Qapıçı kimi işə başladı, indi Türkiyənin məşhur otelinin baş meneceridir - Gör-götür

Deyir
ki, insan vəzifə yüksəlişi ilə bağlı iddialı ola bilər, amma hələ bu, yetərli
deyil. Gərək həm də bunun üçün çalışasan, özünü inkişaf etdirəsən. Bu yanaşmaya
elə öz təcrübəsi çox yaxşı nümunədir. Müsahibimiz Egey dənizi sahilində yerləşən kurort
hotel "Six Senses Kaplankaya”nın
baş meneceri olan azərbaycanlı
Hüseyn Atakişiyevdir.
- Əvvəllər otel sektorunda çalışanların çoxu bir
növ təsadüf nəticəsində bu sektora gəlirdilər. Sizdə necə olub, bu sektoru
istəyib gəlmisiniz, yoxsa təsadüfən belə alınıb?
- Mən
ilk olaraq o vaxtkı Bakı Sovet Ticarət Texnikumunda ticarətdə menecment üzrə
təhsil almışam, oranı qırmızı diplomla bitirmişdim. Bir təsadüf nəticəsində
otel sektoruna düşdüm. Texnikumu bitirəndən sonra ingilis dili kursuna
gedirdim. Kursdakı yoldaşlardan biri dedi ki, oxuduğu universitetə amerikanlar
gəlib, Bakıda "Hyatt” oteli açırlar, tələbələri iş müsahibəsinə dəvət edirlər.
Dedi ki, istəsən gəl gedək. Dedim ki, mənim ingilis dilim zəifdir. Çünki
məktəbdə alman dili keçmişdik, ingilis dilini də kursda öyrənirdim. Nə isə
getdik və məni qapıçı kimi işə götürdülər. Karyeram oteldə qapıçı kimi
başlayıb. "Hyatt” otelinin Bakıxanov küçəsinə açılan taxta qapısı var, oranın
birinci qapıçısı mən olmuşam.
Bu
sektoru istəməyimə gəlincə, əslində, hələ əvvəllər jurnalist olmaq, şərqşünaslıq
üzrə təhsil almaq fikrim var idi, amma zaman keçdikcə fikrim dəyişdi, otel
sektorunda işləməyə başladıqda özümü rahat hiss etdiyimə görə fikirləşdim ki,
karyeramı bu sahə üzrə davam etdirəcəm.

- İngilis dili filologiyası üzrə təhsil almısınız.
Oteldə işləməyə başlayandan sonra universitetə qəbul oldunuz?
- Bəli,
işləyə-işləyə təhsil aldım. Mən universiteti bitirəndə 27 yaşım var idi. Düzü,
işlədiyim üçün qiyabi təhsil almaq istəyirdim, amma ilk yerlərdə əyani
ixtisaslar da yazmışdım. Yüksək bal topladığım üçün əyaniyə düşdüm. Artıq
məcburən gecələri işləyib gündüzləri oxudum.
- Yəqin ki işləyə-işləyə təhsil almaq heç də asan
olmayıb...
- Bəli
çox çətin idi. Səhər dərsə gedirdim, sonra gəlib evdə yatırdım, oyanıb
dərslərimi hazırlayıb dəftər-kitabı götürüb işə gedirdim, gecə işləyirdim,
səhər də birbaşa universitetə gedirdim. Vaxt baxımından həqiqətən çox çətin
idi, amma ingilis dili üzrə təhsil almaq cəhətdən mənə köməyi çox dəyirdi.
Oteldə işlədiyim üçün ingilis dilim oturmuşdu. Qrup yoldaşlarım ingilis dilini
danışmağı öyrənirdisə, mən ingiliscə səlis danışırdım.
- Maraqlıdır, oxuduğunuz müddətdə karyerada
irəliləmə getdi?
- Bəli,
gecə resepşnı işlədim, sonra supervayzer, ardınca gecə meneceri oldum.
- Qapıçı kimi işə düzələnlərin illərlə eyni
vəzifədə qalanları da az olmur. Sizdə bu irəliləyiş necə getdi?
- Qapıda
dayanmaq heç də asan deyildi, çünki oteli amerikanlar idarə edirdilər, onlarda
isə işdə çox ciddi nizam-intizam olurdu. İş vaxtı iş yoldaşlarınla danışmaq
olmazdı, qamətini düz saxlamlıydın və s. Bir növ yay-qış 8 saat ayaq üstdə
əsgər kimi dururduq. Qapıda duran zaman mənə resepşn işi maraqlı gəlirdi.
Deyirdim ki bir gün mən də ora keçmək istəyirəm. Biri var deyəsən ki, mən bir
gün orda olacağam, amma heç nə etməyəsən. Biri də var "mən orda olacağam” deyib
qarşına məqsəd qoyub orda irəliləyirsən. Məndəki məqsədyönlü istək idi. Hər gün
iş saatım bitəndən sonra telefon operatorunun yanında oturub telefonlara necə
cavab vermək lazım olduğunu öyrənirdim. 95-ci ilin may ayında qapıçı kimi
düzəldim, 96-cı ilin aprelində telefon operatoru vəzifəsinə yüksəliş aldım.
Artıq hazır kadr idim, ona görə rahatlıqla operator götürdülər. O vaxt telefon
operatorlarının işi indiki ilə müqayisə edilməyəcək dərəcədə çox idi. Mobil
telefon, internet yox idi. Xaricdən və şəhərdən gələn-gedən zəngləri biz
bağlayırdıq, hətta qonaqlar "səhər zəng vur məni oyat” deyirdilər. O vaxt o
vəzifə daha aktiv iş idi, telefon dayanmırdı.

- Karyeranızın sonrakı mərhələsi Macarıstandadır.
Bir az da bundan danışaq…
- Universiteti
bitirəndə artıq "Hyatt” otelində ön büro menecerinin yardımçısı vəzifəsinə
qədər gəlib çıxmışdım. Universiteti başa vurub macar dilini öyrənmək üçün
Macarıstana getdim. Yaxın dostlarımdan biri macar idi, onların turizm şirkətinə
rus dilini bilən kadr lazım olduğunu dedi, mənə iş təklif etdi. Bir müddət
onlara kömək etdim, sonra otel sektoru ilə bağlı bir alman şirkəti olan ”City
Partner Hotels” Macarıstandakı ofisinin meneceri oldum. Orda iş otellə bağlı
idi, amma daha çox otellərin tikintisi, idarəetməsinin qurulması kimi işləri
görürdük. Amma mən aktiv otel işi istəyirdim, ona görə Macarıstanda "Four
Seasons” otelinin iş elanına müraciət etdim. Ön büro menecer yardımçısı
vəzifəsinə götürdülər. Macar dilini bilirdim deyə işə götürdülər, amma orda ilk
vaxtlar bəzi çətinliklərim oldu, çünki xarici vətəndaş idim və məndən əvvəl
orda çalışan, həmin vəzifəyə keçməyini gözləyən kadrlar var idi. Onların
istədikləri yerə kənardan bir kadr gətirilməsi, üstəlik o kadrın da xarici
olması bir az narazılıq doğururdu. Mən bunu normal qəbul edirdim, amma o
problem zamanla həll olundu.
- Bəs fikirlərinin dəyişməsinə səbəb nə oldu?
- Mənə
görə insanlara vəzifənin gücü ilə deyil, bilik və ağılla qalib gəlmək lazımdır.
Qısa bir müddətdə onlara dolayı yolla o vəzifəyə layiq olduğumu sübut etdim.
Həmin adamlarla sonra çox yaxşı ünsiyyətimiz oldu və bu günə qədər də çox yaxın
dostuq. Məni tanıyandan sonra münasibətləri dəyişdi. Hətta bir müddət sonra
artıq onlar mənə əcnəbi kimi baxmırdılar, macar bilirdilər.
- Sonra "Fous Seasons”un Azərbaycan bölməsinə
keçdiniz…
-
2006-2011-ci illərdə Macarıstandakı ”Four Seasons Gresham Palace” otelində
işlədim, 2011-ci ilin avqust ayında Azərbaycanda "Four Seasons” açılanda
soruşdular ki, azərbaycanlısan, öz ölkəndə işləmək sənə maraqlı olar? Təklifi
dəyərləndirib Azərbaycana gəldim. 5 ilə yaxın "Four Seasons”da işlədim. 2016-cı
iyun ayının sonunda otaqlar bölməsinin müdiri kimi oradan ayrıldım, iyulun 1-i
Bakıdakı "Boulevard Hotel Autograph Collection”a
baş menecer vəzifəsinə getdim. Bir il səkkiz ay orda çalışandan sonra "İntourist Hotel Autograph Collection”a baş menecer kimi
transfer aldım. On ay orda işlədikdən sonra Türkiyəyə gəldim.
Bu gün
qürur hissi ilə deyə bilərəm ki, vətənim üçün nələrsə etmişəm. Çünki çalışdığım
müddətdə çoxlu kadr yetişdirmişəm. "Four Seasons”da işləyən kadrların böyük
hissəsini o vaxt mən işə alıb təlim keçmişəm. Çox gənci sıfırdan götürüb
üzərində işləyib gətirmişik. Onların bir çoxu professional kadr olub,
karyeralarında irəliləyiblər. Yaxşı kadr ölkə üçün çox əhəmiyyətlidir. Çünki
yaxşı kadrsız heç nə etmək olmur.
- Otel sektoru elədir ki, ən aşağı vəzifədən daha
yuxarı pillələrə getmək olur. Bəs irəliləmək üçün kadrın özündən asılı olan
nələrdir?
- Kadrın
istəyindən çox şey asılıdır. Biri var ki, kadr özü irəli getmək istəyir və
bunun üçün çalışır. Bir qisim kadr isə fikirləşir ki, olduğum yer yaxşıdır. Bir
misal çəkim. Mən 2011-ci ildə Macarıstandan Azərbaycana qayıtmışam, indi
2019-cu ildir. Keçən il noyabr ayında Budapeştdə idim. Mən orda işləyəndə Budapeştdə
"Four Seasons” otelində qapıçı olan adam indi də o işindədir. 10 ilə yaxındır
eyni işi görür. O, vəzifəsini sevir, orda rahatdır və heç nəyi dəyişmək
istəmir. Müəyyən səbəblərdən istəməyə bilər. Məsələn, deyər ki, bura mənə
rahatdır, "çay pulu” kimi əlavə gəlirim də olur, bəsimdir. Yaxud o adam üzərinə
məsuliyyət götürmək istəmir, deyir ki, 8
saat qapıda dayanıb evimə gedirəm.
Amma
kadrın özü ilə yanaşı, şirkətin rəhbəri, supervayzer və menecerlərdən də çox
şey asılıdır. İnsanları yönləndirmək də lazımdır. Məsələn, "Four Seasons”da
işləyəndə qapıda olan işçilərə istiqamət verirdik, "dil öyrən, təlimlərə qatıl”
deyirdik. Bəzən iş rejimi ilə kursa getməyin alınmadığını bildirirdilər. Bu
zaman deyirdik ki, get kursdan sənəd gətir, bilək ki sən ora gedirsən, sənin
qrafikini ona görə təyin edərik. Bunu belə etmişik. Əslində, insanlara kömək
etmək lazımdır. Bəlkə də bunu ona görə edirdim ki, mən özüm aşağı vəzifədən
başlamışam, fikirləşmişəm ki insanlara təkan vermək lazımdır.

- Sizə o təkanı verən olmuşdu?
- Mənə
"Hyatt”dakı treninqlər təkan olub, insanlardan kimsə "bunu et” deyə məsləhət
verməyib. "Hyatt”da işə başlayanda ingilis dilini belə normal bilmirdim. Bizə
oteldə dedilər ki, işləsəniz, vəzifəniz qalxacaq, sizi xarici ölkələrə
treninqlərə göndərəcəyik. Düzü, o vaxt bu sözlərin sadəcə vəd olduğunu
düşünürdük, lakin bir müddət keçdikdən sonra dediklərinin hamısı oldu. Şirkət
verdiyi sözü tutanda işçidə daha çox motivasiya yaranır. Əgər sən istəyirsənsə,
işləyirsənsə, həqiqətən də sənə kömək edirlər, şərait yaradırdılar.
- İrəli getməkdən danışanda üzərinə məsuliyyət
götürmək məsələsinə toxundunuz. Sizi irəli aparacaq hansı məsuliyyətləri
üzərinizə götürürdünüz?
- İnsan
biliyinə əsasən üzərinə məsuliyyət götürür. İşi görmək üçün biliyin varsa,
məsuliyyəti asanlıqla üzərinə götürürsən, bilirsən ki, vəziyyəti nəzarətdə
saxlayacaqsan. Ancaq biliyin yoxdursa, o məsuliyyət yox, artıq riskdir. Nə isə
əldə edə də bilərsən, tam itirə də. Risklə məsuliyyət arasında böyük fərq var. O
məsuliyyəti üzərimə götürürəm ki, onu etməyə biliyim çatacaq.
- Ümumi baxanda karyeranızda qarşıladığınız və
zamanla həll olan hansı problemlər olub?
- Çətin
və həll olunmayan bir şey olduğunu deyə bilmərəm, amma bəzi məqamlardan
danışmaq istəyirəm. Bəzən insan uzun müddət karyerasında bir irəliləyişi,
hansısa vəzifəyə keçəcəyini gözləyir, amma həmin an krizis olur, yaxud
müdriyyət dəyişir. Təzə müdir gəlib səni tanıyana qədər də 4-5 ay vaxt keçir.
Mənim də karyeramda belə hallar olub (Gülür). İndi mən Türkiyəyə baş menecer getmişəm.
Bəlkə də orda elə adamlar var idi ki, yaxında vəzifə yüksəlişi gözləyirdilər,
amma müdir dəyişdi, mən getdim. Vəzifələrinin artması üçün onları tanımalıyam.
Bir də
əvvəllər baş menecerin verdiyi qərarları haqsız saydığım vaxtlar olurdu. Amma
özün o vəzifəyə gələndə görürsən ki, doğrudan da o, düzgün qərar veribmiş. O mərhələyə gəlib çatmayana qədər bəzi
şeyləri anlamaq bir az çətin olur.
- İşçi olaraq etiraz etdiyiniz, amma rəhbər olanda
əvvəllər yanlış düşündüyünüzü anladığınız hansı məqamlar olub?
- Bəzən
pulla bağlı hansısa qərar vermək lazım olanda rəhbərlik "pulumuz yoxdur”, yaxud
"2-3 ay sonra alarıq” deyəndə bizə qəribə gəlirdi. Biz o zaman otelə baş
menecer kimi yox, öz şöbəmizin prizmasından baxırdıq. Bəzən hansısa şöbə üçün
pul olur, başqa biri üçün yox. Bu zaman sən öz şöbəndən baxanda etirazçı
yanaşmada ola bilərsən, amma ümumi şirkəti düşünəndə tamam başqa rakursdan
baxırsan. Necə ki məsələn, indi biz burada oturmuşuq və birinci mərtəbədən
dənizi görə bilmirik. Amma yuxarı mərtəbəyə çıxdıqda dənizi daha yaxşı görərik.
Ancaq özün baş menecer olanda, sən dediyini almadığı üçün ona haqsızlıq
etdiyini düşünən işçinə izah edə bilirsən ki niyə belədir. Onda işin gedişi
asanlaşır və narazılıqlar da aradan qalxır. Sən onu keçmisən və işçini psixoloji
olaraq sakitləşdirirsən. Biri var insanlara "yox” deyib yola salırsan, biri də
var o "yox”un səbəbini izah edirsən. Bu, onun qarşısını alır ki, işçi artıq öz
rakursundan gördüyü ”haqsızlığı” böyük bir kütləyə çatdırmır, insanları yanlış
yönəldəcək fikirlər səsləndirmir.
- Xaricdə işləyənlərin sonra ölkəyə qayıtması çox
rastlanan hal deyil. Siz xaricdə çalışandan sonra ölkəyə qayıtdınız, sonra yenə
getdiniz, indi Bodrum bölgəsində ”Six Senses Kaplankaya” otelində baş
menecersiniz.
- 10 il Avropada yaşayıb çalışmağıma rəğmən, öz həyatımı, pensiya
vaxtımı Azərbaycanda görürəm. Çünki həqiqətən də vətənimi sevirəm. Türkiyəyə
getməyimin səbəbi otelin çox yaxşı bir brend olması və onların konseptinin
mənim üçün maraqlı gəlməsidir. Hazırda çalışdığım otelin otelçiliyə baxışı tam
fərqlidir. Bu, mənim təbiətimə yaxın fərqlilikdir.

- O yaxınlıq nədədir?
-
Yaşadığımız dövr o qədər dəyişilib ki, artıq sadəlik lüksə çevrilib. Bu gün
mobil cihazlar, kompüterlər bizi o qədər ağuşuna alıb ki, özümüzlə vaxt keçirə
bilmirik. "Six Senses” otelinin məqsədi də insanı özü, ətrafı və təbiət ilə
yenidən bağlantıya keçirməkdir. Otelin konsepti sağlam qida və sağlamlığımıza
doğru yanaşmadır. Burada arzu olunduğu vaxtda hər kəsə fərdi yemək və sağlam
yaşam proqramları hazırlanır və oteldən ayrıldığınız zaman belə bunları
asanlıqla ev şəraitində davam etdirmək mümkün olur. Bizim məqsədimiz odur ki,
sizi yenidən özünüzlə, ətrafınızda olanlarla və təbiətlə təmasa qaytaraq,
özünüzə vaxt ayırmağın sizin üçün nə qədər vacib olduğunu sizə yenidən
xatırladaq.
”Six
Senses” Otellər şəbəkəsinə kimsə öz uşağı ilə gəlirsə, bizim uşaq klubundan
istifadə edir. Klubda uşaqlar üçün gündəlik dəyişən zəngin bir proqramımız
olur. Uşaq yoqası, hovuz kənarında cürbəcür oyunlar, yemək bişirmək, otelin bağında
nələrsə əkmək, bitkilərlə bağlı məlumat vermək və s. proqrama daxildir.
Uşaqları bir növ təbiətə bağlayırıq. Yəni uşaqların əylənməsi üçün yer təkcə
aquapark deyil. Uşaqlar üçün onları həm əyləndirən, həm də tərbiyələndirən daha
maraqlı proqram qurmaq olar. Bizim uşaqlar üçün olan klubda televizor yoxdur,
mobil telefon istifadəsi qadağandır. Onun əvəzinə uşaqların sosiallaşmasına
şərait yaradan oyunlarımız var. Bunlar mənim sevdiyim, görmək istədiyim bir
işdir.
- İşdən çox danışdıq, bəs işdən kənar nəyə
marağınız var, işdən sonrakı zamanınızı necə keçirirsiniz?
- İşdən
sonra adətən ailəmlə vaxt keçirməyə çalışıram. Təəssüf ki indiki zamanda ailəyə
istədiyimiz vaxtı ayıra bilmirik. Üzərimizə çox məsuliyyət götürəndə
istər-isəməz zaman da az qalır. Amma mümkün qədər ailəyə vaxt ayırıram.
Dostlarla görüşmək, onlarla fikir mübadiləsi aparmaq da mənim üçün maraqlıdır,
buna da zaman ayırıram. Dünyada baş verənləri də daim diqqətimdə saxlamağa,
məlumatları oxumağa çalışıram. Mən yeməyi
və yemək bişirməyi çox sevirəm. Boş zamanlarda yemək hazırlayıram.
Bir də
heç nə etməməyi sevirəm. Tək çıxıb təbiətdə gəzirəm, bir az özümlə qalıram,
bəzi suallarıma cavab verirəm, bir növ beynimi artıq yükdən
boşaldıram. Bu, insanı həddindən artıq rahatlaşdırır. Meditasiya edirəm, bunu
da sevirəm. Dindar deyiləm, amma çox inanclı insanam. Dua edirəm, mənə verilən
hər şeyə görə Allaha təşəkkür edirəm. Məni sevənlər üçün də sevməyənlər üçün də
dua edirəm. İstər neqativ, istər pozitiv emosiyalar üçün həmişə şükür etməyi
unutmuram. Neqativ emosiyalar belə həmişə insana nəyisə öyrətmiş olur.
Aygün Asimqızı
