Oğlanlara uduzanda ağlayan qız - Portret
Ötən ay Azərbaycan karatesi üçün əlamətdar oldu. Belə ki, Madriddə
keçirilən dünya çempionatında təmsilçimiz İrina Zaretska bütün rəqiblərini
üstələməklə, dünya çempionu olan ilk qadın karateçimiz kimi tarixə düşdü.
Zaretskanın uğuru həm də bu baxımdan əlamətdardır ki, o, Rafael Ağayevdən sonra
DÇ-lərdə çempionluq qazanan ikinci Azərbaycan karateçisidir. Nəticələr, tatami
ustalarımızın iddiasını ortaya qoyaraq, onların 2 il sonra bu idman növünün
vətənində baş tutacaq Yay Olimpiya Oyunlarından da əliboş dönməyəcəyinə sonsuz
inam yaradır.
Yazının qəhrəmanı da sözügedən mundialın iştirakçısıdır. Gənc
karateçimiz Fəridə Əliyeva mükafatçılar sırasına düşməsə də, bunadək dəfələrlə
adından söz etdirib. Uğurlarından biri də ölkəmizin ev sahibliyi etdiyi IV
İslam Həmrəyliyi Oyunları ilə bağlıdır. O, bu mötəbər yarışda fəxri kürsünün
ikinci pilləsinə yüksəlib. Mütəxəssislər hesab edir ki, potensialı, əzmkarlığı sayəsində
gələcəkdə daha böyük nailiyyətlər qazanacaq. Qəhrəmanımızın, Tokio-2020 Yay
Olimpiya Oyunlarını buraxacağı dəqiqləşsə də, o, 2019-cu ildə Minskdə baş
tutacaq II Avropa Oyunlarında baş mükafatı hədəfləyib.
Qardaşına görə...
Əliyeva Fəridə Tariyel qızı 1997-ci ildə Bakıda dünyaya gəlib. Ziyalı
ailədə böyüyən Fəridə, məktəbə addım atdığı ilk günlərdən dərslərində aktivlik
göstərib. Yüksək zehni göstəricisi, məsuliyyəti ilə tezliklə müəllimlərin
sevimlisinə çevrilib. Ümumiyyətlə, atası hüquqşünas, anası isə riyaziyyatçı
olan Əliyeva, təhsili həmişə prioritet kimi qəbul edib. İdman belə, ali təhsil
almasına əngəl olmayıb. Belə ki, o, hazırda İqtisad Universitetinin beynəlxalq
münasibətlər ixtisasının dördüncü kurs tələbəsidir. Fəridə deyir ki, əvvəllər
idmanla məşğul olmağı ağlından keçirməyib. Karate ilə tanışlığı könülsüz olub
desək, yanılmarıq. Fəridə, valideynlərinin göstərişinə əsasən, qardaşına dəstək
olmaq üçün atasının dostu, millət vəkili Ülvi Quliyevə məxsus Mərkəzi Karate
Məktəbinə gedib. Lakin getdikcə həvəs güc gəlib. Üstəlik, yüksək qavrama
qabiliyyəti burada da özünü büruzə verib. Çox keçməyib ki, ölkəmizdə ən sevilən
idman növlərindən olan yapon döyüş təlimini həyat tərzinə çevirib. Doqquz
yaşından karatenin sıralarına qoşulan Əliyeva, öncə Nağı Mehdiyevin, bir il
sonra isə əməkdar məşqçi Anar Allahverdiyevin rəhbərliyi altında hazırlıq
keçib. Sonuncu, bu günədək onun şəxsi məşqçisidir.
Uğurları
Məşqlərə başlamasından çox keçmir ki, o, qardaşı Fərid ilə birgə
Bakıda təşkil olunan yeniyetmələr arasında Avropa çempionatında ölkəmizi təmsil
edir. Təcrübəsi sadəcə, ilk görüşü qələbə ilə başa vurmağa kifayət edir.
Əvəzində Fəridin "beşliy"ə düşməsi onun üçün stimul olur. "O,
bacardı, mən niyə bacarmayım?!" deyib, məşqlərə daha da ciddi yanaşır.
Tezliklə də bəhrəsini görür. Bir il sonra dünya kubokunun qalibi olur, dünya
çempionatının isə bürünc mükafatını boynundan asır. Həmin il şotokan karate
üzrə dünya çempionatında da çıxış edərək, sonda baş mükafata sahib çıxır.
2014-cü ildə isə qatıldığı yarışların hamısında fəxri kürsüdə yer alır. Əvvəlcə
Ukraynada baş tutan beynəlxalq turnirin qızıl mükafatçısı olan Əliyeva,
Xorvatiyanın ev sahibliyi etdiyi dünya kubokunda yalnız finalda məğlub olur.
Ardınca isə Ərzurumda keçirilən beynəlxalq turnirdə yenidən fəxri kürsünün ilk
pilləsində yer alır. Əliyevanın həmin il qazandığı digər iki mükafat şotokan
karate üzrə Avropa çempionatı ilə bağlıdır. Belə ki, o, şəxsi mübarizəni üçüncü
pillədə tamamlayır, komanda yarışında isə qızıl medala yiyələnir. 2015-ci ildə
Xorvatiya və İsveçrədə baş tutan beynəlxalq turnirlərin gümüş və bürünc
medallarına sahib çıxır. 2016-cı ildə Ərzurumda keçirilən turnirin qalibi olan
Fəridə, "Premyer liqa" seriyasından olan nüfuzlu "İstanbul
open" turnirinin bürünc medalını kolleksiyasına daxil edir. Növbəti il isə
İslamiadadan başqa, gənclərin dünya çempionatı və İsveçrədə baş tutan
beynəlxalq turnirdə fərqlənir. Əliyeva hər iki yarışın bürünc medalını
boynundan asır.
Bu arada, onu da qeyd edək ki, qardaşının karate karyerası qısa çəkib.
Təhsili üstün tutan Fərid, hazırda Türkiyədə magistr təhsili alır.
Avropa Oyunlarına doğru
Karate tarixdə ilk dəfə olaraq məhz Tokioda baş tutacaq dördilliyin
zirvə yarışının proqramına daxil edilib. Lakin olimpiadada çəki dərəcələrinin
sayı məhduddur. Belə ki, kumite növündə kişi və qadınlarda dünya, qitə
çempionatları və digər yarışlar 10 çəki üzrə keçirilirsə, olimpiadanın
proqramına 6 çəki dərəcəsi salınıb. Fəridənin çıxış etdiyi 68 kiloqramdan
yuxarı çəki dərəcəsində çıxış edən idmançıları, beynəlxalq turnirlərdə
lisenziya xalları toplamaqdan başqa, çəkisi 68 kiloqramadək olan komanda
yoldaşları ilə rəqabət qayğılandırır. Bizdə isə bu mübarizə artıq sona çatıb.
Çəkisi 68 kiloqrama qədər olan qadın karateçilərin dünya reytinqinin ilk
pilləsini heç kimə güzəştə getməyən dünya çempionu Zaretska, olimpiadada
iştirak məsələsini həll edib. Belədə, Əliyevanın yaxın gələcək üçün əsas hədəfi
II Avropa Oyunlarıdır. Bakıda təşkil olunan I oyunları buraxan Fəridə, öncə
lisenziya qazanmalıdır. Bunun üçün isə növbəti ilin martında İspaniyanın
Qvadalaxara şəhərində təşkil olunacaq Avropa çempionatında "beşliy"ə
düşmək lazımdır. O, nəinki lisenziya qazanacağına, Minskdə çempion olacağına da
inanır. Məşqçisinin də bu yolda ona ümidi böyükdür. Anar Allahverdiyevin
yetirməsi barədə fikirləri təqdim edirik: "İlk vaxtlardan özünü yaxşı
tərəfdən göstərib. Verilən tapşırıqları çox rahatlıqla mənimsəyib. Üstəlik,
fiziki göstəriciləri də karateyə uyğundur. Ümumiyyətlə, Fəridə istedadlı
idmançıdır. İnanıram ki, yeniyetmə və gənclərdə qazandığı uğurları, böyüklərdə
də təkrarlayacaq. Sadəcə, böyüklərin yarışında təcrübəsi azdır. Özündən
yeddi-səkkiz yaş böyük rəqibləri ilə görüşlərdə bu, özünü aşkar göstərir".
Oğlanlara yerini göstərən
qız
Əvvəllər qrupda qızlar olmadığından, oğlanlarla birgə məşq keçməli
olub. Qardaşı da daxil, bütün oğlanlarla başa-baş mübarizə aparan Fəridə, əksər
hallarda onlardan üstün olub. Məğlubiyyəti isə heç cür həzm etməyib. Bunu
faciəyə çevirən qəhrəmanımız, hətta tatamidən kənarda hönkür-hönkür ağlayıb.
Oğlanlarla döyüş təcrübəsi idmandan kənarda da onun köməyinə çatıb. Əliyeva,
ona "ilişən" əks cinsin nümayəndələrinə dəfələrlə yerini göstərib.
Deyir ki, indi sakit, təmkinli olsa da, əvvəllər çox aqressiv imiş. Bu
"qulaqburma"lar da o dönəmdən qalan xatirələrdir.
Ən yaxın rəfiqəsi - Fəridə
Əliyevanın nəinki karate və ya idman aləmində, ümumilikdə ən yaxın
rəfiqəsi Abıyeva soyadlı adaşıdır. İslam Həmrəyliyi Oyunlarının qalibi ilə
dostluğu Bakıda keçirilən Avropa çempionatından başlayıb. Bu arada, Abıyeva da
Mərkəzi Karate Məktəbinin yetirməsidir. Əliyeva deyir ki, hamı kimi, onun da
valideynləri Abıyevaya pərəstiş edib, onu daim nümunə göstəriblər.
Komandanın bələdçisi
Hamıdan fərqli olaraq, Fəridənin səfərlərdəki işi döyüşlə
məhdudlaşmır. İngilis dilini mükəmməl bilən, səfərlərdən öncə bir qayda olaraq
həmin ölkələrin coğrafiyası, mədəniyyəti barədə informasiya toplayan
qəhrəmanımız, şəhər gəzintisində bələdçi funksiyasını da yerinə yetirir.
Dediyinə görə, arada tərcüməçiləri də "çörəksiz" qoyur.
Bədii ədəbiyyatla da arası əladır. Dünya ədəbiyyatından Viktor Hüqo,
Fyodor Dostoyevski və digər nəhəng yazıçıların əsərlərini oxuyan Əliyeva, yerli
müəlliflərdən Elxan Elatlıya üstünlük verir.
Portret
Mehriban, pozitiv xüsusiyyətlərinə görə sevilən qəhrəmanımız, zahiri
gözəlliyi ilə də diqqət çəkir. Bura onun inadkarlığını da əlavə etsək, portret
cizgiləri tamamlanar. O, təhsili idmana qurban verməyən nadir gənclərdəndir.
Biliklərini inkişaf etdirib, tatamidən kənarda da vətənə layiqincə xidmət etmək
istəyir. Təqdir olunmalı məqamdır. Bununla belə, idmanla tezliklə vidalaşmaq
istəmir. "Arzularımı reallaşdırmadan karatedən getsəm, gözüm arxada
qalar" deyir. Cəmi 21 yaşı var, arzularını həyata keçirmək üçün hələ çox
zamanı olacaq. Yeri gəlmişkən, sabah onun doğum günüdür. Gənc karateçimizi
təbrik edirik!
Sahib