə getsin, sonra gedir. Vaxt getdikcə, koreyalılar da başa düşür ki, bu, köhnəlmiş yanaşmadır. Yəni işçilərin effektivliyi işdə keçirilən vaxtdan daha vacibdir. İş qrafikimiz kifayət qədər gərgindir. Ona görə çalışıram ki, işə gəlməzdən öncə, vacib olan prioritetləri müəyyən edim. Gün ərzində nəyi, nə vaxt edəcəyimi təyin edirəm. Yəni mənim üçün əsas prioritet ən vacib işlərimi görməkdir. Ümumiyyətlə, biznesdə belə bir anlayış var. Təcili və vacib işlərin matrisi. Bu Eyzenhauer metodudur. Hər birimizə sutkada 24 saat ayrılıb. Lakin bəzi insanlar həmin vaxt ərzində çox iş yerinə yetirə bilir, digərləri isə bacarmır. Səbəb nədir? Cavab sadədir: düzgün taym-menecmentə ehtiyac var. Eyzenhauer metodologiyasına görə, işlər iki kateqoriya bölünür: təcili və vacib işlər – dərhal görülür. Vacib, lakin təcili olmayan işlər – təcili və vacib statusuna keçmək xüsusiyyətinə malikdirlər, buna görə də əvvəlcədən planlaşdırılır. Alimlər tədqiqat aparanda görürlər ki, çox vaxt insanlar təcili, amma vacib olmayan işlərə çox vaxt sərf edirlər. Təcili işlər həmişə vacib işlər demək deyil. Məsələn, nəyəsə başlamaq istəyəndə "bu gün”, "sabah”, "gələn ay” deyib vaxt uzadırıq. Halbuki, bununla karyeramızda uğurlu addım ata bilərik. Mən də öz vaxtımdan ideal tərzdə istifadə etmirəm. Amma hər həftənin sonu analiz edirəm ki, həftənin əvvəli təyin olunan hədəflərə nail ola bildim, yoxsa yox. Nail ola bilmədimsə, səbəblərini araşdırıram və çalışıram ki, eyni səhvləri etməyim.


- Nəhəng şirkətlərdə işləməyin hər zaman müsbət tərəfləri olmur. Bir az da mənfi tərəflərindən danışaq.
- Sözsüz ki, müəyyən çətinliklər var. Birincisi odur ki, hər bir fərdi işin, layihələrin ümumi təsiri o qədər böyük deyil. Şirkət böyük olduğundan və minlərlə adam çalışdığından hansısa vacib layihəni həyata keçirirsənsə, onun konkret nəticəsini görmək çətin olur. İkinci faktor müəyyən büroktariyadır. Lazımsız sənədlərin doldurulması və s. Üçüncüsü, şirkət böyük olduğuna görə, hər bir təklif və onun qəbulu, həyata keçirilməsi vaxt aparır. Bir neçə departament arasında dəqiqləşdirmək və razılaşdırmaq aylar tələb edir. Hansısa balaca şirkətdə bu, daha tez həyata keçirilə bilər, yaxud hansısa kiçik şirkətdə layihən daha tez gözə çarpa bilər. Bu, bütün nəhəng şirkətlərin mənfi tərəfidir.

- Xarici şirkətdə "Əcnəbilər bizdən biri deyil” tipli bir yanaşma ilə rastlaşmısınızmı?
- Adətən koreyalı universiteti bitirib bir şirkətdə işə düzəlir və pensiyaya qədər işləyir. 35 il davamlı "Samsung”da çalışan işçilər var. Ona görə bəzən kənardan gələn işçilərə şübhə ilə baxırlar. "Nə qədər faydalı ola bilərlər” kimi şübhələri olur. Müəyyən vaxt ərzində əcnəbi öz biliklərini göstərə bilirsə, problem olmur. Koreyalı iş yoldaşları ilə dost münasibəti yarananda, yerli işçilər tərəfindən bu fikirlər yox olur və əcnəbi işçi komandanın bir üzvü kimi tanınır.

- Ənənəvi sualımız. Uğur sirriniz nədir?
- Məncə, uğurun 3 əsas komponenti var. Birincisi, dözümlülükdür. Biz hər şeyə hazır olmalıyıq. Həyatda hər şey istədiyimiz kimi olmur. Bir problemi həll edəndən sonra, digəri ilə üzləşəcəyik. Bu, normaldır və həyat tərzidir. Buna hazır olmalıyıq. İkincisi, maraqlanmaqdır. 21-ci əsrdə bütün sahələrdə inkişaf dinamik şəkildə gedir. Hər an hər şey dəyişir. Biz valideynlərimiz kimi bir universitet bitirib bunu 30 il tətbiq edə bilmərik. Daim araşdırmalı, hər gün yeni biliklər almalı və yeni ideyalarla özümüzü tanış etməliyik. Üçüncü, komponent isə çeviklikdir. Biz həyatda dəyişikliklərə hazır olmalıyıq. Dəyişiklik olanda şansdan istifadə etməli, riskləri qəbul etməliyik. Düzdür, dəyişikliklər bizim üçün komfortlu deyil. Amma reallıq odur ki, eyniliklə inkişaf ola bilməz.

Aygün ƏZİZ
banner

Oxşar Xəbərlər