AZE | RUS | ENG |

“Pis həkim ola bilmərəm”

“Pis həkim ola bilmərəm”
Gültap Xaliqli: “Mən gənclik dövrü görməmişəm, həyatımın o anlarını kitabxanada keçirmişəm”

Uşaqlıq illərindən arzulayıb gəldiyi sahə deyil, bir növ istiqamətləndirmə sayəsində tibbi seçib. Amma təhsil aldığı müddətdə gördüyü işi sevməyi öyrənib. Bu gün özünü tibdən başqa heç bir sahədə görmədiyini deyir. "Birbaşa predmeti insan və onun sağlamlığı olan həkimlik, zamanla mənim gözümdə böyüdü və bu sahəni daha çox sevməyə başladım” – deyən müsahibimiz Türkiyənin Ege Universitetinin tibb fakültəsində uzmanlıq təhsili alan 26 yaşlı Gültap Xaliqlidir.
- Gültap xanım, siz də bir çox qızlar kimi uşaq vaxtı "həkim olacağam” deyirdiniz?
- Yox, uşaqlıq arzum olmayıb. Jurnalist, diplomat olacağımı, ingilis dilini mükəmməl öyrənəcəyimi deyirdim. Təsadüfə inanmıram, amma həkimliyə yönəlməyim bir az təsadüf oldu. 6-cı sinifdən sonra valideynlərim liseyə imtahan verməyimi istədilər. Mən də imtahan verib qəbul oldum və 7-ci sinifdən sonra orda oxudum. Lisey kimya-biologiya təmayüllü olduğu üçün o fənlərə daha çox üstünlük verirdi. Həmin məktəbdə oxuyanların 90 faizi tibbə yönəlirdi. Məndə də kimya və biologiya mükəmməl oldu deyə, 4-cü qrupa verdim və beləliklə, həkimliyi seçdim.
 
- Yəni sevərək yönəldiyiniz sahə olmayıb?
- Tibbə qəbul olandan sonra hiss etdim ki bura tam mənim yerimdir. Özümü başqa sahədə təsəvvür edə bilmirdim.
- Tibbi sizə sevdirən nə oldu?
- Bu işin nə dərəcədə önəmli olması. Həkimliyin digər sahələrə nisbətən daha önəmli olduğunu düşünməyə başladım. Bəlkə də bu fikir başqaları üçün yanlışdır, amma mən öz sahəmlə bağlı bu cür düşünürəm. Müəllimlərimiz bizə deyirdilər ki, müəllim pisdirsə, tələbəsi savadsız olur, bənna pis olanda tikdiyi ev yaxşı alınmır, siyasətçi işini yaxşı bilməsə, idarəetmə uğurlu olmur, amma həkim pis ola bilməz. Artıq beynimə yeritmişəm ki, pis həkim ola bilmərəm. Çünki bu, bir insanın ölümünə səbəb ola bilər. Birbaşa predmeti insan və onun sağlamlığı olan həkimlik, zamanla mənim gözümdə böyüdü və bu sahəni daha çox sevməyə başladım.
Amma tibbə sevgimin yaranmasından danışanda bir müəllimim var ki, onun adını çəkməsəm olmaz. O şəxs Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında mənim kuratorum olan nefroloq Barat Yusifovdur. Onun sayəsində mən bu sahəni çox sevdim. O, mənə gördüyün işi sevməyi, insanlara təmənnasız yardım etməyi, pasientlərləə doğru şəkildə, yaxınınmış kimi davranmağı və istəyindən heç zaman vaz keçməməyi öyrətdi. Mənə çox böyük dəstək oldu. Bu yerlərə gəlib çatmağımda rolu olan böyük insanlardan biridir.
 
- Pis həkim olmamaq üçün nə edirsiniz?
- İlk istəyim güclü tibbi təhsil almaqdır. Azərbaycanda mən o təhsili görmədiyim üçün uzmanlıq təhsilini Türkiyədə almaq qərarı verdim. Azərbaycan Tibb Universitetində 6 illik tibb təhsili aldım. Sonrakı mərhələ isə 4-5 illik rezidentura dediyimiz ixtisas təhsili idi. Azərbaycanda imtahan verib onu da qazandım, bir müddət Respublika Klinik Xəstəxanasında və Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında nefroloq kimi işlədim, amma təhsildən məmnun qalmadığım üçün imtina edib, təzədən hazırlaşdım və Türkiyəni seçdim. Bunun üçün maksimum dərəcədə hazırlaşdım, birinci seçdiyim yeri qazandım və bura gəldim. Hazırda EGE Universiteti Tibb fakültəsində ginekologiya üzrə uzmanlıq təhsili alıram, həm də assistent həkim kimi universitetin klinikasında çalışıram.
- Ginekologiyanı seçməyiniz necə oldu?
- 6 illik ümumi tibbi təhsilim zamanı heç vaxt ginekologiyaya yönəlməyi fikirləşməmişdim. Kardioloq, radioloq kimi sahələr mənə daha maraqlı gəlirdi. Universiteti bitirdikdən sonra bir il İstanbul Universitetinin tibb fakültəsində təhsil aldığım müddətdə ginekologiyanı sevdim. Rezidentura imtahanı verəndə yetərli bal topladım və ginekologiyanı seçdim.
 
- Bir az da Türkiyədə uzmanlıq təhsilindən danışın. Necə prosesdir, necə öyrədirlər?
- Ginekologiya cərrahi ixtisas olduğu üçün burda iş çox ağırdır. Səhər saat 7-də işimiz başlayır, axşam 6-7 arası bitir. İki gündən bir növbədə olursan. Növbədə olmaq o deməkdir ki, səhər 7-də işə başlayırsan, növbədəsənsə, işin 6-7-də bitmir, gecə də qalırsan, səhəri gün axşam 6-7-yə işin bitərsə, evə gedirsən. Ayda 10 növbə olur. Ağırdır, amma təhsil baxımından burdan çox razıyam, hər şey edirik, bütün xəstəlikləri görürük, əməliyyatlara giririk, müayinələr aparırıq. Düzdür, mən yeniyəm, 3 aydır başlamışam, amma ixtisası tam öyrənmək üçün hər şərait var.
- Ordakı həkim-müəllimlərin öyrətmə metodları necədir?
- Türkcədə bu müəllimlərə "öğretim görevlisi” deyirlər. Bu ifadə onları çox gözəl ifadə edir. Hər mənada çox yaxşı öyrədirlər.
 
- Burdakı həkim-müəllimlərlə müqayisə edəndə, öyrətmə, yanaşma fərqi varmı?
- İstisnaları çıxmaq şərtilə fərq çoxdur. Bakıda elə müəllimlərim olub ki, həqiqətən öyrədiblər. Amma ümumi olaraq danışsaq, böyük fərq var. Türkiyədəki uzmanlıq təhsili artıq oturuşmuş bir sistemdir. Azərbaycanda isə rezidentura sistemi 7-8 ildir var, sistem hələ tam formalaşmayıb. Eyni zamanda Azərbaycanda universitetdə professorla birgə əməliyyata girmək nədir, professorun qapısının yanından keçmək belə çətin idi, amma burda professorla birgə əməliyyata girirsən, ona kömək edirsən. Burda mütəxəssislər mərhələ ilə özündən yuxarıdakına bağlıdır. Həkim uzmana, uzman dosentə, dosent professora. Mən xəstəni müalicə edəndə nə isə çətinlik çəksəm, bunu uzmana danışıram, əgər onun üçün də qaranlıq nə isə olsa, ondan yuxarıya və s. belə bir prosesdir.
 
 
- Müəllimlərin öyrətməsindən danışdınız, bəs, öyrənən tərəf olaraq necə çalışırsınız?
- Burda iş bölgüsü var və sən onları edirsən, həm də öyrənirsən. Burda sənin öyrənməmək kimi lüksün yoxdur. Sənin görəcəyin işlər var. Hər gün müəyyən qədər xəstənin hər bir məsələsi ilə sən maraqlanırsan. O baxımdan, artıq məsuliyyətin olduqca, sən də üzərində çalışmağa başlayırsan, özünü inkişaf etdirmək üçün daha çox oxuyursan, xarici ədəbiyyatlardan yenilənən məlumatları axtarırsan. Bakıda da rezident olmuşam, orda bizə xəstə vermirdilər. Bizə təyin olunan həkimin yanına özümüz məcbur gedirdik. O da bizə xəstə vermirdi, yalnız onun necə müayinə və müalicə etdiyinə baxırdıq, yazdığı resepti özümüz üçün analiz edirdik. Burda isə konkret olaraq iş gördürürlər. Bu gün tutaq ki, 30 xəstəni sən idarə etməlisən, onlarla maraqlanmalısan. Fərq budur. İş gördükcə, artıq həm də öyrənirsən, zəif tərəfin nə olursa, onların üzərində işləyirsən. Həm də Azərbaycanda sığorta olmadığı üçün xəstələr həkimə ödəniş edərək gəlirlər. Ona görə, xəstələr müayinə və müalicəsini birbaşa həkimin etməsini istəyirlər. Amma burda sığorta sistemidir, hamı xəstəxanaya gəlir, ayrı-seçkilik olmur, assistent olsan da, işləyirsən. Xəstələrə öncə sən yaxınlaşırsan, müayinə və müalicəsini edirsən.
 
- Amma həm də yenisiniz. Müayinə və müalicə zamanı bilmədiyiniz məqamlar olanda nə edirsiniz?
- Universitet xəstəxanası olduğu üçün hər bir şey uzmanın, professorun nəzarəti altında olur. Məsələn, gün ərzində iki dəfə vizit olur. Biri səhər saat 8-də, biri də 4-də. Vizit dediyimiz odur ki, hocalarla servisdə yatan bütün xəstələrə baş çəkirik, xəstələr haqqında onlara məlumat veririk. Hocaların bütün xəstələrdən məlumatı olur, bu prosesdə bizim işimizlə bağlı fikirlərini bildirirlər. Yəni biz nəzarətsiz işləmirik.
 
 
- Həkimləri soyuqqanlı adlandırırlar. Kənardan görüntü də belə olur. Bəs realda necədir?
- Mən ilk dəfə doğuşa tələbə vaxtı girmişdim. Uşaq anadan olanda ağlamağa başladım. Emosional insan olduğum üçün hisslərimi o an büruzə verdim. İndi hər gün neçə doğuş qəbul edirəm, zamanla artıq o emosionallıq keçir, soyuqqanlı olmağa başlayırsan. Amma yenə də bu, gərgin prosesdir. Kənardan xəstələrə elə görünə bilər ki, asanlıqla kəsir, tikirik. Amma o an içində hər şey sənin nəzarətin altında olmalıdır. Yanlışlıq etməmək üçün bütün məsuliyyət sənin üstündə olur, hisslərini kənara qoyub fikrini işinə yönəltməyə çalışırsan, ona görə, kənardan elə görünür. Səbəb isə bütün məsuliyyətin sənin öhdəndə olmasıdır.
 
- Tibb sahəsində peşəkar olmaq üçün çox zaman tələb olunur, həm də gənc xanımsınız. Gənclik dövrünün zövqünü ala bilirsiniz? 
- Mən gənclik dövrü görməmişəm, həyatımın o anlarını kitabxanada keçirmişəm. Universitetə qəbul olanda 18 yaşım var idi. Saat 4-də dərsdən çıxırdıq, sonra sabahkı dərslərə hazırlaşırdıq. 1-2-ci kurs çox ağır idi. Davamı da belə olub. O vaxt gün ərzində 1-2 saat dərsdən başqa nəyəsə vaxt sərf edirdiksə, Türkiyədə imtahana hazırlaşdığım dövrdə o da olmadı, günüm yatmaqdan və kitabxanada vaxt keçirməkdən ibarət olurdu. Başqa heç bir şeyə vaxt sərf etmirdim. Səhər 6-da oyanıb dərs oxuyurdum, kitabxana saat 10-da açılırdı, saat 10-da orda olurdum, axşam evə gedib yatırdım. Yaşıdlarım konsertlərdə, teatrlarda, gəzməkdə olurdu, mən kitabxanada. Bundan peşman da deyiləm. Onları indi vaxt tapıb edə bilərəm, amma o vaxt onları etsəydim, yetərli qədər çalışmasaydım, indi istədiyim işdə olmazdım, istədiyim maaşı alıb, istədiyim həyatı yaşaya bilməzdim. Müvəqqəti, çox ağır dönəm oldu, amma nəticəsi yaxşıdır. Universitet yoldaşlarımın çoxu mənim durumumda idi. Amma çəkdiyim zəhmətin bəhrəsini görürəm.
 
Aygün Asimqızı
 

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9288
GEL 1 1 Gürcüstan larisi 0.6337
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2567
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1842
CHF 1 1 İsveçrə frankı 1.6988
KWD 1 1 Küveyt dinarı 5.6004
TRY 1 1 Türkiyə lirəsi 0.311