AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Pandemiya dönəmində qurulan biznes - Biznes

Pandemiya dönəmində qurulan biznes - Biznes

Gənclik qəzeti
22 May 2020, 12:00 2453
 
Səbuhi Səmədov: "Biznes üçün nə qədər pul lazım olduğunu yox, əldə olan məbləğə uyğun biznes növü düşünmək daha yaxşı olar”
 
Müasir biznesin tələblərinin dəyişdiyini və təhsilin burada böyük rol oynadığını deyir. İşə başlamaq üçün istək və həvəsin önəmli olduğunu düşünür. Biznes ideyası varsa, çox fikirləşməyi yox, bunu həyata keçirmək üçün dərhal addım atmağı tövsiyə edir. "Biznes” rubrikamızın budəfəki qonağı şirniyyat istehsalı və çatdırılması ilə məşğul olan "MySweets” şirkətinin təsisçisi Səbuhi Səmədovdur.
 
Bildirək ki, S.Səmədov Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsini bitirib. Təhsil aldığı sahədə bir qədər fəaliyyət göstərdikdən sonra Türkiyədə biznesin idarə edilməsi və təşkili ilə bağlı təlimlərdə iştirak edib. İlk biznesi parfümeriya sahəsində olsa da, müəyyən səbəblərdən onu davam etdirməyib. Daha sonra "Baku Business Managment Center”i yaradır və hazırda da bu sahədə fəaliyyət göstərir. Lakin biznesə olan marağı onu başqa bir sahədə də özünü yoxlamağa sövq edir və beləcə, şirniyyat istehsalı və çatdırılması sahəsində biznesini qurur.  
 
- Rejissorluqdan biznesə gəlibsiniz və uzun müddətdir ki, bu sahədə fəaliyyət göstərirsiniz. Sizcə, biznesdə ali təhsil nə dərəcədə önəmlidir?
- Bu mövzuda yanaşma, zaman baxımından bir qədər fərqlidir. Məsələn, dünyaca məşhur "Virgin Group”un təsisçisi Riçard Bradsonun 6 milyarda yaxın sərvəti var, amma təhsili yoxdur. Bundan başqa, amerikalı sənayeçi Henri Ford, Stiv Cobs, Con Rokfeller, Bill Geyts, Larry Ellison və bu kimi bir çox şəxslər də ali təhsilləri olmasa da, adlarını məşhur biznesmenlərin siyahısına yazdıra biliblər. Amma dövr dəyişdikcə, fikirlər, yanaşmalar da fərqli ola bilir. Adlarını sadaladıqlarım illər öncə bu sahədə uğur qazanıblar, müasir biznesi isə təhsilsiz təsəvvür etmək çətindir.
 

 
- Stiv Cobsdan, Henri Forddan misal çəkdiniz. Bəs, yerli biznes adamlarından kimi izləyirsiniz?
- Bizneslə məşğul olan zaman mentorun olmağı yaxşıdır. Yəni ondan nələrsə öyrənmək və bunu öz işində tətbiq etmək lazımdır. İzlədiyim, hörmət etdiyim biznes adamları çoxdur, indi birinin adını çəkib, digərini unutsam, məndən inciyərlər. Amma bir nəfər var ki, onun adını mütləq qeyd etməliyəm. Bu, "Logix”in icraçı direktoru Sakit Səmədovdur. Sakit müəllimin bizneslə bağlı fikirləri, işlərimdə çox kömək olur.  
 
- Maraqlıdır, biznesdə ilk addımlarınızı necə xatırlayırsınız və üç müxtəlif sahədə biznes qurmağın çətinlikləri nələrdir?
- Asan iş yoxdur, bütün sahələrdə müəyyən çətinliklər olur. İşçilərin seçilməsi, qiymət cədvəlinin hazırlanması, bazarın və rəqiblərin araşdırılması biznesə başlayarkən diqqət yetirməli olduğumuz ilk məqamlardandır. Həmçinin maliyyə resurslarının düzgün idarə edilməsi də vacib nüanslardandır. Biz bütün bunlar tamam olduqdan sonra işə başladıq və çatışmayan cəhətlərimizi də zamanla düzəltdik. Fərqli sahələrdə biznes qurmağa gəlincə, istənilən sahədə iş qurmaq üçün istək və həvəs olmalıdır. Məcburi olaraq heç nə əldə etmək olmaz. Sahələr müxtəlif olduğu üçün iş prinsipləri, seçdiyiniz işçilər, satış etdiyiniz müştərilər və o müştərilərlə qurulan ünsiyyət də fərqli olur. Yəni ətir alan müştəri ilə qurduğumuz ünsiyyət, şirniyyat alan müştəri ilə eyni olmur. Başlayacağın biznes sahəsini yaxşı araşdırmalı, onu hərtərəfli öyrənməlisən.
 
- Qeyd edirsiniz ki, istənilən işi qurmaq üçün istək və həvəs olmalıdır. Bu gün bir çox gəncimizdə biznes ideyası, istək və həvəs var. Amma nədənsə, bunu reallaşdıra bilmir. Sizcə, səbəb nədir?
- Mən özüm də  hələ gəncəm (gülür) və nələrisə öyrənirəm. Belə bir deyim var: "Karvan yolda düzələr”. Yəni işə başlamaq lazımdır, qalan məsələlər zamanla düzəlir. Məncə, gənclər ideyalarını həyata keçirmək üçün çox fikirləşirlər. "Maliyyəni haradan tapım, ofisi necə kirayələyim, işçini necə yığım” və s. suallar ətrafında baş sındırdıqca ideyalarını reallaşdıra bilməyəcəklər. Bu kimi nüansları düşündükləri müddətdə kimlərsə gəlib onları qabaqlayacaq. Ona görə, başlamaq üçün hər şəraitin ideal olmağını gözləməsinlər. İlkin addımı atsınlar, zamanla hamısı öz yoluna düşəcək. 
 

 
- Əslində, yaxşı məqama toxundunuz. "Maliyyəni hardan tapım” sualından başqa "biznes qurmaq üçün nə qədər maliyyə lazımdır” sualı da gəncləri düşündürür.
- Bu göstərici biznesdən biznesə dəyişir. Böyük biznes qurmaq istəyirsinizsə, növündən asılı olaraq ilkin kapitalın həcmi dəyişir. Biznes üçün nə qədər pul lazım olduğunu yox, əldə olan məbləğə uyğun biznes növü düşünmək daha yaxşı olar.
 
- Bəzən isə biznesin qurulmasında yox, onun idarə olunmasında ciddi problemlər yaşanır və həmin biznes çox keçmir ki, batır.
- İdarəetməni düzgün aparmaq üçün gördüyün işi yaxşı bilməlisən və sevməlisən, həmçinin planlaman olmalıdır. Komanda şəklində işləməyi bacarmalı, hədəfləri doğru müəyyənləşdirməlisən. Dəyərli müəllim Sakit Səmədovun gözəl sözü var: "Standartlaşma, sistemləşmə və markalaşma - bu 3 ünsür şirkətlərin idarə olunmasında, formalaşmasında böyük rol oynayır”. Şirkəti idarə etmək insanlarla münasibətdə olmaq deməkdir. O insanlarla ki, müxtəlif zövqləri, vərdişləri, maraqları və öz şəxsi məqsədləri var. İlk olaraq həmin adamlarda şirkətin uğur qazanmasına maraq oyatmaq lazımdır. Elə etmək lazımdır ki, onlar şirkətə bağlı olsunlar və mümkün qədər xeyir gətirsinlər.
 
- Gələk əsas məsələyə, bir az da indiki biznesinizdən danışaq.
- Uzun illərdir ki, qida sahəsində çalışdığımdan, artıq bu sektorda öz markamı yaratmaq istəyirdim. İllərin qazandırdığı təcrübə də böyük kömək oldu. Yəni müştərinin nə istədiyini, tələbatını yaxşı bilirdim və mövcud şəraitdən istifadə edib bu sahədə biznesimi qurdum.
 

 
- Mövcud şəraitdə, yəni pandemiyanın bütün bizneslərə ziyan vurduğu vaxtda, siz necə risk edib yeni biznesə başladınız? 
- Hər kəsin bildiyi kimi, pandemiya dövründə biznesin bütün sahələrində boşluq yarandı və böyük şirkətlərin satışı dayandı. Böhranı həmişə fürsətə çevirmək mümkündür (gülür) və bu böhran dönəmində böyük şirkətlərin manevr etmək imkanları zəif olur. Tez bir zamanda sistemlərini dəyişib yeniliklərlə ayaqlaşa bilmirlər. Beləcə, bazarda müəyyən bir pay itkisi olur və bunu ya hazırda fəaliyyət göstərən xırda, ya da bazara yeni daxil olan şirkətlər əldə etmək istəyirlər. Bunu bir misal üzərindən də izah edə bilərəm. Məsələn, karantin günlərində tanıdığımız hansısa şirniyyat markası fəaliyyətini dayandırdı. Nəticə etibarilə insanların şirniyyat tələbatını ödəyəcək yeni markaya ehtiyac olur. Hansı ki, istehsalla birlikdə çatdırılmanı da həyata keçirir. Bütün bunları nəzərə alaraq həm istehsal, həm də pulsuz çatdırma edən bir şirniyyat brendi yaratdıq.
 
- Yeni yaranan bir biznesin markalaşmağı üçün hansı addımlar atılmalıdır?
- İlk olaraq düzgün ad seçimi edilməlidir. Qısa, hər kəs üçün aydın və yadda qalan olmalıdır. Adla bağlı dünya təcrübəsindən də maraqlı bir faktı bölüşmək istəyirəm. "Mars”, "Snikers”, "Tviks”, "Nestle” kimi hamının sevərək yediyi bu şirniyyatlarda, fikir veribsinizsə, "S” hərfi istifadə edilib. Bu hərfdə insanları cəzbetmə qüvvəsi var. Ona görə, biz də ad seçimi zamanı bu nüansı nəzərə aldıq və şirkətin adını "MySweets” ( mənim şirniyyatlarım) qoyduq. Bu ad ingilis dilində daha gözəl səsləndiyi və insanların diqqətini cəlb etdiyi üçün öz dilimizə tərcümə etmədik. Bundan başqa, markalaşmada şüar seçimi də önəmli faktordur. Ona görə də, hər kəsin bildiyi, demək olar ki, hər gün istifadə etdiyi "Ağzınız şirin olsun”  cümləsini markamızın şüarına çevirdik. 
 

 
- Maraqlıdır, bu biznesi qurandan sizin ağzınız şirin ola bilir?
- (Gülür) İşə yeni başladığımız üçün ağzımız hələ yava-yavaş şirin olmağa başlayıb. İlkin mərhələ üçün işimizdən, xidmətimizdən, satışımızdan razıyıq və bu istiqamətdə irəliləməyə davam edirik.
 
- Qida sektorunda, xüsusilə də şirniyyat işində çalışmaq, hər kəsin ağız dadına uyğun məhsul istehsal etmək, yəqin ki, elə də asan deyil. Bir az da işinizin çətin tərəflərindən danışaq.
- Çətinlik deməzdim, vacib məqamları nəzərdən qaçırmaq olmaz. İstehsal fəaliyyəti ilə məşğul olan hər bir şirkət fəaliyyətinin davamlılığı üçün məhsulun keyfiyyətli olmasına önəm verməli, bazarda rəqiblərini düzgün analiz etməyi bacarmalı, istehlakçıların fikirlərini dinləyib müştəri məmnuniyyətini yüksək tutmalı, yeniliyə açıq olmalıdır. Bizim üçün müştəri məmnuniyyəti ilk sırada durur, onlardan gələn xoş rəylər bizi sevindirir və daha da həvəsləndirir. Müştərilərimizin özəl günlərini diqqətdə saxlayırıq, bayramlarda ikramlarımız olur.
 
- Biznesə başlamaq istəyənlərə tövsiyəniz nələrdir?
- Dünya sürətlə dəyişir, uzun-uzadı düşünməsinlər. Dərhal işə başlasınlar. Dinamik, əzmkar və yeniliyə açıq olsunlar. Özlərini yetişdirsinlər, həyatın onları öyrətməsini gözləməsinlər. Məşğul olduqları işi sevib, bunu yaxşı etmək üçün çalışdıqda, uğura çatmaq qaçılmazdır.
 
Günel Azadə