"Kaspi” təhsil liseyində böyük mütəfəkkirə həsr
olunmuş "Mən bu cahana sığmazam” adlı ədəbi tədbir keçirildi
"Nəsimi
ili” çərçivəsində keçirilən tədbirlərdən biri də dekabr ayının 13-də "Kaspi” Liseyinin
Bakıxanov filialında oldu. "Mən bu cahana sığmazam” adlı ədəbi tədbirdə "Kaspi”
təhsil şirkətinin təsisçisi Sona Vəliyeva, "Nəsimi ili” çərçivəsində keçirilən
"Ədəbiyyat günəşi” məqalə müsabiqəsinin qalibi Nəzakət Məmmədova, "Kaspi” Liseyinin
müəllim və şagird kollektivi, valideynlər, media nümayəndələri iştirak edib.
Tədbirdə
ilk olaraq ulu öndər, ümummilli lider Heydər Əliyevin ədəbiyyata, xüsusilə də
Nəsimi yaradıcılığına göstərdiyi sevgi və qayğını göstərən video nümayiş
edildi. Daha sonra isə söz təhsil şirkətinin təsisçisi Sona Vəliyevaya verildi.
Gələn
qonaqları salamlayan Sona Vəliyeva
tədbirə ulu öndər Heydər Əliyevin Nəsimiyə verdiyi dəyəri əks etdirən video
çarxla başlamağın əbəs yerə olmadığını bildirdi: "Çünki dünən ulu öndərin
vəfatının 16 illiyini qeyd etdik. 16 ildir ki, o, bizim aramızda deyil, amma
onun ideyaları nəinki indi, 100 il bundan sonra da davam edəcək. Düşünürəm ki,
gələcəkdə ümummilli liderin Azərbaycan xalqı üçün etdikləri xalqımızın müxtəlif
inkişaf istiqamətlərinin müəyyənləşməsində və daha yüksək səviyyəyə çatmasında
böyük rol oynayacaq. Ona görə, qərara aldıq ki, tədbirə başlamazdan əvvəl
şagirdlərimiz, valideynlər və digər
qonaqlar bu video çarxı izləsinlər və bilsinlər ki, Nəsiminin nəinki xalqımıza,
bütün dünyaya bəxş etdiyi ideyaların ali olduğunu məhz ulu öndər Heydər Əliyev
təqdim və təsdiq edib. Video çox mükəmməl şəkildə hazırlanıb. Bizim liseyimiz
bu tipli tədbirləri çox keçirir. Belə tədbirlərdə şagirdlərimiz həqiqətən
yaşlarına xas olmayan ideyanı ortaya qoya bilirlər. Keçirilən tədbirlər nəinki
bu günlə, özündən əvvəlki dövrlə də səsləşir”.
Təhsil şirkətinin təsisçisi son dövrlərdə Nəsimiyə dövlət
səviyyəsində göstərilən ehtiramdan danışdı: "Hər birimizə məlumdur ki, 2018-ci
ilin noyabr ayında ölkə başçısı İlham Əliyevin məlum sərəncamı işıq üzü gördü.
Bu sərəncamla dahi İmadəddin Nəsiminin 650 illiyi qeyd olundu. Sərəncam
Prezident İlham Əliyevin söz sənətinə verdiyi dərin ehtiramın ifadəsidir. Bu
məsələlər qədirbilən xalqımızın, eləcə də onun rəhbərinin Azərbaycan
ədəbiyyatına, ədəbiyyat tarixinə, böyük şairinə verdiyi dəyərdir. Nəsimi
yaradıcılığı da Azərbaycan ədəbiyyat tarixində geniş bir mərhələni əhatə edir.
Biz, "Kaspi” qəzeti və təhsil şirkəti olaraq həmin sərəncamdan irəli gələn
məsələlərə töhfə vermək istədik. 2019-cu ildə həm təhsil şirkətinin, həm
qəzetin, həm də "Artkaspi.az” saytının səyi ilə məqalə müsabiqəsi elan etdik.
Bu gün həmin müsabiqənin qalibi Nəzakət Məmmədova aramızdadır. Elan edilən
müsabiqəyə çoxlu sayda məqalələr göndərildi və onların əsasında kitab nəşr
edildi”.
S. Vəliyeva Nəsimiyə verilən dəyərin səbəbindən də söhbət açdı:
"Kamil insan məsələsi bizim missiyamızdır. Çünki kamil şəxsiyyət kamil
cəmiyyəti, kamil cəmiyyət isə ideal dövləti formalaşdırır. Baxın, biz bunu etmək istəyirik. Kamil şəxsiyyət məsələsi
Nəsiminin yaradıcılığında ali ideyasıdır. Nəsimi, kamil insanın həqiqətini
çatdırmaq uğrunda şəhadətə yetirilib”.
Daha sonra müsabiqənin qalibi
Nəzakət Məmmədova çıxış etdi. O bildirdi ki, 2019-cu ilin "Nəsimi ili” elan
olunması qarşımıza çox böyük məsələlər qoyur: "Hər zaman biz, keçmişimizə, ulu
əcdadlarımıza qayıtmalı və onlardan güc almalıyıq. Ölkə prezidenti İlham
Əliyevin təşəbbüsü ilə 2019-cu ilin "Nəsimi ili” elan olması həqiqətən də bizim
qarşımıza çox böyük məsuliyyət qoyur. Sona xanım çox doğru qeyd etdi ki, bu
zamanadək Nəsimi tam tanıdılmamışdı. Nəsimi nə demək istəyirdi, onun
ideologiyası nə idi, insanlara hələ tam məlum deyildi. Kamil insan ideyası onun
bütün yaradıcılığından qırmızı xətt kimi keçir. İnsan təkcə maddiyyatdan ibarət
deyil, həm də mənəvi nemətlər dünyasına yönəlməlidir. Elm, bilik əldə etməlidir
ki, haqqa qovuşsun”.
Çıxışlardan sonra liseyin şagirdləri Nəsiminin həyatı əsasında
çəkilən filmdən qısa səhnəciklər ifa etdilər. Şagirdlərin hər biri öz rolunu
elə məharətlə oynayırdı ki, elə bil o dövrün, Nəsiminin ideologiyası uğrunda
apardığı mübarizənin canlı şahidi olublar.
Tədbirdə, həmçinin liseyin şagirdlərinin əl işləri də sərgilənirdi.
Məktəblilər Nəsimini öz təsəvvürlərinə uyğun şəkildə kətan parça üzərinə boya
ilə çəkmişdilər.