AZE | RUS | ENG |

“Padşahın da sənətkara ehtiyacı var” – Sadə peşə adamı

“Padşahın da sənətkara ehtiyacı var” – Sadə peşə adamı
Pinəçi Elçin Verdiyev: “Sənət öyrənmək diplom almaq qədər faydalıdır”


Pinəçilik qədim peşələrdən sayılır. Əvvəllər hər küçənin tinində kiçik pinəçi dükanına rast gəlirdik. İndi isə vəziyyət dəyişib. Pinəçi tapmaq müşkül məsələyə çevrilib. Təsadüfən yolda ayaqqabısının dabanı qırılan və ya çəkməsi sökülən bir kəs bəzən onu təmir etdirmək üçün az qala bütün şəhəri gəzmək məcburiyyətində qalır. Keçmişdə nəsillərdən nəsillərə ötürülən bu sənətin gənc nümayəndələri isə barmaqla sayılacaq qədərdir.
Belə gənclərdən biri də Elçin Verdiyevdir.

“Halal pulumu qazanıram”

Yorğun, zəhmətkeş, əlləri ayaqqabı toz-torpağına bulaşmış bulaşmış gənc pinəçi adəti üzrə kiçik dükanındadır. O, piştaxtanın üzərində üst-üstə qalaqlanmış ayaqqabıları təmir edir. 33 yaşındakı müsahibimiz 15 ildir ki, bu sənətlə məşğuldur. Həmsöhbətimizin sözlərinə görə, o, pinəçilik sənətinin sirlərini rus çəkməçidən öyrənib : “Mənim heç vaxt təhsil almağa həvəsim olmayıb. Ailəmin təkidi ilə orta məktəbi 4-cü sinifə qədər oxudum. Daha sonra təhsilimi yarımçıq qoydum və məktəbdən ayrıldım. Yaşadığım Cəlilabad rayonunda Kirov deyilən bir məhəllə var. Orada rus bir kişi ayaqqabı tikirdi. Hər dəfə onun yanına gedirdim. Onun əl işlərinə baxmaq mənə zövq verirdi. O vaxtlardan pinəçilik peşəsinə həvəsim, marağım var idi. Ustadan nəsə öyrənməyə can atırdım, həmişə diqqətlə və səbirlə onun əllərinə baxırdım. Bunun nəticəsində qısa zaman içində pinəçi oldum. Ustamdan sənətimin sirlərini öyrəndikdən sonra 18 yaşımdan sərbəst işləməyə başladım. Artıq 15 ildir ki, bu sənətdən başqa heç bir işlə məşğul olmamışam. Ailəmi pinəçilikdən qazandığım gəlirlə dolandırıram. Qazancımdan da razıyam. Düzdür, tər tökürəm, əziyyət çəkirəm. Amma əsas odur ki, halal pulumu qazanıram”.

“Sənətimə sevgim ölmür”

Sənətinin vurğunu olan müsahibimiz deyir ki, əvvəllər bu sənət daha gəlirli idi və müştərisi də daha çox olurdu. Onun sözlərinə görə, 3-5 manatlıq ayaqqabılar satışa çıxdıqdan sonra müştərilərin də sayı azalıb: “Əhali ucuzluğuna görə Çin ayaqqabılarına maraq göstərir. İndi heç kimə pul verib ayaqqabı düzəltdirmək sərf etmir. Çünki xarab olan ayaqqabını düzəltdirməkdənsə, təzə ayaqqabı almaq onlara daha ucuz başa gəlir. Məsələn, bir ayaqqabının dabanını düzəltdirmək iki manata oturur. Ancaq bunun üzərinə 2-3 manat da qoyub satışdan mənşəyi bilinməyən yüz cür ayaqqabı almaq olar. Lakin insanlar başa düşmür ki, həmin ayaqqabılar dəridən hazırlanmır. Bu da insan sağlamlağına ziyandır. Üstəlik, Çin istehsalı ayaqqabılar qısa müddətdə xarab olur, sıradan çıxır. Amma onlar 2 manat verib təmir etməkdənsə, yenisini almağa üstünlük verirlər. Vəziyyət bu qədər acınacaqlı olsa da, bu hal mənim sənətimə sevgimi öldürmür”.
Usta düşünür ki, Çin istehsalı ucuz ayaqqabılar satışda olsa da, pinəçiliyə hər vaxt ehtiyac var və olacaq. Hətta o, bu sənəti yaşatmaq və gələcək nəsillərə ötürmək üçün özündən kiçik qardaşlarına da sənətin sirlərini öyrədib: “Pinəçilik hər vaxt lazım olan sənətdir. Buna görə də, öz qardaşlarıma sənətimi öyrətmişəm ki, bu sənətdə ancaq yaşlı nümayəndələr qalmasın. Gənclər də sənəti inkişaf etdirməlidir. Hər kəs ali təhsil almaq məcburiyyətində deyil. Sənət öyrənmək də diplom almaq qədər faydalıdır. Çünki sənət gələcəkdə insan üçün çörəkdir. Unutmayın, padşahın da sənətkara ehtiyacı var. Sənətin olsa, diplomun olmasa belə, çörəkpulu qazana bilərsən”.

“Pinəçinin həmişə qolları ağrıyır”

Sənətinin sirlərindən danışan həmsöhbətimiz deyir ki, bu peşə insandan səbr və zəhmət tələb edir. Onun sözlərinə görə, çox adam ayaqqabı tikə bilər, ancaq sənətkar olmaq hər adama nəsib olmur: “Pinəçilərin həmişə qolları ağrıyır. Bu, bizim peşə xəstəliyimizdir. Çünki ayaqqabı düzəltmək qollardan zəhmət, güc tələb edir. Kənardan baxanlara asan gələ bilər. Ancaq pinəçi olmaq asan iş deyil. İşini vicdanla görən pinəçilər bu gün barmaqla sayılacaq qədərdir. Mən həmişə çalışıram ki, işimi başımdan etməyim və müştərilərim məndən razı getsinlər. Müştəri məmnuniyyəti mənim üçün çox önəmlidir”.

“Pul önəmli deyil”

Nə qədər gəlir əldə etdiyinə gəldikdə isə, həmsöhbətimiz düşünür ki, pulu sevən adam sənətkar ola bilməz: “Ayaqqabıları 2 manata təmir edirəm. Çörək pulumu çıxarıram, halal zəhmətimlə ailəmi dolandıra bilirəm. Bu, mənə bəs edir. Sənətimi çox sevirəm. Pula dəyər vermirəm, əsas olan insanlıq və vicdanla işləməkdir. Peşəsini sevən adam pula əsla dəyər verməməlidir”.

Həyatımın sevinci peşəm

Elçin usta sənətinə o qədər bağlıdır ki, heç vaxt işindən yorulmur. Müsahibimiz öz peşəsini həyatının sevinci adlandırır: “18 ildir bu peşə ilə məşğulam. Demək olar, bu işlə yatır, bu işlə oyanıram. Amma heç vaxt sənətimdən bezməmişəm. Bu peşə mənim həyatım, sevincimdir. Mənim üçün pinəçilik sənətinin heç bir yorucu və çətin tərəfi yoxdur”.

“Zəhmət çəkmək lazımdır”

Başına gələn maraqlı hadisələrdən danışan müsahibimiz deyir ki, bu sənətdə diqqət çox önəmlidir. Onun sözlərinə görə, əgər ayaqqabı əlində xarab olursa, yaxud kiminsə ayaqqabısı ilə səhv düşürsə, bu zaman təzə ayaqqabı alıb müştəriyə verməlisən. Belə hadisələrdən biri də onun başına gəlib: “Yaxşı ustanın, sənətkarın həmişə müştərisi olur. Bəzən işin çox olduğu vaxtlar ayaqqabılar səhv düşür. Bir dəfə bahalı ayaqqabını təmir etmişdim. O qədər fikirli olmuşam ki, ayaqqabını başqa müştəriyə təhvil vermişəm. Müştəri də ayaqqabının bahalı olduğunu görüb etirazını bildirmədən alıb gedib. Ayaqqabının əsl sahibi malını istəyəndə çox pis vəziyyətə düşdüm. Müştərinin də xəbəri olmadan həmin ayaqqabının yenisini alıb sahibinə təhvil verdim”.
Qazancından, gəlirindən razı olduğunu söyləyən müsahibimiz sonda bildirdi ki, hər zaman Allaha şükr etmək lazımdır: “Həyatda zəhmət çəkmədən heç nəyə nail olmaq mümkün deyil. Düzgünlük və halallıqla pul qazandıqdan sonra nə işlə məşğul olmağın önəmli deyil. Əsas odur ki, Allaha şükr etməyi bacarasan”.

Aygün ƏZİZSadə peşə adamı"> Sadə peşə adamı"> Sadə peşə adamı"> Sadə peşə adamı">

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9187
GEL 1 1 Gürcüstan larisi 0.6445
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1759
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1828
CHF 1 1 İsveçrə frankı 1.691
KWD 1 1 Küveyt dinarı 5.5933
TRY 1 1 Türkiyə lirəsi 0.3217