AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Şagirdlərinə ilkləri yaşadan müəllim - Örnək

Şagirdlərinə ilkləri yaşadan müəllim - Örnək

Gənclik qəzeti
05 İyun 2020, 13:00 3198
 
Elçin Abbasov: "Kimsə tək övladının valideynidirsə, müəllim bütün sinfin, şagirdlərinin valideynidir”
 
O, fədakar, şagirdlərini sevən, hətta pandemiya dövründə onlara kitablar, testlər aparan müəllimlərdəndir. Məqsədi - şagirdlərinin sevgisini qazanmaq, dərsə gəlməyən qız uşaqlarını təhsilə qazandırmaq və cəmiyyətə layiqli vətəndaş yetişdirməkdir. Peşəsinin məsuliyyətini dərk edir və öyrətmək sevgisi ilə addımlayır...

Müsahibimiz Cəlilabadın Alar kəndində müəllimi kimi fəaliyyət göstərən Elçin Abbasovdur.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Fizika fakültəsini bitirib. Cəlilabad rayonu Alar kənd 2 saylı tam orta məktəbində fizika müəllimi kimi fəaliyyət göstərir. Həmkarlarından şagirdlərlə birlikdə keçirdiyi layihələrlə fərqlənir. Həmsöhbətimiz bölgədə ilk dəfə olaraq "Turan” skaut dəstəsini yaradıb: "Ayda 2 dəfə həmin dəstə ilə görüşlər keçirib, qeyri-formal təhsil ilə məşğul olur, düşərgələrdə iştirak edirik. Məsələn, keçən yay İsmayıllı və Qusarda təşkil edilmiş düşərgələrdə bizim dəstə fəal iştirak edib. Həmçinin mən STEM üsulu əsasında dərslər keçirirəm. Baxmayaraq ki bu üsul Təhsil Nazirliyi tərəfindən yeni tətbiq edilib, mən bir neçə il bundan əvvəl STEM üzrə yerli və beynəlxalq təlimçilər tərəfindən təqdim olunan təlimlərə və konfranslara qatıldım, bölgədə ilk olaraq bu sistemi tətbiq etdim. STEM sisteminin tətbiq edilməsindən sonra şagirdlərimlə birlikdə bir neçə tədbirə qatıldıq və sertifikatlara layiq görüldük. Ötən il "İlin Gənc Müəllimi” müsabiqəsinə qatıldım və qalib adına layiq görüldüm”. 

- Elçin müəllim, siz pandemiya dövründə də müəyyən layihələrinizlə tanındınız. Hətta ailə üzvlərinizlə birlikdə maska tikib kənd əhalisinə paylamısınız...
- Pandemiya dövründə biz ilk olaraq, çalışdıq ki, dərslərimizdən yayınmayaq. Əvvəl "Zoom” proqramından istifadə edərək onlayn dərslər keçirdik, sonra isə "Microsoft Teams” proqramı ilə dərslərə başladıq. "Virtual məktəb” layihəsi fəaliyyətə başlayanda, həm şagirdlərimiz, həm də müəllimlərimiz orada qeydiyyatdan keçdi. Düzdür, şagirdlərimizin 100 faizi "Virtual məktəb”də iştirak edə bilmir, amma əksəriyyətinin iştirakı təmin edildi. Əlbəttə ki, bu, canlı dərslərin yerini verə bilmir, buna görə də karantin yumşaldılanda, şagirdlərimizlə görüşüb, onlara testlər və oxumaq üçün bədii kitablar apardıq. Bir neçə gün keçəndən sonra həmin testləri yoxlamaq məqsədi ilə yığdım. Karantin dövründə uşaqların motivasiyasını qaldırmaq üçün Azərbaycanın müxtəlif bölgələrindən olan müəllimlərlə birgə bir çox video çarxlara çəkildik. Uşaqlarla birgə "Təmiz əllər” təşəbbüsü çərçivəsində həm də "Təbiətə qayğı” mövzusunda video çəkdik, bu da şagirdlərimizin həm vaxtının səmərəli keçməsinə, həm də motivasiyanı qaldırmağa kömək etdi. Şagirdlərimin arasında skaut dəstəmizin üzvləri çoxdur, buna görə də onlayn dərslərlə yanaşı, onlayn skaut görüşlərimiz və təlimlərimiz də olur. Pandemiya dövründə Azərbaycan Skautlar Assosiasiyası maskaların tikilməsi və əhaliyə paylanması aksiyasını təşkil etdi. Mən və mənimlə işləyən həyat yoldaşım Təhsil Nazirliyinin İnsan Resursları Mərkəzinin operativ qərargahının üzvü olan müəllimlər olaraq, həmin aksiyaya qoşulduq və evdə maskalar tikməyə başladıq. Skaut dəstəmizin üzvləri də bizə bu işdə öz evlərində kömək edirdi, biz isə onlara telefon vasitəsilə lazımi göstəriş və məsləhətlər verirdik. Maskalar hazır olandan sonra onları həm yaşadığımız Günəşli kəndində, həm də işlədiyimiz Alar kəndində skaut dəstəmizin üzvləri ilə bərabər payladıq.
 


- Fəaliyyətinizi araşdırdıqda, görürük ki, həqiqətən də peşənizin vurğunusunuz. Bir neçə il öncəyə qədər kişilər gəlirin az olduğunu əsas göstərib, bu sahəyə gəlmirdilər... Ümumiyyətlə, müəllimlik karyeranız necə başladı?
- Hər bir şagird məktəbi bitirən vaxt ixtisas seçimini düzgün etməyə bilər. Amma zaman keçdikcə, sənə aid olan sənəti seçə bilərsən. Mənə elə gəlir ki, müəllimliyə qarşı sevginin də, nifrətin də səbəbkarı vaxtilə sənə dərs deyən müəllimlərdir. Mənə də sənətimi ilk dəfə müəllimlərim sevdirib. Peşəni sevdikdən sonra qazanc artıq ikinci plana keçir. Bu ixtisası seçən insanda öyrətmək sevgisi olmalıdır. İlk dəfə sinfə daxil olanda, artıq hiss edirsən ki, sən məsuliyyət daşıyırsan. Elə ilk dəfə sinfə daxil olanda, bu peşəyə aid olduğumu bildim. O zaman anlayırsan ki, sən məsuliyyətli, bir o qədər də şərəfli bir yükün altına girmisən. Mən hər gün bu peşənin məsuliyyətini daha çox dərk edirəm. Valideyn tək öz övladı üçün narahat olur, müəllim isə məktəbdəki bütün uşaqların gələcəyi haqqında fikirləşir, onların taleyi, təlim-tərbiyəsi onu narahat edir. Valideyn tək övladının valideynidirsə, müəllim bütün sinfin, məktəbin, şagirdlərinin valideynidir. Bu çox təsirli, ağır, həm də qürurvericidir. Bütün müəllimlər bunu dərk etməlidir. 

- Amma bütün müəllimlər belə deyil... Sənətini sevərək işləyən də var, iş olsun deyə işləyən də... Müəllim adını daşıyan insanlara nə demək istərdiniz?
- Bu problem təəssüf ki, bütün sahələrdə var. Amma müəllimlik bütün peşələrin təməlidir. İstər şagirdlər, istərsə də cəmiyyət tərəfindən fədakar müəllimlər sevilir, dəyərləndirilir. Pandemiya dövründə bizim görünməz qəhrəmanlarımızla bərabər, ağır yükü çəkən müəllimlərimiz də var. Onlar da karantin dövründə öz fəaliyyətlərini saxlamadılar. Müəllim fədakar olmalı, şagirdlərinə canyandırmalıdır. Sevgi qarşılıqlıdır. Sən şagirddən hörmət, ehtiram, sevgi gözləyirsənsə, mütləq ona sevgi ötürməlisən. Bunu etməyən müəllimlər təsadüfən bu sahəyə gəliblər və onlara müəllim demək olmaz. Əsl müəllim bunları edir. Nə qədər zəhmli görünsən də, dost münasibəti də göstərməlisən. İndi sovet dövrü deyil. Müstəqilliyin ilk dönəmlərində bizim müəllimlər də onun təsirində idi. Ancaq əzbərlə, gəl dərsi danış və əgər dərsi bilmirsə, şagirdi cəzalandır - prinsipi ilə hərəkət edirdilər. İndi belə deyil. Gərək uşaqla dost olasan ki, o, səninlə rahat danışa bilsin. Məsələn, mən fizika, riyaziyyat fənnini tədris edirəm. Dərslərimizin bir hissəsini müəyyən alətləri düzəltməklə keçiririk. Şagird toxunaraq öyrənir, nəyisə yaradır, mühəndislik bacarıqlarını ortaya qoyur. Şagird müəllimlə daha yaxın ünsiyyətdə olur. Rahat sözünü deyə bilir. Məsələn, biz dərsin ortasında hər hansı bir oyun da keçirə bilirik, lazım gəlsə şer də deyirik. O demək deyil ki, şeri ancaq ədəbiyyat müəllimi deyə bilər. Uşaqlara motivasiya olsun deyə, lətifə də danışa bilərəm. Ola bilər, biz mövzunu çatdıra bilmərik, amma uşaqlarda mütləq motivasiya yaratmaq lazımdır. 10 yox, 2 misal yaz, amma uşaq o dərsdən zövq alsın. Şagird müəllimdən qorxmamalıdır. Adətən şagird evdə valideynindən, məktəbdə müəllimdən qorxur və problemini deyə bilmir. Bunlar da fəlakətlə nəticələnir.
 


- Bəs sizin bölgədə qızların təhsilinə münasibət necədir? Adətən kənd yerlərində, xüsusilə cənub bölgəsində valideynlər qız uşaqlarının təhsilinə mane olurlar...
- Bəli, cənub zonasında qız uşaqlarının təhsili həmişə problemli olub. Amma son dövrlər vəziyyət nisbətən dəyişib. Artıq valideynlər qız uşaqlarını oxutmaq üçün çalışırlar. Mən qızların təhsilə cəlb olunması ilə bağlı bir çox tədbirlər keçirmişəm və qızları da layihələrə cəlb etmişəm. Dərsə gələn qızı layihəyə cəlb edəndə, o istər-istəməz bunu ətrafdakılarla bölüşür, onlar da gələn dəfə qoşulmağa cəhd edirlər. Məktəbə gəlməyən uşaq fizika dərsində hansısa layihəyə qoşulmaq üçün müraciət edir. Biz şagirdlərlə əşyalar, qələmqabılar, maketlər düzəldirik. Bu üsullar dərsə gəlməyən digər qız şagirdlərinin də marağına səbəb olub. Onları təhsilə qazandırmışıq. Şagirdləri ekskursiyalara aparıram və layihələr başa çatdıqdan sonra onları təltif edirik. Məktəbdə bununla bağlı kiçik təqdimat edirəm. Bu, dərsə gələn və gəlməyən uşaqlarda motivasiya yaradır. Hətta şagirdlərin valideynlərinə də təşəkkürnamə göndərirəm. Təsəvvür edin, əvvəllər şeir deməkdən, dərs danışmaqdan utanan şagirdlər, tədbirlərdən sonra artıq aparıcılıq edirlər. Yarışmalar təşkil edirik. Hamısını öz hesabıma edirəm. 8 fəndən ibarət suallar hazırlayıram, müəllimlərdən jüri seçirəm və aparıcılıq edirəm. Şagirdlər çox həvəslənirlər. 8 Martla bağlı layihələr keçirirdim. Bilirsiniz ki, bu bayramlarda uşaqlar müəllimlərə hədiyyə almaq istəyir. Mən şagirdlərə təbliğat apardım ki, gəlin, zərf müsabiqəsi edək. Siz rəngli kağızlardan zərflər düzəldin və zərflərin içinə arzularınızı yazıb xanım müəllimələrə təqdim edin. Bu çox maraqla qarşılandı. Uşaqlar hazırladıqları zərfləri müəllimlərə təqdim etdilər. Sonra mən skaut dərslərimizə qızları da cəlb etdim. Digər qızlarda da maraq yarandı. Təsəvvür edin, cənub zonasında övladlarını dərsə qoymayan valideynlər, artıq icazə verirdilər ki, qızlarını rayonlara düşərgələrə aparım. Bu, uşaqların dünyagörüşünə çox yaxşı təsir etdi. Mən şagirdlərdə və valideynlərdə inam yaratdım. Sonra uşaqları motivasiya etmək üçün facebook səhifəsi yaratmışam. Əvvəllər narahat olurdular ki, filankəsin qızının şəkli internetdədir. Təbliğat aparmışam ki, şagirdlərin şəkillərinin məktəbin səhifəsində olmağı, aktiv olmaları ayıb deyil. Bəzən şagirdlərin dərsdəki fəaliyyətlərini yerləşdirirəm. Artıq valideynlər də fəxr edir, övladlarının şəkillərini paylaşırlar. 

- Həyat yoldaşınız da müəllimdir. İşdən gələndə, dərs metodlarınızı müzakirə edirsinizmi?
- Yeniliklərə çox açığam. Bacardıqca bütün təlimlərdə iştirak edir, dərslərimdə tətbiq edirəm. Hər dəfə təlimlərdən öyrənirik, müəllimlərlə əməkdaşlıq edir, müzakirələr aparırıq. Yoldaşım da fizika müəllimidir. Təbii, evdə müzakirələr edirik, birlikdə hazırladığımız dərslər də olur. Bir-birimizə kömək edirik. İndiki dövrdə, təsəvvür edin, dərslər onlayn keçirilir və evdə iki uşaq, iki müəllim dərslərə bağlanırıq. Evimiz onlayn dərslər keçirilən məktəb halına gəlir (gülür - A.Ə.).

- Yəqin ki, şagirdlərlə bağlı unutmadığınız əhvalatlar da az deyil.
- Mənə ən çox təsir edən məqam kənd uşaqlarının ilk dəfə kənddən kənara çıxmalarıdır. Onların gözlərindəki sevinc, həyəcan mənə çox təsir edir. Yayda uşaqları düşərgəyə aparırıq. Şəhər uşaqları gəzdikləri üçün gözütox olur. Amma kənd uşaqları belə deyil. Onları ilk dəfə sərgiyə, kitab bayramına aparmışam. O qədər sevinir, həvəslənirdilər ki... İlkləri görmək, göstərmək insana daha çox zövq verir. Onların gözlərindəki işığı görəndə, mən də sevinirəm.
 
Aygün ƏZİZ