AZE | RUS | ENG |

“Qadınlar daha multifunksionaldırlar” – Uğur hekayəsi

“Qadınlar daha multifunksionaldırlar” – Uğur hekayəsi
Mətanət Babayeva: “Məndə ən böyük bacarıq öyrənmə bacarığıdır”

Ən böyük bacarığı öyrənməkdir. İstənilən kitabı oxuyub oradan lazımlı məlumatları götürüb məhsula çevirə bildiyini deyir. Bunu şəxsi keyfiyyəti sayır. Müsahibimiz öyrənmək bacarığının nəticəsində karyera pilləsində addım-addım irəliləyib. “Azərfon” MMC-nin insan resursları üzrə direktoru Mətanət Babayeva ilə yaxından tanış olaq…

- Mətanət xanım, Dövlət Dillər Universitetindən ingilis və fransız dilləri ixtisası üzrə məzun olmusunuz. Tərcüməçi kimi çalışmısınızmı?
- İş təcrübəm 2-ci kursda oxuyarkən başladı. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Beynəlxalq əlaqələr şöbəsində 2 il tərcüməçi kimi çalışdım. O vaxt xarici dilləri bilən adam az idi. Əcnəbilərlə iş, xariclə qurulan əlaqələr güclənirdi. Buna görə rahatlıqla iş tapdım.

- Universitetin son kursundan etibarən, Azərbaycanda fəaliyyətə başlayan “Azercell” şirkətinin İnsan resursları şöbəsində işə başlamısınız. Tərcümə hara, insan resursları hara?
- O vaxt, ümumiyyətlə, insan resursları anlayışı yox idi. Kadrlar şöbəsində yalnız insanların işə qəbul olunması və azad edilməsi rəsmiləşdirilirdi. İnsan resursları sahəsində işə sıfır təcrübə ilə məhz dilləri bildiyim və potensiallı gənc olduğum üçün qəbul etdilər. Deyək ki, bu sahəyə tamamilə təsadüfən düşdüm. “Azercell” şirkəti Azərbaycanda yeni qurulanda İnsan resursları şöbəsində kiçik mütəxəssis olaraq işə başladım.

- 12 il ərzində sözügedən şirkətdə hansı vəzifələrdə çalışmısınız?
- Həmişə İnsan resursları şöbəsində çalışmışam. Amma işimi müxtəlif ölkələrdə davam etdirmişəm. 2000-ci ildə Moldovada ikinci mobil operator olan “Moldcell” qurulurdu. Resurs çatışmazlığı olduğu üçün məni oraya iki illik ezam etdilər. İki il İnsan resursları və inzibati şöbənin direktoru kimi çalışdım. İki ildən sonra Azərbaycana döndüm və yenə İnsan resursları şöbəsində işimi davam etdirdim. Bu zaman Gürcüstan layihəsi başladı və “Geocell” şirkətinin işinin qurulmasına kömək etdik. Sonra ailəmlə birgə “Kcell” şirkətinə dəstək vermək üçün Qazaxıstana köçdük. 2010-cu ilə qədər 4 il orada yaşadım.

- 12 il işlədiyiniz “Azercell” şirkətini tərk edib Azərbaycan Metanol Şirkətində (AzMeCo) insan resursları üzrə direktor kimi işə başlamısınız. Uzun müddət çalışdığınız şirkəti tərk etməyinizə səbəb nə oldu?
- İki səbəb var idi. Qazaxıstanda ikinci övladım dünyaya gəldi. 4 yaşlı birinci övladım isə heç cür Qazaxıstana adaptasiya ola bilmirdi. Onu Azərbaycana göndərməli oldum. Mən, yoldaşım və kiçik övladım isə Qazaxıstanda yaşayırdıq. Ailəmiz iki yerə parçalanmışdı. Ailəmizin bütövləşməsi, oğlumun bizimlə birgə yaşaması üçün Azərbaycana geri dönmək istəyirdim. Sözügedən şirkəti tərk etməyimin ikinci səbəbi isə bu idi ki, Qazaxıstandan Azərbaycana - çalışdığım şirkətə qayıdacağım təqdirdə, ən azı eyni səviyyədə olan bir vəzifədə işləmək istəyirdim. Düşünürdüm ki, bu bilik və təcrübəmlə birinci səviyyədə rəhbər işləməliyəm. Bundan əlavə, heç kim yüksək vəzifədə çalışandan sonra aşağı vəzifəyə qayıtmaq istəməz. Buna görə, “Azercell” şirkətinə qayıdıb ikinci səviyyədə rəhbər olaraq işləməyi düşünmürdüm. Qazaxıstanda da çox iş təklifi aldım. Sadəcə, mənim üçün geri dönmək şərt idi. Təsadüfən Londonda böyük bir işədüzəltmə agentliyində çalışan həmvətənimiz Xanlar Xudiyev mənə Azərbaycan Metanol Şirkətində insan resursları üzrə direktor vəzifəsini təklif etdi. Təklifi qəbul etdim və Azərbaycana döndüm.

- Azərbaycan Metanol Şirkətindən sonra işlədiyiniz şirkətlərdə də insan resursları üzrə direktor olmusunuz. İxtisasınız tərcüməçi olduğu halda, özünüzü bu sahədə necə inkişaf etdirmisiniz?
- 12 il çalışdığım “Azercell” şirkətinin əsas prinsiplərindən biri insanların yetişdirilməsi idi. Şirkətin “davamlı öyrənmə” deyə dəyəri var idi. Hər kəs davamlı olaraq öz biliklərini artırmağı düşünməli idi. Oradakı iş təcrübəsi və aldığım təlimlər mənim püxtələşməyimdə əsas rol oynadı. Təvazökarlıqdan uzaq olsa da, məndə ən böyük bacarıq öyrənmədir. İstənilən kitabı oxuyub oradan lazımlı məlumatları götürür və onu məhsula çevirə bilirəm. Bu, mənim şəxsi keyfiyyətimdir. Çox tez öyrənirəm və öyrəndiklərim sadəcə nəzəri bilik olaraq qalmır. Onu təcrübədə tətbiq edir, məhsula çevirirəm.

- İşçi seçimində nələrə diqqət yetirirsiniz? Sizin şirkətdə işləmək istəyən insanlarda hansı xüsusiyyətlər, bacarıqlar cəmləşməlidir?
- Biz vakansiya yerləşdirən zaman 150-300 arasında müraciət alırıq. Burada 700-dən çox adam işləyir və hamısı müxtəlif bölgələrdən, ailələrdən, mədəniyyətlərdən gəlib. Bizi birləşdirən nəsə olmalıdır. Bu da bizim beş ana dəyərimizdir. Dəyərlərimiz bunlardır: 1) ədalətli və dürüst olmaq (bu, bütövlük dəyəri sayılır); 2) müştəri yönümlülük; 3) nəticə yönümlülük; 4) komanda işi və əməkdaşlıq; 5) daim təkmilləşmə.
İşə qəbul edərkən öncə təcrübəsindən, cinsindən, irqindən asılı olmayaraq, adamları bu 5 dəyər üzrə analiz edirik. Həm üzbəüz müsahibə zamanı, həm xüsusi psixometrik testlərimizlə insanları yoxlayırıq. Sonra texniki bacarıqlarını qiymətləndiririk. Daha sonra işə cavabdehlik və maaş baxımından uyğun olursa, götürürük.

- Bəs hansısa sahədə mütəxəssisə ehtiyac olanda onu necə axtarırsınız?
- İşçi axtararkən bütün kanallardan istifadə edirik. Hansısa vakansiya yarandıqda, öncə bunu həm şirkət daxilində, həm də kənarda elan edirik. Prosedurumuz belədir ki, üstünlük daxili resurslara verilir. Tutaq ki, mənim Marketinq şöbəsində işləmək həvəsim var, iş təcrübəm olmadığından telefon mərkəzində işə başlamışam. Bu vakansiyaya müraciət etmək şansım yarandıqda, müraciət edirəm. Məni artıq işə qəbul ediblər, demək, dəyərlər baxımından bu şirkətə uyğunam. Qalır işi görə bilmə bacarığı… Bunu da yoxlamaq üçün onlara test veririk, mütəxəssislər testin cavablarını qiymətləndirirlər, əgər uyğundursa, üstünlük daxili namizədə verilir. Amma kənardan gələn namizəd daha güclüdürsə, işə tam hazırdırsa və bizim təcili olaraq təcrübəli işçiyə ehtiyacımız varsa, o zaman şirkət xaricindən gələn namizədə üstünlük veririk. Amma ilk olaraq hər kəs üçün bərabər fürsətlər yaradılır.
İnternet vasitəsilə iş elanlarının yerləşdirildiyi resurslardan da istifadə edirik. Mütləq bizim korporativ İnternet saytımızdan istifadə edirik, elan daxili internet səhifəmizdə yerləşdirilir, bütün işçilərə e-mail vasitəsilə göndərilir. Bundan əlavə, bizdə “işçi tövsiyə proqramı” deyə bir siyasət var. Tutaq ki, şirkətimizin əməkdaşlarından birinin tanışı var və hesab edir ki, tanışı bizdə səyahətlər üzrə mütəxəssis vəzifəsində işləyə bilər. İşçimiz tanışını tövsiyə edir və həmin mütəxəssis vakansiyamıza uyğun gəlirsə, o zaman bizim işçiyə müəyyən məbləğdə pul mükafatı verilir. Çünki biz bu adamı agentlik vasitəsilə cəlb etsəydik, xərcimiz orta hesabla 2 min manat civarında olacaqdı. Yaxud özümüz axtarsaydıq, daha çox vaxtımız gedəcəkdi.

- Uzun müddətdir insan resursları sahəsində çalışırsınız. Qadınlarmı, yoxsa kişilərmi daha yaxşı işçi olurlar?
- Qadınlar daha multifunksionaldırlar. Onlar telefonla danışa-danışa serial seyr edir, yemək bişirir və uşağa baxa bilirlər (gülür – L.M). Biz də işçilərə onların universal olmalarını istədiyimizi deyirik. İşçilərimizin, əgər belə demək olarsa, eyni vaxtda bir neçə top oynada bilən sirk ustası kimi olmalarını istəyirik. Kişilər isə daha çox bir istiqamətə yönəlirlər, amma məsələlərə daha strukturlu, daha məntiqli yanaşmağı bacarırlar və emosional olmurlar.

- Tərcümeyi-halınıza baxan zaman görürük ki, tələbə vaxtından indiyədək çox qısa fasilə ilə dayanmadan işləmisiniz. İki uşaqla işi necə idarə edirsiniz?
- Türkiyəlilərin belə bir deyimi yadıma düşdü: Uşaq sahibi də olaram, iş sahibi də… Ümumiyyətlə, indiyə qədər heç vaxt xəstələndiyimə görə işdən qalmamışam. Yalnız birinci övladım olanda 4 ay, o biri doğulanda isə 1 il işləməmişəm. Təsəvvür edin, dekabrın 3-ü toyum oldu, ayın 8-də isə işimlə bağı Moldovaya getdim. Dediyim kimi, qadınlar daha multifunksionaldırlar. Bu baxımdan, mən də çatdırıram. Düşünürəm ki, işini planlı görəndə evi də, işi də idarə etmək mümkündür. Bircə uşaqlardan ayrılıb ezamiyyətə getmək, bir də öz üzərində işləmək, yeni nələrsə oxumaq çətin olur. Çünki axşamlar nəsə oxumağa vaxt qalmır, iş vaxtı da hər zaman alınmır. Əlbəttə, mən də daxil olmaqla, hamı istəyər ki, uşağını bağrına basıb evdə otursun. Amma bu, bir seçimdir. İnsan özü üçün seçim etməlidir ki, hansı tərəfə daha çox yönəlmək istəyir. Mənim seçimim də inkişafla, işlə bağlıdır. Etiraf edək ki, fikrini bir yerə yönəldəndə, digər tərəfləri unudursan.

- Sizcə, qadın üçün ailə, yoxsa karyera önəmli olmalıdır?
- İşdə həmişə deyirəm ki, ailə hər şeydən vacibdir və birinci yerdə dayanmalıdır. Karyera isə ikinci planda gəlməlidir. İkinci plan olmasa da, bunu 1,5 kimi qiymətləndirmək olar. İş bu gün var, sabah olmaya bilər. Düşünürəm ki, qadınların şəxsi keyfiyyətlərindən də çox şey asılıdır. Məsələn, elə adam var ki, həm ailədə, həm işdə effektiv ola bilir. Bu, adamın şəxsi keyfiyyətlərindən asılıdır. Analıq məzuniyyətinə çıxan qızlarımıza da deyirəm ki, uşaqları ilə məşğul olsunlar, tez-bazar qaçıb işə gəlməyə çalışmasınlar. Çünki uşaq üçün ana südü ilə qidalanmaq, anası ilə təmasda olmaq çox vacibdir. Biz də işçilərimizə körpələri ilə birlikdə olmaq şəraitini yaratmağa çalışırıq. Çünki ailə hər şeydən üstündür.

Lalə MUSAQIZIUğur hekayəsi"> Uğur hekayəsi">

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8816
GEL 1 1 Gürcüstan larisi 0.5812
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0788
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1756
CHF 1 1 İsveçrə frankı 1.7256
KWD 1 1 Küveyt dinarı 5.5885
TRY 1 1 Türkiyə lirəsi 0.2946