• cümə axşamı, 28 mart, 15:04
  • Baku Bakı 16°C

“Oğlum mənə nə qədər güclü olduğumu sübut etdi” - Mənim balam

13.12.19 14:36 2416
“Oğlum mənə nə qədər güclü olduğumu sübut etdi” - Mənim balam
Natavan Gümet: Bir insana nəfəsi nə qədər qiymətlidirsə, övladım da mənim üçün o qədər dəyərlidir
Ana olduqdan sonra bir çox qadınların necə dəyişdiyinin şahidi olmuşuq. Belə ki, bir zamanlar şən, şıltaq, cəsarətli qızları ana olduqdan sonra daha kamil, hər addımına, hərəkətinə diqqət edən görmüşük. Ancaq bu hər qadına da şamil edilmir. Müsahibimiz, istedadlı aktrisa Natavan Gümet ana olduqdan sonra daha güclü olduğunu gizlətmir. O, Türkiyə vətəndaşı ilə ailə qurduqdan sonra İstanbula köçdü. Bəzən Bakıda bir çox film və serial layihələrində iştirak etsə də, bütün həyatını qardaş ölkəylə bağladı və övlad sahibi oldu. Ana olduqdan sonra isə həyatında çox şeyin dəyişdiyini və ən əsası, Natavan Gümetin özünün dəyişdiyini deyir.
Beləliklə, "Mənim balam” rubrikamızın qonağı olan aktrisa Natavan Gümet oğlu Teoman doğulduqdan sonra həyatının rəngləndiyini, indiyə qədər özü üçün yaşadığını, bundan sonra isə atdığı hər addımda oğlunu düşündüyünü söyləyir.
- Ana olduqdan sonra həyatınızda nələr dəyişdi?
- Ana olmaq, bu neməti dadmaq hər bir qadının arzusudur. Qadına inanılmaz duyğular yaşadır. Hesab edirəm ki, bu duyğuya bərabər ola biləcək ikinci bir duyğu yoxdur. Bir az böyük səslənsə də, qeyd edim ki, ana olmadan öncə həyatda yaşamadığımın fərqinə vardım. Oğlumun gəlişi ilə həyatım rəngləndi, həyata baxış bucağım dəyişdi. İlk dəfə övladımı qucağıma aldığım zaman anladım ki, həyatımda fərqli bir dönəm başlayır. O vaxta qədər özüm üçün mübarizə aparırdımsa, hər hansı addımı atanda özümü düşünürdümsə, bundan sonra övladım üçün mübarizə aparmalı, onun üçün yaşamalı idim. Bir insana nəfəsi nə qədər qiymətlidirsə, övladım da mənim üçün o qədər qiymətlidir. Oğlum məni dünyada ən şərəfli vəzifə olan ana adına layiq gördü, o mənə ana missiyası bəxş etməklə bərabər, nə qədər güclü, səbrli bir qadın olduğumu sübut etdi. O, dünyaya gəldikdən sonra anaların övladları üçün nəyə görə hər şeyi qurban verdiklərini anladım. Artıq həyatımın ikinci mərhələsindəyəm. Bu mərhələdə yanımda oğlum var. Bu dəfə daha möhkəm, daha güclü, daha qorxmaz bir qadın kimi addım atıram.

- Övladınızı ilk qucağınıza aldığınızda, bir anda böyüdüyünüzü hiss etdiniz?
- O duyğular ən zərif və dünyada tayı-bərabəri olmayan hisslərdir. Hiss edirsən ki, sən güclüsən və bu zamana qədər bunun fərqində belə olmamısan. Ana olduqdan sonra anlayırsan ki, sən artıq uşaq deyilsən. Teomanı dünyaya gətirməyimdən 23 ay keçsə də, hələ də onu qucağıma aldığım o ilk günün həyəcanını yaşayıram. Bunu yaşamaq lazımdır. Yaşadığım hissin qarşısında kəlmələr yetərsizdir.
- Ailə qurduqdan sonra Türkiyəyə köçdünüz. Zaman-zaman Bakıda yeni film və seriallarda rol alsanız da, yenidən geri döndünüz. Hazırda isə yaradıcılığınızda bir durğunluq yaşanır. Bu, oğlunuzla bağlıdırmı?
- Yanvarın 5-də oğlumun 2 yaşı tamam olacaq. İndi onun ən həssas dönəmidir. Uşaqların müəyyən yaş həddi var ki, həmin dönəmdə daha çox valideyn qayğısına, nəvazişinə ehtiyac duyurlar. İndi onun həssas dönəmidir, mən də bu dönəmlərində onun yanında olmalıyam. Çalışdığım sənətin nə qədər dəyərli olduğu, canlandırdığım obrazlarla insanların həyatına necə təsir etdiyimizin də fərqindəyəm, ancaq bütün bunlardan əvvəl bir anayam. Bu vəzifəmi yerinə yetirmək məcburiyyətindəyəm. Teoman müəyyən yaş həddinə çatdıqdan sonra yenidən işimin başına dönəcəm. İndi ara-sıra kiçik həcmli layihələrdə yer alsam da, daha çox oğlumla zaman keçirməyə çalışıram. Bütün günü onunla birlikdə zaman keçiririk, onunla maraqlı oyunlar oynayırıq. Teoman təkcə yatanda məni görmür.
- Uşaqların inkişafında bağçaların rolu əvəzsizdir. Oğlunuzu nə üçün bağçaya qoymursunuz?
- Burda sistem bir az fərqlidir. Belə ki, İstanbulda uşaqları 3 yaşından tez dövlət bağçasına qəbul etmirlər. Hətta sizə deyim ki, burda dövlət bağçasına verdiyim pul ilə Azərbaycanda övladımı özəl bağçaya da qoya bilərəm. Bütün bunları da gözə alıb, hələ ki formalaşmasına qədər özüm istədiyim şəkildə övladımı yetişdirmək istəyirəm.
- Oğlunuz, bir-birinə çox yaxın olsa da, hər halda iki fərqli mədəniyyət arasında böyüyür. Hansı dili və mədəniyyəti mənimsəməyini istəyərsiniz?
- Təəssüflər olsun ki, oğlum hələ danışmağı bacarmır. Deyirlər, oğlan uşaqları bir az gec danışır. Mən onunla nə qədər danışsam da, hələ ki heç bir xeyri yoxdur. Bizim evdə həm Azərbaycan, həm də türk dilində danışılır deyə, onun çətinlik çəkdiyini də deyənlər var. Ancaq əminəm ki, o, Azərbaycan dilində mükəmməl danışacaq. İndi hər hansı mədəniyyəti mənimsəməsi üçün hələ çox balaca olsa da, bizim milli, mənəvi dəyərlərimiz eyni olduğu üçün hər ikisini də mənimsəyəcəyini düşünürəm. Hər şeydən öncə cəmiyyət üçün yararlı vətəndaş yetişdirməyə çalışıram. Əgər Teoman cəmiyyətə yararlı şəxsiyyət kimi yetişsə, mən öz missiyamı tamamlamış olacam.
- Uşaqlığınızda yaşaya bilmədiyiniz, həsrətində olduğunuz nələri övladınızın həyatında gerçəkləşdirmək istəyərsiniz?
- Mən istəmirəm ki, oğlum mənim yaşadığım uşaqlığı yaşasın. Onun gözəl gələcəyi və xoş xatirələrlə xatırlayacağı uşaqlığının olması üçün əlimdən gələn hər şeyi edəcəm, hətta gəlməyənləri də etməyə çalışıram. Eyni zamanda, mən uşaq vaxtı necə anlayışlı, səbrli, valideynlərini çətin vəziyyətə salmayan bir uşaq olmuşamsa, ümid edirəm ki, Teoman da elə bir övlad olar.

- Oğlunuzu dədə-baba qaydası ilə tərbiyələndirirsiniz, yoxsa sizin öz tərbiyə metodikanız var?
- Atam mənə hər şeyi söhbət edərək, sözlə izah etməyə çalışırdı. Hər insan ayrı-ayrılıqda bir fərddir. Hər kəsin özünəməxsus düşüncəsi, həyata baxışı var. Mən bu metodika ilə böyümüşəmsə, o demək deyil ki, mənim övladım da həmin metodika ilə böyüməlidir. İndi dövr, zəmanə də əvvəlki deyil. Mənim uşaqlıq illərimdən bu yana çox şey dəyişib. İndi böyüyən uşaqlar da bizim kimi deyillər. Onlar daha müasir, gözüaçıq, həyata fərqli baxışları olan uşaqlardır. Bu günün uşaqlarını bizim dövrümüzdə tərbiyə edilən metodika ilə yetişdirməyin tərəfdarı deyiləm. Hər valideynin də öz yanaşma tərzi və düşüncəsi var. Mən oğlumu öz tərbiyə metodikama görə böyütməyə çalışıram. Düzdür, bəzən səbrim çatmır, səsimi yüksəldirəm və o anda özümü ələ almağa çalışıram. Oğlumla dost olmağa çalışacam, nəinki ana-övlad kimi münasibət qurmaq. Oğlumun ən yaxın dostu özüm olacam. Əgər nümunəvi övlad yetişdirmək istəyiriksə, dəyişməyə ilk növbədə özümüzdən başlamalıyıq. Bu gün mən övladıma "bunu olmaz” deyib özüm edirəmsə, sabah o uşaq əlbəttə ki, ona daha çox meyl edəcək. Ümumiyyətlə uşaqların şəxsiyyət kimi formalaşmasında valideynlərin rolu çox böyükdür.Dünyaya övlad gətirdikdə, çalışırıq ki, onu cəmiyyətimizə layiqli şəkildə yetişdirək. Mənim üçün dünyaya gətirdiyim uşağın sayı deyil, onun təhsili, savadı, tərbiyəsi daha çox önəmlidir. Cəmiyyətimizin yaxşı və ya pis olması biz valideynlərin verdiyi tərbiyədən asılıdır. Ona görə hər zaman deyirəm ki, əgər övladımız varsa, biz cəmiyyət qarşısında böyük məsuliyyət daşıyırıq. Övladlarımızı tərbiyə edərkən heç bir boşluğa yol verməməliyik. Çünki bunun nəticəsini uşaqlarımız çəkir. Valideynin məsuliyyətsizliyinin fəsadı çox böyük olur. Belə ki, uşaqlar yaxşı tərbiyə almadıqda, sabah cəmiyyət üçün bir yükə çevrilir. Tərbiyə də valideynin uşağına olan sevgisindən doğur.Əslində uşağın kökünə bağlı olması, milli dəyərlərinə sevgi bəsləməsi üçün bizim əvvəlki o sərt tərbiyə metodikasına ehtiyac yoxdur.
- Ana olduqdan sonra çox qısa zamanda əvvəlki çəkinizə və bədən quruluşunuza geri döndünüz. Bunun xüsusi səbəbi və ya pəhriz resepti varmı?
- Ana olmadan öncə 52 kilo idim. Övladımı dünyaya gətirən ərəfədə isə 84 kiloya qədər çəkim qalxmışdı. Övladımı dünyaya gətirəndən 6 ay sonra yenidən əvvəlki çəkimə geri qayıtdım və 53 kiloya endim. Heç bir pəhrizdən, dietik üsullardan, hətta idmandan da istifadə etmədim. Ümumiyyətlə pəhriz saxlamaq mənlik deyil. İndi bir az çəkim artıb, 58 kiloya qalxmışam. Arıqlamağın yolunu axtarıram.
Xəyalə Rəis




banner

Oxşar Xəbərlər