Peşəkar dənizçilər yetişdirən ocaq - Reportaj
Dənizçi dənizin dilini anlayan, dəniz isə dənizçinin
kədərini, təkliyini alandır. Deyirlər ki, dənizçi olmaq darıxmaq sözünün
sinonimidir. "Allaha əmanət ol” deyərkən, həqiqətən əmanətdir bu peşənin sahibləri...
Dənizçiliyi seçənlər ayrılığı qəbul edir, dənizlərə meydan oxuyur və bəzən də
böyük təhlükələrlə üz-üzə qalırlar.
Həyatını çətin və şərəfli peşəyə həsr etməyə
könüllü tələbələr yetişdirən Akademiyaya üz tuturuq. Gələcəyin dənizçiləri ilə
söhbətləşmək, onların tədris prosesləri ilə yaxından tanış olmaq üçün yolumuzu
Azərbaycan Dövlət Dəniz Akademiyasından (ADDA) salırıq.
ADDA bölgədə dənizçi kadrlar hazırlayan yeganə ali
təhsil müəssisəsidir. Burada hazırda 4 ixtisas üzrə mütəxəssislər yetişdirilir
və dənizçilik ixtisasları üzrə təhsilin bütün pillələrində (bakalavriat,
magistratura, doktorantura) tədris aparılır. ADDA-da 2 fakültə və 6 kafedra fəaliyyət
göstərir. Akademiyada 1000-ə yaxın tələbə təhsil alır. Onların tədrisi, təlim-tərbiyəsi
ilə 6 professor, 30 dosent, 47 baş müəllim və 17 assistent müəllim məşğul olur.
Digər təhsil ocaqlarından fərqli olaraq, tələbələr
ADDA tərəfindən verilən səhər yeməyini yedikdən sonra dərsə başlayırlar. Saat
8-də hər kəs Akademiyanın yeməkxanasında növbəyə düzülərək, yeməklərini alır və
yoldaşları ilə masaya əyləşirlər.
Akademiyada hər kəsin eyni formanı geyinməsi diqqətimizi
cəlb edir. Forma tələbələrə pulsuz verilir. Onların neçənci kursda təhsil
aldıqlarını isə çiyinlərindəki "paqon”larda olan xətlərin sayı ilə müəyyənləşdiririk.
"Tək ailəmiz
gəmi heyətidir”
Əvvəlcə, kapitan körpüsü adlandırılan trenajora üz
tuturuq. Burada hər şey dənizdə real vəziyyətdə
olduğu kimi qurulub. Tələbələr kapitan körpüsündə verilmiş tapşırığa əsasən
açıq dənizdə, dar keçidlərdə, məhdud görünmə və müxtəlif hidrometeoroloji şəraitlərdə
gəminin idarə olunması və manevr qaydalarını öyrənirlər.
Gələcəyin kapitanları ilə söhbətləşirik.
Camal
Qurbanov "Gəmi
sürücülüyü” fakültəsində "Dəniz naviqasiyası mühəndisliyi” ixtisası üzrə təhsil
alır. Sənətini sevir. Düşünür ki, gəmidə kapitanın məsuliyyəti çoxdur: "Hər bir
peşənin çətinliyi var. Kapitanın da məsuliyyəti üstün olmalıdır. Təsəvvür edin
ki, ucsuz-bucaqsız dənizdə gəmi sənin idarəçiliyində olur. Bununla yanaşı, hər
hansı ölkəyə getdikdə, Azərbaycanın təmsilçisinə çevrilirsən. Bəzən aylarla dənizdə
qalırıq. Təcrübə müddətində Qazaxıstana səfərə getdik. Onda anladım ki, burada
olan tək ailəmiz gəmi heyətidir”.
Nurlan
Şahbazov isə
deyir ki, hamı dənizçilərin gəlirinin çox olduğu haqqında danışır, lakin çətinliyini
düşünən yoxdur: "Dənizçilik həç şərəfli, həm də fədakar peşədir. Dənizçilər ömürlərinin
yarısını dənizin ortasında tək qalırlar. Ən çətini isə ailələrimizi aylarla
danışmamağa razı salmaqdır”.
"Dünyanın
170-dən çox ölkəsində tanınır”
Akademiyada tədris prosesi haqqında məlumat verən elmi işlər və beynəlxalq əlaqələr üzrə
prorektor Vüqar Sadıqov deyir ki, hazırda burada 4 ixtisas üzrə mütəxəssislər
yetişdirilir. Bunlar "Dəniz naviqasiyası mühəndisliyi”, "Gəmi energetik
qurğularının istismarı mühəndisliyi”, "Elektrik mühəndisliyi”, "Gəmiqayırma və
gəmi təmiri mühəndisliyi” ixtisaslarıdır. Bu gün Dəniz Akademiyasında təkcə ölkə
gəncləri deyil, Rusiya, Türkiyə, Gürcüstan, Türkmənistan və Ukrayna vətəndaşları
da təhsil alır. Diplomu dünyanın 170-dən çox ölkəsi tərəfindən tanınan
Akademiya hazırda Beynəlxalq Dənizçilik Ali Məktəbləri Assosiasiyasının,
Sankt-Peterburq şəhərindəki admiral S.O.Makarov adına Dövlət Dəniz və Çay
Donanması Universiteti yanında fəaliyyət göstərən MDB ölkələrinin dənizçilik
ali məktəblərinin Tədris-Metodiki Şurasının üzvüdür, Xəzəryanı dövlətlərin Ali
Məktəbləri Assosiasiyasının fəal iştirakçısı və dünyanın 11 ölkəsinin 18
universiteti ilə ikitərəfli əməkdaşlıq edən ali təhsil müəssisəsidir. Dənizçilik
sahəsində məzunlarımız öz nüfuzuna görə yaxşı mütəxəssis sayılır. Akademiyada tədrisin
bütün səviyyələri üzrə təhsil öz əksini tapıb. Hazırda tədris 3 dildə aparılır.
Tələbələr yataqxana, gündə iki dəfə yemək və pulsuz forma ilə təmin edilir. Məqsədimiz
tələbənin dərsdən başqa qayğısının olmaması və yüksək ixtisaslı kadr
hazırlamaqdır”.
"Bizdə "3” alan tələbələr xaricdə
asanlıqla işə qəbul olunur”
Akademiyanın laboratoriyalarına üz tuturuq. Mühərriklər
diqqətimizi çəkir. Tələbələr burada mühərrikin işə salınmasını öyrənir.
Gəmi
energetik qurğuları kafedrasının müdiri Akif İsmayılov deyir ki, gəminin daxilində olan bütün qurğular bu
laboratoriyadadır: "Tələbələr burada mühərrikə daxil olan hava, yanacaq sərfini
hesablayırlar. Nəzəriyyədə öyrəndiklərimizi tətbiq edirik. Gəmidə olan bütün
qurğular burada var. Laboratoriyada tələbələr gəmini necə işə salmağın incəliklərini
öyrənirlər. Hətta gəmidə olan ehtiyat, sərfiyyat çənlərini belə laboratoriyada
görmək olar”.
Otaqdan çıxarkən ayağım səndələyir. Akif müəllim
gülərək deyir ki, bax, qızım, girişi, çıxışı belə eynilə gəmidəki kimidir:
"Bizim Akademiyanın əsas üstünlüyü odur ki, tələbələr təhsil aldıqları dörd
ilin bir ilini təcrübədə olur, kapitanlarla birlikdə səfərlərə çıxırlar. Peşəkar
dənizçilər yetişdiririk. Hətta bizdə "3” alan tələbələr xarici ölkədə asanlqla işə
götürülür. Buradan təcrübəsiz tələbə məzun olmur”.
Saat 13:30-dur. Nahar fasiləsidir. Biz də tələbələrə
qoşulub yeməkxanaya yollanırıq. Bu gün menyuda ovduq-doğramac, makaron,
çuğundur salatı, file, çoban salatı və meyvə şirələri var. Yenə növbə yaranır.
Tələbələr günü müzakirə edərək yeməklərini götürüb masalarına yaxınlaşırlar.
Hamı əyləşdikdən sonra söhbətimizə davam edirik.
Gəminin can
damarları...
Bu dəfə gəminin can damarları sayılan mexaniklərin
masasına yaxınlaşırıq.
Turqut Əzizov gələcəyin gəmi mexanikidir. Yəni gəmidə problem
olarsa, dərhal mexaniklər fəaliyyətə keçirlər. Dənizçi olmaq Turqutun uşaqlıq
arzusudur: "Dənizdə işləyən qohumlarım var idi. Onların maaşı, yaşayış tərzi,
sosial vəziyyətləri, iş şəraiti mənə uyğun olduğuna görə, seçimimi etdim. Sənətimi
sevsəm də, çətinlikləri az deyil. Təsəvvür edin, aylarla dənizin ortasında ailədən
uzaq qalırsan. Bir dəfə 15 günlük təcrübədə Türkmənistan ərazisinə getdik. Nə
telefonla danışa, nə də internetdən istifadə edə bilirdik. 15 gün qapalı yerdə
heç kimdən xəbərimiz yox idi. Bir dəfə də gəmi suyun ortasında xarab olmuşdu. Səhərdən
axşama qədər onu düzəltdik. Bu, işimizdir, öhdəsindən gəlirik.”
Zəfər Məmmədquliyev "Gəmi sürücülüyü” fakültəsinin "Gəmiqayırma və gəmi
təmiri” ixtisasının 3-cü kurs tələbəsidir. O, ailəsinin ilk və tək dənizçisidir.
Zəfərin Turqutdan fərqi odur ki, o, gəmini dənizdə yox, quruda təmir edir. Yəni,
gəmi nasaz olduqda sahilə gətirilir və mühəndislərə təhvil verilir: "Uşaqlıqdan
mühəndis olmaq istəyirdim. Dənizi isə çox sevirəm. Ailəmdə dənizçi yoxdur. Dənizçilik
fədakarlıq tələb edən sahədir. Hamı gəlirinin yaxşı olmasından danışır. Amma o
işin qarşılığı yoxdur, əziyyəti və məsuliyyəti çoxdur. Gəminin mühərrikində
material səhv seçiləndə faciəyə səbəb ola bilər. Bunun məsuliyyətini mühəndis çəkir.
Səfərə çıxanda gəmidə mexanik olur. Gəminin mexanizmləri səfərdə xarab olursa,
mexanik baxır, aradan qaldırmağa çalışır. Amma aradan qalxmayanda gəmini sahilə
gətirirlər və biz onu təmir edirik”.
"Dəniz cəsurları
sevir”
Yeməkxanada oğlanların əyləşdiyi böyük bir masada tək
xanım tələbə diqqətimizi çəkir. Mədinə
Şirinova da "Gəmiqayırma və gəmi təmiri mühəndisliyi” ixtisasında oxuyan tələbədir.
Deyir ki, uşaqlıqdan bu peşəyə marağı olub. O, sənətini çox sevir: "Ailəmdə dənizçi
xanım yoxdur. Buna görə mənə çox adam deyib ki, qadın sənəti deyil. Amma dəniz
cəsurları sevdiyi üçün mən də cəsarətlə bu peşəni seçdim və işimin öhdəsindən gələcəyəm”.
Mədinə deyir ki, sənətini sevirsənsə, onda çətinlik
yoxdur. Yeganə çətinliyi qrupun tək qızı olmasıdır: "Xanımlara səslənirəm ki, cəsur
olsunlar. Peşənin xanımı, kişisi yoxdur. Mən də təzə gələndə sıxılırdım. Çünki
qrupda qız yox idi. Amma yavaş-yavaş alışdım. Qrup yoldaşlarımla çox yaxşı
münasibətlərimiz var”.
Elvin Əhmədov Mədinənin qrup yoldaşıdır. O da gözləməyib ki, bu
fakültəyə qız gələr: "Düzü, əvvəlcə gözləmirdim ki, bizim fakültədə qız olar.
Əvvəllər Mədinəyə deyirdik ki, bu kişi sənətidir. Mədinə çox cəsarətli qızdır.
Bizim cavabımızı verirdi və deyirdi ki, əsas nəticədir”.
Dənizçini
anlamayan sevgili...
Dənizçiləri heç bir çətinlik qorxutmur. Tək narahat
olduqları ayrılıq və darıxmaq hissidir. Hələ gəncsən və sevgilin varsa, yəqin
ki, bu, daha çətin olur. Elvin Səttarov da sevginin qarşısında aciz
qalanlardandır. O, uşaqlıqdan gələn arzusunu reallaşdırıb, atasının, dayısının
sənətini davam etdirir. Lakin ayrılıq onu narahat edir: "Bizim işimiz kənardan
baxan üçün adi görünür. Deyirlər ki, gəmidəsən, dənizin ortasında, mənzərəli
yerlər görürsən. Burda nə var ki?! Bu peşədə olmayana izah etmək çətindir. Hələ
10 gün şəbəkə olmaması çox pis haldır. Daha çox da sevgiliyə izah etmək olmur.
Xanım başa düşmək istəmir. Gülür (A.Ə). Gedəndə deyirik ki, mən gedirəm, 10 gün
zəng olmayacaq. Allaha əmanət deyib gedirik. Başqa yolumuz nədir?”
Akademiyanın mətbəəsinə gedirik. Mətbəədə bütün
jurnallar, imtahan biletləri, cavab kitabçalarını Akademiya özü çap edir. Günay
Hüseynova burada çapçıdır: "Hətta burada müəllimlərin kitablarını da çap edirik
və tələbələrə pulsuz paylanılır. Tələbə kitab çıxarmaq istəyirsə, o da əmr
verildikdən sonra pulsuz çap olunur”.
"Təqaüdümdən
evə də pul göndərirəm”
Məlumat üçün bildirək ki, dövlətin verdiyi təqaüddən
əlavə, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) tərəfindən də əlaçı tələbələrə
hər ay 100 manat əlavə təqaüd verilir. Qüdrət
Şəmilzadə təqaüd alan tələblərdəndir: "Açığı, burada oxumaq iqtisadi cəhətdən
çox sərfəlidir. Mən Akademiyamızın yataqxanasında qalıram. Buna görə biz heç
bir ödəniş etmirik. Səhər yeməyimiz və naharımız da pulsuz verilir. Yəni, yeməyə
elə də çox pulumuz çıxmır. Pulu əsasən ixtisasım üçün lazım olan əlavə dərs vəsaitlərinə,
ya da avadanlığa xərcləyirəm. Demək olar ki, hər dəfə evə göndərməyə də pul
çatır”.
Saat 3-də əlaçı tələbələrin rektor Heydər Əsədovla
görüşü var. Onlar həyəcanla bu görüşə hazırlaşırlar. Biz də onlarla sağollaşıb
"dəniz ətirli” bu məkandan ayrılırıq.
Aygün ƏZİZ