• cümə, 26 Aprel, 12:15
  • Baku Bakı 23°C

Pul insanı xoşbəxt edirmi? - Polemika

06.04.16 14:35 7503
Pul insanı xoşbəxt edirmi? - Polemika
Deyirlər, xoşbəxtlik nisbi anlayışdır. Çünki fərqli insanlar xoşbəxtliyi fərqli mənalarda dərk və qəbul edirlər. Kiminə görə xoşbəxtlik ən kiçik bir oyuncaq olduğu halda, başqa birinin aləmində bu, əhəmiyyətsiz sayıla bilər. Adətən valideynlər iddia edir ki, insanın övladı onun ən böyük xoşbəxtliyidir. Lakin mənəvi amillərlə yanaşı, maddi amillərin də insan xoşbəxtliyində böyük payı var. Necə deyərlər, ehtiyac qapıdan girəndə xoşbəxtlik bacadan uçur. Bəs pul xoşbəxtlik üçün nə dərəcədə önəmlidir? Ümumiyyətlə, xoşbəxtlik üçün pul vacibdirmi? Çox pulun olması insanı daha çox xoşbəxt edə bilərmi? Gənclərin mövzu ilə bağlı fikirlərini öyrəndik.

“Pul insanı daha xoşbəxt edir”
Aysel Əliyeva, müəllimə

Aysel düşünür ki, xoşbəxt olmaq üçün pul əsasdır: “Əslində xoşbəxt olmaq üçün pul zəruridir. Pul insanın xoşbəxtliyində mühüm rol oynayan amillər arasında, məncə, ilk yeri tutur. Yəni bir növ pul xoşbəxtliyə əlavə çalar qatır, insanı daha da xoşbəxt, özünə əmin hiss etdirir. Düzdür, deyirlər, insan canı sağlam, yaxınlarının əhatəsində olanda özünü daha xoşbəxt hiss edir. Amma etiraf edək ki, sağlamlığın bir hissəsinin özü elə pul deməkdir. Əgər pulun varsa, istədiyin zaman həkimə müraciət edə, sağlamlığının qeydinə qala, gələcəkdə səni yaxalaya biləcək hər hansı bir xəstəliyin qarşısını vaxtında ala bilərsən. Bundan başqa, istədiyini almaq, istədiyin kimi yaşamaq hansı insanı sevindirməz ki? Bu kimi məqamları nəzərə alanda pul xoşbəxt olmaq üçün böyük əhəmiyyət kəsb edir”.
Həmsöhbətimiz deyir ki, pulu xoşbəxtlik anlamına çevirən özümüzük: “Amma ümumilikdə hər şeyin pul olduğunu desəm, yəqin düzgün olmaz. Çünki bəzən elə anlar olur ki, istədiyin qədər pulun olsa da, insan xoşbəxt ola bilmir. Əsas odur ki, sənin yanında sevdiklərin, sənə dəyər verən, səni olduğun kimi qəbul edən insanlar olsun. Pulu xoşbəxtlik kimi qəbul edən biz özümüzük. Çünki pulu qazanmaq da, xoşbəxt olmaq da bizim əlimizdədir. Hər şeyi pula bağlayan da yenə bizlərik. Əslində bunun günahı heç bizdə də deyil. Çünki dövr, zaman məhz bunu tələb edir. Əgər daha çox xoşbəxt olmaq istəyiriksə, daha çox çalışıb daha çox xoşbəxt olmalıyıq. Əgər pulu xoşbəxtliyə aparan əsas vasitə kimi görürüksə, o zaman daha çox pul qazanaraq daha xoşbəxt ola bilərik”.
“Əsas məsələ pulu nəyə xərcləməkdir”
Ramil Hikmət, jurnalist

Ramil fikirləşir ki, çox pul insanı o zaman xoşbəxt edə bilər ki, insan həmin pulla başqalarının da xoşbəxtliyinə səbəb olsun. Yalnız bu halda daha çox pul insanı xoşbəxt edə bilər: “Pul insan xoşbəxtliyində müəyyən qədər rol oynayır. Əgər həmin pulu təkcə özün üçün xərcləmirsənsə... Pulum çox olsa, insanların ehtiyaclarını ödəməyə, onları sevindirməyə çalışaram. İndi imkanım çatdığı qədər bunu etməyə çalışıram, amma daha çox pulumun olmasını istərdim ki, daha çox insana xoşbəxtlik bəxş edə bilim. Xoşbəxtlik hər insan üçün fərqli məna daşıyır. Mənim üçün xoşbəxtlik kiminsə sevincinə səbəb olmaqdır. İnsanların sevinci məni sevindirir, onların üzündəki təbəssüm məni daha çox xoşbəxt edir. Ətrafımdakı insanların xoşbəxtliyi mənim üçün çox mühümdür. Bunun üçün təbii ki, pul əsasdır”.
Həmsöhbətimiz pul ilə xoşbəxtlik arasında olan bağlılıq haqqında maraqlı məqama da diqqət çəkdi: “Pul xərcləməklə xoşbəxtlik arasında maraqlı bağlılıq da tapılıb. Məlum olub ki, adamlar pulu özlərindən çox başqalarına xərcləməyi xoşlayırlar. Bu barədə Britaniyanın “Elm” jurnalında çıxan məqalədə danışılır. Məqalənin müəlliflərindən olan Elizabet Dan Kanadadakı Britaniya-Kolumbiya Universitetində psixologiya elmləri üzrə dosentdir. O və həmkarları müəyyən ediblər ki, adamlar pul xərcləməyi pul qazanmaq qədər vacib bilirlər. Araşdırma zamanı məlum olub ki, az pul alıb, çox pul xərcləyən adamlar daha xoşbəxt görünürlər, nəinki çox pul alıb, az xərcləyənlər. Psixoloq qeyd edir ki, eksperiment zamanı onu ən çox təəccübləndirən o oldu ki, araşdırmada iştirak edənləri pulun miqdarı yox, o pulu necə xərcləmələri daha çox xoşbəxt edir. Mən də özümü bu tip adamlardan hesab edirəm. Mənə görə, pulun miqdarı yox, onun nəyə xərclənməsi əsasdır”.
“İnsanın hər şeydən öncə maddiyyatı düşünməsi normal hal deyil”
Leyla Məhərrəmova, jurnalist

Leyla fikirləşir ki, pulun olması insanı xoşbəxt edə bilər. Lakin bu, insanın təkcə pulu olduğu zaman xoşbəxt olması anlamına gəlmir: “Mənim fikrimcə, pul insanı xoşbəxt edir. Təbii ki, yaşadığımız dövrü nəzərə aldıqda insanın xoşbəxt olması üçün ən böyük səbəblərdən biri puldur. Lakin xoşbəxt olmaq üçün bütövlükdə əsas olan pul deyil. İnsanlar bəzən kiçik, o qədər də maddi dəyəri olmayan şeylərlə də xoşbəxt ola bilər. Bu, fərqli insanlarda fərqli cürdür. Kiçik şeylərlə xoşbəxt olmağı bacaran insan əslində ən xoşbəxt insan hesab oluna bilər. Çünki həmin insanlar həmin şeyin maddiyyatına varmırlar. Onların aləmində mühüm olan onun mənəvi tərəfidir. Xoşbəxtlik fərqli insanlar üçün fərqli anlam daşıyır. Burada təkcə pul amili rol oynamır. Elə insanlar var ki, kitab oxumaq, şokolad yemək, hətta bəzən yatmaq onları xoşbəxt edir. Bu da bir növ xoşbəxtlikdir”.
Həmsöhbətimiz deyir ki, insan maddiyata önəm verdikcə pulun təsiri altına daha çox düşür. Bu isə onların aləmində hər şeyi pula çevrir: “ Düşünürəm ki, insan həyatı ciddiyə aldıqca pula daha çox ehtiyac duyur. Başqa insanların pul hesabına əldə etdiyini, daha gözəl həyat tərzi keçirdiyini görüb onun kimi olmağa can atır. Bu isə bir qədər paxıllıq, xəbislik hissi formalaşdırır. Məncə, insanın hər şeydən öncə maddiyyatı düşünməsi normal hal deyil. Mənəviyyatı maddiyyatdan üstün tutmaq daha yaxşıdır. Çünki elə xoşbəxtliklər var ki, onları pulla almaq mümkün deyil. Mənim aləmimdə, pul insanın yaşayış şəraitini normal qaydaya salması üçün lazımdır. Pulu həddindən az və ya həddindən çox olan insanlar daim xoşbəxtdir desəm, yəqin ki, yanılaram. Əsas olan hər şeyin normal həddə olmasıdır. İnsan yalnız bu halda xoşbəxt ola bilər. Canı sağlam olmayan insan üçün pul nə qədər xoşbəxtlik gətirə bilər ki?”
Şəbnəm Mehdizadə Polemika">

banner

Oxşar Xəbərlər