• cümə, 19 Aprel, 03:30
  • Baku Bakı 18°C

Çörəyi küçədən çıxan musiqiçi – Sadə peşə

27.07.15 10:38 2728
Çörəyi küçədən çıxan musiqiçi – Sadə peşə
İsmayıl Sadıqzadə: “Təəssüf ki, bizdə küçədə pul qazanmağa dilənçilik kimi baxırlar”
Musiqini can dərmanı adlandırıb atalarımız. Həqiqətən də musiqisiz həyatı təsəvvür etmək mümkün deyil. Bəzi musiqiçilər var ki, onlar dünyada öz sözünü deyib və böyük arenalarda çıxış edərək insanlara zövq verirlər. Amma kölgədə qalan musiqiçilərimiz də az deyil. Onlar öz istedadlarını gözqamaşdıran işıqların fonunda, dəbdəbəli şəraitdə göstərə bilməsələr də, şəhərin müxtəlif küçələrində sənətlərini nümayiş etdirirlər. Hər birimiz Bakının mərkəzi küçələrində küçə musiqiçiləri ilə rastlaşmışıq. Bəs regionlarda necə, küçə musiqisi inkişaf edirmi? Budəfəki rubrikamızı regionda küçə musiqisi ilə məşğul olan gəncə həsr edirik.
Rubrikamızın qonağı Şirvan şəhər sakini İsmayıl Sadıqzadədir. Elə müsahibimizlə də sözügedən şəhərdə rastlaşdıq. Belə ki, parkda gəzərkən gənclərin əksəriyyəti İsmayılın başına toplaşmışdı. Kimisi əl çalır, kimisi musiqiyə qulaq asır, kimisi də musiqi ifa edirdi. Onların yanından keçərkən İsmayılın səsləndirdiyi musiqi məni də ayaq saxlamağa məcbur etdi. Bir müddət qulaq asdıqdan sonra onunla söhbətləşmək qərarına gəldim.
“Hər insan musiqiçi ola bilməz”
İsmayıl 1994-cü ildə Şirvanda anadan olub. Uşaqlıqdan musiqiyə marağı olsa da, ailəsi onu dəstəkləməyib: “Hər insan musiqiçi ola bilməz. Çünki musiqiçi insanlara təsir etməyi bacarmalıdır. Bunun üçün də ürəyinin dərinliklərində ifa etməlidir. Məncə, bu istedad oxumaqla, çalışmaqla olmur. Musiqi duyumu insana Allah tərəfindən verilən vergidir. Ailəmdə heç kim bu sənətlə məşğul olmasa da, 5 yaşımdan musiqiçi olmaq istəmişəm. Lakin heç bir musiqi təhsili ala bilmədim. Ailəm ali təhsilli iqtisadçı olmağımı istəyirdi. Buna görə ilk günlər bu istəyimə ötəri hiss kimi baxırdılar və mənə dəstək olmurdular”.
“Aramızda güclü bağ yarandı”
Valideynləri İsmayılı universitetə daha yaxşı hazırlaşmaq üçün repetitor yanına yollayıblar. Amma gərək təhsil almaq istəyi də insanın daxilindən gələ... Həmsöhbətimiz ailəsinin məcburiyyəti ilə repetitor yanına getsə də, dərslərinə yaxşı hazırlaşmayıb: “Məncə, hər bir insan öz sevdiyi sənəti icra etsə, daha yaxşı olar. İqtisadçı sənətinin vurğunu olsa, işinin öhdəsindən layiqincə gələr. Əgər mən bu sənəti sevmirəmsə, necə yaxşı iqtisadçı ola bilərdim?! Özümü oxumağa məcbur etsəm də, qəbul imtahanından kəsildim və ailəmin istəyini həyata keçirə bilmədim”.
İsmayıl deyir ki, ali məktəbə hazırlıq dövründə pul yığıb və ailəsindən xəbərsiz özünə gitara alıb: “Mənə verilən cib xərcliyi ilə özümə gitara aldım. Ailəmin xəbəri yox idi. Məhəllələrdə dostlarımla ailəmizdən gizli musiqi ifa edirdik. Gitaramı da dostumun evinə qoyurdum. Hətta bizi bir saatlıq çıxış etmək üçün toya dəvət edənlər də olurdu. Qəbul imtahanından kəsildikdən sonra gitara ilə aramda daha güclü və qırılmaz bağ yarandı...”.
Avropalı kimi düşünə bilmirik
İsmayıl deyir ki, bu sənətin vurğunu olsa da, ilk günlər utandığı üçün ifa etməkdə çətinlik çəkib. Məhz parklarda, məhəllələrdə ifa etdiyi mahnıların və ona dəstək olan dostlarının sayəsində bu kompleksinə qalib gəlib: “Həmişə utanırdım ki, birdən kimsə bəyənməz. Xüsusilə insanların çoxluq təşkil etdiyi yerlərdə ifa edə bilmirdim. Musiqi təhsili almadığım üçün özümə inamım çox zəif idi. Dostlarım, yaxınlarım, musiqi ifa edərkən başıma toplaşan insanlar bəyəndikdən sonra bu problem aradan qalxdı”.
Müsahibimizin tək şikayəti bəzi insanların küçə musiqiçilərinə hörmət etməməsidir. O deyir ki, bəzi insanlar bizdə küçə musiqisinə dilənçilik kimi baxırlar: “Mən bunu çox vaxt etməsəm də, hər yerdə belədir. Musiqiçi küçədə, parkda əyləşir, qarşısına papaq, ya da qutu qoyur. Onun ifa etdiyi musiqi sədasından zövq alanlar minnətdarlıq mənasında həmin qutuya pul atırlar. Təəssüflər olsun ki, bizdə küçədə pul qazanmaq işinə dilənçilik kimi baxırlar. Avropalaşma bizdə çöldə gedir, içdə getmir. Avropalı kimi geyinsək də, onların mindiyi avtomobillərdə gəzsək də, avropalı kimi düşünə bilmirik. Mən öz sənətimlə fəxr edirəm. Axı mən dələduzluqla, oğurluqla, rüşvətxorluqla məşğul deyiləm. Musiqi ifa edərək insanların zövq almasına çalışıram və heç kimdən də pul istəmirəm”.
“Mən niyə bunu etməyim ki...”.
Həmsöhbətimiz sonda gələcək planlarından da danışdı. Artıq bu yolda ona ailəsinin də dəstək olduğunu dedi: “Ailəm ilk başda diqqətimi dərslərimə verim deyə qarşı çıxsa da, sonradan mənə dəstək oldu. Gördüyünüz bu gitaranı mənə atam alıb. Hazırda Şirvanda daha çox küçə musiqisi ilə məşğul olsam da, məqsədim yaxın gələcəkdə səsimi və gitarada ifa etmək qabiliyyətimi böyük arenalarda nümayiş etdirməkdir. Motivasiyanı isə məşhur amerikalı müğənni Castin Biberdən alıram. Belə ki, o, küçə musiqisindən böyük səhnəyə gəlib. Ümumiyyətlə, musiqi sahəsində dünyanın bir çox tanınmış sənətkarları məhz küçə musiqiçilərinin içindən çıxıblar. Castin hətta məşhur olandan sonra küçədə əyləşib, musiqi ifa edib, pul qazanırdı. Mən niyə bunu etməyim ki?”
Aygün ƏZİZ

banner

Oxşar Xəbərlər