• şənbə, 27 Aprel, 02:31
  • Baku Bakı 14°C

“Rəssam dünyaya geniş baxmağı bacarmalıdır” – İncəsənət

28.09.16 11:43 2650
“Rəssam dünyaya geniş baxmağı bacarmalıdır” – İncəsənət
İncəsənət elə bir aləmdir ki, onu incələməkdən doymursan. Vərəqlədikcə könül dünyan zənginləşir, ruhun dinclik tapır. Bu sahənin insanları ilə üsniyyət qurmaq isə tamam başqa bir hissdir. Belə şəxslərdən biri də müsahibimiz, istedadlı gənc rəssam Zərifə Məmmədovadır.
Zərifə 1992-ci ilin 27 yanvarında Bakıda dünyaya gəlib. O, Türkiyənin Akdeniz Universitetində "Güzel sanatlar ve tasarım ixtisası”nda təhsil alır. Hazırda orada diplom müdafiəsi ərəfəsindədir. Deyir, Türkiyədə elə xüsusi sənət növləri var ki, buradakı gənclərimiz onlardan xəbərsizdir. İstəyi odur ki, Türkiyədə mənimsədiyi bilgiləri yerli gənclərimizə tədris etsin. Müsahibimiz bizimlə söhbətində ilk olaraq rəssamlığa olan həvəsinin necə yaranmasından danışdı.
Onlar evdə iki uşaqdırlar. Ondan böyük bəstəkar qardaşı var. Hələ 1998-99-cu illərdə qardaşı Vaqif Mustafazadə adına 2 nömrəli İncəsənət Məktəbində piano dərslərinə getdiyi zaman onun da musiqiyə marağı yaranıb. Zərifə qardaşının pianoda, özünün isə skripkada böyük səhnələri fəth edəcəyi xəyalı ilə yaşasa da, bu arsuzu elə xəyal olaraq qalıb. Valideyinləri Zərifənin musiqi duyumunun zəif olduğunu hesab etdikləri üçün onu fikrindən yayındırıblar. Deyir ki, bu günə qədər anası onun rəssamlığa necə başlamasından danışır: "Mən xatırlamıram, amma anamın sözlərinə görə, 10 yaşımda oyuncaq kuklama corabdan çox qeyri-adi patlar düzəltmişdim. Geyimin görünüşü hələ də gözünün qarşısındadır. Anam deyir ki, bu yaşda uşaqda olan fantaziya onu yaxşı mənada təəcübləndirib. Atamla məsləhətləşib mənim rəssamlıq sahəsində özümü yoxlamağımı təklif ediblər. Ən azından bir hobbim olar deyə düşünüblər. Və 2003-cü ildən qardaşımla eyni səhnəni olmasa da, eyni yolu, məktəbi paylaşmağa başladıq. Mən də V.Musatafazadə adına İncəsənət Məktəbində rəssamlıq dərslərinə başladım və o gündən bu günə qədər artıq 13 ildir ki, bu sənətlə maraqlanıb elminə yiyələnməyə çalışıram”.
11 il 258 №-li orta məktəbdə oxuyan Zərifə 7-ci sinifdən "Əl işləri” dərnəyində dərslərə başlayıb. Buradaki müəllimələr ona xəyalındakıları həyata keçirməkdə, fantaziyasının inkişaf etməsində çox kömək olublar. Nəticədə, Zərifə ilk dəfə 2005-ci ildə 13 yaşında Gənclərin "Tənhalara dayaq” İctimai Birliyi və İran İslam Respublikasının Azərbaycandakı Səfirliyi tərəfindən həyata keçirilən məktəblərarası müsabiqədə ilk "Gənc İstedad” mükafatına layiq görülüb. O gündən bu günə uğur uğur dalınca gəlib. İlk uğuru gənc rəssama böyük motivasiya verib. O, incəsənət məktəbində rəngkarlıq və qrafikayla yanaşı, xalçaçılıq və moda dərsləri də almağa başlayıb. Burada xalça kompozisiyaları hazırlayıb və kiçik ölçülərdə xalça toxuyub: "Bu gün də xalça naxışlarını dekorativ işlərimdə, rəsmlərimdə istifadə edirəm. Artıq hansı sahədə peşəkar olmaq istədiyimi müəyyən etmişdim. 2008-ci ildə incəsənət məktəbinin dövlət imtahanlarını "əla” qiymətlərlə bitirdim. 2009-cu ildə orta məktəbdən məzun olduqdan dərhal sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin sevdiyim ixtisasına – Rəssamlıq fakultəsi, "Dizayn” ixtisasına qəbul oldum. Qabiliyyət imtahanına Rəssamlıq Akademiyasında hazırlaşdım. Çox gərgin idim. Buradakı müəllimim Emin Ələkbərov mənə sənət öyrətməklə yanaşı, mənəvi cəhətdən də dəstək oldu, məndə özümə inam yaratdı. Hər zaman "Sən mənim nümunəvi tələbəmsən, deyirdi. Bu sözdən sonra müəllimimin mənə olan inamını, güvənini itirə bilməzdim”.
Zərifə Məmmədova çox keçmir ki, "İrəli” İctimai Birliyinin universitet üzrə koordinatoru, sonra isə Azərbaycan Tələbə Gənclər Birliyi İttifaqında "Rəssamlar İşçi Qrupu”nun rəhbəri olur: "Bu illər ərzində adını çəkdiyim təşkilatların dəstəyi ilə mədəniyyət və incəsənət sahəsində yerli və beynəlxalq tədbir-təlimlər həyata keçirdik. Təlimçi olaraq bir çox layihələrdə yer alıb, gənclərimizlə rəssamlıq sənəti haqqında bildiklərimi paylaşdım. 2012-ci ilin may ayında ümummilli lider Heydər Əliyevin 89-cu ildönümü münasibətilə təsviri və tətbiqi sənət ustaları arasında keçirilən sərgi-seminarda "Heydər Əliyev Mükafatı”na layiq görüldüm. 20 yaşlı bir gənc üçün böyük bir uğur olduğunu düşünürəm. Əlbəttə ki, bu, təkcə mənim uğurum deyildi. Emin Ələkbərovun, əməkdar rəssam Ənvər Qarayevin (çox üzülürəm ki, bu gün aramızda deyil), xalq rəssamı Ağali İbrahimovun, akademik Arif Əzizin, Elşən Hacızadənin, Xanım Məmmədova və Sevda Məmmədovanın uğurudur. Müəllimlərimin mənə inamı, dəstəyi mənim addım-addım yüksəyə qalxmağımda təkan oldu. Bununla yanaşı, bir çox müsabiqələrdə iştirak etdim, Azərbaycanı qonşu ölkələr – Türkiyə, Gürcüstan, eləcə də Polşa, Hindistanda təmsil etdim.
Xaricdə təhsilindən danışan müsahibimiz deyir ki, universiteti bitirdikdən sonra Türkiyədə magistratura pilləsinə imtahan verib və yüksək nəticə əldə edərək Akdeniz Üniversitetini qazanıb: "Bura mənim üçün artıq fərqli bir aləm idi. Burada artıq akademik təhsil alırdım, yaradıcılıqdan çox analız və araşdırmalar edirdik. Çox maraqlı dərslər alırdıq. "Ekolojik Sanat Tasarımları” adlı bir dərsimizdə təbiəti çirkləndirən atqılardan məişətdə istifadə edə biləcəyimiz yararlı bir əşya icad edirdik. Hətta ideyalarımızı şirkətlərə satmaq kimi bir imkanımız vardı. Başqa bir çox maraqlı dərslər də keçirdik və dərs seçimini bizim öz ixtiyarımıza buraxırdılar. Mən "Dizayn” ixtisasını bitirmiş olsam da, kino, moda, heykəltəraşlıq sahəsində istənilən dərsi ala bilirdim. Fərqliliklərə və yeniliklərə çox açıq idi fakultəmiz. Azərbaycan rəssamlığı çox gözəl inkişaf edib və təhsili də sovet sövrünün sistemi olduğuna görə, çox güclüdü. Hətta Türkiyənin bir çox universitetlərində azərbaycanlı rəssamlar dərs verir. Amma bizim Azərbaycandakı dərs sistemi sanki bir şablon üzərində qurulub və ancaq o şablona görədir hər şey. Yuxarıda qeyd etdiyim dərslərə qatıldıqdan sonra sənətə hansı fərqli aspektlərdən yanaşmaq mümkün olduğunun fərqinə vardım. Düşünürəm ki, bir rəssam dünyaya daha geniş baxmağı bacarmalıdır. Amma burada bir çox gənc rəssamlarımız universiteti bitirdikdən sonra özlərini formalaşdıra bilmirlər, sənətdən uzaqlaşırlar və bu da böyük bir itkidir”.
Zərifə Türkiyədə Osmanlı və Səlcuq dövründən qalma Tezhip, Ebruli, Kaatı və s. sənətlərin bu gün də yaşadılmasının onda xoş təəssürat yaratdığını dedi. Onun sözlərinə görə, təəssüf ki, Azərbaycanda bu sənətlər haqqında heç bir məlumat yoxdur və heç bir yerdə də tədris olunmur. O, magistraturada oxuduğu müddətdə bu tarixi sənət növlərini də öyrənməyə vaxt tapıb. O, hazırda üzərində çalışdığı elmi işini tamamlamaq üzrədir. Ümid edir ki, yaxın günlərdə onu müdafiə edib fərqlənmə diplomu ilə Vətənə qayıdacaq. Müsahibimiz deyir ki, artıq bildiklərini gənclərimizə tədris etməyinin zamanı yetişib.
Bu yolda həmsöhbətimizə uğurlar arzulayırıq.
Xəyalə Rəis

banner

Oxşar Xəbərlər