Qaydasız döyüşdə azərbaycanlı izi - Portret
İdman təkcə olimpiya növlərindən ibarət deyil. Bir çox sevilən idman
növü var ki, olimpiya oyunlarının proqramından kənarda qalıb. Döyüş idmanı
həvəskarlarının ən sevimli növü isə heç şübhəsiz, peşəkar boks və qaydasız
döyüşdür. Lakin təəssüf ki, olimpiya idman növləri ilə müqayisədə bu cür
yarışlarda azərbaycanlı idmançılara bir qədər az rast gəlirik. Ancaq bu
yarışlarda ölkəmizi layiqincə təmsil edən döyüşçülər də yox deyil. Bu
idmançılardan biri də artıq uzun müddətdir MMA-da ölkəmizin şərəfini layiqincə
qoruyan Bəxtiyar Abbasovdur.
Davakar oğlan
Bəxtiyar Abbasov 1985-ci il noyabrın 30-da Xocavənd rayonunun
Qaradağlı kəndində dünyaya gəlib. Rayon ermənilər tərəfindən işğal edildikdən
sonra Abbasovlar ailəsi Bakıya köçməyə məcbur olur. Uşaq vaxtı bir qədər
davakar, dəcəl olan Bəxtiyarın idmana həvəsinin yaranması üçün xüsusi bir səbəb
yox idi. Onun atası, əmiləri güləşçi olmuşdu. Qardaşı isə artıq bir müddət idi
cüdo ilə məşğul olurdu. Ailədə idmana olan həvəs Bəxtiyarı da bu sahəyə
yönəldir. Ata Abbasov da oğlunda olan həvəsi görür və onu idmana yazdırır.
Bəxtiyarın ilk məşğul olduğu idman növü isə karate olub. Həmin vaxtlar
azyaşlılar arasında bu idman növünə böyük axın var idi. Bəxtiyar da bu axın
istiqamətində hərəkət edir və karateyə yazılır. Lakin onun bu idman növündə
günləri çox çəkmir. Gələcək çempion 1996-cı ildə böyük qardaşı Şəhriyardan
nümunə götürüb cüdoya keçid edir. Bununla da, onun rəngarəng idmançı karyerası
başlayır.
Cüdodan qaydasız döyüşədək
Niyə rəngarəng? Çünki Bəxtiyar idmançı karyerası ərzində bir yox, bir
neçə idman növü ilə məşğul olub. Qısa karate karyerasından sonra cüdoya üz
tutan Abbasov, bu idman növündə uzun müddət çıxış edir. Lakin Bəxtiyar müəyyən
müddət sambo ilə də məşğul olur. Əslində, sambo ilə cüdo bir-birinə çox oxşar
idman növləri olduğundan, bunda təəccüblü heç nə yox idi. Lakin 2006-cı ildə
Abbasov karyerası ilə bağlı radikal qərar verir. O, qaydasız döyüşə keçmək fikrinə
gəlir. Çox riskli qərar idi. Hər idmançı olimpiya idman növlərindəki kimi çoxlu
qaydaları olan bu idman növünə qol qoymağa cürət etmir. Lakin uşaq vaxtından
döyüşə, mübarizəyə həvəsli olan Bəxtiyara cüdo, sambo yox, daha cürətli idman
növü ilə məşğul olmaq lazım idi. Nəhayət, o, özünü açıq döyüşə imkan verən
qaydasız döyüşdə tapır. İki ilə yaxın həvəskar yarışlarda iştirak edən
Bəxtiyar, 2008-ci ildən peşəkar səviyyədə MMA döyüşçüsü olur. Elə həmin ildə
Qazaxıstanda "Dəmir Dağ” çempionatında ağır çəkidə iştirak edən Abbasov,
yarışın qalibi olur. Daha sonra İranda keçirilən pankration üzrə dünya
çempionatında 95 kq çəkidə iştirak edir. Həmin yarışda Azərbaycandan getmiş
bütün idmançılar məğlub olur. Yalnız Abbasov qardaşları - Bəxtiyar və Şəhriyar
cənub qonşumuzdan qızıl medalla qayıdırlar.
Nokautun yıxa bilmədiyi
çempion
Qələbələr, yaxşı nəticələr artdıqca, həvəs də artır. Bəxtiyar
qaydasız döyüşdə qələbələri sıralayırdı. Lakin idman da həyat kimidir. Burda da
qələbələrlə yanaşı, məğlubiyyətlər də mümkündür. Abbasov da idmanın bu "qara
zolağ”ından yayına bilmir. 2011-ci ilin fevralında keçirdiyi görüş nəinki
Bəxtiyarın yaxınlarını, həm də azərbaycanlı idman həvəskarlarını kədərləndirdi.
Abbasov bütün görüşü üstün keçirdiyi İqor Slyusarçukla döyüşdə ani bir səhvdən
nokauta düşür. Bu, onun peşəkar rinqdə ilk nokautu idi. Yenilginin ardından
Bəxtiyarın yaxınları ona qaydasız döyüşü tərk etməyi məsləhət bilirlər. Hətta
şəxsi məşqçisi olan qardaşı Şəhriyar da ona "bəlkə kifayətdir?” deyir. Lakin
Abbasovun böyük zəhmət hesabına girdiyi bu yoldan bir zərbə ilə kənarda qalmaq
fikri yox idi. Bütün məsləhətlərə, xahişlərə baxmayaraq, "davam edəcəm” deyir,
edir də. Düzdür, Slyusarçukla döyüşdəki nokautdan sonra Abbasov təxminən 6-7 ay
rinqlərdən uzaq qalmalı olur. Lakin özünü bərpa etdikdən sonra döyüş səhnəsinə
qayıdan çempion, qələbələrini də davam etdirir.
Medallarla zəngin karyera
Qələbələrdən söz düşmüşkən, Bəxtiyarın idman yarışlarında bir xeyli
uğuru var. Onun bu günə kimi PROFC-GPG çempionu, pankration üzrə dünya
çempionu, sambo üzrə dünya çempionu, döyüş sambosu üzrə dünya çempionu,
Jiu-jitsu üzrə dünya çempionu, əlbəyəxa döyüş üzrə dünya çempionu, sambo üzrə
Dünya Kubokunun qalibi, döyüş sambosu üzrə Avropa çempionu, sambo və cüdo üzrə
Azərbaycan çempionu, MMA WMMAF versiyası üzrə dünya çempionluqları var.
Abbasov bir neçə gün öncə daha bir uğura imza atdı. 33 yaşlı idmançı
MMA GEFC Global (Grand European Fighting Championship) dünya çempionu tituluna
yiyələnir. Bakıda təşkil edilən Ümummilli lider Heydər Əliyevin 95 illik
yubileyinə həsr olunmuş MMA üzrə beynəlxalq turnirdə 84 kq çəki dərəcəsində
çıxış edən Abbasov, kəmər uğrunda döyüşdə braziliyalı Joze Eudes Tavareslə
qarşılaşıb. 5 raundluq döyüşün ilk dəqiqələrindən üstünlüyü ələ alan Bəxtiyar
qarşılaşmanı vaxtından əvvəl başa vurub. O, 4-cü raundda texniki nokautla qalib
gəlib və dünya çempionu adına sahib çıxıb.
Qaydasız döyüşü sevsə də...
Onun idmançı karyerasına başlamasında böyük qardaşı Şəhriyarın da
rolu çox olub. Belə ki, məhz qardaşının uğurlarından həvəsə gələn Bəxtiyar,
idmana yazılmaq qərarına gəlir. Təbii ki, hər iki qardaşda idmana həvəs yaradan
şəxs isə vaxtilə güləşlə məşğul olmuş, idmana böyük həvəsi olan ataları olub.
Lakin ata Abbasova oğullarının böyük yarışlardakı qələbələrini görmək qismət
olmur. O, çox erkən, 1999-cu ildə həyatdan köçür. Bəxtiyar bu gün də idman
arenalarında hər qələbə qazananda atasını xatırlayır, uğurlarını ona həsr edir.
Bəxtiyar ailəlidir. Onun 1 qız, 2 oğul övladı var. Abbasov idmana
həvəsi öz övladlarına da aşılayır. Belə ki, o, hər iki oğlunu cüdoya yazdırıb.
Özü qaydasız döyüşə nə qədər bağlı olsa da, oğullarının gələcəkdə bu idman növü
ilə məşğul olmalarını istəmir, "çox çətindir” deyir. O, oğullarını gələcək
olimpiya çempionu kimi görməyi arzulayır.
Hər bir uşağın kumiri olur. İdmana meyl salan uşaqların əksəriyyətində
bu həvəs ya döyüş filmlərinin qəhrəmanlarını, ya da ki, dünya şöhrətli
idmançıların parlaq çıxışlarını izləyərək yaranır. Bəxtiyarın da uşaqlıq kumiri
olub. Abbasov kiçik yaşlarında Məhəmməd Əli, Mayk Tayson kimi idmançılara
rəğbət bəsləyib. O, hətta indi də Taysonun döyüşlərini izlədiyini deyir. "Dəmir
Mayk”ın döyüşdə sərgilədiyi həvəs, Bəxtiyara da sirayət edib.
Bəxtiyar "Qəbələ” İdman Klubunun üzvüdür. Onun idmanda əsas hədəfi nə
vaxtsa UFC-də döyüşməkdir.
Rinqdə və həyatda vətənə
xidmət
İdmançıların asudə vaxtı çox az olur. Gərgin məşqlər və yarışlar
idmançıların bütün həyatını zəbt edir desək, yanılmarıq. Abbasov da bu cəhətdən
fərqlənmir. Onun iş və idmandan kənar əlavə məşğuliyyəti, hobbisi yoxdur.
İş demişkən, Bəxtiyar vətənə xidməti təkcə rinqlərdə yox, həyatda da
edir. Abbasov əsgərlikdə daxili qoşunlarda xüsusi təyinatlılarda xidmət edib.
Hazırda isə o, Daxili İşlər Nazirliyinin əməkdaşı, polis zabitidir. İdmanda
qazandığı nailiyyətlərdən daha artığını öz işində, xidmətində qazanmaq istəyir.
Portret
Bir idmançının uğur qazanması üçün əsas lazım olan xüsusiyyət
xarakterdir. Məhz bu xüsusiyyət Bəxtiyarın uğurlarının açarıdır. İdmançı nokaut
olduqda da ruhdan düşmədi, xarakter nümayiş etdirdi, döyüşdü. Təkcə yarış
meydanında yox, həm də ondan kənarda, həyatda qarşılaşdığı çətinliklərlə. Və
əminliklə demək olar ki, bu döyüşün qalibi məhz Bəxtiyar oldu.
Bu gün Bəxtiyar Abbasov azərbaycanlı qaydasız döyüş həvəskarlarının
ən sevimli idmançısıdır. O, bu sevgini təkcə qazandığı nəticələrlə yox, həm də,
iradəsi, vətənə sevgisi ilə qazanıb.
Elnur