AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Nə müəllim, nə də valideyn, sadəcə dost

Nə müəllim, nə də valideyn, sadəcə dost

Gənclik qəzeti
05 Oktyabr 2020, 09:34 254
 
Nuriyə Paşayeva: "Cavab verirlər ki, atam evə gələndə deyirik əlini sabunla yu, sonra məni əzizlə...”
 
Onlar məktəbə şagirdlərdən öncə gəlib, sonra gedirlər. Şagirdlərə nəzarət edir, problemləri ilə maraqlanır, kömək edir və onlara məktəbdə dayaq olduqlarını göstərirlər. Onlar nə müəllimdir, nə də valideyn... Sadəcə dostdur... Məktəblinin dostu...

Müsahibimiz məktəblinin dostu Nuriyə Paşayevadır.

Nuriyə Paşayeva Şəkidə anadan olub. Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin biologiya müəllimliyi ixtisasını bitirib. 2006-cı il dekabr ayından məktəblinin dostu layihəsinə başlayıb: "İlk dəfə 2006-cı ildə Qaradağ rayonun Lökbatan qəsəbəsi 166 nömrəli məktəbdə başlamışam fəaliyyətə. Daha sonra Nərimanov rayonu 45 nömrəli məktəbdə, 200 nömrəli məktəb liseydə fəaliyyət göstərdim. Hazırda Səbail rayonu 160 nömrəli məktəbdə fəaliyyətimi davam etdirirəm”.

- Nuriyə xanım, necə oldu ki, bu layihəyə qoşuldunuz və artıq 4 ildir ki, bu vəzifədə çalışırsınız?
- Məktəblinin dostu haqqında ilkin məlumata Təhsil Nazirliyinin rəsmi səhifəsində rast gəldim və işləmək üçün müraciət etdim. Daha sonra bizi imtahan mərhələsinə dəvət etdilər, imtahandan uğurla keçənləri isə müsahibə mərhələsinə çağırıldılar. Müsahibə mərhələsindən sonra seçilən şəxslər təlimlərə cəlb olundu. Fövqəladə Hallar Nazirliyi, Səhiyyə Nazirliyi, Bakı Şəhər Təhsil İdarəsinin peşəkarları tərəfindən bizə təlimlər keçirildi. Psixologiya, koordinatorluq, media təlimlərində olduq. FHN əməkdaşları bizə yanğın və başqa fövqəladə vəziyyətlərdə necə davranmağı öyrətdilər. Təlimlər çox maraqlı idi. Həmin təlimlərin nəticəsində məktəblinin dostları seçildi və biz fəaliyyətə başladıq. Məktəblinin dostu daim şagirdlərlə əlaqədə olur. Mənim də vəzifəm müəllimlikdir və şagirdlərə, uşaqlara sevgim sonsuzdur. Məhz bu səbəbdə layihəni özümə uyğun bildim və işə başladım.
 


- İş fəaliyyətinizdən danışardınız. Ümumiyyətlə, məktəblinin dostunun vəzifələri nədir?
- Biz, 07:30-da, şagirdləri qarşılamaq üçün onlardan öncə məktəbdə oluruq. Məktəblinin dostlarının iş günü onlara məxsus otaqdan başlayır. Ancaq onların hər birinin bu otaqda 40 dəqiqədən çox qaldığı görülməyib. Çünki məktəbdə ilk dərsin zəngi çalınan kimi məktəblinin dostlarından biri monitorun arxasına keçir, digər üçü isə məktəbin binasını və bütün ərazisini gəzir. Beləliklə, bu otaqdan bir baxışdaca hər yeri görmək, binanın hər sinfini, hər dəhlizini izləmək mümkündür. Videokamera sistemi məktəblinin dostlarına, bütövlükdə məktəbə nəinki nəzarət etmək, yaranan hər hansı problemi sonradan araşdırmağa da imkan verir. Kameraların görmədiyi yerlər də gözümüzdən qaçmır. Belə ki, məktəblinin dostlarının hər biri tez-tez tualetlərə baxır, ağlagəlməz yerləri nəzərdən keçirir. Bununla, siqaret çəkən, dərsdən yayınan, məktəbliyə yaraşmayan niyyətlərə düşən, bir sözlə, zərərli vərdişlərə qurşanan azyaşlı dəcəlləri pis əməllərdən yayındırırlar. Onların güclü nəzarəti nəticəsində məktəbə daxil olmaq istəyən kənar şəxslərin də qarşısı alınır. Sonuncu şagird məktəbi tərk edəndən sonra məktəblinin dostunun da iş vaxtı bitir. Bizim vəzifəmiz məktəblərdə təhlükəsiz mühit yaratmaq və nəzarət etməkdir. Məqsəd, tədris prosesinin sağlam, təhlükəsiz, əlverişli psixoloji mühitdə təşkil edilməsi, valideynlərin övladlarının təhsil şəraiti barədə məlumatlılığını və məmnunluğunu artırmaqdır. Bu kimi layihələr dünyanın müxtəlif ölkələrində çeşidli adlarla uğurla sınaqdan çıxıb. Burada əsas hədəf məktəb - təhsil alan - valideyn üçbucağının tərəfləri arasında üfüqi ünsiyyətin qurulması və hədəf olaraq təhsil alana özünü gerçəkləşdirmə imkanları yaratmaqdır. Məktəblinin dostunun əsas vəzifəsi məktəblinin təhlükəsizliyini qorumaq, fövqəladə hal baş verdikdə müəllim heyətinə və şagirdlərə ilkin yardım göstərməkdir. Bundan əlavə, məktəblinin dostu layihəsinin psixoloji mərkəzi də var ki, biz məktəblərdə müşahidələr aparır, şagirdlərin davranışlarında fərqli hallar görürüksə, psixoloqlara bildiririk. Valideynin icazəsi ilə psixoloqlar dəvət olunur, tam təmənnasız şəkildə psixoloqlarımız şagirdlərlə görüşür. Digər tərəfdən biz şagirdlərinin asudə vaxtlarının səmərəli keçirilməsi üçün onlarla intellektual yarışlar həyata keçiririk.  Hər bir şagirdin bacarığını, istedadını üzə çıxarmaq üçün müxtəlif müsabiqələr də həyata keçiririk.

- Övladlarını məktəbə göndərən valideynlərin narahat olduğu bir dönəmdəyik.  Məktəblinin dostunun pandemiya dövründə fəaliyyəti necədir?
- "Məktəblinin dostu” layihəsi çərçivəsində məktəblərdə tədrisin pandemiya qaydalarına uyğun təşkilinə dəstək göstərilir. Sözügedən layihə ilkin olaraq şagird sayı çox olan məktəblərə şamil edilib. Məktəblinin dostları tərəfindən təhsil müəssisəsində sıxlığın tənzimlənməsi məqsədilə məktəbə giriş və çıxış qaydalarına xüsusi nəzarət olunur, şagirdlərin, məktəb kollektivinin, məktəbə daxil olan hər kəsin hərarətinin ölçülməsi, dezinfeksiya vasitələrindən istifadənin təmin edilməsi, eləcə də, simptomları olan şəxs və onunla ünsiyyətə girmiş digər şəxslərin müəyyənləşdirilməsində məktəb heyətinə dəstək göstərilir. Məktəblinin dostları şagirdlər arasında COVID-19 infeksiyasından qorunmaq üsulları ilə bağlı maarifləndirmə işinin aparılmasına da köməklik göstərirlər. Şagirdləri müşahidə edərkən, görürük ki, özləri də əl-ələ tutmurlar və deyirlər ki, virus var, biz ehtiyat etməliyik. Nəyəsə əl vuran kimi əllərini yumağa qaçırlar. Hətta bir-birlərinə öyrədici ifadələr də işlədirlər. Müəllimlərdən icazə alırlar ki, əlim filan yerə dəydi, olarmı gedim yuyum? Sual veririk ki, evdə də bu qaydalara riayət edirsinizmi? Cavab verirlər ki, bəli, atam evə gələndə deyirik əlini sabunla yu, sonra məni əzizlə. Belə maraqlı dialoqlarımız olur.

- Şagirdlərlə bağlı müşahidə etdiyiniz maraqlı hadisələri bizimlə bölüşərdiniz?
- 4 məktəbdə fəaliyyət göstərmişəm. Hər birində də müxtəlif maraqlı hadisələrlə qarşılaşmışam. Bizdə məktəblinin dostunun iş prinsipi çoxşaxəlidir. 45 nömrəli məktəbdə şagirdlərdən birində sudurğa halı baş vermişdi. Şagirdin hər hansı ciddi xəsarət almaması üçün təcili yardım gələnə qədər ilkin tibbi yardım göstərdik. Onun heç bir zərər almadan xəstəxanaya çatdırılmasında rolumuz oldu. Bizə həkimlər, valideynlər və müəllimlər tərəfindən təşəkkür olundu. Bir körpənin həyatına müsbət mənada toxunmaq, sevindiricidir.
 


- Valideynlərlə münasibətləriniz necə tənzimlənir?
- Mütəmadi olaraq valideynlər məktəbə dəvət olunur və onlarla təlimlər keçirilir. Psixoloqlarla valideynlərin birlikdə əməkdaşlığı olur. Şagirdlərin evdə valideynlərlə münasibəti öyrənilir. Bu da bizim işimizə kömək edir. Valideynlərin məktəbə tez-tez gəlməsi şagirdlərin daha yaxından tanınmasında bizə yardımçı olur. Həmçinin müəllimlər tərəfindən də müsbət qarşılanır. Valideynlər nə qədər müəllimlə sıx münasibətdə olarsa, valideyn-müəllim-şagird üçbucağı daha qüvvətli olur. Ona görə də bu kimi hallar həm müəllimlər, həm də valideynlər tərəfindən müsbət qarşılanır və şagirdlərə də öz müsbət təsirini göstərir.

- Məktəblinin dostu olmaq sizə nə qazandırıb?
- Bu sualı özümə tez-tez verirəm. Əsas qazandığım nüans uşaqların sevincidir. Onların hansısa problemlərinə toxunuşlar etmək böyük xoşbəxtlikdir. Valideynlər bilirlər ki, məktəblinin dostu var və etibar edirlər. Onlar bilirlər ki, hər kiçik problemlərində məktəblinin dostu onların yanındadır və onlara dayaqdır. Onlardan xoş münasibət gördükcə, işimizə olan sevgimiz daha da artır.

Məlumat üçün bildirək ki, Abşeron və Sumqayıt üzrə sıxlıq müşahidə edilən məktəblərdə koronavirusla bağlı zəruri tədbirlərin həyata keçirilməsi məqsədilə "Məktəblinin dostu” və "Bir” tələbə-könüllü layihələri üzrə dəstək komandaları təşkil edilib. Ümumilikdə, 300 məktəblinin dostu və 700 könüllü bu işə cəlb olunub. Komandalar Bakı şəhəri üzrə 186, Sumqayıt şəhəri üzrə 20, Abşeron rayonu üzrə 20 məktəb olmaqla, ümumilikdə 226 ümumi təhsil müəssisəsində fəaliyyət göstərir.

2016-cı ilin dekabrından fəaliyyət göstərən "Məktəblinin dostu” layihəsinin əsas məqsədi müəllim və şagirdlər üçün daha təhlükəsiz mühit yaratmaq, fövqəladə hal baş verdikdə ilk tibbi və psixoloji yardım göstərmək, mütəmadi olaraq şagird, valideyn, təlim-tərbiyə müəssisələrinin kollektivi ilə maarifləndirmə və diaqnostik işlər aparmaqdır. Bununla yanaşı, "Məktəblinin dostu” seçilmiş şəxslər hər bir yaş mərhələsində uşaqların hərtərəfli şəxsi keyfiyyətlərinin və intellektual inkişafının təmin edilməsi, onlarda özünütərbiyə və özünüinkişaf  bacarığının formalaşdırılmasında iştirak edirlər. Layihə, ümumilikdə 400 minə yaxın şagirdi əhatə edir.

Aygün ƏZİZ