“O uşağa görə, yaxınlarını, bütün sərvətini itirir” - Onun film seçimi
Filmlərlə bağlı hər kəsin öz maraq dairəsi var. Kimi dram sevir, kimi
fantastika, kimi də komediya və s. Amma janrından asılı olmayaraq, çoxumuz
başqalarının məsləhət gördüyü filmlərə nəzər salırıq.Məsləhət görülürsə,
deməli, baxmağa dəyər. Bu dəfə"Autocapital-Azerbaijan”ın (Mercedes-Benz) satış və logistika şöbəsinin müdiri Rauf Şahverdiyevin məsləhət gördüyü filmləri
təqdim edirik.
Onun ilk seçimi ABŞ istehsalı olan "Döyüş
klubu” filmidir. Deyir ki, bu filmin fəlsəfəsini tam başa düşmək üçün bir
neçə dəfə izləmək lazımdır: "Film 1999-cu ildə ekranlara çıxsa da, o vaxt
uğursuz hesab edilir. İzləyicisi olmur deyə, kirayə film bazarından da
çıxarılır. Amma film, yayımından 10 il sonra şöhrət qazanır. Bunun səbəbi də
var. Belə ki, bu filmə bir dəfə baxmaqla tam şəkildə hər şeyi başa düşmək
olmur. Məsələn, mən həmin filmə hardasa 15 dəfə baxmışam. Hər dəfə baxanda yeni
nə isə görürəm. Hətta kitabını da oxumuşam. Bu film cəmiyyət, insanlar
haqqındadır. Həftə içi 9-dan 6-ya qədər işləyən və qazandıqlarını necə xərcləyən
insanların həyatı filmdə əks olunub. Orda belə bir fikir səsləndirilir: "Biz öz
əşyalarımızın nökəriyik”. Filmdəki personaj elə bilir ki, gecələr yatmır, amma
yatır. Sadəcə olaraq, yuxuya gedəndə, şizofrenik kimi olur, beyni gecə oyanır,
özü üçün bir qrup formalaşdırır, bütün film boyu adam özünü məhv etməyə
çalışır. Öz-özünə danışır, amma elə bilir ki, dostu ilə danışır. Özü özünə
deyir ki, "Özünü inkişaf etdirmək - zəiflərin taleyidir, özünü məhv etmək -
yaşamağa dəyər tək səbəbdir".
İkinci
seçimi "Oldboy” oldu. Bu film isə
Koreya istehsalıdır: "Bu kino sadə bir adam haqqındadır. Hansı ki, uşaq vaxtı
çox danışan olub. Böyüyür, ailəsi, uşağı olur, bir gün bunu oğurlayıb 15 il
balaca bir otaqda saxlayırlar. 15 il sonra otaqdan çıxarılır və ona qarşı bunu
edənləri axtarmağa başlayır. Səbəbini öyrənmək istəyir ki, onu niyə 15 il bir
otaqda saxlayıblar? Film ümumilikdə, cəmiyyət haqqındadır. Çox, artıq danışmaq,
başqalarına böhtan atıb adına söz çıxarmaqdan bəhs edir. Bir az döyüş səhnələri,
qan çoxdur, ağır kinodur, amma gözəldir”.
İngiltərə
istehsalı olan "Revolver” onun
üçüncü seçimi oldu. Film qumar oynayan, həmişə də udan bir adam haqqındadır:
"Əsasən şahmat strategiyası üzərindən çəkilib. İngiltərədə qumar oynayan, həmişə
də udan bir adam olur. Bir dəfə kazinodakı dostları buna tələ qururlar, özü də
həbs edilir. Həbsxanada sol və sağ kamerada olan şəxslərlə dostlaşır. Üzlərini
görməsə də, onlarla kağız üzərində şahmat oynamağı öyrənir. Burda udmaq,
insanları oyunda necə aldatmaq mümkün olması ilə bağlı bütün strategiyaları öyrənir.
Çıxandan sonra həbsxanadakı dostları, onun pullarını oğurlayır və o, üzünü görmədiyi
həmin adamları, onun pullarını oğurlayanları axtarır. Kazinonun sahibi ilə
görüşür, qumar oynayır. Şahmat strategiyası ilə oynayır. Çox fəlsəfi kinodur,
başa düşmək üçün gərək 3-4 dəfə baxasan. Bir dəfə baxılanda, mənasız gələ bilər”.
Komiksləri
sevən R.Şahverdiyevin növbəti məsləhət gördüyü film elə bu sıradan olan "Logan” oldu: "Komiksləri çox sevirəm.
"Logan”ın bu cəhətdən mənim üçün xüsusi yeri var. Ancaq "Logan”ın son hissəsi
dram janrında çəkilib. O bölməsi insan hissləri haqqındadır. Mövzu ata və
uşaqla bağlıdır. Öz uşağı olmayan bir kişinin başqa bir uşağı qoruması filmdə əks
olunub. O uşağa görə, yaxınlarını, bütün sərvətini itirir. Hətta ölür, ancaq
balaca uşağa heç nə olmaması üçün çalışır. Bu hissə fantastik komiks kinosu
kimi çəkilməyib”.
Onun
sonuncu seçimi Fransız filmi olan "Cafe
de Flore” oldu: "Dram janrında çəkilən bu filmin heç bir aktyoru tanınmış
deyil, ancaq çox gözəl aktyor oyunu var. Filmin musiqisi də çox gözəldir. Bu
filmə mütləq qulaqcıqla baxmaq lazımdır. Çünki həm musiqi, həm kino effektləri
tez-tez dəyişir, sol və sağ qulaqcıqdan çıxır. İnsanların həyatda öz yarlarını
tapmaları haqqındadır. Bu film göstərir ki, heç vaxt heç nə gec deyil”.
Aygün