Nikah müqaviləsi bağlanmalıdır, ya yox? - Diskussiya
Əvvəllər boşanan kişi papağını başına qoyub evdən çıxırdısa, müasir
dövrdə vəziyyət dəyişib. Bir çox ailələrdə əsl həngamə boşanana qədər yox, elə
boşandıqdan sonra başlayır. Var-dövlət, qızıl, ev, maşın davası münasibətləri ən
pik həddə gətirir. Bir çox ölkələrdə boşanan tərəflər düşmən kimi yox, dost
kimi ayrılır. Bunun səbəbi isə odur ki, tərəflər nikaha girməzdən öncə və nikah
dövründə nikah müqaviləsi imzalayır. Lakin bu üsul ölkəmizdə o qədər də geniş
yayılmayıb.
Bəs gənclər necə düşünür? Tərəflər nikaha girməzdən öncə müqavilə
imzalamalıdır, yoxsa yox? Bu sualın cavabını Bakı Slavyan Universitetinin tələbələri
ilə müzakirə etdik.
Sahib Gülməmmədov:
- Mən nikah müqaviləsinin bağlanmasının tərəfdarıyam. Tərəflər
boşandıqdan sonra nə qadın kişidən, nə də kişi qadından var-dövlət tələb etməlidir.
Bütün əmlak müqaviləyə əsasən bölünməlidir. Məncə, tərəflər arasında əmlak
bölgüsü yalnız evləndikdən sonra qazanılan əmlakla bağlı olmalıdır. Ümumiyyətlə
bizim millətdə belə bir fikir var ki, bu müqavilənin imzalanması nikahın daimi
olacağına şübhə yaradır. Bu yanlış mövqedən çıxış edənlər nikah müqaviləsinin
mahiyyətinə varmır, onun üstünlükləri barədə məlumatsız olurlar. Nikah müqaviləsinin
bağlanması tərəfləri belə mübahisələrdən sığortalayır və onların gələcək sosial
təminatının qarantı kimi çıxış edir. Müqavilənin imzalanması o demək deyil ki,
imzalayırıqsa, mütləq boşanmalıyıq.
Məmmədəli Həsənov:
- Milli mentalitetimizdə evlənməzdən əvvəl boşanma haqqında düşünərək,
müqavilə tələb etmək oğlan üçün ayıb, qız tərəf üçün bədniyyətlilik kimi qəbul
edilir. Xüsusən valideynlər ilk olaraq qarşı çıxır ki, sən hələ evlənməmisən,
boşanmaq haqqında fikirləşirsən. Nikah müqaviləsinin mahiyyəti ilə bağlı
insanlar arasında maariflənirmə aparılmalıdır. Müqavilənin bağlanmaması gələcəkdə
tərəflər arasında əmlak mübahisəsi baş verdikdə, ciddi problemlər yaradır.
Nəzrin Dadaşova:
- Məncə, nikah müqaviləsi olmamalıdır. Çünki bu, ailədə inamı, güvəni
sarsıdır. Artıq sevgi evliliyi məntiq evliliyinə çevrilir. Ortada sevgi varsa,
niyə müqavilə imzalanmalıdır? Sevgidən, səmimiyyətdən yaranan münasibətlərin
arasında müqavilə söhbəti etmək yersizdir.
Məmmədəli Həsənov:
- Xeyr, Nəzrinin fikri ilə razı deyiləm. Müqavilənin imzalanması o
demək deyil ki, tərəflərdən hansısa sevmir. Hazırda elə dövrdə yaşayırıq ki,
hamı bir-birindən istifadə edir. Pula, var-dövlətə görə evlənənlərin sayı
artıb. Hər bir insanın özünü sığortalamaq haqqı var. Müqavilə də mütləq
olmalıdır.
Könül Əlizadə:
- Mən bir faktı bölüşmək istəyirəm. Qrup yoldaşım sevib ailə qurdu və
iki aydan sonra boş-boş söz-söhbətlərə görə boşandılar. Ailə dağıldı, məhkəməyə
müraciət etdilər və xanım iddia qaldırdı ki, mənə filan qədər pul düşür. Bütün
mənəviyyat, sevgi orada yoxa çıxdı. Xanım illərlə məhkəmədə sürünməyə başladı
ki, onun var-dövlətindən mənə pay düşür. Hesab edirəm ki, nikah müqaviləsi
düşüncəli, savadlı gənclər arasında bağlanmalıdır. Amma müəyyən situasiyalar
var ki, bu situasiyalarda müqavilə olmasa da olar. Məntiq evlilikləri var ki,
sırf biznes məqsədilə evlənirlər, şirkətlər arasında bağ yaradırlar. Bu
hallarda nikah müqaviləsi olmaldır. Sevgi ilə qurulan ailələrdə müqavilə tələb
edilirsə, deməli orada sevgi yoxdur. Məsələn, deməli həmin qrup yoldaşım sevməyib
ki, indi var-dövlət davası edir. Mən ailə qurdum və müqavilə imzaladım. Düşünürəm
ki, buna ehtiyac yoxdur. Sevdiyim şəxslə ailə qurmuşam, sabah alınmasa, onun mənə
heç nəyi lazım deyil. Əgər mən bədbəxt oluramsa, ayrılandan sonra nəyimə gərəkdir
var-dövlət... Mənəviyyatım, sevgim puç olursa, o var-dövləti neynirəm ki...
Neynirəm o qızıl teşti ki, içinə qan qusam. Dağılmış ailədən sonra o var-dövlət
mənasızdır.
Raiz Kərimov:
- Nikah müqaviləsi nikaha daxil olan şəxslər arasında bağlanan, nikah
dövründə və ya nikah pozulduqda, ər-arvadın əmlak hüquqlarını və vəzifələrini
müəyyən edən sazişdir. Mən "bu müqavilə iki savadlı insan arasında
bağlanmalıdır” fikri ilə razı deyiləm. İnsanların savadsız olmaları onların hüquqlarının
olmamaları anlamına gəlməz. İnsanların savadsız olması bizim günahımızdır ki,
onlar müqavilə haqqında bilmirlər. Müqavilə mütləq olmalıdır. Fərqi yoxdur
savadlı, ya savadsız - müqaviləni hər iki tərəf imzalamalıdır.
Məmmədəli Həsənov:
- Könülün fikirləri ilə razı deyiləm. İnsan bilmir, bir dəqiqədən
sonra başına nə gələcək. "Sevirəmsə, müqavilə imzalamaq olmaz” nə deməkdir?
Müqavilənin sevgiylə nə əlaqəsi var ki? Hər şeyi fikirləşmək, düşünmək
lazımdır. Bu gün sevgisinə görə kor olduğun insan, sabah sənə xəyanət də edə
bilər. Hər şeyi sevgiyə qurban vermək olmaz. İnsan gələcəyini sığortalamalıdır.
Könül Əlizadə:
- Mən mənəvi notlara toxundum. Həyat yoldaşımla müqaviləni imzalasaq
belə, sabah xəyanətlə rastlaşsam, qarşı tərəfin pulunu, qızılını neyləyirəm
ki... Tutaq ki, boşanıram, onun qızılının mənə nə xatirəsi ola bilər axı?
Düzdür, övlad varsa, aliment məsələsi ola bilər. Bu, başqa məsələdir. Bu,
qanunla tənzimlənir. Amma hesab edirəm ki, iki nəfər arasında nikah müqaviləsinə
ehtiyac yoxdur.
Məmmədəli Həsənov:
- Əgər sənin də dediyin kimi, sevgi nifrətə çevrilirsə, niyə o
qızıllar mənim sevmədiyim insanda qalmalıdır? Axı o mənim haqqım idi. Bəli, düz
deyirsiniz, ona baxıb kədərlənmək olar. Amma satıb pul əldə edə bilərik.
Könül Əlizadə:
- El arasında belə bir misal var. Ərlə arvadın xəmiri bir yoğrulub.
Əgər düzgün insan seçirsinizsə, məncə, müqaviləyə ehtiyac yoxdur.
Nəzrin Dadaşova:
- Bəzi valideynlər bu halda düşünürlər ki, insanlar öz gələcəklərini
sığortalamaq istəyirlər. Bu, valideynlər tərəfindən normal qarşılanmır ki, niyə
evlənmədən boşanaq haqqında düşünürsən. Amma gələcəyi planlamaq lazımdır.
Sual:
Bəs sevdiyiniz insan sizə nikah müqaviləsi gətirərsə, reaksiyanız necə olar?
Sahib Gülməmmədov:
- Reaksiyam çox normal olar. Hətta xanımdan özüm də tələb edərəm ki,
gətir imzalayım. Mən də həmçinin imzalaması üçün müqavilə hazırlayaram. Hətta
sevinərəm ki, ailə quracağım insan ağıllıdır ki, mənə bunu imzalatdırır.
Məmmədəli Həsənov:
- Əgər öncədən danışmadan, müzakirə etmədən müqavilə gətirsə,
reaksiyam qəribə olar. Çünki düşünərəm ki, bəlkə bu insan elə bilir, mənim onun
mal-mülkündə gözüm var. Amma pis qarşılamaram. Nikaha girərkən müqavilə
imzalamaq tam normaldır.
Könül Əlizadə:
- Yoldaşım
mənə imzalamaq üçün müqavilə gətirsə, cırıb başına çırparam. Mənim düşüncəmdə
müqavilə olmamalıdır. Bu düzgün deyil. Buradakı uşaqların da səmimiliyinə
inanmıram. Bəylərimizin qarşısına müqaviləni qoysalar, hamısının ürəyinə xal
düşəcək. Onu normal qarşılamayacaqlar.
Raiz Kərimov:
- Siz məni tanımırsınız və bilmirsiniz ki, necə reaksiya verə bilərəm.
Əgər mənə ailə qurduğum insan müqavilə gətirirsə, onu cırıb üzünə vurmağım hörmətsizlikdir.
Nə qədər sevgi olsa da, münasibətlər sistemində haradasa səhvlik də ola bilər.
İnsan heç nədən sığortalanmayıb. Hər iki tərəf özünü sığortalamalıdır.
Aygün ƏZİZ