Qripdən qorunmağın 3 əsas şərti
Adil Qeybulla: "Virusun bu qədər sürətlə
yayılmasının əsas səbəbi...”
Qrip və
qripə bənzər yoluxucu xəstəliklərin aktiv olduğu dövrdür. Kimi danışdırsan,
qripdən, boğaz ağrısından şikayət edir. Bir qrup insan isə qripə yoluxmaqdan
ehtiyat edir. Çünki ətrafında bir çox insanın qrip olduğu təqdirdə, yoluxma
ehtimalı çox olur. Bəs qripin daha çox adama yoluxmamağı üçün insanın özündən nələr
asılıdır?
Tibbi ekspert Adil Qeybulla bildirdi ki, müvafiq qurumlar insanları bu cəhətdən
daha çox məlumatlandırmalıdır. İnsanlar özləri də bu cür xəstəliklərə qarşı
daha diqqətli yanaşmalıdırlar: "İlk növbədə, insanlar soyuqdəymə və yuxarı tənəffüs
yollarının iltihabı ilə bağlı istənilən xəstəliyə xüsusi diqqətlə yanaşmalıdır.
Eyni zamanda dövlət qurumları və müvafiq strukturlar da insanlar arasında
maarifləndirici iş aparmalıdırlar. Çünki xəstələrə düzgün istiqamət verilmədiyi
halda, xəstəliyin fəsadları daha da artır".
Adil
Qeybulla diqqətə çatdırdı ki, xəstəliyə yoluxma və yoluxdurma hallarının
qarşısını almaq üçün üç əsas tədbir görülməlidir: "Birincisi, məktəblərdə və
digər kütləvi toplantı yerlərində insanların maskalardan istifadə etməsi, həmin
yerlərin tez-tez dezinfeksiya olunması, otaqların mütəmadi olaraq havasının dəyişdirilməsi
vacibdir. İkincisi, xəstəliyə yoluxduğu halda, xəstə mütləq yataq rejiminə keçməlidir.
Bu, təkrar soyuqdəymənin və xəstəliyin ağırlaşmasının qarşısını alır. Üçüncüsü,
xəstə çoxlu maye qəbul etməlidir, çünki immunitetin bu cür vəziyyətlərdə mayeyə
daha çox ehtiyacı olur. Əlavə olaraq, xəstə bacardığı qədər çox oksigen qəbul
etməlidir. Qeyd etmək lazımdır ki, xəstələr mütləq həkimə müraciət etməli,
müvafiq prosedurları həkimin tövsiyəsi ilə icra etməlidirlər. Əgər bu qaydalara
əməl edilsə, həm xəstəliklərə yoluxma halları azalar, həm də xəstəliyin
ağırlaşmasının qarşısı alınar. Ancaq müvafiq qurumlar da maksimum dərəcədə tədbirlər
görməlidirlər”.
Adil
Qeybulla bildirdi ki, xəstəlik dövründə fiziki təmasdan maksimum dərəcədə
yayınmaq lazımdır, çünki xəstəliklərin bu qədər sürətlə yayılmasının əsas səbəbi,
məhz başqaları ilə yaxın təmasda olub onları yoluxdurmaqdır: "Ona görə də, əvvəl
qeyd olunduğu kimi, xəstəliyə yoluxmuş şəxs yataq rejiminə keçməlidir. Lakin
insanların bunu etməməyinin başlıca səbəbi onların bir çoxunun işləməsindən və
işdən qala bilməməyindən irəli gəlir. Halbuki, əmək hüquqlarına əsasən, onlar
işlərindən asılı olmayaraq evdə qalmalı, yalnız tam sağaldıqdan sonra işə
qayıtmalıdırlar. Bu, həm də onların işlədikləri qurumlar üçün də səmərəlidir,
çünki əks halda bir çox işçi xəstələnər və həmin insanlar əmək qabiliyyətini
itirər”.
Adil
Qeybulla valideynlərin nəzərinə çatdırdı ki, azyaşlılar da xəstəlik müddətində bağça və ya məktəblərə
getməyi müvəqqəti olaraq dayandırmalıdırlar: "Uşaqların vitaminli siroplar qəbul
etməsi çox yaxşı olar. Valideynlər də uşaqların geyimlərinin düzgün şəkildə,
hava şəraitinə uyğun olaraq seçilməsinə diqqət etməlidirlər. Ancaq ən önəmlisi,
xəstəliyə tutulduqları halda dərsdən və ya bağçadan qalmalarıdır”.
Adil
Qeybulla əlavə olaraq qeyd etdi ki, immuniteti gücləndirmək üçün ilk növbədə
insanlar aktiv həyat tərzi sürməli, hərəkətli olmalıdırlar: "Tez-tez idmanla və
ya gimnastika ilə məşğul olmaq immunitet üçün faydalıdır. Eyni zamanda
qidalanmaya da fikir vermək lazımdır. Daha çox vitaminli qidalara, xüsusilə də
meyvə-tərəvəz qəbuluna üstünlük verilməsi yaxşıdır”.
Aynur
Babayeva