• cümə, 26 Aprel, 21:09
  • Baku Bakı 22°C

Rekordla başlayan tur

03.02.14 13:47 1046
Rekordla başlayan tur
Futbol üzrə Topaz Premyer Liqasında mövsümün ikinci yarısı rekordla başlayıb. Lent.az-ın məlumatına görə, XIX turun 3 qarşılaşmasında böyük hesablı nəticə qeydə alınıb.
Bu da cari mövsüm üçün görünməmiş haldır. “Qəbələ” “Sumqayıt”la səfər, “Neftçi” “Simurq”la ev oyununda 3:0 hesablı qələbə qazanıb. “Bakı” isə öz meydanında “Rəvan”ı 5:1 hesabı ilə yenib. Mövsümün əvvəlki 18 turunda ən çox – 2 böyük hesab 4-cü turda qeydə alınmışdı. Digər turlarda isə 1-dən artıq belə nəticə olmayıb. Eyni turda 3 böyük hesablı nəticənin qeydə alınmasına sonuncu dəfə ötən mövsümün III turunda təsadüf olunub.
Ümumilikdə isə cari mövsümdə 17 dəfə komandalardan biri 3 və daha çox top fərqi ilə qalib gəlib. “Bakı” 5-ci belə qələbəsini qazanmaqla bu göstəricidə liderliyi ələ alıb. “Qarabağ”ın hesabında isə 4 böyük hesablı qələbə var. “Neftçi” 3-cü, “Qəbələ” 2-ci fərqli qalibiyyətini alıb. Onlardan başqa “Simurq”un 2, “İnter”in 1 uğuru var. Digər 4 klub isə belə qələbə qazanmayıb. “Rəvan” 5-ci, “Sumqayıt” 3-cü dəfə böyük hesabla uduzub. Sonuncular bu göstəricidə “Xəzər Lənkəran”a çatıb. İkinci dəfə ağır məğlubiyyət alan “Simurq” isə AZAL-a çatıb. “Bakı” ilə “Neftçi” 1 dəfə böyük hesabla uduzubsa, digər 3 komanda bu cür məyus olmayıb.
Topaz Premyer Liqasının XIX turunda qapılara 16 qol vurulub. Orta məhsuldarlıq 3,20-yə bərabər olub. Mövsümdə 5-ci dəfə bu rəqəm 3 və ya daha yüksək olub. Çempionatın VI turunda da indiki kimi 16 qol vurulub. Mövsümün rekordu isə 22 qolun vurulduğu XII turdur.
XII tur – 4,40 (22 qol)
XVIII tur – 3,40 (17 qol)
VI tur – 3,20 (16 qol)
XIX tur – 3,20 (16 qol)
I tur – 3,00 (15 qol)
Qeyd edək ki, mövsümün antirekordu VIII turda qeydə alınıb. Həmin turun 5 oyununda cəmi 2 qol vurulub və orta məhsuldarlıq 0,40-a bərabər olub.
banner

Oxşar Xəbərlər