• cümə, 19 Aprel, 22:43
  • Baku Bakı 24°C

Paytaxt çovğuna hazırdır

08.01.15 09:56 2443
Paytaxt çovğuna hazırdır
Hər dəfə qış öz sərt üzünü göstərəndə, yağıntının miqdarı normadan çox olanda paytaxt Bakının müxtəlif ünvanlarında yaşayan vətəndaşlar bir-birindən fərqli problemlərlə qarşılaşırlar. Yolların yağış suyuna qərq olması, şaxta səbəbi ilə buz bağlaması nəqliyyatın hərəkətində bəzi problemlərə yol açır. Evlərə elektrikin verilişində fasilələr yaranması, mavi yanacağın təzyiqində azalma, su xəttində donma hallarının müşahidə olunması əlavə məişət qayğıları yaradır. Əgər nəzərə alsaq ki, hazırda da qış ayıdır, o zaman sadalanan problemlərlə yenidən qarşılaşma ehtimalı artır. Bu nigarançılığı yaradan daha bir səbəb Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin havanın temperaturunun yanvarın 7-dən 8-nə keçən gecə 1-3 dərəcə isti, gündüz 0 dərəcəyə yaxın, axşama doğru 2 dərəcəyədək şaxta olacağı barədə xəbərdarlığıdır. Bununla yanaşı, departamentin xəbərdarlığında bildirilir ki, Azərbaycanın rayonlarında yanvarın 8-də hava şəraiti yağıntılı olacaq, sulu qar, qar yağacaq, arabir intensivləşəcək, Şimal-qərb küləyi güclənəcək. Havanın temperaturunun gecə və gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, dağlarda gecə 8-13, yüksək dağlıq ərazilərdə 18-23, gündüz 2-7 dərəcə şaxta olacağı gözlənilir. Bakıda və Abşeron yarımadasında isə yanvarın 8-də, 9-u gecə və səhər saatlarında hava yağıntılı olacaq, qar yağacaq, şimal küləyi şiddətlənəcək, çovğun olacaq. Havanın temperaturu yanvarın 8-də gündüz 0 dərəcəyə yaxın, axşama doğru 2 dərəcəyədək şaxta, yanvarın 9-u gün ərzində 0 dərəcəyə yaxın, yanvarın 9-10-da gecə saatlarında 1-4 dərəcə şaxta olacaq.
Soyuğun və şaxtanın özü ilə gətirə biləcəyi problemlər, onların aradan qaldırılması üçün görülən işlər, nəzərdə tutulan əlavə tədbirlər planı barədə “Kaspi”yə açıqlama verən “Azəriqaz” İstehsalat Birliyinin (İB) ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı İbrahim Kərbəlayev ölkə ərazisindəki qeyri-sabit hava şəraitinin “Azəriqaz”ın fəaliyyətinə təsir göstərməyəcəyini söylədi. Qeyd etdi ki, istehlakçıların təbii qazla fasiləsiz və keyfiyyətli təmin edilməsi məqsədilə İB-də bütün zəruri tədbirlər görülüb və növbəli iş rejimi tətbiq olunur. Onun sözlərinə görə, Bakının və respublikanın digər rayonlarının qaz təchizatında təmir-tikinti işləri ilə əlaqədar məhdudiyyətlər olmayacaq. Həmçinin, təbii qazdan təhlükəsiz istifadə olunması və gələcəkdə baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması məqsədilə “Azəriqaz” İB tərəfindən mənzillərə texniki baxışlar davam etdirilir: “İstehsalat Birliyi mövsümə tam hazırdır. Payız-qış mövsümünə hazırlıq tədbirləri çərçivəsində qaz təsərrüfatında xeyli işlər görülüb. İstismara yararsız qaz xətləri yenisi ilə əvəzlənib, təmir-bərpa işləri sona çatdırılıb. Bir sıra kəndlərə qaz verilişi bərpa olunub. “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində hazırda da kənd və qəsəbələrin qazlaşdırılması işi davam etdirilir. Havaların isti, soyuq, yaxud şaxtalı keçməsindən asılı olmayaraq, əhalinin tələbatına uyğun təbii qazın verilişi tərəfimizdən təmin olunur. Qazın verilişinə gəlincə, qarşıdakı çovğunlu günlərdə də abonentlərin mavi yanacaqla təmin olunmasında hər hansı problem yaşanmayacaq. Qeyri-sabit hava şəraiti ilə əlaqədar İstehsalat Birliyinin 185 nömrəli qaynar xəttinin iş saatı artırılıb, 104 nömrəli qəza xidmətinin fəaliyyəti gücləndirilib. Yerli qaz istismar sahələri günün bütün saatlarında növbəlilik əsasında iş rejiminə keçib”.
“Azərenerji” Açıq tipli Səhmdar Cəmiyyətindən (ASC) isə qəzetimizə bildirildi ki, “Azərenerji” öz işini fəsillərə, aylara və ya günlərə görə qurmur, əməkdaşlar ilin, günün 24 saatı ərzində fasiləsiz şəkildə iş başında olurlar: “Bizim üçün havanın necə olmasının fərqi yoxdur. Ona görə də qış fəslinin özü ilə şaxta, çovğun gətirməsi də iş ahəngimizə hər hansı şəkildə təsir etmir. Onsuz da 24 saat ərzində gücləndirilmiş iş rejimində çalışırıq. Biz hava şəraitinə görə işimizi qurmuruq. Bütün günlərdə olduğu kimi qarşıdakı günlərdə də “Azərenerji” öz iş rejimində çalışacaq, əhalinin elektrik enerjisinə olan tələbatını yüksək səviyyədə ödəyəcək”.
“Azəristiliktəchizat” ASC-nin abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyev də təmsil etdiyi qurumun öz işlini quran zaman payız-qış mövsümünə hazırlıq görüldüyünü, hətta qışın şaxtalı keçməsi ehtimalının da nəzərə alındığını bildirdi. O, “Azəristiliktəchizat”ın noyabrın 12-dən başlayaraq qış rejimində fəaliyyət göstərdiyini, qazanxanaların normal, fasiləsiz rejimdə işlədiyini, ətraf mühitin temperaturundan asılı olaraq qazanxanalardakı temperaturun tənzimləndiyini vurğuladı: “Hazırda respublika üzrə ““Azəristiliktəchizat”ın xidmət zonasında 3500-ə yaxın yaşayış binası, bizim mənbələrdən istiliklə təmin olunan çoxsaylı məktəb, uşaq bağçası və səhiyyə müəssisələri var. Təkcə paytaxtda 162 min mənzil, 186 məktəb, 129 uşaq bağçası, 107 səhiyyə və 450-yə yaxın digər müəssisə tərəfimizdən istiliklə təmin edilir. Havaların şaxtalı keçməsi ilə əlaqədar qazanxanalardan mənzillərə və yuxarıda adıçəkilən obyektlərə ötürülən temperatur artırılacaq. Bütün əməkdaşlarımız gücləndirilmiş iş rejimində işləyəcəklər. Bizim işimiz qazdan, sudan və işıqdan asılıdır. Əgər bu təchizatlarda hər hansı problem yaşanmasa, mənzillərin, müxtəlif obyektlərin istiliklə təminində də fasilələr olmayacaq”.
“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidməti və ictimai əlaqələr şöbəsinin rəhbəri Anar Cəbrayıllı da təmsil etdiyi qurumun istənilən hadisəyə, o cümlədən yayda istiyə, qışda soyuğa tam hazır olduğunu söylədi. O, 24 saat ərzində “Azərsu”nun su və kanalizasiya qəza xidmətlərinin, qaynar xəttin fəaliyyətdə olduğunu bildirdi: “Müxtəlif mənbələrdən, o cümlədən Oğuz-Qəbələ, Kür, Ceyranbatan və Şollardan paytaxta gələn su xətlərimiz var, anbarlarımız su ilə doludur. Ona görə də hətta qışın şaxtalı keçəcəyi günlərdə də əhalinin su ilə təminatında hər hansı fasilənin yaranacağını gözləmirik. Sadəcə, havanın şaxtalı keçməsi ilə əlaqədar Suraxanı, Binəqədi, Sabunçu rayonları ərazisində, Masazır, Sulutəpə, Balaxanı, Bakı ətrafı digər kənd və qəsəbələrdəki fərdi həyət evlərində su xətlərinin donması zamanı müəyyən problemlər yarana bilər. Yaxud müəyyən ərazilərdəki su sayğaclarında donmalar zamanı su təchizatında fasilələr yarana bilər. Ona görə də əhalini əvvəlcədən bu barədə xəbərdar etmişik. Vətəndaşlardan xahiş edirik ki, su xətlərinin donmaması üçün qabaqlayıcı tədbirlər görsünlər. Bunun üçün ən optimal variant su xətlərinin azca da olsa açıq saxlanmasıdır. Belə olarsa nə su xətti, nə də su sayğacı sıradan çıxmaz, su təchizatında problemlər yaşanmaz”.
“Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev isə “Modern.az”a açıqlamasında qışa hazırlığın yay-payız aylarından başlandığını qeyd edib. Bildirib ki, 2014-2015-ci ildə payız-qış mövsümünə hazırlıq məqsədi ilə xüsusi əmr var və həmin əmirə əsasən avtomobil yollarını, yol qurğularının normal istismarını, hərəkətin təhlükəsizliyini, fasiləsizliyini təmin etmək məqsədi ilə hər bir istismar müəssisəsi tədbirlər proqramı hazırlayıb: “Birinci mərhələ üzrə oktyabrın sonunda işlərimizi başa çatdırmışıq. Yollara baxış keçirmək, 25 min kubmetrə yaxın qum, 1660 ton texniki duz, 1050-yə yaxın texnika saz vəziyyətə gətirilib, yanacaq, sürtgü materiallarının ehtiyatı yaradılıb. 24 saat ərzində sutkalıq növbə çəkən briqadalar işləyəcək. Hava şəraiti daha da kəskinləşərsə, ehtiyatlarımızı artıra bilərik. Peşəkarlığı olmayan sürücülərə də şaxtalı-qarlı hava şəraitində yola çıxmamağı məsləhət görürəm”.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov hava şəraitinin pisləşməsi ilə bağlı xəbərdarlıqdan sonra idarənin gücləndirilmiş iş rejiminə keçdiyini söyləyib. Onun sözlərinə görə, ümumiyyətlə, bayram günlərində, hava şəraitinin kəskin dəyişməsi hallarında yol polisi gücləndirilmiş iş rejimində işləyir: “Sürücülər bilməlidir ki, belə hava şəraitində sürət həddi minimuma endirilməlidir, avtomobillərin ara məsafəsi normadan artıq saxlanmalıdır. Yola çıxmazdan öncə avtomobilin əyləc sistemini saz vəziyyətə gətirmək lazımdır. Ən yaxşı halda hər kəs ictimai nəqliyyat vasitələrindən istifadəyə üstünlük versin”.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər