AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

“Qəbələ” və Azərbaycan millisinin futbolçuları cəzalandı

“Qəbələ” və Azərbaycan millisinin futbolçuları cəzalandı

İdman
16 May 2013, 13:21 1267
AFFA İntizam Komitəsinin növbəti iclasında Topaz Premyer Liqasının XXXI turunda baş vermiş hüquq pozuntuları ilə bağlı qərarlar çıxarılıb. Lent.az-ın məlumatına görə, ən ağır cəzaya “Qəbələ” məruz qalıb.

“Neftçi” ilə görüşün 3-cü, 47-ci və 49-cu dəqiqələrində azarkeşlərin meydana kənar əşyalar atması kluba 2000 manat cərimə bahasına başa gəlib. Digər tərəfdən, fanatlar “Neftçi”nin avtobusunun şüşəsi sındırıblar. Bu səbəbdən, “Qəbələ” dəymiş zərərə uyğun olaraq “Neftçi”nin təqdim edəcəyi hesab əsasında ödəmə etməlidir.

“Sumqayıt”la matçın 61-ci dəqiqəsində “Xəzər Lənkəran”ın futbolçusu Adrian Skatlatake idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılıb. Rumıniyalı müdafiəçi 1 oyunluq cəzaya, klubu 200 manat cəriməyə düçar olub.

“Turan”la qarşılaşmada 6 futbolçusu sarı vərəqə alan “Kəpəz”ə və “Rəvan” – AZAL matçında 4 sarı vərəqə alan hər iki kluba 1000 manat cərimə kəsilib. 85-ci dəqiqədə idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılan “Rəvan”ın futbolçusu Nikolay Orlovski 1 oyunluq cəzalanıb, klubu 200 manat cərimələnib.

“İnter”lə matçın 54-cü dəqiqəsində isə “Simurq”un futbolçusu Nicat Qurbanov aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alıb. O, 2 oyunluq cəzaya, klubu 2000 manat cəriməyə məruz qalıb. 74-cü dəqiqədə “İnter”in futbolçusu Volodimir Levin idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılıb. Levin 1 oyunluq cəzalanıb, klubu 200 manat cərimə olunub.

Nəhayət, “Qarabağ”la qarşılaşmanın 84-cü dəqiqəsində “Bakı”nın futbolçusu Rauf Əliyev aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alıb. Hücumçu 2 oyunluq cəzaya, klubu 2000 manat cəriməyə məruz qalıb.

Qeyd edək ki, Volodimir Levin və Rauf Əliyev həm də Azərbaycan milli komandasının futbolçularıdır.