Qarabağda yaradılacaq cənnət - FOTOLAR

Qafqazın incisi və
sənət məbədi – qədim Şuşa şəhərinin tarixi kimliyi də özünə qaytarılacaq
Hələ ötən il noyabrın 8-də Azərbaycan xalqına
Şuşanın işğaldan azad edilməsi barədə müjdəni verən Prezident İlham Əliyev
Qafqazın incisi sayılan bu şəhərdə, eləcə də erməni terrorçularından təmizlənən
digər yaşayış məntəqələrimizdə genişmiqyaslı quruculuq işlərinin aparılacağının
anonsunu verdi. Noyabrın 17-də isə ümumi uzunluğu 101,5 kilometr olan
Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun layihələndirilməsi və tikintisi üçün
Sərəncam imzaladı. 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi və Birliyi
Günü münasibətilə xalqa müraciət edən Müzəffər Ali Baş Komandan ölkəmiz üçün
yeni dövr başladığını diqqətə çatdıraraq, gələcəkdə bizi böyük işlərin -
torpaqlarımızın bərpası günlərinin gözlədiyini bəyan etdi. O, bu dövrün şərəfli
dövr olacağını söylədi. Qeyd etdi ki, işğaldan azad olunan bütün rayon, şəhər,
qəsəbə və kəndlər bərpa ediləcək, Qarabağ bölgəsində cənnət yaradılacaqdır.
Cari il yanvarın 5-də Anar Kərimovu mədəniyyət naziri təyin olunması ilə
əlaqədar videoformatda qəbul edən Prezident İlham Əliyev Şuşa şəhərini
Azərbaycan mədəniyyətinin paytaxtı elan etdi. Şuşanın bərpası ilə əlaqədar
işlərə artıq start verildiyini xatırladan dövlətimizin başçısı bu il şəhərdə
"Xarı bülbül” festivalının və Vaqif poeziya günlərinin keçirilməsi barədə
tapşırıqlar verdi.

Qarabağın
gələcək inkişafı üçün vacib şərt
Ən nəhayət, Azərbaycan Prezidentinin sədrliyi ilə
keçirilən və 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə dövlətimizin
başçısı digər vacib layihələrdən də söhbət açdı. Dedi ki, artıq
Toğanalı-Kəlbəcər yolunun tikintisinə start verilib. Eyni zamanda, göstəriş
verilib ki, Horadizdən Zəngilana, oradan Qubadlıya və oradan da Laçın rayonuna
qədər yeni yol çəkilsin. Prezident İlham Əliyev Toğanalıdan Kəlbəcərə çəkiləcək
yolun Laçın rayonuna da davam etdiriləcəyini diqqətə çatdıraraq vurğulayıb ki,
bununla da həm şimaldan, həm cənubdan Laçın və Kəlbəcər rayonlarına
yol-nəqliyyat infrastrukturu yaradılacaq. Ölkə rəhbəri yaxın günlərdə Füzuli
şəhərində beynəlxalq hava limanının tikintisinə başlanacağını, perspektivdə
Laçın və ya Kəlbəcər rayonunda da yeni beynəlxalq hava limanı tikiləcəyini
söylədi. Bildirdi ki, Horadiz-Füzuli və ondan sonra Füzuli-Şuşa dəmir yolunun
tikintisi də nəzərdə tutulur. Prezidentin sözlərinə görə, bu infrastrukturun
qurulması, nəqliyyat layihələrinin icrası Qarabağ bölgəsinin gələcək inkişafı
üçün vacib şərtdir.

Qələbə
ilə bitən müharibəmizin rəmzi
Milli Məclis sədrinin
müavini Adil Əliyevmövzu ilə bağlı bildirib ki, bu il dövlət büdcəsindən işğaldan azad edilmiş
ərazilərimizin dirçəldilməsinə 2,2 milyard manat vəsait nəzərdə tutulub. O,
işğaldan azad edilmiş və Qarabağın incisi olan Şuşanın milli tariximizdə mühüm
yer tutduğunu da dilə gətirib. Qeyd edib ki, dövlətimizin başçısı bu şəhəri
mədəniyyətimizin paytaxtı elan etməklə Şuşanın tarixi kimliyini bir daha özünə
qaytardı: "Şuşa şəhəri, mübaliğəsiz, Azərbaycanın mədəniyyət beşiyidir. Bu
şəhər Azərbaycanın bir çox ziyalılarının, o cümlədən şairlərin, yazıçıların evi
olub. Şuşadakı Yuxarı Gövhərağa, Aşağı Gövhərağa, Saatlı məscidləri və görkəmli
opera müğənnisi Bülbülün ev-muzeyinə ziyan dəyib, Xurşidbanu Natəvanın evi
erməni təcavüzkarları tərəfindən yandırılıb. Heç şübhəsiz, Şuşa şəhərinin
mədəniyyətimizin paytaxtı elan edilməsi qarşıya qoyulan hədəflərə nail
olmağımızı sürətləndirəcək. Azərbaycan mədəniyyəti həm Şərqin qədimliyini, həm
də Qərbin müasirliyini özündə ehtiva edən mədəniyyət nümunəsidir. Şuşa isə
Azərbaycanın qədim tarixini özündə yaşadır. Bu şəhər milli mədəniyyətimizin
mərkəzi, poeziyamızın və musiqimizin beşiyidir. Şuşada Vaqif poeziya
günlərinin, "Xarı bülbül” festivalının bərpa olunması da böyük əhəmiyyətə
malikdir. Xarı bülbül Qarabağımızın rəmzi olmaqla yanaşı, qələbə ilə bitən
müharibəmizin də rəmzidir. Bu cür tədbirlər bütün regionun mədəni brendinə
çevrilməlidir! Artıq Qarabağımıza uzun illərdir gözlənilən yeni nəfəs gəlir.
Xalqımızın qəlbində uzun illər bir yara kimi hər gün qanayan Qarabağ nisgili
başa çatıb. Xalqımız öz qədim tarixinə, əzəli-əbədi torpaqlarına qovuşub. Şuşa
şəhərinin Azərbaycan mədəniyyətinin paytaxtı elan edilməsi, Şuşa, Kəlbəcər,
Laçın və işğaldan azad olunmuş bütün torpaqlarımızda genişmiqyaslı quruculuq,
abadlıq işlərinin aparılması, dövlətimizin bu sahəyə böyük önəm verdiyinin
bariz nümunəsidir”.

Regionun
ixrac imkanlarının genişləndirilməsi
Milli Məclisin
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov da hesab edir ki, işğaldan azad edilmiş ərazilərimizin
yenidən qurulması və bərpası, eyni zamanda həmin ərazilərdə beynəlxalq
standartlara uyğun nəqliyyat və logistik xidmətlərin təmin edilməsi prioritet
məsələlərdəndir. Millət vəkilinin sözlərinə görə, Füzuli rayonunda beynəlxalq
hava limanının inşası və yaxın gələcəkdə istifadəyə verilməsi də işğaldan azad
edilmiş ərazilərin inkişafı baxımından vacib layihələrdən biridir: "Bu hava
limanı işğaldan azad edilmiş ərazilərimizə xarici turistlərin gəlməsi
baxımından olduqca faydalıdır və yeni imkanlar yaradacaq. Nəzərə alsaq ki,
Qarabağın incisi hesab olunan və Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinə
gəlmək istəyən xarici turistlərin sayı kifayət qədər çoxdur. Füzulidə hava
limanının tikilməsi imkan verəcək ki, həmin turistlər daha sərfəli və qısa yolla,
praktik olaraq birbaşa, işğaldan azad olunan ərazilərimizə səfər edə bilsinlər.
Bu amil işğaldan azad edilmiş ərazilərimizə gələcək turistlərin sayına müsbət
təsir göstərəcək və daha çox turistin ölkəmizə gəlməsinə imkan yaradacaq. Eyni
zamanda hava limanı yükdaşımalar, xüsusən də beynəlxalq yükdaşımalar üçün vacib
əhəmiyyət kəsb edir. İşğaldan azad edilmiş ərazilərimizin sənaye potensialını
nəzərə alsaq, Füzulidə açılacaq hava limanı həm də həmin ərazilərdə istehsal
olunacaq sənaye məhsullarının dünya bazarına çıxarılması və bütövlükdə regionun
ixrac imkanlarının genişləndirilməsi baxımından vacibdir. Füzuli beynəlxalq
hava limanı – Füzuli nəqliyyat qovşağında yerləşir, avia əlaqə mərkəzinə
çevrilir, relyef və coğrafi imkanlar, beynəlxalq hava limanı statusuna uyğun
infrastruktur qurmaq imkanları baxımından da ən ideal yerdir”.

Azərbaycanın
mədəniyyət paytaxtı
Milli Məclisin
beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc
Fətəliyeva da bildirib ki,
yaradılacaq yeni infrastruktur Qarabağı bütün regionun mədəni mərkəzinə
çevirəcək: "Dövlətimizin başçısının tapşırığına əsasən, Füzulidə beynəlxalq
aeroport tikiləcək. Oradan Şuşaya məsafə də yaxındır. Füzuli beynəlxalq
aeroportunun tikilməsi xarici qonaqların Şuşaya dəvət edilməsi üçün daha geniş
imkanlar yaradacaq. Çünki Füzuliyə gəlib oradan qısa müddət ərzində Şuşaya
getmək mümkün olacaq. Eyni zamanda, dövlət başçısı tərəfindən Şuşanın
Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi təqdirəlayiqdir. Şuşa tarixdə olduğu
kimi, bu gün də bütün regionun mədəni paytaxtına çevrilməlidir. İşğaldan azad
edilmiş ərazilərdəki tarixi abidələrin əsl siması bərpa olunmalıdır. Şuşa
şəhərinin Azərbaycan mədəniyyətinin paytaxtı elan edilməsi qeyd olunan
hədəflərə nail olmağımızı sürətləndirəcək”.

Xalqımızın
qəhrəmanlıq rəmzi
Milli Məclisin
deputatı Sədaqət VəliyevaŞuşanın Azərbaycan üçün milli qürur, milli mənlik, mədəniyyət, incəsənət, tarix
olduğunu söyləyib. Deyib ki, Şuşanın yenidən bərpası, dirçəldilməsi, tarixi
simasının qaytarılması Qarabağın döyünən ürəyinin, regionun mədəniyyət
mərkəzinin yenidən dirçəldilməsi demək olacaq: "Bu, həm də milli qürurumuzun,
mənliyimizin, mədəniyyətimizin, incəsənətimizin, tariximizin bərpa edilməsi,
yenidən yüksəliş mərhələsinə daxil olması deməkdir. Bu mənada, Prezident İlham
Əliyevin Şuşanı Azərbaycan mədəniyyətinin mərkəzi elan etməsi olduqca mühüm
qərardır. Şuşa Azərbaycan xalqı üçün milli simvoldur. Azərbaycan xalqının
ümummilli lideri Heydər Əliyev Azərbaycanın qədim mədəniyyət mərkəzi olan Şuşa
şəhərinə çox böyük qayğı göstərərək onun inkişafına çalışırdı. Ulu Öndər Şuşaya
adi bir şəhər deyil, zəngin tarixi abidə, Azərbaycan xalqının qəhrəmanlıq rəmzi
kimi baxırdı. Hətta, 1970-ci illərin ikinci yarısında ulu öndər Heydər Əliyevin
bilavasitə təşəbbüsü və rəhbərliyi ilə Şuşa şəhərinin inkişaf etdirilməsi
məqsədilə bir neçə xüsusi qərar da qəbul edilmişdi”.

"Kiçik
Paris” və "Şərqin konservatoriyası”
Millət vəkili bildirib ki, bir zamanlar "Qafqazın
sənət məbədi”, "Azərbaycan musiqisinin beşiyi” və "Şərqin konservatoriyası”
adlandırılan, bir sıra görkəmli xadimlərin Vətəni, eləcə də Azərbaycanın tarixi
mədəniyyət mərkəzi və Qarabağın tacı olan Şuşa şəhəri haqqında danışan
ümummilli lider Heydər Əliyev onun Azərbaycan üçün müstəsna əhəmiyyətini yüksək
qiymətləndirib: "Ulu öndər deyirdi ki, "Şuşasız Qarabağ, Qarabağsız isə
ümumiyyətlə, Azərbaycan yoxdur”. Məhz Prezident İlham Əliyev ümummilli
liderimizin vəsiyyətini yerinə yetirərək azadlığına qovuşan, 270 illik tarixi
olan Şuşa şəhərini yenidən bərpa edir, dirçəldir, əvvəlki şöhrətinin
qaytarılması üçün yeni dövr başladır. Bu, olduqca qürurlu, fərəhləndirici
haldır”.

Böyük
yaşayış məntəqələrinin bərpası
Milli Məclisin
deputatı Könül Nurullayeva isə
bildirib ki, Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi ilə bölgədə böyük
inkişaf prosesi başlayır. O, azad olunmuş ərazilərin coğrafi baxımdan
böyüklüyünü xatırladaraq, burada iqtisadiyyatın bərpasının fundamental
proqramlar əsasında reallaşacağını diqqətə çatdırıb: "Azad olunmuş
ərazilərimizin bərpası və yenidən qurulması bu regionu inkişaf etdirəcək. Azad
olunmuş ərazilərimizin münbitliyini və məhsuldarlığını nəzərə alsaq, aqrar
sahənin inkişafı üçün də yaxşı imkanların olduğunu söyləmək mümkündür.
Prezident İlham Əliyevin ötən ilin yekunlarına həsr olunmuş müşavirədə də qeyd
etdiyi kimi, xüsusilə kəndlərin bərpası ilə bağlı vahid yanaşma olmalıdır.
Çünki işğaldan əvvəl bəzi kəndlərdə yaşayan insanların sayı az olub. Dövlət
başçısının qarşıya qoyduğu əsas vəzifələrdən biri də bundan ibarətdir ki, biz böyük
yaşayış məntəqələrinin bərpası ilə məşğul olmalıyıq. Təbii ki, bu tarixi
yaşayış məntəqələrinin mövcudluğu, torpaq sahələri nəzərə alınmalıdır, orada
məskunlaşacaq insanlar öz ailə büdcələrini məhz həmin ərazilərdə işləyərək
təmin etməlidir. Onlar üçün elə torpaq sahələri ayrılmalıdır ki, orada
əkib-becərərək, yaxşı gəlir əldə etsinlər”.

Dayanıqlı
iqtisadiyyata və yüksək rifaha doğru
Millət vəkili qeyd edib ki, dövlət işğaldan azad
olunan ərazilərdə ilk növbədə təhlükəsizliyi ən yüksək səviyyədə təmin edir:
"Bu proses ilk gündən start götürüb. Paralel olaraq, yol infrastrukturu
qurulur, dövlət qurumlarının yerli bölmələri artıq öz sahələri üzrə fəal işə
başlayıb. Eyni zamanda işğaldan azad olunmuş ərazilərin bərpası prosesinə
xarici investorların cəlb olunması da nəzərdə tutulur. Məlumdur ki, Azərbaycan
bu prosesə ilk növbədə dost ölkələri təmsil edən şirkətləri cəlb edir. Artıq
Türkiyə və İtaliya nümunəsində səmərəli əməkdaşlığa start verilib. Bu
ərazilərdə perspektivli iqtisadi sahələrdən biri də dağ-mədən sahəsidir.
Azərbaycan bu sahədə artıq mövcud olan təcrübəsini tətbiq etməklə böyük qazanc
əldə edə biləcək. Biz işğaldan azad olunmuş ərazilərimizin bərpasına
fundamental şəkildə yanaşmaqla, buranı dayanıqlı iqtisadiyyata və yüksək rifaha
malik regiona çevirməyi planlaşdırırıq. Prezident İlham Əliyevin də söylədiyi
kimi, Azərbaycan Qarabağda cənnət yaradacaq. Bununla da öz ata-baba yurdundan
zorla qovulan soydaşlarımız 30 ildən sonra öz doğma torpaqlarına qayıdacaqlar”.
Rufik
İSMAYILOV
