Müzəffər Ordunun qazi kapitanı - FOTOLAR
"Savaşmaq üçün
yalvaran əsgər və zabitlər gördüm”
İkinci Qarabağ savaşının ilk günlərində çiynindən
yaralansa da təxliyə edilməsinə, hərbi hospitala aparılmasına razılıq verməyib,
arxa cəbhəyə göndərilməkdən imtina edib. Uşaq yaşlarından hərbçi olmağı, işğal
altındakı torpaqlarımızın azad edilməsi prosesində iştirak etməyi, Azərbaycan
bayrağını Şuşada, Laçında, Kəlbəcərdə dalğalandırmağı qarşısına məqsəd qoyan
kapitan Anar Əliyev ölümü gözə alaraq döyüşməyə üstünlük verib. Yarasının
ağrı-acısını keyidici dərmanlar deyil, yaşayış məntəqələrimizin, düşmən
mövqelərinin bir-birinin ardınca nəzarətimizə keçməsi unutdurub. Beləliklə o,
44 günlük Vətən Müharibəsinin qəhrəmanlarından birinə çevrilib.
Hərbiyə
olan böyük maraq
Kapitan Anar Məzahir oğlu Əliyev 5 may 1992-ci ildə
Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Yurdçu kəndində anadan olub.
İkinci sinfə qədər Yurdçu kənd orta məktəbində təhsil alıb. 2000-ci ildə
ailəliklə Bakı şəhərinə köçüblər və təhsilini burada davam etdirib.
2006-2009-cu illərdə Naxçıvan şəhərindəki Heydər Əliyev adına Hərbi Liseydə
təhsil alıb. 2009-2013-cü illərdə Bakı şəhərində Azərbaycan Ali Hərbi
Məktəbində təhsilini davam etdirib. 2013-cü ildə ali hərbi təhsilini bitirərək
leytenant rütbəsi alıb. 2014-cü ildə Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində
zabitləri təkmilləşdirmə kursu keçib. Kursu başa vurduqdan sonra Ağdam
rayonundakı "N” saylı hərbi-hissədə taqım komandiri kimi xidmətə başlayıb.
Burada xidmət etdiyi 6 il ərzində bölük komandiri, tabor komandirinin müavini
vəzifələrinə qədər yüksəlib. 2019-cu ilin may ayında xidməti zərurətlə əlaqədar
olaraq Bakı şəhərindəki "N” saylı hərbi-hissəyə göndərilib. Burada tabor
komandirinin müavini vəzifəsini icra edib.
Komandirlik
etdiyi şəxsi heyəti başsız buraxmadı
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı
birləşmələrinin hücumunun qarşısını almaq üçün kapitan Anar Əliyev və
tabeliyində olan şəxsi heyət cəbhəyə göndərilib. Əvvəlcə Horadiz qəsəbəsi,
ardınca Füzuli şəhəri istiqamətində döyüşlərə cəlb olunub, Gecəgözlü, Mahmudlu,
Ələsgərli, Alıxanlı, Kürd Mahmudlu kəndlərinin düşməndən azad olunmasında,
həmçinin strateji yüksəkliklərin, erməni postlarının ələ keçirilməsində iştirak
edib. Gecəgözlü yaşayış məntəqəsi uğrunda gedən döyüşlərdə düşmənin atdığı
mərmi onun yanında partlayıb, qəlbə çiynini yaralayıb. Onu hərbi hospitala
təxliyə etmək istəsələr də, buna qarşı çıxıb, yarasını sarıtdıraraq düşmənə
qarşı vuruşmağa davam edib, hərbçi yoldaşlarını, komandirlik etdiyi şəxsi
heyəti başsız buraxmayıb. Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı,
Prezident İlham Əliyevin vurğuladığı kimi, əsgərlərimizlə çiyin-çiyinə verib
aslan kimi savaşıb, düşmənin canlı qüvvəsini, zirehli texnikasını məhv edib,
ermənilərin döyüş postlarını, silah-sursatını, hərbi texnikasını ələ keçirib
onların özlərinə qarşı istifadə edib.
Şuşa
istiqamətində tabor şəklində irəliləmək
Keçdiyi döyüş yolu barədə xatirələrini "Kaspi”
qəzetinə bölüşən qazi kapitan A.Əliyev bildirib ki, kənd, qəsəbə, şəhər və
rayonlar azad edildikcə, düşmən postları bir-birinin ardınca ələ keçdikcə,
şəxsi heyətə əlavə güc gəlib, onlar daha böyük həvəslə döyüşə atılıblar:
"Mənfur düşmən məhv olduğunu görüb döyüş mövqelərini tərk edir, yaralı və
meyitlərini atıb qaçırdı. Azad etdiyimiz hər bir yüksəkliyə, posta, yaşayış
məntəqəsinə Azərbaycan bayrağını qürurla sancır, bundan fəxarət hissi
keçirirdik. Çünki 30 ilə yaxın həsrətdən sonra o torpaqlara öz sahibləri
qayıdırdı və buna görə çox sevinirdik. Beləcə, döyüşlərdə iştirak edə-edə,
komandanlığın tapşırığına uyğun olaraq müxtəlif istiqamətlərdə düşmən
mövqelərinə doğru hücuma keçib onları məhv edirdik. Son olaraq Şuşa
istiqamətində tabor şəklində irəliləmək tapşırığı aldıq. Verilən əmrləri
vaxtında yerinə yetirərək Şuşa istiqamətində strateji yüksəklikləri, yolları
nəzarət altına ala bildik. Bu, düşmənə imkan vermədi ki, döyüş meydanına əlavə
hərbi texnika, canlı qüvvə cəlb edə bilsin, öz əsgərlərinə kömək etsin”.
Son
damla qanına qədər döyüşmək
Qazimiz söyləyib ki, nəzarət etdikləri ərazilərdə
düşmənin istənilən hərəkətini dərhal qeydə alır, onun məhv edilməsi üçün zəruri
tədbirlər görüblər: "Bu qaydada mərhələ-mərhələ irəliləyib Daşaltı kəndinə
çatdıq, orada möhkəmləndik, Şuşa-Laçın yolunun üzərində nəzarəti tam bərpa
etdik. Buradakı döyüşlərdə də düşmən mövqelərini darmadağın etdik, canlı
qüvvəsini məhv elədik. Bütün bu günlər ərzində düşmən ağır artilleriyadan,
tanklardan, minaatanlardan daim üstümüzə mərmi yağdırır, iriçaplı silahlardan
bizi atəşə tuturdu. Düzdür, şəhidlərimiz, yaralılarımız olurdu. Amma bu itkilər
bizi sarsıtmır, ruhdan salmırdı. Vətən torpaqlarının azadlığı, Qarabağ
probleminin birdəfəlik həlli, Xocalının və şəhid döyüş yoldaşlarımızın qisası
naminə hamımız son damla qanımıza qədər mübarizə aparır, düşmənin başını
əzirdik. Şəxsi heyətin mənəvi-psixoloji vəziyyəti, döyüş ruhu çox-çox yüksək
səviyyədə idi. Təsəvvür edin, tabeçiliyimdəki şəxsi heyətdən kimsə, hansısa
əsgər yaralanırdı, biz dərhal ona ilkin tibbi yardım göstərir, yarasının
ağırlıq dərəcəsinə uyğun olaraq qərar qəbul edir, onu arxa cəbhəyə təxliyə
edirdik. Onlar getmək istəmir, yarımcan halda olsa belə, son damla qanına qədər
döyüşmək, döyüş meydanında şəhid olmaq istəyirdilər. Başımıza yağdırılan
od-alova, mərmiyə, bizi hər an izləyən ölüm təhlükəsinə baxmayaraq, təxliyə olduğu
üçün sevinən deyil, bundan üzülən, dərin təəssüf hissi keçirən, savaşmaq üçün
yalvaran əsgər və zabitlər gördüm. Belə anları gördükcə, şəxsi heyətin
mübarizliyi daha da artırdı”.
Düşmənin
gücünü tükəndirdik, müqavimətini qırdıq
Müsahibimiz qeyd edib ki, 44 gün ərzində onlara
verilən bütün tapşırıqları yerinə yetirib, üzərilərinə düşən vəzifənin öhdəsindən
layiqincə gələ biliblər: "Bir gün, bir saat, bir an olsa belə, geri çəkilmədik,
əldə etdiyimiz mövqeləri itirmədik. Əksinə, hücuma keçib yeni mövqelərə nəzarət
etdik. Vətən Müharibəsinin son günlərində aldığımız tapşırığa uyğun olaraq biz
Şuşanın mərkəzinə doğru hücuma keçdik. Xüsusi təyinatlı qüvvələrimiz də
meşələrdən keçməklə, sıldırım qayaları aşmaqla düşmənə gözləmədiyi istiqamətdən
hücum etdi. Uğurlu döyüş taktikası nəticəsində həm düşməni müxtəlif
istiqamətlərdə döyüş aparmağa məcbur edərək gücünü parçaladıq, həm də onlara
əlavə kömək gəlməsinin qarşısını almaqla, davamlı hücumlar etməklə güclərini
tükəndirdik, müqavimətlərini qırdıq. Şuşa şəhərinin hər məhəlləsi, hər tini və
evi uğrunda mübarizə apardıq. Çətin oldu, amma biz bunu bacardıq, Şuşada
Azərbaycan bayrağı dalğalandırmaqla düşmənin belini qırdıq, çoxsaylı canlı
qüvvəsini məhvə etməklə onlara böyük mənəvi-psixoloji sarsıntı yaşatdıq”.
Şuşanın
azad olunması müharibənin taleyini həll etdi
Kapitan A.Əliyev vurğulayıb ki, Şuşa azad
edildikdən sonra onun tabeliyindəki şəxsi heyət Şuşa-Laçın yolunun üzərində
mövqelərini daha da möhkəmlədib, növbəti tapşırığın Xankəndinin azad olunması
barədə olacağını səbirsizliklə gözləyib: "Bütün ətraf ərazilər, strateji
yüksəkliklər Ordumuzun nəzarətində idi. Amma gözlədiyimizin əksinə olaraq
növbəti gün atəşkəsin elan olunması xəbərini eşitdik. Düzdür, bu, ilk vaxtlar
bizi üzürdü. Düşünürdük ki, Xankəndinin bir addımlığındayıq və Ermənistan
ordusunun burada toplaşan qalıqlarını məhv etmək, oranı azad etmək şansımız
əlimizdən çıxırdı. Lakin nəzərə alırdıq ki, biz hərbçiyik və komandanlığın
əmrinə tabe olmalı, verilən tapşırığı yerinə yetirməliyik. Sözsüz ki, komandanlıq
da daha düzgün olanı bilir və bu barədə tapşırıq verirdi. Çətin relyefə malik,
əsasən dağlıq və yüksəkliklərdən ibarət olan Laçın və Kəlbəcər kimi strateji
rayonların, o cümlədən 30 ilə yaxın müddətdə düşmənin güclü mühəndis-istehkam,
bir neçə qat müdafiə mövqeləri yaratdığı Ağdam kimi ərazinin bir güllə
atılmadan, şəhid vermədən azad olunması Ali Baş Komandanımızın nə qədər
uzaqgörən, necə haqlı olduğunu əyani şəkildə təsdiqlədi. Düşünürəm ki, belə bir
nəticənin əldə olunması Şuşanın Ordumuzun nəzarətinə keçməsi ilə sıx bağlıdır.
Belə demək mümkündürsə, Şuşanın azad olunması Vətən Müharibəsinin taleyini həll
etdi. Düşmən və onun havadarları Prezident İlham Əliyevin qətiyyətini,
prinsipiallığını, Azərbaycan Silahlı Qüvvələrinin gücünü, potensialını aydın
şəkildə gördü. Bu qələbəni xalqımıza yaşatdığına görə Müzəffər Ali Baş
Komandanımıza, şəhidlik zirvəsinə ucalan silahdaşlarımıza, qazi qardaşlarımıza
çox-çox minnətdarıq”.
Qalib
Ordunun batalyon komandiri
Sonda qeyd edək ki, qazi kapitan A.Əliyev xidmət
müddətində hərbi-hissə komandirləri, Korpus komandanlığı tərəfindən dəfələrlə
fəxri fərmanlara, təşəkkürnamələrə layiq görülüb. Vətən Müharibəsindən öncə
üçüncü dərəcəli qüsursuz xidmətə görə, Silahlı Qüvvələrimizin yüz illiyi
medalları ilə təltif olunub. İkinci Qarabağ Savaşında tabeliyindəki şəxsi
heyəti düzgün idarə etdiyinə, verilən döyüş tapşırıqları və qarşıya qoyulan
vəzifələri vaxtında yerinə yetirdiyinə görə Korpus komandanlığının
təşəkkürnaməsini alıb, batalyon komandiri vəzifəsinə irəli çəkilib. Bununla
yanaşı, Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla kapitan A.Əliyev 3-cü
dərəcəli "Vətənə xidmətə görə” ordeninə, Füzulinin, Şuşanın azad olunmasına
görə, həmçinin Vətən Müharibəsi İştirakçısı medalları ilə təltif olunub. O,
hazırda Silahlı Qüvvələrimizdə hərbi xidmətini davam etdirir.
Rufik
İSMAYILOV