• cümə, 29 Mart, 02:05
  • Baku Bakı 7°C

Narkotizmlə mübarizədə dövlət institutları ilə səmərəli əməkdaşlıq edilir

29.06.20 16:00 611
Narkotizmlə mübarizədə dövlət institutları ilə səmərəli əməkdaşlıq edilir
Əsrimizin bəlası olan narkomaniya problemi dünyanın bütün dövlətlərində olduğu kimi, Azərbaycan hökumətini və cəmiyyətini də narahat edən məsələlərdəndir. Bu gün narkomaniya ilə mübarizə dövlətimizin prioritet məsələlərindən birinə çevrilib. Ölkəmiz bu istiqamətdə dövlət siyasətini uğurla həyata keçirməklə gənc nəslin sağlam və yüksək ideallar uğurunda tərbiyəsi, habelə genefondumuzun qorunması istiqamətində aparılan işlərə müsbət töhfə verməkdədir.
AZƏRTACxəbər verir ki, bunu Narkotiklərə Qarşı Milli Təbliğat Ofisinin rəhbəri, Milli Məclisin deputatı Məzahir Əfəndiyev deyib.
O bildirib ki, BMT-nin 1987-ci il Konvensiyasına qoşulan ölkələrin qəbul etdikləri "Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Bəyannaməyə əsasən hər il iyunun 26-sı dünyada Narkomaniyaya və Narkotiklərin Qeyri-qanuni Dövriyyəsinə Qarşı Ümumdünya Mübarizə Günü kimi qeyd olunur.
M.Əfəndiyev diqqətə çatdırıb ki, Azərbaycan hökumətinin bu sahədə apardığı islahatlara dəstək olaraq Narkotiklərə Qarşı Milli Təbliğat Ofisi dövlət və qeyri-hökumət təşkilatlarına bu istiqamətdə aparılan mübarizədə faydalı ola biləcək illik hesabatın hazırlanması işini hər il olduğu kimi, bu il də davam etdirir. Bu baxımdan dövlət institutları və qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq çərçivəsində göndərilən sorğu əsasında müəyyən olunmuş məlumatlara əsasən Narkotiklərə Qarşı Milli Təbliğat Ofisi tərəfindən narkotiklərlə bağlı vəziyyətə dair statistikaya əsasən 2019-cu ildə penitensiar müəssisələrdə saxlanılan şəxslərin və məhkumların ümumi sayı 20 min 972, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar törədilmiş cinayətlərə görə saxlanılan şəxslərin sayı 5108, məhkəmələr tərəfindən narkomaniyadan məcburi müalicə təyin edilmiş məhkumların sayı isə 2767 nəfər təşkil edib.
Bu statistikadan narkotizmlə bağlı saxlanılan şəxslərin yarıdan çoxunun xəstə olduğu aydın görünür və onların digərlərini də asanlıqla infeksion xəstəliklərə yoluxdurma ehtimalının böyük olması, həmin xəstə məhbuslar üçün xüsusi təyinatlı qapalı xəstəxanaların yaradılmasını zəruri edir.
Ötən il hüquq-mühafizə orqanları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə əlaqədar 4383, o cümlədən satışı ilə bağlı 1476, narkotiklərin satış məqsədi olmadan qanunsuz əldə edilib saxlanılması ilə bağlı 2591, narkotik xassəli bitkilərin qanunsuz kultivasiya olunması ilə bağlı 268 fakt, digər cinayətlərlə bağlı isə 48, narkotik vasitələrin qaçaqmalçılığı ilə bağlı 435 fakt aşkarlanıb. Hesabat dövründə Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi ilə qarşılıqlı əlaqə davam etdirilib. Müəyyənləşdirilib ki, qeydiyyatda olan narkotik aludəçilərinin sayı 31 min 431 nəfər olmaqla 21 min 872 nəfəri opioid, 9560 nəfəri isə kannabinoid qruplarına aid narkotik vasitələr qəbul edənlərdir. Eyni zamanda, həmin faktlar üzrə qanunsuz dövriyyədən 3 ton 317,5 kiloqram narkotik vasitə, o cümlədən 2 ton 66,6 kiloqram heroin, 822,1 kiloqram marixuana, 288,2 kiloqram tiryək, 22,8 kiloqram həşiş, 107,7 kiloqram digər narkotik vasitələr, 96,7 kiloqram psixotrop maddələr, 4,1 kiloqram kokain, eləcə də 369,5 kiloqram prekursorlar, 247,3 qram güclü təsir edən maddə, 12,5 kiloqram zəhərli maddə, 10 ton 013,3 kiloqram narkotik tərkibli çətənə və 100 qram xaş-xaş bitkiləri götürülüb.
Qeyd olunub ki, narkotik xassəli bitkilərin qanunsuz əkilib-becərilməsi ilə bağlı 268 (+34) fakt aşkarlanıb, 10 ton 13,3 kiloqram çətənə və 100 qram xaş-xaş bitkiləri müəyyənləşdirilərək götürülüb. Həmin narkotik vasitələr prosessual qərarların qəbulu üçün istintaq orqanlarına verilib. Bununla yanaşı, 2401,2 hektar sahədən yaş kütləsi 126 ton 844,9 kiloqram yabanı halda bitmiş 247 min 964 çətənə və xaş-xaş bitkiləri müəyyənləşdirilərək müvafiq qaydada məhv edilib.
Narkotizmlə mübarizədə Gənclər və İdman, Təhsil nazirlikləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və QHT-lər tərəfindən maarifləndirmə işlərinin aparıldığını vurğulayan M.Əfəndiyev deyib ki, bu işlərə 2019-cu ildə dövlət büdcəsindən təqribən 70-75 min manat vəsait xərclənib. Azərbaycanda bu istiqamətdə təbliğat-təşviqat işlərini daha mükəmməl, ardıcıl, əlçatan etmək üçün maarifləndirməyə dair qanun layihəsi hazırlanmasına zərurət var. Bu qanun layihəsi maarifləndirmə ilə bağlı işləri mərkəzləşdirməklə, problemin yayılmasının qarşısının alınmasında sözünü deyəcək. Həmçinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən cəza tədbirlərinin dekriminallaşdırılması və alternativ cəza ilə əvəz olunması, satış məqsədi olmadan, qeyri-qanuni saxlama, istifadə halları hər bir vətəndaşın səhiyyəyə əlçatanlığını təmin etmək üçün vasitə, habelə günümüzün reallığı çərçivəsində liberal siyasətin hazırlanmasına təkan ola bilər. Dövlətin bu istiqamətdə ardıcıl, məqsədyönlü siyasətinə baxmayaraq problem hələ də qalmaqdadır və təəssüflər olsun ki, son illərdə narkotiklərdən istifadəyə meyillilik artmaqdadır.
"Dövlət və qeyri-hökumət təşkilatları Prezident İlham Əliyevin "Narkomanlıqla və narkotik maddələrlə mübarizə hər bir azərbaycanlının vəzifəsidir” şüarını rəhbər tutaraq müstəqilliyimizin və ərazi bütövlüyümüzün qorunması, mübariz, sağlam ruhlu vətənpərvər nəslin yetişməsi istiqamətində bundan sonra da yüksək fəallıq göstərməlidirlər”, - deyə M.Əfəndiyev əlavə edib.
banner

Oxşar Xəbərlər