Qulaqcıqdan necə istifadə etməli? - Gənclərə məsləhət
İnsanlar arasında qulaqcıqlardan istifadə edənlərin sayı günü-gündən
artır. Xüsusilə də gənclər buna daha çox meyl göstərirlər. Ətraf mühitdən
təcrid olunmaq, əlavə səs-küydən yaxa qurtarmaq istəyənlər, ən real çıxış
yolunu qulaqcıqlarda tapırlar. İctimai nəqliyyat vasitələrində, küçədə, hətta
işdə belə, qulaqcıqlardan istifadə edənlərə tez-tez rast gəlirik. Bəzən belə
bir hal da müşahidə edirik ki, qulaqcıq vasitəsi ilə dinlənilən musiqini
kənardan da eşitmək mümkün olur.Bu, bəzən ətrafdakı insanları da narahat
edir. Hazırda satışda texniki normalara cavab verməyən və istehsal mənbəyi
bilinməyən qulaqcıqlar satılır ki, onlardan istifadə etmək, birmənalı şəkildə,
düzgün deyil. Ümumiyyətlə,
qulaqcıqlardan uzun müddət istifadə daxili gərginlik yaradır ki, bu da qan
təzyiqinin yüksəlməsinə və baş ağrılarına səbəb olur. Maraqlıdır, qulaqcıqların
başqa hansı mənfi təsirləri var, uzun müddət qulaqcıqdan istifadə etdikdə,
hansı fəsadlar ortaya çıxa bilər?
Lor cərrah Şəfa Həsənova deyir ki, qulaq xarici, orta və daxili hissədən
ibarətdir: "Xarici və orta qulağı təbil pərdəsi ayırır. Xaricdən gələn səslər
təbil pərdəsini titrədir, orta qulaqdakı sümüklərə, daha sonra isə daxili
qulağa ötürür. Yəni səs normalda belə yaranır. Yüksək səslə qulaqcıqlardan
istifadə edən gənclərdə təbil pərdəsi daim gərgin vəziyyətdə olur. Bu da
gələcəkdə bir sıra fəsadların yaranmasına səbəb olur. Xüsusilə də eşitmənin
zəifləməsinə gətirib çıxara bilər. Musiqi dinləyərkən səsi yüksək tutmamaq və
gün ərzində maksimum 1 saat qulaq asmaq məsləhətdir. Bəzi gənclərimiz gecə
yatarkən də qulaqcıqla musiqi dinləyərək yuxuya gedirlər. Bu, heç düzgün
deyil. Uzun müddət qulaqcıqlardan
istifadə qulağa ziyandır. Bundan başqa bəzi gənclərimiz yol keçərkən qulaqcıqda
olurlar. Bu da düzgün deyil. Çünki bu, bir sıra faciələrə gətirib çıxara bilər.
Yəni həm diqqətləri dağınıq olur, həm də maşın səslərini eşitmirlər və bu, qəza
hadisələrinin baş verməsinə səbəb ola bilər. Ona görə də, gənclərə məsləhət
görərdim ki, yolda olarkən qulaqcıqlardan istifadə etməsinlər”.
Günel Azadə