AZE | RUS | ENG |

Novruz bayramı əvvəllər indikindən daha yaxşı keçirilirdi? – Polemika

Novruz bayramı əvvəllər indikindən daha yaxşı keçirilirdi? – Polemika
Novruz bayramı özünəməxsus adət-ənənələri ilə digər bayramlardan seçilir. Lap qədimdən bu adətləri özündə formalaşdıran Novruz bayramı həmişə xüsusi bir təmtəraqla keçirilib. Amma son dövrlər nədənsə bu bayramın əvvəlki kimi qeyd olunmadığını səsləndirənlər də var. Xüsusilə də, yaşlı nəsil indiki bayramların əvvəlkiləri əvəz etmədiyini, onların dövründəki bayram ab-havasının olmadığını deyir. Maraqlıdır, bəs gənclər bu barədə nə düşünür? Doğrudanmı, indiki bayramlar bir neçə il əvvəl keçirilənləri əvəz etmir?


"İndi o əlçatmaz hisləri yaşaya bilmirəm”

Röya Qarabağlı - jurnalist

Röya deyir ki, milli bayramımızın maraqsızlaşmasına icazə verməməliyik: "Bizim uşaqlığımızda Novruz daha təntənəli keçirilirdi. Hər çərşənbə tonqal yandırmaq üçün uşaqlarla məhlələri gəzib taxta yığırdıq. Özümü şanslı uşaqlardan sayırdım. Ən böyük şansım isə ailəmin "qızsan, sənə olmaz” təfəkküründə olmamağı idi. Özümlə birgə məhləmizdəki qızları da oğlanlarla bərabər taxta yığmağa sövq edirdim. Şəhərin mərkəzində, tramvay yolunun kənarında yaşadığımız üçün bayram daha da sevindirici olurdu. Köhnə sovet tipli məhlədə yaşayırdıq, tonqalı həyətdə qalayırdıq. Qıraqdan keçənlər də bunu görüb, gəlib tonqaldan tullanırdılar. Novruz deyəndə ilk olaraq ağlıma Azərbaycan Dövlət Televiziyası gəlir. Çünki dediyim kimi, yoldan tramvay keçirdi və AzTV içində çəkiliş etdiyi üçün hər bayram bağlı olurdu. Bilirsiniz, necə gözəl hislər yaşayırdım? İndi media sahəsində olsam da, bu, əlçatmaz hisləri yaşaya bilmirəm. Bayram çəkilişləri də sanki solub saralıb. Düşünürəm ki, bayramın təntənəliliyinin yox olması yerləşmədən asılıdır. O vaxt məhəllələr var idi. Hamı çıxıb danışır, dərdini bölüşür, mehribanlaşırdı. Uşaqlarda da birlik yaranırdı. İndi göydələnlərin sayının çoxluğundan hər kəs öz evinə qapanıb. Heç bir uşaq təşəbbüskarlıq göstərərək bu bayramı təşkil edə bilmir, insanlar inamsızlaşıblar. Milli bayramımızın maraqsızlaşmasına icazə verməməliyik. İlk olaraq bayram sevincini uşaqlara aşılamalıyıq. Məhz buna görə də qızım körpə olsa da, onu özümlə birlikdə papaq atmağa aparıram, tonqal görəndə üstündən tullandırıram. Məsələ tonqala inanıb-inanmamaqda deyil. Bayram sadəcə birləşməyə, mehriban olmağa və bir-birini tanıyıb dəstək olmağa vasitədir”.

 
"Bayram özünəməxsusluğunu qorumaqda davam edir”

Sərxan İmranov - anbar müdiri

Sərxan deyir ki, bayram özünəməxsusluğunu qoruyub saxlamaqda davam edir: "Novruz bizim qədim və sevilən bayramlarımızdandır. İndiki Novruz bayramı öz adət-ənənələri ilə nənə-babalarımızın bizə danışdıqlarından heç də geri qalmır. Biz uşaq olanda məhlədə bayramı necə qeyd edirdiksə, indiki nəsil də eyni, hətta deyərdim ki, bizlərdən də daha yaxşı keçirir. Uşaqlardan əlavə, qonşuluqda olan qadınlar, kişilər də bu adətlər üzrə bayramı qeyd edirlər. İlaxır çərşənbədə qadınlar yığışıb birlikdə Novruz falına baxırlar. Hələ keçən il mənim üçün də fala baxıb, 29 yaşımda evlənəcəyimi dedilər. Düzdür, mən fallara inanmıram, maraqlanmıram. Amma onların həmin an içlərində yaranan inam məni çox güldürmüşdü. Bu da özlüyündə bayrama daha çox rəng qatmışdı. Qonşu qadınlar birlikdə bayram hazırlıqlarını görüb şəkərbura, paxlava bişirirlər. Uşaqlar elə birinci çərşənbədən etibarən papaq atmağa başlayırlar. Məhlənin tam orta yerində böyük bir bayram tonqalı yandırırıq. Uşaq, qoca, cavan hər kəs bu tonqalın ətrafında yığışaraq qızışır, maraqlı əhvalatlar danışırlar. Bunları deməkdə məqsədim odur ki, bayram özünəməxsusluğunu qoruyub saxlamaqda davam edir. Ola bilər ki, hansısa ərazidə artıq bayram yadlaşsın. Lakin biz bunu yaşatmağa çalışırıq ki, sabah həmin məhlədə bizim də gələcəyimiz böyüyəcək. Onlar da bir sonrakı nəsli böyüdəcəklər. Ona görə bu adət-ənənələrin unudulmağına şərait yaratmırıq”.
Müsahibimiz qeyd edir ki, şəhərin bir çox yerlərində bayram ab-havası hiss olunur: "Bir məsələ də var ki, əgər Novruz bayramı əvvəlki dövrlərdəkindən fərqlənsəydi, ölkəyə bayram ərəfəsində bu qədər turist axını olmazdı. Turistlər bayramı keçirmək, necə qeyd edildiyini bilmək üçün bizim ölkəyə üz tuturlar. Bu da ölkəyə turist axınına səbəb olur. Ona görə də bu gün keçmişdəki qədər mükəmməl bir bayram keçirməyə çalışırıq və belə də davam etməliyik. Müxtəlif parklarda, əyləncə mərkəzlərində də Novruzun simvolları canlandırılır. Böyük səmənilər, paxlava, şəkərbura, qoğal, şam maketləri qoyulur. Məkanların çoxunda xalq musiqiləri səsləndirilir ki, günün aktuallığı ilə ab-hava bir-birini tarazlasın. Bu da Bakı sakinlərinin və qonaqların zövqünü oxşayır”.


"Əvvəlki bayramlardan əsər-əlamət qalmayıb”

Sevinc Babayeva - sosial media meneceri

Sevinc deyir ki, indiki uşaqlar bayramlara biganə yanaşırlar: "İndiki bayram şənliklərinin əvvəlkiləri əvəz etdiyini desəm, yalan olardı. Bizim uşaq vaxtı keçirdiyimiz bayramdan heç əsər-əlamət qalmayıb. O vaxt bayram şənlikləri daha maraqlı, əyləncəli olardı. Hətta biz məktəbdə də sinif yoldaşlarımızla birlikdə bayram şənlikləri təşkil edərdik. Kimi Keçəl, kimi Kosa, kimisi də Bahar qız olurdu. Öz aramızda səhnəciklər tərtib edib, şeir deyib, mahnı oxuyurduq. Sonra da evdə hazırlayıb gətirdiyimiz bayram xonçalarındakı şirniyyatları yeyərdik. Bildiyim qədərilə, indi məktəblərdə belə bayram şənlikləri olmur. Olsa da, bizim vaxtımızdakı kimi maraqlı təşkil edilmir. İndiki uşaqlara fikir vermişəm, belə bayramlara çox biganə yanaşırlar. Biz bayramları daha sevincli, daha ürəkdən qeyd edərdik. Amma indiki uşaqlarda o həvəs yoxdur. Hər çərşənbə məhlədəki bütün uşaqlarla odun toplayıb, axşamı səbirsizliklə gözləyərdik. Axşam tonqalımızı qalayıb başına yığışıb söhbət edərdik. Həmçinin qulaq falına çıxardıq, papaq atardıq. Bayramın marağı əslində bu kimi adət-ənənələrdədir. Lakin indi bunlara elə həvəs yoxdur. Hətta deyərdim ki, nəinki Novruz, digər bayramlar da əvvəlki kimi keçmir”.
Günel Azadə


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7000
EUR 1 1 Avro 1.9326
GEL 1 1 Gürcüstan larisi 0.6403
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1384
IRR 100 100 İran rialı 0.0040
SEK 1 1 İsveç kronu 0.1872
CHF 1 1 İsveçrə frankı 1.7192
KWD 1 1 Küveyt dinarı 5.5886
TRY 1 1 Türkiyə lirəsi 0.3191