• cümə, 29 Mart, 18:27
  • Baku Bakı 14°C

Peşəkar dənizçilər yetişdirən ocaq - Reportaj

17.05.19 14:00 4961
Peşəkar dənizçilər yetişdirən ocaq - Reportaj
Dənizçi dənizin dilini anlayan, dəniz isə dənizçinin kədərini, təkliyini alandır. Deyirlər ki, dənizçi olmaq darıxmaq sözünün sinonimidir. "Allaha əmanət ol” deyərkən, həqiqətən əmanətdir bu peşənin sahibləri... Dənizçiliyi seçənlər ayrılığı qəbul edir, dənizlərə meydan oxuyur və bəzən də böyük təhlükələrlə üz-üzə qalırlar.

Həyatını çətin və şərəfli peşəyə həsr etməyə könüllü tələbələr yetişdirən Akademiyaya üz tuturuq. Gələcəyin dənizçiləri ilə söhbətləşmək, onların tədris prosesləri ilə yaxından tanış olmaq üçün yolumuzu Azərbaycan Dövlət Dəniz Akademiyasından (ADDA) salırıq.

ADDA bölgədə dənizçi kadrlar hazırlayan yeganə ali təhsil müəssisəsidir. Burada hazırda 4 ixtisas üzrə mütəxəssislər yetişdirilir və dənizçilik ixtisasları üzrə təhsilin bütün pillələrində (bakalavriat, magistratura, doktorantura) tədris aparılır. ADDA-da 2 fakültə və 6 kafedra fəaliyyət göstərir. Akademiyada 1000-ə yaxın tələbə təhsil alır. Onların tədrisi, təlim-tərbiyəsi ilə 6 professor, 30 dosent, 47 baş müəllim və 17 assistent müəllim məşğul olur.

Digər təhsil ocaqlarından fərqli olaraq, tələbələr ADDA tərəfindən verilən səhər yeməyini yedikdən sonra dərsə başlayırlar. Saat 8-də hər kəs Akademiyanın yeməkxanasında növbəyə düzülərək, yeməklərini alır və yoldaşları ilə masaya əyləşirlər.

Akademiyada hər kəsin eyni formanı geyinməsi diqqətimizi cəlb edir. Forma tələbələrə pulsuz verilir. Onların neçənci kursda təhsil aldıqlarını isə çiyinlərindəki "paqon”larda olan xətlərin sayı ilə müəyyənləşdiririk.


"Tək ailəmiz gəmi heyətidir”

Əvvəlcə, kapitan körpüsü adlandırılan trenajora üz tuturuq. Burada hər şey dənizdə real vəziyyətdə olduğu kimi qurulub. Tələbələr kapitan körpüsündə verilmiş tapşırığa əsasən açıq dənizdə, dar keçidlərdə, məhdud görünmə və müxtəlif hidrometeoroloji şəraitlərdə gəminin idarə olunması və manevr qaydalarını öyrənirlər.
Gələcəyin kapitanları ilə söhbətləşirik.

Camal Qurbanov "Gəmi sürücülüyü” fakültəsində "Dəniz naviqasiyası mühəndisliyi” ixtisası üzrə təhsil alır. Sənətini sevir. Düşünür ki, gəmidə kapitanın məsuliyyəti çoxdur: "Hər bir peşənin çətinliyi var. Kapitanın da məsuliyyəti üstün olmalıdır. Təsəvvür edin ki, ucsuz-bucaqsız dənizdə gəmi sənin idarəçiliyində olur. Bununla yanaşı, hər hansı ölkəyə getdikdə, Azərbaycanın təmsilçisinə çevrilirsən. Bəzən aylarla dənizdə qalırıq. Təcrübə müddətində Qazaxıstana səfərə getdik. Onda anladım ki, burada olan tək ailəmiz gəmi heyətidir”.

Nurlan Şahbazov isə deyir ki, hamı dənizçilərin gəlirinin çox olduğu haqqında danışır, lakin çətinliyini düşünən yoxdur: "Dənizçilik həç şərəfli, həm də fədakar peşədir. Dənizçilər ömürlərinin yarısını dənizin ortasında tək qalırlar. Ən çətini isə ailələrimizi aylarla danışmamağa razı salmaqdır”.


"Dünyanın 170-dən çox ölkəsində tanınır”

Akademiyada tədris prosesi haqqında məlumat verən elmi işlər və beynəlxalq əlaqələr üzrə prorektor Vüqar Sadıqov deyir ki, hazırda burada 4 ixtisas üzrə mütəxəssislər yetişdirilir. Bunlar "Dəniz naviqasiyası mühəndisliyi”, "Gəmi energetik qurğularının istismarı mühəndisliyi”, "Elektrik mühəndisliyi”, "Gəmiqayırma və gəmi təmiri mühəndisliyi” ixtisaslarıdır. Bu gün Dəniz Akademiyasında təkcə ölkə gəncləri deyil, Rusiya, Türkiyə, Gürcüstan, Türkmənistan və Ukrayna vətəndaşları da təhsil alır. Diplomu dünyanın 170-dən çox ölkəsi tərəfindən tanınan Akademiya hazırda Beynəlxalq Dənizçilik Ali Məktəbləri Assosiasiyasının, Sankt-Peterburq şəhərindəki admiral S.O.Makarov adına Dövlət Dəniz və Çay Donanması Universiteti yanında fəaliyyət göstərən MDB ölkələrinin dənizçilik ali məktəblərinin Tədris-Metodiki Şurasının üzvüdür, Xəzəryanı dövlətlərin Ali Məktəbləri Assosiasiyasının fəal iştirakçısı və dünyanın 11 ölkəsinin 18 universiteti ilə ikitərəfli əməkdaşlıq edən ali təhsil müəssisəsidir. Dənizçilik sahəsində məzunlarımız öz nüfuzuna görə yaxşı mütəxəssis sayılır. Akademiyada tədrisin bütün səviyyələri üzrə təhsil öz əksini tapıb. Hazırda tədris 3 dildə aparılır. Tələbələr yataqxana, gündə iki dəfə yemək və pulsuz forma ilə təmin edilir. Məqsədimiz tələbənin dərsdən başqa qayğısının olmaması və yüksək ixtisaslı kadr hazırlamaqdır”.
"Bizdə "3” alan tələbələr xaricdə asanlıqla işə qəbul olunur”

Akademiyanın laboratoriyalarına üz tuturuq. Mühərriklər diqqətimizi çəkir. Tələbələr burada mühərrikin işə salınmasını öyrənir.

Gəmi energetik qurğuları kafedrasının müdiri Akif İsmayılov deyir ki, gəminin daxilində olan bütün qurğular bu laboratoriyadadır: "Tələbələr burada mühərrikə daxil olan hava, yanacaq sərfini hesablayırlar. Nəzəriyyədə öyrəndiklərimizi tətbiq edirik. Gəmidə olan bütün qurğular burada var. Laboratoriyada tələbələr gəmini necə işə salmağın incəliklərini öyrənirlər. Hətta gəmidə olan ehtiyat, sərfiyyat çənlərini belə laboratoriyada görmək olar”.

Otaqdan çıxarkən ayağım səndələyir. Akif müəllim gülərək deyir ki, bax, qızım, girişi, çıxışı belə eynilə gəmidəki kimidir: "Bizim Akademiyanın əsas üstünlüyü odur ki, tələbələr təhsil aldıqları dörd ilin bir ilini təcrübədə olur, kapitanlarla birlikdə səfərlərə çıxırlar. Peşəkar dənizçilər yetişdiririk. Hətta bizdə "3” alan tələbələr xarici ölkədə asanlqla işə götürülür. Buradan təcrübəsiz tələbə məzun olmur”.
Saat 13:30-dur. Nahar fasiləsidir. Biz də tələbələrə qoşulub yeməkxanaya yollanırıq. Bu gün menyuda ovduq-doğramac, makaron, çuğundur salatı, file, çoban salatı və meyvə şirələri var. Yenə növbə yaranır. Tələbələr günü müzakirə edərək yeməklərini götürüb masalarına yaxınlaşırlar. Hamı əyləşdikdən sonra söhbətimizə davam edirik.

Gəminin can damarları...
Bu dəfə gəminin can damarları sayılan mexaniklərin masasına yaxınlaşırıq.

Turqut Əzizov gələcəyin gəmi mexanikidir. Yəni gəmidə problem olarsa, dərhal mexaniklər fəaliyyətə keçirlər. Dənizçi olmaq Turqutun uşaqlıq arzusudur: "Dənizdə işləyən qohumlarım var idi. Onların maaşı, yaşayış tərzi, sosial vəziyyətləri, iş şəraiti mənə uyğun olduğuna görə, seçimimi etdim. Sənətimi sevsəm də, çətinlikləri az deyil. Təsəvvür edin, aylarla dənizin ortasında ailədən uzaq qalırsan. Bir dəfə 15 günlük təcrübədə Türkmənistan ərazisinə getdik. Nə telefonla danışa, nə də internetdən istifadə edə bilirdik. 15 gün qapalı yerdə heç kimdən xəbərimiz yox idi. Bir dəfə də gəmi suyun ortasında xarab olmuşdu. Səhərdən axşama qədər onu düzəltdik. Bu, işimizdir, öhdəsindən gəlirik.”

Zəfər Məmmədquliyev "Gəmi sürücülüyü” fakültəsinin "Gəmiqayırma və gəmi təmiri” ixtisasının 3-cü kurs tələbəsidir. O, ailəsinin ilk və tək dənizçisidir. Zəfərin Turqutdan fərqi odur ki, o, gəmini dənizdə yox, quruda təmir edir. Yəni, gəmi nasaz olduqda sahilə gətirilir və mühəndislərə təhvil verilir: "Uşaqlıqdan mühəndis olmaq istəyirdim. Dənizi isə çox sevirəm. Ailəmdə dənizçi yoxdur. Dənizçilik fədakarlıq tələb edən sahədir. Hamı gəlirinin yaxşı olmasından danışır. Amma o işin qarşılığı yoxdur, əziyyəti və məsuliyyəti çoxdur. Gəminin mühərrikində material səhv seçiləndə faciəyə səbəb ola bilər. Bunun məsuliyyətini mühəndis çəkir. Səfərə çıxanda gəmidə mexanik olur. Gəminin mexanizmləri səfərdə xarab olursa, mexanik baxır, aradan qaldırmağa çalışır. Amma aradan qalxmayanda gəmini sahilə gətirirlər və biz onu təmir edirik”.


"Dəniz cəsurları sevir”

Yeməkxanada oğlanların əyləşdiyi böyük bir masada tək xanım tələbə diqqətimizi çəkir. Mədinə Şirinova da "Gəmiqayırma və gəmi təmiri mühəndisliyi” ixtisasında oxuyan tələbədir. Deyir ki, uşaqlıqdan bu peşəyə marağı olub. O, sənətini çox sevir: "Ailəmdə dənizçi xanım yoxdur. Buna görə mənə çox adam deyib ki, qadın sənəti deyil. Amma dəniz cəsurları sevdiyi üçün mən də cəsarətlə bu peşəni seçdim və işimin öhdəsindən gələcəyəm”.

Mədinə deyir ki, sənətini sevirsənsə, onda çətinlik yoxdur. Yeganə çətinliyi qrupun tək qızı olmasıdır: "Xanımlara səslənirəm ki, cəsur olsunlar. Peşənin xanımı, kişisi yoxdur. Mən də təzə gələndə sıxılırdım. Çünki qrupda qız yox idi. Amma yavaş-yavaş alışdım. Qrup yoldaşlarımla çox yaxşı münasibətlərimiz var”.

Elvin Əhmədov Mədinənin qrup yoldaşıdır. O da gözləməyib ki, bu fakültəyə qız gələr: "Düzü, əvvəlcə gözləmirdim ki, bizim fakültədə qız olar. Əvvəllər Mədinəyə deyirdik ki, bu kişi sənətidir. Mədinə çox cəsarətli qızdır. Bizim cavabımızı verirdi və deyirdi ki, əsas nəticədir”.


Dənizçini anlamayan sevgili...

Dənizçiləri heç bir çətinlik qorxutmur. Tək narahat olduqları ayrılıq və darıxmaq hissidir. Hələ gəncsən və sevgilin varsa, yəqin ki, bu, daha çətin olur. Elvin Səttarov da sevginin qarşısında aciz qalanlardandır. O, uşaqlıqdan gələn arzusunu reallaşdırıb, atasının, dayısının sənətini davam etdirir. Lakin ayrılıq onu narahat edir: "Bizim işimiz kənardan baxan üçün adi görünür. Deyirlər ki, gəmidəsən, dənizin ortasında, mənzərəli yerlər görürsən. Burda nə var ki?! Bu peşədə olmayana izah etmək çətindir. Hələ 10 gün şəbəkə olmaması çox pis haldır. Daha çox da sevgiliyə izah etmək olmur. Xanım başa düşmək istəmir. Gülür (A.Ə). Gedəndə deyirik ki, mən gedirəm, 10 gün zəng olmayacaq. Allaha əmanət deyib gedirik. Başqa yolumuz nədir?”

Akademiyanın mətbəəsinə gedirik. Mətbəədə bütün jurnallar, imtahan biletləri, cavab kitabçalarını Akademiya özü çap edir. Günay Hüseynova burada çapçıdır: "Hətta burada müəllimlərin kitablarını da çap edirik və tələbələrə pulsuz paylanılır. Tələbə kitab çıxarmaq istəyirsə, o da əmr verildikdən sonra pulsuz çap olunur”.


"Təqaüdümdən evə də pul göndərirəm”

Məlumat üçün bildirək ki, dövlətin verdiyi təqaüddən əlavə, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) tərəfindən də əlaçı tələbələrə hər ay 100 manat əlavə təqaüd verilir. Qüdrət Şəmilzadə təqaüd alan tələblərdəndir: "Açığı, burada oxumaq iqtisadi cəhətdən çox sərfəlidir. Mən Akademiyamızın yataqxanasında qalıram. Buna görə biz heç bir ödəniş etmirik. Səhər yeməyimiz və naharımız da pulsuz verilir. Yəni, yeməyə elə də çox pulumuz çıxmır. Pulu əsasən ixtisasım üçün lazım olan əlavə dərs vəsaitlərinə, ya da avadanlığa xərcləyirəm. Demək olar ki, hər dəfə evə göndərməyə də pul çatır”.

Saat 3-də əlaçı tələbələrin rektor Heydər Əsədovla görüşü var. Onlar həyəcanla bu görüşə hazırlaşırlar. Biz də onlarla sağollaşıb "dəniz ətirli” bu məkandan ayrılırıq.

Aygün ƏZİZ





banner

Oxşar Xəbərlər