• cümə, 26 Aprel, 13:50
  • Baku Bakı 23°C

Praqanın dadı damağında qalan səyyah - Səyyah

21.12.18 09:30 1499
Praqanın dadı damağında qalan səyyah - Səyyah
"Əlimdə olan pulu qənaətlə xərcləyir, ancaq yola pul saxlayıram. Hətta elə olub ki, bir həftə kartofdan başqa heç nə yeməmişəm. Əvəzində, hansısa yeni ölkəni və ya şəhəri gəzib görmüşəm. Əslində, buna görə heç peşman da deyiləm. Yəqin ki, yenə olsa, eyni şeyi edə bilərəm. Çünki insan yeni ölkələri gəzdikcə, xırda problemlər istər-istəməz, geridə qalır” - bu sözləri bizimlə söhbətində gənc səyyah Azər İsmayılov söylədi. Həmsöhbətim çox oxuyanların yox, çox gəzənlərin daha məlumatlı olduğunu deyir.

- Müsahibədən öncə dediniz ki, şənbə günü işdən çıxandan sonra avtostopla səyahət edib, çadırda qaldıqdan sonra bazar günü geri qayıdırdınız. Bir istirahət günü olur, onu da belə keçirirsiniz.
- Bir yerdə dayanmağı sevən adam deyiləm. Mənim üçün belə şeylər çox normal haldır. Əvvəl çalışdığım şirkətdə 6 gün işləyirdik deyə, səyahətə vaxtım qalmırdı. Daha sonra gəzmək istəyim güc gəldi və çarəni şənbə günü işdən sonra regionlara qaçmaqda tapdım. Bunun üçün mənə lazım olan sadəcə, gecəni keçirəcəyim yeri müəyyən etmək idi. Səhərlər işə belimdə çadırım, yuxu tulumum olan çanta ilə gələndə, işdəkilər mənə gülürdü. Bazar ertəsi göl qırağındakı istirahət fotolarıma baxanda isə köks ötürərək mənə qoşulmaq istəyənlər də olurdu.


- Ümumiyyətlə, gəzməyə maraq sizdə necə yarandı?
- Orta məktəbi Ağdaş Tük Liseyində oxuyurdum və adətən, hər həftə sonunu Bakı-Ağdaş arasında keçirirdim. Hələ o zamandan yollar məni özünə çəkib və maraqlı gəlib. Xüsusi səyyah olmaq istəyim o vaxtlar yox idi. Amma elə o vaxtlarda, sinif yoldaşlarımızla ölkənin bir sıra regionlarını tez-tez gəzirdik.

- İlk səyahətinizi necə xatırlayırsınız?
- İlk səyahətim uşaq vaxtı valideynlərimlə Qəbələyə olub. Ancaq bu, tam olaraq yadımda deyil. Səyahətlərimdəki avtostop macəram isə deyəsən, 3-cü cəhddən sonra uğurlu olmuşdu.

- Nə qədər müddətdir ki, ölkələri gəzirsiniz?
- Ümumilikdə, 3 ildir, amma 2017-ci ildən bəri ardıcıl səyahət edirəm. Yəni belə demək olarsa, bu yolda hələ çox cavanam.

- Adətən, səfərləriniz daha çox turistik olur, yoxsa əksinə?
- Səyyahlar adətən iki hissəyə bölünür, turistlər və gəzəyənlər. Mən özümü ikinci qrupa aid edirəm. Çünki əsas səfərlərimi kiçik büdcə ilə çox yer görmək üzərində planlayıram. Bu zaman turistlikdən çıxıb "gəzəyən” statusuna keçirəm.

- Qeyd edibsiniz ki, Bratislavaya gedərkən bütün şəhərlə tanış olmaq üçün bir gün səhərdən axşama qədər vaxt lazımdır. Bəs digər şəhərləri gəzmək, görmək üçün bu müddət nə qədər olur?
- Bratislava elə bir şəhərdir ki, onu gəzmək üçün bir gün belə çoxdur. Hətta deyərdim ki, mənə yarım gün kifayət etmişdi. Əslində, getdiyin şəhəri tam görmək üçün lazım olan vaxt həmin şəhərin böyüklüyündən və görməli-gəzməli məkanların bir-birinə yaxınlığından asılıdır. Məsələn, Praqada bir gecə, iki gün qalsam da, bu müddət mənə bəs etmədi. Gələcəkdə o şəhərə yenidən qayıdacağımı fikirləşirəm. Çünki o şəhərə az vaxt ayırdığım üçün, necə deyərlər, Praqanın dadı damağımda qaldı. Eyni ilə, Vyananı hərtərəfli kəşf etməyə iki gecə üç gün tam bəs edir. Budapeşt üçün isə bir gecə iki gün məncə, yetərli müddətdir.

- Bloqunuzda qeyd edibsiniz ki, Vilnüs şəhəri bizim Sumqayıt kimi sakit, səssizdir. Gəzdiyiniz şəhərlərdə daha hansı məqamlar diqqətinizi çəkib?
- Vilnüsə səyahətim yanvar ayında olmuşdu. Şəhərdə havanın temperaturu mənfi 6-8 dərəcəyə qədər düşmüşdü, yollarda çox az adam var idi. Şəhərin sakit ab-havası və kiçik olması mənə Sumqayıtı xatırladırdı. Adətən, gəzib gördüyüm şəhərlərin tarixi məkanları, kilsələri və ən əsası, yüksək nöqtədən olan mənzərələr mənim əsas hədəfim olur. Praqa, Bratislava, Budapeşt, Vilnüsdə bunların üçündən də həzz almışam.

- Planlı şəkildə səyahət edirsiniz, yoxsa qəfildən çanta hazırlayanlardansınız?
- Əslində, gərək səyahətə planlı şəkildə çıxasan. Əgər viza almaq problemimiz varsa, bu, ikiqat məcburi olur. Ancaq Avropada olanda bəxtim gətirmişdi ki, belə bir problemim yox idi. Bundan faydalanaraq sadəcə, nəqliyyat biletlərimi alırdım. Adətən, biletləri ucuz olsun deyə, öncədən almağa çalışırdım. Geri qalanın isə şəhərə çatıb axarına buraxırdım. Səyahətlərim zamanı "Google Trips” kimi mobil tətbiqlərin köməyindən də istifadə edirəm. Plansız gəzənlər üçün bu tətbiqlər çox faydalıdır. Ölkədaxili səyahətlər zamanı isə səfərdən bir gün öncədən dostum Tərlanla planlaşdırırdıq. İşdən sonra çox vaxt avtostopla regionlara gedirəm.

- Sosial şəbəkədə belə bir statusunuzla rastlaşdım: "Paltara pul verəndə elə bilirəm boşuna xərcləmişəm”. Maraqlıdır, bəs səyahətlərə pul xərcləmək barəsində nə düşünürsünüz?
- Bəli, bu səyahətlər üçün də belədir. Səyahətlərimi minimum büdcələr ilə planladığım üçün pulla bağlı elə də çox problemim olmur. Səyahətlərimdə yemək-içməyim üçün minimum standartları tətbiq edirəm. Onsuz da yola çıxanda səni nəyəsə qonaq edən biriləri olur və dolayısı ilə pulun cibində qalır. Varşavada olanda bütün yemək-içməyimi orada məni qonaq edən tanışım ödəmişdi. Praqada olanda isə tur bələdçisinə bir suvenir hədiyyə etdiyim üçün məni əsl Çex pivəsinə qonaq etmişdi. Ona görə də, səyahətə çox pul xərcləmək kimi problemim olmayıb. Həmçinin, əlavə olaraq koçsörfinq kimi proqramlarla səyahət edərkən bircə avtobus biletinə ehtiyacım qalır.

- Gəzməyi hamı sevir, amma buna hər adamın imkanı çatmır. Siz səfər xərclərinizi necə qarşılayırsınız?
- Avropada olan zaman EVS proqramında idim və sadəcə "cib xərcliyi” alırdıq. Əlimdə olan pulu qənaətlə xərcləyərək ancaq yola çıxmağa pul saxlayırdım. Hətta elə olub ki, bir həftə kartofdan başqa heç nə yeməmişəm. Bunun əvəzində hansısa yeni ölkəni, şəhəri görmüşəm. Buna görə peşman da deyiləm. Yəqin ki, yenə olsa, eyni şeyi edə bilərəm. Yeni ölkələri gəzdikcə, xırda problemlər istər-istəməz, geridə qalır. Bundan başqa, mən rəqəmsal marketinq sahəsində peşəkar olduğumdan, uzaqdan görə biləcəyim sərbəst işlərim daima olur. Bu da mənim xərclərimin bir hissəsini qarşılamağa az da olsa kömək edir.

- Avtostop təcrübənizin də olduğunu qeyd etdiniz. Bir az da bu haqda danışaq. Avtostopla səyahətin hansı maraqlı və həyəcanlı tərəfləri var?
- Avtostop bizim ölkədə çox rahatdır. Çünki bizdə yolda qalana kömək etmək milli dəyərlərdən qaynaqlanır. Yolda olduğum zaman məni çaydan qarğıdalıya qədər, bir çox şeyə qonaq ediblər. Bir dəfə yolda tanış olduğum adamlarla daha sonra biznes müstəvisində ortaq fəaliyyətimiz də olub. Hətta avtostop zamanı "çadırda niyə qalırsan, gedək bizə” deyən qonaqpərvər bir dayıya da rast gəlmişəm. Bəzən yolda maşın saxlayan "həqiqətən pulun yoxdur?” sualı da verib. Onlara yalandan pulum olmadığını demirəm, pul vermək əvəzinə, yol yoldaşı olmağı təklif edirəm. Belə hallarda sürücü və maşındakılarla maksimum dialoqa girməyə çalışıram. Kimsə razılaşmayanda, demotivasiya olmadan başqa nəqliyyat vasitələrinə baxıram, bir maşın saxlamasa, digəri onsuz da saxlayacaq.
- Bu günə kimi neçə ölkədə olubsunuz?
- Hələ ki, torpağına ayağımın dəydiyi cəmi 10 ölkə var.

- Necə düşünürsünüz, azdır ya çox?
- Məncə, çox azdır. Məqsədim, maddi imkan əldə edib və vaxtımı planlayıb bu sayı 4-5 dəfəyə qədər artırmaqdır. Məncə, çox oxumaqdansa, çox gəzmək daha maraqlıdır.

- Deyirlər ki, gəzən ayağa daş dəyər. Bəs sizin başınıza ekstremal hadisələr gəlibmi?
- Bir dəfə dostumla Qəbələdə meşəlik ərazidə çadır qurduğumuz zaman gecə xoşagəlməz səslər eşidib təlaşlanmışdıq. Təcili şəkildə əşyalarımızı yığaraq daha təhlükəsiz yer seçmişdik. Başqa belə ekstremal hadisə hələ ki, olmayıb. Ümid edirəm, hər zaman belə qalar.

- Belə anlarda nə edirsiniz?
- Bu zaman gərək maksimum soyuqqanlı olmağı bacarasan. Düzgün qərar verməli, iş bölgüsü edilməlidir. Nə qədər həyəcan keçirsən, sənin əleyhinə işləyə bilər. Biz də elə tez bir zamanda iş bölgüsü edib, çadırı və digər əşyalarımızı yığdıq. Daha sonra hərəkətə başlayıb, daha yaxşı yer seçdik.

- Ümumilikdə, səyahət insanın formalaşmağına necə təsir edir?
- Səyahət insanı, riskləri gözə almağa vadar edir. Bir yandan da düşüncə üfüqünü genişlədir. Həmçinin, səyahət yeni insanlarla tanış edir, xoşagəlməz insanlarla mübarizə aparmağı öyrədir. Bunu bir dərs kimi də düşünmək olar. Hər addımında yeni bir dərsin paraqrafını oxumağa başlayırsan. Paraqraf bitəndə özün üçün bir xülasə çıxarırsan ki, mən bundan nə öyrəndim? Bu zaman gələcəkdə atacağın addımları dəfələrlə düşünmək məcburiyyətində qalmırsan və hər şeyə hazırlıqlı olursan. Yollar bitmirsə, deməli, səfərlərdən öyrənməli olduqlarımız da heç zaman bitməyəcək.

Şəbnəm Mehdizadə


banner

Oxşar Xəbərlər