Pozitivliyi həyat tərzinə çevirmək lazımdır - Gör-götür
Alpinist
kimi dağları çox sevir. Yamaclardan gətirdiyi gillə müxtəlif dulusçuluq məmulatları
hazırlayır. Peyntbol oynamaq və uzun məsafələrə velosiped sürmək hobbiləri
sırasındadır. Paraşütlə tullanma, bungee jumping və deltaplan ekstremal idman
növlərində də özünü sınamağı planlaşdırır. Deyir ki, insanın işdən əlavə fərqli
vərdişlərinin olmasının müsbət tərəfləri çoxdur, ən əsası insanın
aqressivliyinin qarşısını alır.
Müsahibimiz
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial
İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN Xidmət) sədrinin müşaviri, hüquqşünas
Nadir Adilovdur.
Qeyd edək ki, N.Adilov ölkəmizdə və xaricdə nəşr edilən 50-dən çox elmi məqalənin,
2 elmi əsərin müəllifidir. Eyni zamanda, Peyntbol Federasiyasının vitse-prezidenti,
Azərbaycan Hüquqşünasları Konfederasiyası sədrinin müavindir.
- 40 yaşınız tamam olanda mətbuatda "40 yaşlı qocadan gənclərə 40 məsləhət”
adlı yazınız yayımlandı. Söhbətə 40 yaşlı adamın özünü qoca adlandırmasından
başlayaq, yoxsa məsləhətlərdən?
- Düzü,
40 yaşımda özümü necə hiss etməyimlə bağlı çox sual verirdilər. Gəncləri inandırmaq
olmur ki, insan neçə yaşda olsa da, özünü gənclik dövründəki kimi hiss edir.
İndi özümü bir-ikinci kursdakı ampluada hiss edirəm. Ona görə də bu yazını
sosial şəbəkədə özünü gənc hesab edən hər kəs üçün yazdım. Amma belə
populyarlaşacağını gözləməzdim. Ümumiyyətlə, yaşından asılı olmayaraq bütün
dostlarıma "gənc” deyə xitab edirəm. Hansından istəyirsiniz, başlayaq.
- Yaşdan danışdınız, məsləhətlərə keçək…
- Məsləhət
yox, təcrübədən gəldiyim qənaəti gənclərlə bölüşmək deyək. Gənclik dövründə etmədiklərimiz,
etmək arzusunda olduqlarımız və s. Asan Xidmətdə gənclərlə çox ünsiyyətdə
oluram. Bizim dövrümüzlə müqayisədə indiki gənclər daha stabil, informasiya əlçatanlığı
yüksək, seçim imkanları daha çox olan bir cəmiyyətdə yaşayırlar. Biz yaşı,
dövrü müqayisələndirib məsləhət veririk. Məsələn, orda könüllü olmaqla bağlı yazmışdım.
Bütün gənclər fəaliyyətlərinə hansısa formada könüllülükdən başlasınlar. Ölkə
başçısı könüllülüyü dəstəkləyir, könüllülüyün təşviqi ilə bağlı öz
tapşırıqlarını verir. Bizim könüllü olduğumuz dövrdə bu qədər imkan yoxuydu,
könüllü kimi çalışmaq istədiyimiz qapılardan "uşaqdır” deyib, sözün yaxşı mənasında
qovurdular. Təhqir etmirdilər, amma "əl-ayağa dolaşarsan”, "işə mane olarsan”
kimi yanaşmalar olurdu. O baxımdan, gənclərin bugünkü imkanlardan yararlanması
üçün məsləhət verməli oluruq.
- 40 məsləhətin içində indiyə qədər edə bilmədiyiniz,
amma gənclərə məsləhət gördüyünüz nələr var?
- Hələ
paraşütdən tullanmaq qalıb, amma gənclərə özlərini sınamağı tövsiyə edərdim.
Fikir versəniz, görərsiniz ki, qeyd etdiklərimin çoxu idmanla bağlıdır. Gənclərimizdən
razıyam, inkişafa meyillidirlər. Amma gənclərin vətənpərvərliklə bağlı müzakirələri
isti havada kondisionerli zallarda, soyuqda isti otaqlarda etməsinin tərəfdarı
deyiləm. Bu, daha çox təbiətdə olmalıdır. Dağlıq Qarabağın coğrafi quruluşuna
baxsaq, dağlıq ərazidir. Sabah döyüş olsa, bizdən müzakirə yox, fiziki hazırlıq
tələb olunacaq. Həvəskar alpinist kimi deyim ki, dağlara çıxmaq güclü iradə istəyir,
dağa çıxanda adamın səbri, iradəsi formalaşır. Məsləhətlərin kökündə həm də sətiraltı
nəsə fikir var. At sürmək milli adət-ənənələrimizdə var, yaxud turniklə bağlı məsləhətlər
vermişdim. Bu gün heç bir gəncimiz lazım olsa vətən üçün döyüşə getməyəcəyini
deməz. Lakin gənclərin daima fiziki hazırlıqlı olması çox vacibdir. Özünü
turnikdə qaldıra bilməyən gənc, əsgər yükünü də qaldıra bilməz. O vaxt bizim edə
bilmədiklərimiz də varıydı… İnternetin olmadığı zaman idi, axtarışlarımız çətin
idi, təhsillə bağlı planları yerinə yetirə bilmirdik, kitab tapılmırdı və s.
Vaxtın bölünməsi məsələsi bir intizamdır. Gəncliyimizdə vaxtımızı boşuna
keçirdiyimizi deyə bilmərəm, amma indi baxanda görürəm ki, bəzən səmərəli
istifadə etməmişik. Bizim dövrümüzdə prosesləri sürətləndirən indiki imkanlar
yoxuydu. Müharibə şəraiti, qarışıq dövr idi, adam toparlana bilmirdi. İndi
sabit dövrdür, ən azı 4 illik bir plan qurmaq olar. Sizin "Gənclik” əlavəsində
gənclərin müsahibələrinə baxanda görürəm ki, gənclərimiz arasında hədəfləri
olanlar çoxdur.
- Vaxtı istədiyiniz kimi bölə bilirsiniz? "Vaxtım
yoxdur” deyirsinizmi heç?
- Hər
şeyə vaxt çatdırıram. İşlərimi də görürəm, dostlara da vaxt ayırıram. Amma vaxt
çatdırmadığım zamanlar da olur. "Vaxtım yoxdur” yanaşması sadəcə vaxtın düzgün
idarə edilməməsindən də irəli gəlir. Vaxt çatışmazlığının motivində tənbəllik
durur. Vaxtın bölgüsü hamının vəzifə öhdəliklərindən, gündəlik işlərindən irəli
gəlir. Vəzifələrin səndən nə tələb edirsə, onlara vaxt ayırmalısan.
- Bir tanışınızın yanında adınızı təsadüfən çəkdim,
başladı dostluğunuzdan danışmağa. Dedi uzun müddətdir əlaqəmiz yoxdur, amma
bilirəm ki, nə zaman işim düşsə, o adam mütləq kömək edəcək. Sosial şəbəkə səhifənizə
baxanda dostlarınızın çox olduğunu görürük. Bu dostları necə qazanmısınız?
-
Dostlarımın çoxu eyni vərdişləri bölüşdüyüm şəxslərdir. Eyni vərdişləri bölüşə
bilmədiyim dostlarım çox azdır. Elə dostum var, onunla dağa çıxırıq, idman
edirik, eləsi var başqa bir iş bizi ortaq nöqtəyə gətirib. Sosial şəbəkələrə gəldikdə…
Mən "ASAN”da sədrin ictimai əlaqələr üzrə müşaviriyəm. Buna görə ictimaiyyətlə
daha sıx və yaxından işləməliyəm. Buna həm vəzifə öhdəliyim, həm vətəndaş, həm
də vicdan öhdəliyi kimi baxıram. İnbox-da bütün məsələlərə çevik reaksiya verən
adamam. Vəzifə öhdəliyindən əmələ gələn ictimai münasibətlər görünür, həm də
yaxşı dostluqlar yaradır.
- Optimist insansınız. Cəmiyyətdə bu qədər aqressivik
olan dövrdə necə belə qala bilirsiniz?
-
Pozitivliyi həyat tərzinə çevirmək lazımdır. Aqressiyanın kökündə vərdişlərin
olmaması durur. Yaxın vaxtlarda bir kitabım çap olunacaq. Orda söhbət nəzəri
hissənin təcrübə ilə əlaqəsindən gedir. Gənclərin çoxu həftə sonlarını səmərəli
keçirmir. Bunun hökumətlə, dövlətlə heç bir əlaqəsi yoxdur. İstənilən insan
hansısa dağa çıxa, tennis oynaya bilər. İnsanların şəxsi, əmək vərdişləri
olmadığından bu kimi aqressivlik çoxalır. Vərdişləri olmayan insan hər gün
neqativ dolu yük daşıyır və onu boşaltmır, hər gün hamıdan hər şeydən şikayətlənir.
Mən həm də dulusçuluqla məşğulam. Adamın saatlarla vaxtını aparır. Xüsusilə
axşamlar məşğul oluram. Gil bütün mənfi emosiyanı adamdan götürür. Yaxud
velosiped sürürəm. Adam ingilis dilini öyrənmək istəyirsə, amma buna vaxt
ayırmırsa, nəticədə iş üçün müraciət edəndə İELTS imtahanından keçə bilmirsə,
aqressivləşəcək. Bunun günahını cəmiyyətdə axtaran da çoxdur. Amma halbuki
günah şəxsin özündədir. Aqressiyanın bir səbəbi də ciddi intizamsızlıqdır. Tələbələrin
həyatını götürək. Məsələn, 14-00-a qədər dərsdir, ondan sonra neyləyirlər? Söhbət
ədəbiyyat oxumaqdan getmir. Əgər o vaxt dolmursa, aqressiya başlayır, neqativ
düşüncələr baş qaldırır. Bir müsbət cəhət də var ki, əvvəllər tələbələr müəyyən
yerlərdə işləməyə çəkinirdilər, amma indi fəxrlə işlədiklərini deyirlər. Bu,
onların gələcək uğur hekayələrinin tərkib hissəsidir, eyni zamanda, aqressiyanı
aradan qaldırır. Neqativliyin, aqessiyanın səbəbləri bekarçılıqdır.
- Könüllü olmağı gənclərə məsləhət görürsünüz. Bəs
sizin könüllü fəaliyyətiniz olubmu, hazırda varmı?
- Könülü
də olmuşam, fiziki və zehni işlə də məşğul olmuşam. Birinci kursun birinci semestrindən
sonra ailədən pul almamışam. Çətinliyimə görəndə nə ailəmi, nə dövləti ittiham
etməmişəm. Hesab etmişəm ki, çörək alıb yeməliyəmsə, onu özüm qazanmalıyam.
Komfort iş yeri də axtarmamışam. İlk işim ağır olub, hətta tələbə yoldaşlarım mənə
gülürdü. Amma zamanla çalışdığım o işlər mənim indiki mövqedə olmağıma səbəb
olub.
- Harada çalışırdınız ki?
- O
dövrün bir çox həmyaşıd tələbə dostlarım kimi, daha çox gələcək hüquqşünas kimi
ixtisasıma uyğun müəssisələrdə təcrübəçi, könüllü kimi çalışmışam. Amma
qardaşımla tikintidə gecə növbəsində də işləyirdik. O da hüquq fakültəsində
oxuyurdu. Bəzən qonşuların evini təmir edib dolanışığımız, kirayə pulumuz üçün
pul çıxarıdıq. Qəzet çıxarmaq, suvaq, boya vurmaq, çörək sexində müxtəlif işlər,
bazarda yük boşaltmaq kimi bütün ağır işləri keçmişik. Onları keçən bir adam
kimi tam məsuliyyətimlə deyə bilərəm ki, bu gün uğur qazanmayan gənc günahı
başqasında axtarmasın. Hətta təhsil haqqını ödəmək imkanım olmadığı üçün dəfələrlə
universitetdən qovulmaq həddinə də çatmışam. Amma universiteti qınamamışam,
indi də universitetlə dostluq əlaqələrim var. İnsanlar məsələləri daha çox mənəvi
tərəfə bağlayanda, ummağa başlayanda aqressiya yaranır. Bir dəfə məzun gününə məni
də dəvət etmişdilər, orda tələbələrə dedim ki, bu universitetdən qovulmağa ən
şanslı tələbə mən olmuşam.
- Niyə qovulurduz?
- Təhsil
haqqımı özüm vermək, xərclərimi özüm qarşılamaq istəyirdim. Gecələr işləyirdim,
bəzən çox yorulurdum, bəzən dərslərə gecikirdim, kitab almağa pulum olmurdu,
mühazirələri götürürdüm nüsxəsini çıxarmağa pulum çatmırdı, dərslərə yaxşı
hazırlaşa bilmirdm. Və yaxud da təhsil haqqı borcuma görə smestrdən smesterə və
ya kursdan kursa keçməyim əngələ dönürdü. Yaxud elə vaxt olurdu ki, ayaqqabım
olmadığı üçün dərsdən qalırdım. Daha doğrusu, ayaqqabım olurdu, amma buna
ayaqqabı demək olarsa. Havanın günəşli vaxtında geymək olurdu, amma
qarlı-çovğunlu vaxtda bu ayaqqabı ilə dərsə gedə bilmirdim. Universitetə qədər
gedə bilərdim, amma fikirləşirdim ki, dərsdə gəzəndə yaş ayaqqabım səs edəcək.
Tələbə yoldaşlarımın hamısı imkanlı uşaqlarıydılar, ona görə də bəzən komplekslər
yaranırdı, çox gənc idim. Amma dostlarım, tələbə yoldaşlarım da bilir ki, mən
heç kəsi ittiham etməmişəm.
Könüllü
kimi əlbəttə çalışmışam. Könüllü fəaliyətimə Beynəlxalq Avrasiya Mətbuat
Fondunda başlamışam. Ordan çox insan tanıdım, çox tədbirlər etdik. Daha sonra
ictimai sektorda yavaş-yavaş müstəqil addımlarımızı atdıq. 70-ə yaxın xarici səfərdə
olmuşam, heç birində valideynlərdən pul almamışam. Bütün mümkün şansları dəyərləndirirdik.
Bu nöqtədən geriyə baxanda heç nə asan olmayıb. İşsiz vaxtlarımda işlə bağlı
yüzlərlə imtinalar almışam. Ola bilsin təcrübəm qane etməyib, ola bilsin bilik
və bacarıqlarım çatmayıb. Amma valideynlərimə "uşağın diplomu var, kompüteri də
bilir, iş tapmır” deməyə imkan da verməmişəm.
- Dağlara gedirsiniz, dulusçuluqla məşğul
olursunuz… Maraq dairənizdə başqa nələr var?
- Dağlara məni bir dostum aparmışdı.
Fürsətdən istifadə edib ona təşəkkür edirəm dağları bizə sevdirdi. Sonra mən öz
dostlarımı apardım. Yolda çoxu mənimlə dalaşırdı ki, bizi işə saldın və s. Amma
indi onlar dağlara məndən çox gedirlər. Üzürəm, tennis oynayıram, gənclər, tələbələr
üçün motivasiya və şəxsi inkişaf kitabları yazıram.
Aygün
Asimqızı