• cümə axşamı, 18 aprel, 06:47
  • Baku Bakı 12°C

“Nəvəm mənə xoşbəxtliyin dadını bəxş edib”- Mənim nəvəm

07.02.20 11:30 7966
“Nəvəm mənə xoşbəxtliyin dadını bəxş edib”- Mənim nəvəm
İbrahim Rüstəmli: "Ona göstərdiyim qayğının mində birini qızıma göstərməmişəm”

Həyata fərqli baxış tərzi var. Ömrünün ən gözəl illərini isə yaşadığı son 2 ili hesab edir. Deyir ki, qızının övladı Esma doğulduqdan sonra həyatı rənglənib. Nəvəsini həyatının ikinci baharı hesab edir. Yaş yarımlıq Esmanı göydən enmiş mələk kimi dəyərləndirir.
Beləliklə, "Mənim nəvəm” rubrikamızın budəfəki qonağı ehtiyatda olan polkovnik-leytenant İbrahim Rüstəmlidir.


- Baba olduqdan sonra həyatınızda nələr dəyişdi?
- Baba olduqdan sonra özümü yenidən kəşf etdim. İndiyə kimi yaşamadığım, duymadığım hislərlə baş-başa qaldım. Sözlə ifadə etməyə çətinlik çəkdiyim hissləri yaşadım. Elə hisslər ki, bu gün də öz təravətini, yaşam əhəmiyyətini itirməyib. Yalnız baba olduqdan sonra bu hisslərin fərqinə vardım. Övladın üçün çəkdiyin əziyyətin yüz qatını nəvən üçün çəkirsən. Gecələr yuxusuz qalırsan, kimsə nəvənin üstünə acıqlandıqda, bu, sənin pisinə gəlir. Övladlarım yıxılanda əsəbiləşmədiyin halda nəvən yıxılanda çox narahat olursan. Qızım həm pedaqoq, həm də magistrin 2-ci kursunda təhsil aldığı üçün səhər çıxıb, axşam gəldiyi üçün nəvəmə biz baxırıq. Mən də buna görə çox xoşbəxtəm. Bilirsiniz ki, yaradıcı adamam və yaradıcı adam üçün sakitlik, yaradıcı mühit mütləqdir. Ancaq nəvəm Esma o mühitin altını üstünə çevirib. Kompyuterimi açmağa qorxuram. Klaviaturamı yerindən çıxarır, kompyuterimin üstündə oturur, etdiyi bütün dəcəlliklərə göz yummaq məcburiyyətində qalıram və bir söz deyə bilmirəm. Özümə söz vermişəm ki, nə qədər nəvəm burdadır o kompyuteri açmayacağam. Nəvə sahibi olmaq möhtəşəm duyğudur. Nəvəm mənə həqiqətən xoşbəxtliyin dadını bəxş edib. Həyatıma yeni bir rəng qatıb, yeni bir not gətirib.


"Övladlarıma qarşı münasibətdə bu qədər həssas olmamışam”

- Deyirlər babanın önündə əyildiyi yeganə varlıq nəvəsidir. Bu fikirlər doğrudurmu?
- Esma boynuma çıxır və mən də belimdə onu daşıyıram. Nəvəmə laylalar oxuyur, şeirlər, nağıllar danışıram. Yaşının az olmasına baxmayaraq, bilirəm ki, bunlar onun alt şüurunda çox böyük rol oynayır. Bəlkə övladlarıma qarşı münasibətdə bu qədər həssas olmamışam, amma nəvəmə qarşı bütün prinsiplərə riayət edirəm. İstəyirəm ki, onda maraq və simpatiya duyğusu sürətlə inkişaf etsin. Nəvəm məni çox istəyir, məndən ayrılmır. Hətta nənəsi bütün günü onunla məşğul olur, ancaq mən içəri girəndə qollarını açıb üstümə qaçır, boynumu qucaqlayır.

- Övladlarınız sizi nəvənizə qısqanırmı?
- Bəzən qızımla bu barədə söhbət edirik. Deyir ki, mənim üçün etmədiklərini nəvən üçün edirsən. Qızım haradasa haqlıdır. Zamanında mən ona qarşı çox sərt olmuşam. O, yüksək balla universitetə qəbul olub və indi də ən yüksək balla magistraturanın ikinci kursunda təhsil alır. İmtahan verərək pedaqoq kimi çalışır. Mən nəvəmə göstərdiyim qayğının mində birini qızıma göstərməmişəm.

- Qızınızla sərt davrandığınız üçün bu gün peşmançılıq hissi keçirirsinizmi?
- Nəticəyə baxanda peşmançılıq keçirməyə heç bir əsas görmürəm. Şərq dünyasında qız kimi doğulmaq özü həyata 1:0 məğlub olmaq deməkdir. Bizdə İslam fanatizminin elementləri hələ də qalmaqdadır. Cəmiyyətimiz daha çox oğul övladları ilə fəxr edirlər. Təəssüf hissi ilə deyim ki, bir zamanlar mən də oğul övladımın olmasını daha çox istəyirdim. Qızım doğulana qədər mənim bir oğlum vardı, istəyirdim iki oğlum olsun. Ancaq qızımı ilk dəfə görəndən ta bu günə qədər Allaha dua edirəm ki, bu fikirlərimə görə mənim günahımdan keçsin. Mənim qızım yox, qızılım olub. Mən ona qarşı sərt olmuşam. Qızımı yetişdirərkən istəyirdim ki, alnı açıq, təmiz adla ailə qursun. İstəyimə də nail oldum. Mənim ona verdiyim ən böyük cehiz onun təmiz adı, tərbiyəsidir. Qızıma qarşı sərt rəftarıma görə peşman deyiləm və bu gün mənim ən zəif nöqtəm nəvəmdir.

"Nəvə insan həyatında böyük bir yenilikdir”

- Atalarımızın "dövlətdə dəvə, övladda nəvə” deyimi sizcə, nə qədər doğrudur?
- Əlbəttə, hətta mən deyərdim ki, onlar daha güclü fikirlər səsləndirə bilərdilər. Bu, o mənada uğursuz müqayisədir ki, nəvə mənəvi dəyərdir, dəvə maddi. Mənəvi dəyərlə maddi dəyəri müqayisə etmək heç də düz deyil. Əslində başadüşüləndir - yəni dəvə nə qədər dəyərlidirsə, nəvə də o qədər dəyərlidir. Nəvə baba üçün ikinci bir bahardır, yeni nəfəsdir. Nəvəm olandan sonra başa düşdüm ki, ürəyimin yarısından xəbərim yoxdur, başqa sözlə desək ürəyimin yarısını kəşf etməmişəm. Baba olduqdan sonra anladım ki, mənim nə qədər böyük ürəyim və içimdə nə qədər böyük duyğular, hisslər varmış. Bu kəşfin müəllifi mənim qızımın qızı Esmadır. Ona dizimin üstündə layla oxumaqdan, yellətməkdən doymuram. Bu xoşbəxtliyə görə çox sevinirəm. Mən onunla çox gözəl zaman keçirirəm. Bu dünyada günəşin də, ayın da yeri Esmadan sonra gəlir. Nəvə insan həyatında böyük bir yenilikdir. Yeni bir səhifə, yeni bir başlanğıcdır. Mən bütün valideynlərə bu duyğunu dadmağı arzulayıram. Onlar həm də bizim qoruyucu mələklərimizdir. Onlarla bərabər ürəyimizin qaranlığa qərq olan hissəsi təmizlənir. Nəvə sadəcə övladın övladı deyil, sanki dünyaya yenidəngəlmə aktıdır. Dünyaya yeni gələn körpələr necə saf və simalı olurlarsa, nəvəmiz olandan sonra bu simadan bizə də pay düşür. Əgər üzümüzdə bir işıq varsa, Allah təala bu işığı mənə nəvəm vasitəsi ilə göndərib.

- Övladlarınızın uşaqlığı sizin daha çox çalışdığınız zamana təsadüf edib. Ancaq nəvənizin doğulan vaxt sizin daha çox boş vaxtınız var idi. Nəvə bu baxımdan daha şirin gələ bilərmi?
- Mən cavan vaxt hərbçi idim. 25 il ordu sıralarında işlədim. İlk övladım mən leytenant rütbəsi alan gün - 1993-cü ilin aprelin 24-də dünyaya gəlib. Mən 25 il xidmət etdim. Öz övladlarıma o qədər çox diqqət göstərməmişəm. Övladlarım balaca olanda yoldaşım deyirdi ki, mənə kömək et, uşaqları bir az sən saxla. Mən isə deyirdim ki, onlar böyüyəndə deyəcəklər ki, "Əziz ana, can ana, gözəl mehriban ana”. Onlar böyüyəndə deməyəcəklər ki, əziz ata, can ata. Bu sözü deyib vəziyyətdən çıxırdım.
Bu gün mən nəvəmə ona görə çox diqqət göstərirəm ki, yaş öz sözünü deyir, həyatı daha çox dərk edirsən. Bəlkə mən bu yaşda ata olsaydım, nəvəmə göstərdiyim diqqəti övladıma da göstərərdim. Bu gün də çalışıram. Övladlarım olduğu vaxtdan daha da çox çalışıram. Ancaq yenə də bütün güzəştlər nəvəm üçündür. Belə anlayıram ki, bunun işə heç aidiyyəti yoxdur. Bu, bizim həyata, dünyaya baxışımızla bağlıdır. Biz indi həyatı daha yaxşı başa düşürük. Ona görə həyatımıza yeni rəng qatan körpələrdə zamanında övladımıza vermədiyimiz duyğuları dərk edirik.


- İbrahim Rüstəmli yaxşı övladdır, yaxşı atadır, yoxsa yaxşı babadır?
- Mən çox yaxşı övlad olmağa çalışmışam. Ailədə 6 qardaş, 3 bacı olmuşuq. Atam hər zaman mənimlə fəxr edib. Atam hər zaman deyirdi ki, bu altı qardaşdan səni vətənə qurban demişəm. Mən də ona deyirdim ki, daha sənin övladın deyiləm, bu vətənin, torpağın övladıyam. Atamla tez-tez bu barədə söhbət edirdik. Ona görə yox ki, hər zaman onun qayğısına qalmışam. Atamın 60 yaşı olanda dedim ki, bu vaxta qədər sən bizə övladın kimi baxmısan, indi icazə ver sənə baxım, qayğına qalım, nazını çəkim. Təhsilə çox böyük önəm verirdi. Amma hər zaman mənə deyirdi ki, səninlə fəxr edirəm. Həm xalqına xidmət edən əsgər, həm bir övlad kimi... Bu sözü deyəndən iki gün sonra atam dünyasını dəyişdi. Mən çox xoşbəxt insanam ki, atamdan halallıq almışam. Yaxşı ata söhbətinə gəldikdə isə atamdan nümunə götürmüşəm. Uşaqlarımın təhsili üçün əziyyət çəkmişəm. Çalışmışam ki, ali savadlı, cəmiyyətə yararlı övladlar yetişdirim. Övladlarıma hər zaman şəxsi nümunə olmağa çalışmışam. Gələn il 55 yaşım olacaq və bu gün də bu yaşımda yenə də kitab oxuyuram. Övladlarıma demək istəmişəm ki, oxu, cəmiyyətdə öz mövqeyin, nüfuzun olsun. Hər gün oxumuşam, özümü inkişaf etdirmişəm. Mən təhsillə bağlı tərbiyəmə görə valideynlərimə, amma həyatdakı uğurlarıma görə müəllimlərimə və kitablara minnətdaram. Uşaqlarıma da bunu təlqin etmişəm. Bu gün masamın üzərində 10 kitab var ki, mən onları oxumalıyam. Bir gün oğlum dedi ki, bu qədər oxumaq sənin nəyinə lazımdır? Bu, mənim həyat tərzim, yaşayışımdır. Kitab oxumaq mənim təbii tələbatımdır. Yaşam fəlsəfəmin bir hissəsidir. Kitab yeganə müəllimdir ki, insana təmənnasız dərs keçir, heç zaman inanın sözünü kəsmir, aşağılamır. Yəni düşünürəm ki, övladlarıma qarşı pis ata olmamışam. Hər zaman onlara atamı nümunə gətirmişəm. O, övladlarını ali təhsil verdi, geyinmədi, geyindirdi, yemədi, yedirdi. Deyirdi ki, ən böyük kapital təhsilə qoyulandır. Mən bu gün də övladlarıma həmin prizmadan yanaşıma. Təhsilə münasibət bizdə irsidir.

Xəyalə Rəis

banner

Oxşar Xəbərlər