• cümə, 29 Mart, 01:13
  • Baku Bakı 7°C

"Rusiya istəyir ki, münaqişə ədalətli, qarşılıqlı məqbul həll olunsun"

14.12.18 10:15 425
"Rusiya istəyir ki, münaqişə ədalətli, qarşılıqlı məqbul həll olunsun"
Rusiya istəyir ki, Dağlıq Qarabağ münaqişəsi ədalətli, qarşılıqlı məqbul həll olunsun.
Trend-in məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə deyib.
"Son altı ayda Azərbaycanın sədrlik etdiyi Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının xətti ilə sabah Bakıda keçiriləcək tədbirlərlə bağlı bizi qəbul etdiyinizə görə çox sağ olun. Bu vəzifənin həmkarlarınız tərəfindən çox uğurla yerinə yetirilməsi münasibətilə Sizi təbrik edirəm. Bizim mövqeyimiz ondan ibarətdir ki, bu təşkilat Qara dəniz regionunda qarşılıqlı fəaliyyət çərçivəsində birgə işimizi səfərbər etməyə davam etməlidir”, - xarici işlər naziri deyib.
"Sizə Vladimir Vladimiroviç Putinin ən xoş arzularını və salamlarını çatdırıram. O, Sizin strateji tərəfdaşlığımızı irəli aparmağa imkan verən şəxsi münasibətinizi yüksək qiymətləndirir. Artıq hesabladığımız kimi, sizin bu il altı dəfə keçirilən görüşləriniz, son görüşləriniz, o cümlədən qarşılıqlı səfərlər zamanı əldə olunan razılaşmalar yerinə yetirilir. Hökumətlərarası Komissiyanın sabahkı iclası da yəqin ki, sizin razılaşdırdığınız istiqamətlər – ticarətin asanlaşdırılması, büdcə-vergi sahəsinin rəqəmsallaşdırılması, nəqliyyat sahəsində əməkdaşlıq, birgə müəssisələrin yaradılması, Siz qeyd etdiyiniz kimi, humanitar əlaqələr, ən müxtəlif sahələr, o cümlədən bizim əməkdaşlığımızın vacib sahəsi olan Rusiya və Azərbaycanın regionları arasındakı qarşılıqlı fəaliyyətə təkan verəcək. Biz Azərbaycanla beynəlxalq arenada, BMT-də, Avropa Şurasında qarşılıqlı fəaliyyəti qiymətləndiririk. İndi Avropa Şurasının strukturlarında bütün üzv ölkələrin bərabər hüquqlarının təmin olunduğu bu təşkilatın Nizamnaməsinin əsas qaydalarına yenidən baxılması cəhdləri var. Biz ATƏT-də də birlikdə işləyirik”, - deyə Lavrov bildirib.
"Əlbəttə, biz Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Bakı ilə Yerevan arasında birbaşa dialoqa kömək göstərməyə davam etmək istəyirik. Bilirəm ki, Sizin Ermənistanın baş naziri ilə birbaşa danışıqlarınız olub. Mənim həmkarım və dostum Elmar Məhərrəm oğlu Məmmədyarovun Ermənistanın xarici işlər naziri vəzifəsini icra edən Zöhrab Mnatsakanyanla danışıqları olub. Bu gün biz əlbəttə ki, Sizin irəliyə doğru hansı addımlar atılacağını necə dəyərləndirdiyinizi bilməkdə son dərəcə maraqlıyıq. İstəyirik ki, münaqişə ədalətli, qarşılıqlı məqbul həll olunsun. Rusiya Federasiyası həm öz səyləri ilə, həm də ATƏT-in Rusiya, Fransa və ABŞ-ın daxil olduğu Minsk qrupunun həmsədr üçlüyünün üzvü kimi bu cür razılaşmaların əldə edilməsinə nail olmaq üçün əlindən gələni edəcək. Bir daha bu imkana görə çox sağ olun”, - nazir çıxışını bitirib.
banner

Oxşar Xəbərlər