“Rza Təhmasib dedi ki, ya sən bu institutda qalacaqsan, ya da mən” – Keçmişdəki mən

“Rza Təhmasib dedi ki, ya sən bu institutda qalacaqsan, ya da mən” – Keçmişdəki mən

Gənclik qəzeti
25 Yanvar 2020, 10:09 5261
 
Vahid Əliyev: "Uşaqlıq illərimdən dərk edirdim ki, atamla anam fəhlədir, çalışıb onlara kömək etməliyəm”
 
Hələ birinci sinifdə oxuyarkən teatra marağı yaranır. Elə həmin il ilk dəfə səhnəyə çıxıb "Ölülər” tamaşasında Cəlal obrazını canlandırır. Deyir ki, elə həmin gün aktyor olmağı qarşısına məqsəd qoyub. Müsahibim Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru, əməkdar artist Vahid Əliyevdir. Onunla söhbətimiz zamanı aktyorun uşaqlıq və gənclik illərinə işıq saldıq. 
 
Babamın dayısı ilə birgə çobanlıq edirdim
 
1952-ci ildə Tovuz rayonunda dünyaya gələn həmsöhbətim sadə fəhlə ailəsində böyüyüb: "Anam əslən Tovuzdan, atam isə bakılı olub. Ailədə 7 uşaq - 4 qardaş, 3 bacı olmuşuq. Hamı kimi mənim də uşaqlıq illərim maraqlı keçib. Xaraktercə hər şeyi öyrənmək istəyən uşaq idim. Elə uşaqlıq illərimdən dərk edirdim ki, atamla anam fəhlədir, çalışıb onlara kömək etməliyəm. Uşaqlığımın bir qismi Bakıda, bir hissəsi, xüsusilə yay ayları Tovuzda keçib. Tovuzda babamın qəşəng evi, bağı  var idi. Həm şəhər, həm kənd həyatına yaxından bələd idim. Dəcəl uşaq sayılmasam da, bir yerdə dayanmaq mənə yad idi. Üçüncü sinifdə oxuyanda, babamın dayısı ilə birgə çobanlıq edirdim. Özümün çarıqlarım və əsl çoban yapıncım var idi. Hələ də o təəssüratlarımdan ayrıla bilmirəm”.
 
Aktyor o illərdən yadında qalan maraqlı bir xatirəsini də bizimlə bölüşdü: "Babamgilin bağında çoxlu tut ağacları var idi. Hər kəs o tutdan öz payını alırdı. Babam bundan böyük zövq alırdı. Bir dəfə xalam dedi ki, ata, hər kəs bağındakı tutu yığıb ermənilərə satır. Ermənilər hamıya yaxşı pul verir. Babam xalama dedi ki, bala, mənim halalıma haram qatmayın. Bu sözlər mənə çox təsir etmişdi. Sonradan həmin sözlər mənim üçün bir həyat dərsi oldu”.
 


Mən də səhnədə çıxış etmək istəyirəm 
 
1959-cu ildə birinci sinfə gedən Vahid müəllim, elə həmin il ilk dəfə teatr səhnəsinə çıxır: "Badamdar qəsəbəsinin dram dərnəyi var idi. Qonşumuz Durhəsən əmi o dərnəyin üzvü idi. 2-3 aydan bir tamaşalar təşkil olunurdu. Uşaq vaxtı mən də tamaşaları izləyirdim. Elə həmin illərdə teatr məni özünə çəkirdi. Birinci sinifdə oxuyanda, Durhəsən əmiyə dedim ki, mən də səhnədə çıxış etmək istəyirəm. Məndən bacarıb-bacarmayacağımı soruşanda "hə” cavabı verdim. İki aydan sonra məni çağırıb dedi ki, axşam mədəniyyət evinə gəl. Hələ hərfləri yaxşı tanımırdım. Birtəhər mətni əzbərlədim və tamaşanı oynadım. "Ölülər” tamaşasında Cəlal obrazını canlandırırdım. Bununla da teatra böyük sevgim yarandı. Artıq birinci sinifdə oxuyanda bilirdim ki, mən aktyor olacam. Aktyorluğumla yanaşı, yaxşı səsim də var idi. Səhnəyə ilk dəfə aktyor kimi çıxsam da, 1963-64-cü illərdə şagird-müğənni kimi Azərbaycan Dövlət Televiziyasında çıxış edirdim. Orada ayda iki dəfə efirə gedən uşaq verilişinin  aparıcısı idim. Bütün bunlar dərslərimə mane olmurdu. Həm dərslərimi oxuyur, həm də dərnəkdə çıxış edirdim. Düzdür, hamı kimi mən də dərsdən qaçmışam. Amma dərslərimi yaxşı oxuyurdum”.
 
Məktəbi bitirdikdən sonra sənədlərini İncəsənət Universitetinin aktyorluq fakültəsinə verən müsahibim birinci il qəbul ola bilmir: "İndi düşünürəm ki, yaxşı ki, həmin il imtahandan kəsildim. Çünki kəsilməsəydim, səhvlərimi görməyəcəkdim. O vaxta qədər düşünürdüm ki, hər şeyi bilirəm və hər şeyə hazıram. Sənədlərimi götürəndə dekandan soruşdum ki, niyə imtahandan kəsilmişəm? O vaxt dekan Ənvər Dadaşov idi. Dedi ki, sən səhnə danışığından kəsilmisən. İstərdim ki, sən danışarkən özün-özünü eşidəsən. Özümdən o qədər razı idim ki, ona 70 yaşımda da olsa, bu universitetin aktyorluq fakültəsindən məzun olacağımı deyib otaqdan çıxdım.
 
Universitetə qəbul olmadığım üçün Gəmi Təmir Zavodunda işləməyə başladım. Elektrik qaz qaynaqçısının şagirdi idim. Bir dəfə uşaqlarla söhbət edərkən birdən özüm-özümü eşitdim. Başa düşdüm ki, mən danışanda emosiyalarım ağlımdan ön plana keçir. Emosionallıq özümün nə dediyimi bilməyimə imkan vermirdi. Həmin gün səhvimi başa düşdüm. İkinci il İncəsənət Universitetinə, professor Rza Təhmasibin kursuna imtahan verib qəbul oldum. Ənvər Dadaşov mənim dekanım olub. O mənə dedi ki, sən bir il əvvəl qapıdan çıxarkən əmin idim ki, geri qayıdacaqsan”. 
 
Müsahibim ilk gəlirini anasına verdiyini söylədi: "Bizim ailədə belə adət var idi ki, atam həmişə maaşını anama verirdi. Evin pul məsələlərini anam idarə edirdi. İlk maaşımı mən də anama verdim. Anam dedi ki, bu pulu axşam atan gələndə ona verərsən. Axşam atam işdən gəldi. Dedim ki, ata, maaş almışam. Dedi ki, biz həmişə pulu anaya veririk. Bu dəfə pulu anama verəndə, götürdü. Sonradan başa düşdüm ki, anam atamın çəkisini saxlamaq və halallığını almaq üçün məni atamın yanına göndərdi”. 
 

 
Sən ki, belə istedadlısan...
 
Tələbəlik illərinin maraqlı keçdiyini söyləsə də, o illərdə müxtəlif maneələrlə rastlaşır: "Rus dilini orta səviyyədə bilirdim. Ədəbiyyatı ancaq Azərbaycan dilində mütaliə edə bilirdim. Qarşıma məqsəd qoydum ki, dünya ədəbiyyatını rus dilində oxumalıyam. Gecə saat 12-dən 4-ə kimi dünya ədəbiyyatından seçmə kitabları rus dilində mütaliə edirdim. Rus dilində mütaliə mənim dünyagörüşümün genişlənməyinə səbəb oldu. Bu dilin zənginliyi məni heyran edirdi. Universitetdə oxuyarkən aktyor sənətindən heç vaxt 5 ala bilmirdim. İkinci kursda oxuyanda Rza Təhmasiblə aramızda anlaşılmazlıq oldu. O, mənə dedi ki, ya sən bu institutda qalacaqsan, ya da mən. Mən də dilimi dinc saxlaya bilməyib cavab verdim ki, hər halda mən sizdən cavanam, mən burda qalacam. Yanvar ayında semestr imtahanlarında aktyor sənətindən "3”, səhnə danışığından isə "2” aldım. Artıq universitetdən xaric olunurdum. Rektora vəziyyəti izah edəndə, mənə bir qədər vaxt verdi. Elə oldu ki, professor Mehdi Məmmədovun rejissor kursunda tamaşa hazırlanırdı. Onun tələbələrindən biri məndən rol ifa etməyi xahiş etdi. İmtina etsəm də, dedi ki, mən bu məsələni çox araşdırmışam. Hər kəs bu rolu ancaq sənin ifa edəcəyini söylədi. Nəhayət, birtəhər razılaşdım. Həmin imtahanda Ədil İsgəndərov, Rza Təhmasib və Mehdi Məmmədov iştirak edirdi. Mənim ifamdan sonra Mehdi müəllim soruşdu ki, bu tələbə kimin kursundadır. Professor Rza Təhmasib dedi ki, mənim tələbəmdir. Həmin gün öz kurs işimə görə məşqə gəldim. Rza Təhmasib "sən ki, belə istedadlısan, niyə başqa kurslarda yaxşı, öz kursunda zəif çıxış edirsən” dedi. Yenə dilimi dinc saxlamayıb dedim ki, "professor, siz səhv edirsiniz, harada oluramsa-olum, çalışıram ki, sizin adınızı yüksəldim”. İndi başa düşürəm ki, həmin "3” və "2” qiymətləri yazmağı Rza Təhmasib müəllimlərə tapşırıb. O, mənə həyat dərsi vermək istəyirdi”.
 

 
Müəllim yox, aktyor olmaq istəyirəm
 
Universiteti bitirdikdən sonra Moskvaya gedib rejissorluq kursunda təhsil almaq istəsə də, bu arzusunu reallaşdıra bilmir: "Elə oldu ki, həmin ərəfədə atam rəhmətə getdi və mən işləməli oldum. Gecələr nəşriyyatda işləyir, səhərlər universitetə gedirdim. Universiteti bitirdikdən sonra professor Rza Təhmasib məni aktyor sənəti, yaxud səhnə danışığı üzrə müəllim olaraq universitetdə saxlamaq istəyirdi. Bunu deyəndə, cavabım artıq hazır idi. Mənə olan etimadı zədələməmək üçün bu barədə düşünəcəyimi söylədim. Bir gündən sonra dedim ki, professor, mən müəllim yox, aktyor olmaq istəyirəm. Aktyor olaraq özümü təsdiq etdikdən sonra müəllim ola bilərəm. Professor dedi ki, sənin təyinatı Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına verəcəm. Bunu da deyim ki, mən 4 il müddətində Tədris Teatrında aktyor kimi çalışırdım. 1973-cü ildə Əbülfəz Hüseynlinin "Nəsimi” pyesi səhnəyə qoyuldu. Xalq artisti Mikayıl Mirzə Nəsimi rolunda, mən isə onun tələbəsi Nuru rolunda çıxış edirdim. O vaxtdan bəri Gənc Tamaşaçılar Teatrında çalışıram”. 

1974-75-ci illərdə Ukraynanın Odessa şəhərində hərbi xidmətdə olan aktyora maraqlı təklif gəlsə də, bundan imtina edir: "Hərbi xidmət illərində tikintidə işləyirdim. Bir il müddətində bütün tikinti işlərini öyrəndim. Hərbi qulluq mənə çox şey öyrətdi. Orada olarkən məni Odessada Dövlət Hərbi Teatrında aktyor olaraq saxlamaq istəyirdilər. Təsadüfən tamaşaya baxmağa getmişdim. Tamaşadan sonra bildilər ki, mən ali təhsilli aktyoram və rus dilini bilirəm. Anama zəng vurub vəziyyəti izah etdim. Amma o, mənim orada qalmağımı istəmədi. 1978-ci ildə isə Moskvadakı teatrlardan birinə rejissor olaraq dəvət aldım. Bu dəfə də anamla məsləhətləşdim və yenə razı olmadı. Bu təklifə də "yox” dedim”. 

Aktyor deyir ki, onun üçün sevgi anlayışı konkret insanla məhdudlaşmır: "27 yaşım olanda anam dedi ki, oğlum, ailə qurmalısan. Dedim ki, mənim istədiyim bir qadın var, onu da mənə verməyəcəklər. Anam əsəbiləşdi ki, de görüm, kimdir o? Cavabım isə teatr oldu. Çünki həqiqətən də həyatımda bir qadın var idi, o da teatr idi. Beləcə anamın məsləhət bildiyi xanımla ailə qurdum. Toydan əvvəl şəklini göstərdilər və etiraz etmədim. İki övladım - bir qızım və bir oğlum var. Etiraf edim ki, heç vaxt onlara sevgimi açıq şəkildə göstərə bilməmişəm. Çünki sənət adamlarının övladlarına həddən artıq qayğı göstərəndə, bundan sui-istifadə edirlər. Xoşbəxtəm ki, həyat yoldaşım mənim bir kəlməmdən nə demək istədiyimi dərk edib”.

Söhbətimizin sonunda Vahid müəllim gənclərə tövsiyəsini də verdi: "Əsas tövsiyəm mütaliədir. Çünki insan yalnız mütaliə etməklə dünyagörüşünü artıra və şəxsiyyət kimi formalaşa bilər. İkiüzlülük, yalançılıq kimi xarakterləri yaxına buraxmamaq lazımdır. Bu dünya insanın özünüdərkindən başlayır. Özünüdərk isə yalnız mütaliə ilə formalaşır”.
 
Şəbnəm Mehdizadə