
"Hər bir əziyyət, nəticədə qiymətləndirilir" - Soydaş
Gənclik qəzeti
19 İyun 2020, 14:30
10374
Zaur Məşədiməmmədov: "Bakıda təkcə işi yox, ümumiyyətlə, ətrafımı da dəyişmək istəyirdim”
16-17 yaşından işləməyə başlayıb. Ancaq məqsədi pul qazanmaq yox,
yeni əlaqələr qurmaq, təcrübə qazanmaq, özünü inkişaf etdirmək olub. Çünki bu
yolla irəli getməyin mümkünlüyünə inanır. "Mən həmişə inanırdım ki, kiçikdən işdən başlayıb öz
üzərimdə çox çalışsam, mütləq böyük nailiyyətlər əldə edəcəyəm” deyən
müsahibimiz Böyük Britaniyada "PwC”nin (PricewaterhouseCoopers) baş ofisində biznes prosesləri və İT nəzarət şöbəsinin baş
auditoru işləyən Zaur Məşədiməmmədovdur.
- Profilinizdə ilk iş yeri olaraq "PwC”nin Azərbaycan
bölməsini qeyd edibsiniz. Bu, magistr təhsilinizi başa vurandan sonrakı dövrə düşür.
Maraqlıdır, o vaxta qədər işləməyibsiniz?
- O, mənim
ilk rəsmi iş yerim idi və bu səbəbdən belə yazmışam. "PwC”nin Azərbaycan bölməsində
işə başlayanda, 23-24 yaşım olardı. Mən isə 16-17 yaşımdan işləyirəm. 17 yaşım
tamam olmamışdı, "Super Market” nəşriyyat və qəzetində işə başladım, sonra isə
marketinqlə məşğul olan bir şirkətə keçdim. Orda fərqli məhsulların təqdimatı və
birbaşa satışı ilə məşğul idik. Magistr təhsilindən əvvəl isə Azərbaycan Beynəlxalq
Bankında təcrübə keçmişdim.
- Bu qədər tez işləməyinizin səbəbi nə idi?
- O vaxt
mənə lazım ola, özümü inkişaf etdirmək idi. Mən həmişə inanırdım ki, kiçik işdən
başlayıb öz üzərimdə çox çalışsam, mütləq böyük nailiyyətlər əldə edəcəyəm.
Çünki, hər bir əziyyət, nəticədə qiymətləndirilir. Şəxsi inkişaf məsələsi, öz
üzərində işləməyəndə, təcrübə qazanmayanda qırılır. Biznes və maliyyə
dünyasında bu, əsas məqamlardan biridir.

- Bir çox tələbənin daxilən pul qazanmaq, maliyyə cəhətdən
özünü təmin etmək istəyi olur. Sizin pul qazanmaq kimi məqsədiniz yox idi?
- Bakıda
çox gənc varlı ailədən çıxmır deyə, tələbə vaxtı ilk ağlına gələn o olur ki,
gedim işləyim, pul qazanım. Ancaq o vaxt pul qazanmağa fokuslanmırdım. O
vaxtdan pul mənim əsas məqsədim olmayıb. Maraqlı və güclü insanların ətrafında olmaq,
yeniliklər əldə etmək, öz nəzəri biliklərimi təcrübədə tətbiq etmək, yeni təcrübə
qazanmaq və s. kimi istəklərim var idi. Sonra gördüm ki, təcrübəm artdıqca, pul
qazanmaq imkanları da artır və yeni horizontlar açılır. Amma ümumilikdə, heç
vaxt pul haqqında düşünmürdüm. Təbii ki, işlədiyim üçün pul da qazanırdım və
gündəlik xərclərimi qarşılayırdım. Valideynlərim mənə həmişə dəstək idilər,
ancaq tələbə olaraq öz xərclərimi qarşılamağım valideynlərimə böyük kömək
olurdu.
- "Super Market”də hansı işi görürdünüz?
-
2007-ci ildə yeni yerli və xarici şirkətləri axtarıb nəşriyyatın jurnal və qəzetlərinə
abunə olmağa kömək olurduq. Bir dostumla birgə işləyirdik. Sonra rus və ingilis
dilini də bildiyimizi görüb, bizə müsahibə götürməyi və məqalələrin yazılmasında
köməklik etməyi təklif etdilər.
- Bakalavr təhsilini başa vurub Böyük Britaniyaya
magistratura oxumağa gedibsiniz. Ancaq sonra işləmək üçün ölkəyə qayıdıbsınız və
"PwC”nin Azərbaycan şöbəsində işə başlayıbsınız. İş tapmaq prosesi necə oldu?
Çox yerə CV göndərməli oldunuz?
- Çox
deməzdim, 3 yerə CV göndərdim. Biri "PwC”, o biri "EY”, biri də "Unibank” idi.
"EY” və "PwC” Bakıda öndə gedən audit şirkətlərdən idilər. "Unibank”da isə
riskin idarə edilməsi şöbəsinin çox təcrübəli rəhbərləri var idi. Həmin rəhbərlərlə
işləmək istədiyim üçün ora CV-mi göndərdim. Ancaq "PwC”ni istəyirdim. İş üçün
müraciət etdiyim hər bir şirkəti araşdırırdım. Və gördüm ki, "PwC” dünya üzrə
reputasiyası, qazandığı gəliri, işçilərinə münasibəti və s. cəhətdən daha yüksək
mövqedədir. Üstəlik, xidmət göstərdiyi şirkətlərin daha nəhəng olduğunu
görürdüm. "PwC”-yə CV və onlayn applikasiyanı göndərəndən bir həftə sonra
reaksiya verildi, onlayn test - suallar göndərdilər. Onu keçdim və bir həftə
sonra müsahibəyə çağırdılar. Bu müddətdə digər iki yerdən cavab gəlmirdi.
"EY”dan bir ay sonra cavab gəldi, ancaq mən "PwC”ni seçmişdim. Beləliklə,
2014-cü ildə "PwC”-də işə başladım. Qalanı isə tarixdir (gülür).

- 4 ilə yaxın çalışdıqdan sonra "PwC”-nin
Macarıstan ofisinə gedibsiniz. Bu dəyişikliyi özünüz istəyirdiniz?
- İnsan
daim özünü inkişaf etdirmək üçün çalışanda, müəyyən bir yerə gəlib çıxandan
sonra irəli getmək üçün nəyisə dəyişmək ehtiyacı hiss edir. 2017-ci ilin
oktyabrı idi, Bakıda işlərimin yaxşı getməsinə baxmayaraq, özümü komfort zonada
hiss etmirdim. Fikirləşirdim ki, nəyisə dəyişim, yeni və çətin məqsədlər
qarşıma qoyaraq onlara doğru irəliləyim. Bakıda təkcə işi yox, ümumiyyətlə, ətrafı
da dəyişmək istəyirdim. Heç nə axtarmırdım, amma belə fikirlərim var idi. Xaricdə
təhsil aldığım üçün fikirləşirdim ki, CV-mi yeniləyim xaricdə şirkətlərə göndərim.
Həmin ərəfədə belə bir xəbər aldım ki, "PwC”-nin Budapeştdəki ofisinə audit şöbəsinə
təcrübəli baş mütəxəssis axtarılır. O xəbəri oxuyanda, fikirləşdim ki, özünü
inkişaf etdirmək üçün əla imkandır. Əlaqə saxladım, videodanışıq oldu, bəyəndilər
və işə dəvət etdilər. Macarıstan ofisində "PwC”-nin Avropa və ABŞ şöbələrinin güclü
mütəxəssisləri ilə tanış olub birgə çalışırdıq.
- Sonra da Böyük Britaniyadakı ofisə keçdiniz…
- Mən
Macarıstandakı şöbəyə gedəndə, bildirildi ki, həm bu ölkədəki, həm də Böyük
Britaniyadakı şirkətlərlə işləyəcəyəm. Komandada Böyük Britaniyadan olan şəxslər
də çalışırdılar. Macarıstanda çalışdığım 2 ilə yaxın müddətdə Böyük
Britaniyadan olan şəxslərdən ölkədəki iş imkanları barəsində məlumat alırdım.
Düzdür, magistr təhsilimi Böyük Britaniyada almışdım, amma tələbə həyatı
başqadır, professional iş üçün getmək ayrı. Bristol Universitetində oxumuşdum,
orda qiymətlər fərqli idi. London isə çox bahalı şəhərdir. Qısası, yenə də dəyişmək,
inkişaf etmək haqqında fikirləşirdim. Bizim direktor Böyük Britaniya ofisinin
işçisi idi. İki il Macarıstanda çalışandan sonra Böyük Britaniyaya qayıdırdı və
komandasından yaxşıları seçib özü ilə aparırdı. Bir dəfə onunla pivə içməyə
getmişdik, mənə Böyük Britaniya ofisinə getmək təklif etdi. Fikirləşdim ki, niyə
də yox? İki ilin tamamında bunu etmək istəyirdim və o imkan qarşıma çıxmışdı.
Elə həmin ərəfədə mühasibatlıq üzrə ACCA sertifikatını əldə etdim və çoxdan
arzuladığım Böyük Britaniyaya üz tutdum.

- Belə tez-tez ölkə dəyişməklə bağlı qərar verməyiniz
göstərir ki, ailəli deyilsiniz…
-
(Gülür) Düzdür, subayam. Ailəli olan insanların tez-tez ölkə dəyişməsi heç də
asan olmur. Subay olanda, tək özünü fikirləşirsən. Ancaq tez-tez ölkə dəyişən
ailəli insanlar da tanıyıram. Ailəli olanda, belə addımlara necə yanaşacağımla
bağlı nəsə deyə bilmərəm. Ona, evlənəndə baxacağam.
- Eyni şirkətin fərqli ölkələrdəki ofisində
çalışmaq sizin o dəyişiklik tələbatınızı qarşılayırdı?
- Bəli, şirkət
eyni olsa da, ölkələrə görə iş sistemi və strukturu fərqlidir. Hansı şirkəti
audit etdiyinə, hansına konsaltinq xidməti göstərdiyinə, hansı insanlarla işlədiyinə
baxır. Məsələn, Bakıda fərqli standartlara uyğun işləyirsən deyə, iş sistemi fərqli
idi. Macarıstanda isə biz "London Stock Exchange”in ilk beşlikdə olan şirkətini
audit edəndə, təbii ki iş sistemində, işə yanaşma da fərqli təcrübələr görürsən.
- Ölkədən uzaqdasınız, ana yeməyi yoxdur. Bəs yemək
məsələsini necə həll edirsiniz?
- Bakıda
ailəmlə yaşamışam. Xaricdə necə yaşamaq barəsində magistr təhsilindən öncə heç
bir fikrim yox idi. Elə bil ki, gözübağlı gəlmişdim. Oxumaq arzum var idi və hər
şeyə hazır idim. Heç nə bişirə bilmədiyim üçün hardasa yeyəcəyimi fikirləşirdim.
Xaricdə yaşamaq təcrübəsi məndə magistratura təhsili dövründə formalaşdı. Sonra
Bakıya qayıtdım və sağ olsun valideynlər, tək yaşayan zaman üzərimə düşən məsuliyyətləri
unutmuş oldum. İşləmək üçün ölkə xaricinə getdiyimdə isə yenidən xatırlamalı
oldum. Macarıstan ofisinin üstünlüyü ondan ibarət idi ki, əgər iş çoxdursa,
axşam da saxlayırdılar, bunun üçün əlavə pul ödənilirdi, eyni zamanda yeməklə təmin
edirdilər. Yemək problemim olmurdu. Böyük Britaniya ofisində isə sistem belə
deyil.

- Yəni yeməyinizi
özünüz bişirirsiniz...
- Bəli,
özüm bişirirəm. Belə desək, nə istəsəniz, bişirə bilirəm (gülür). Qaralı
plovdan tutmuş, yarpaq dolmasına qədər hər bir yeməyi bişirməyi bacarıram.
- Əcnəbiləri
o yeməklərə qonaq edirsiniz?
- Londonda
maraqlı bir qrupumuz yaranıb. Özbək oğlan, mavritaniyalı qız, hindistanlı ər-arvad,
filippinli qız və mən. Tez-tez görüşürük, bir-birimizi qonaq edirik. Onları
paytaxt salatı və "üç bacı” dolmasına qonaq etmişəm. Yaşadığım ev ikimərtəbəlidir.
Evdə qalan digər şəxslərlə mətbəxi bölüşürük. Mən fərqli nə isə bişirəndə,
burda qalan şəxsləri də qonaq edirəm. Sonuncu dəfə yarpaq dolmasına onları
qonaq etdim, çox bəyəndilər. Nəyə görə yarpaq dolması? Biz qaldığımız evin
balaca bir bağçası var. Filippinli qız orda üzüm əkib, yarpaqları çox olduğu
üçün istifadə edə bilirik.
- Bir də "Formula 1” Qran Prisində marşal kimi çalışırsınız.
Bir az da bundan danışaq. Bu, hobbidir?
- Bəli,
2016-cı ildən bəri "Formula 1” yarışları Bakıda keçirilir. Mən isə 2016-cı ilin
əvvəlindən buna maraq göstərmişəm. Hələ Bakıda başlanmamışdan əvvəl Gəncədə və
fərqli yerlərdə bir az kiçik yarışlar keçirilirdi. Orda iştirak edirdik ki, təcrübə
yığaq. Eyni zamanda Bəhreyn, Macarıstan yarışlarında çalışmışam və bu hobbini
davam etdirirəm.
Aygün Asimqızı

Digər xəbərlər