AZE | RUS | ENG |

Münasibət bitdikdə, sosial şəbəkələrdə necə davranmalı: Blok etmək, yoxsa heç nə olmamış kimi davam etmək?- Polemika

Münasibət bitdikdə, sosial şəbəkələrdə necə davranmalı: Blok etmək, yoxsa heç nə olmamış kimi davam etmək?- Polemika
Keçmiş xatirələri unudub yaşanmamış saymaq çətindir. Bütün münasibətlər xoş arzular, ümidlərlə başlayır. İlk vaxtlar heç bir tərəf ayrılıq ehtimalını düşünmür. Lakin bütün münasibətlər xoşbəxt sonluqla nəticələnmir. Hər ayrılıq sonrası ağrılı dövr başlayır. Bir münasibəti davam etdirmək üçün göstərdiyimiz cəhdlərin və gələcəyə doğru qurduğumuz xəyalların birdən sonlanması asanlıqla qəbul edilən situasiya deyil. Gənclərin kimisi "düşmən” kimi ayrılır, kimisi də anlaşaraq ayrılmağa qərar verir.
Bəs ayrıldıqdan sonra necə davranmaq lazımdır? Xüsusilə həmin şəxs sosial şəbəkə hesablarımızda qalmalıdır, yoxsa bloklanmalıdır? Bu dəfə "Polemika” rubrikamızda gənclər üçün aktual olan bu məsələni müzakirə etdik.
 
"Sən qadınsan, robot deyilsən”
Sofiya Ali, illüstrator florist

Sofiya düşünür ki, münasibəti sevgi ilə başladığın kimi, bitirəndə də saf hisslərlə bitirmək lazımdır: "Məncə, hər şeyi normal qəbul etmək lazımdır. Mənim həyatımda iki münasibət bitib. Düzdür, birinci münasibətimdə daha təcrübəsiz və uşaq idim. Çox emosional idim və davranışlarımı da idarə edə bilmirdim. Amma nə qədər emosional olsam da, birinci münasibətimdə də blok etməmişdim. İndi daha fərqli davranıram. Sadəcə, zaman keçdikcə başa düşürsən ki, hisslər deyilən bir şey var. Sən qadınsan, robot deyilsən. Nə də qarşı tərəfdəki insan robotdur. Hər şeyi planlaşdırdığımız şəkildə başlamadığımız kimi, bitəcəyi zamanı da hesablaya bilmərik. Yəni sən heç bir hissi özün yaratmırsan. Bu, plansız, bilmədiyimiz şəkildə və bilmədiyimiz gündə yaranır. Necə ki münasibət başlayanda onu normal qəbul edib bundan həzz alırıq, eləcə də bitməsini də normal qəbul etməliyik. Düzdür, hər bir ayrılıq insana kədər gətirə bilir. Amma normal qəbul etmək lazımdır”.
Sofiyanın sözlərinə görə, hər bir münasibəti dadında buraxmaq lazımdır: "Mən ayrılığı da çox normal qəbul edirəm. Məsələn, məni sevən bir insan var və mən ona sevgimi verə bilmirəmsə, qarşı tərəfdəki insan mənim sevgimlə qane olmursa, deməli münasibət bitib və bu, normal haldır. Ondan məcbur sevgi dilənə bilmərəm. Bitən münasibəti dadında buraxmaq lazımdır. Məcbur etmək lazım deyil ki, yenidən başlasın. Çünki bu, insana daha çox kədər gətirir. Amma münasibət bitdisə də, əlaqəni kəsmək lazımdır. Özünlə baş-başa qalmalı və danışmalısan. Əgər zehnində də duyğusal olaraq bitibsə, onda fiziki də görmək lazım deyil. Sadəcə, dostluqdan çıxar”.
Sofiya blok etməyi saxtakarlıq hesab edir: "Blok etməyi tamamilə saxtakarlıq kimi qəbul edirəm. Bu, uşaq hərəkətidir. Blok etməklə sən özünü aldadırsan. Sənin həmin insana qarşı hissin olmasa, boş buraxarsan və normal qəbul edərsən. Blok etməklə də özünü aldadırsan. Qarşı tərəf də bilir ki, fake profil açıb həmin şəxsi yenidən izləyəcəksən. O da həmçinin səni izləyə bilər. Blok etmək yox, münasibət bitəndə uzaq durmaq lazımdır. Münasibət bitəndə, gərək həyatından da çıxarasan. Çox dərin hisslərdən sonra dostluq ola bilməz. Əvvəlki dostlarınla dostluq et, bu sənə kifayət edər. Amma bir vaxtlar dərin hisslərlə sevdiyin insanla dostluğa cəhd etmə. Mən hər şeydən həzz alan və hər şeyi də gözəl xatırlayan insanam. Oldu və bitdi. Həyatımız o qədər uzun deyil ki, bunu nifrətlə, kinlə davam etdirək. Hər bir insanın həyatımıza gəlmək məqsədləri olur. Həyatımızda olan bütün insanları gözəl xatırlamaq lazımdır. Münasibət bitdikdən sonra da çalışmaq lazımdır ki, boş depressiyaya düşməyəsən. Özünü günahlandırmaq mərhələləri insana heç nə qazandırmır. Stress, depressiya insanın sağlığına da zərər verir. Sevginizdən həzz alın. Münasibət bitsə belə, o sevgidən həzz almalısan. Onda fiziki də, zehinsəl də sağlam olacaqsan. Heç bir insana böyük bir məna yükləmə ki, o insan həyatından gedəndə böyük boşluğa düşməyəsən”.

"İnsanlar bir-birlərinə hörmət etməlidirlər”
Mətin Oğuz, jurnalist

Mətin deyir ki, az müddət də olsa münasibət yaşanıbsa, insanlar bir-birlərinə hörmət etməlidirlər: "İstər virtual, istərsə də real həyatda əgər iki insan arasında hər hansı münasibət yaranıbsa və arada xoş anlar bölüşülübsə, bütün neqativ hallara baxmayaraq, insanlar qarşısındakına hörmət etməyi bacarmalıdır. Bu hörməti qorumaq üçün də qarşımızdakı insanı anlamağı bacarmalıyıq. Blok etmək, yaxud həyatından təcrid etmək, görməzdən gəlmək kimi hallar əsasən yetkin olmayan, uşaqlıq simptompları qalan gənclərə xas olan bir davranışdır. Ona görə də bu, qəbulolunmazdır. Təbii ki, münasibət münaqişəli bitibsə, hərçənd bu da xoşagələn deyil, bu zaman dostluqdan çıxarmaq olar. Bacardıqca, mədəni şəkildə ayrılmaq lazımdır. Ən azından, arada bölüşülən xatirələri nəzərə almalıyıq”.
Mətin düşünür ki, münasibətdən sonra dost qalmaq çətin məsələdir: "Dost kimi qalmaq məsələsinə gəldikdə isə, xüsusən ayrılıqdan sonra depressiv hala düşənlər üçün dostluq çətin məsələdir. Münasibətdən sonra dostluq hər kəsdə bir cür nəticələnə bilər. Bu, fərddən fərdə dəyişir. Elə bir insan olar ki, onun dostluğu yaxşılığa doğru gedə bilər. Xüsusilə ortaq çevrəmiz varsa, hər hansı münasibət yarana bilər. Amma yaxın dost münasibətlərinin formalaşması mümkün olmaz”.
 
"Blok etmək əvəzinə, ona göstərmək lazımdır ki, sənsiz həyat çox gözəl davam edir”
Səbinə Şirməmmədova, modelyer

 
Səbinə deyir ki, dostluqdan çıxarıb-çıxarmamaq münasibətin necə bitməsindən asılıdır: "Münasibət pis şəkildə bitibsə, dostluqdan çıxarmaq təbiidir. Həm də yeni münasibətlər baxımından problem yaratmasın deyə, əvvəlki sevgilinlə ünsiyyəti tam kəsməlisən. Amma blok etmək düzgün deyil. Çünki bu həm özünə inamsızlığı bildirir, həm də düzgün hərəkət deyil. Dostluqdan çıxardınsa, bu kifayətdir. Əksinə, blok etmək əvəzinə, ona göstərmək lazımdır ki, sənsiz həyat çox gözəl davam edir və sənə ehiyacım yoxdur”.
Səbinə hesab edir ki, anlaşmalı şəkildə bitən münasibətlərdə dostluğu saxlamaq mümkündür: "Əgər münasibət anlaşmalı şəkildə danışılaraq bitirilib və hisslər də həqiqətən yoxdursa, dost münasibəti qurula bilər. Amma əksinə, qarşı tərəfə hisslərin qalıbsa, mütləq ondan uzaqlaşmalısan. Həmin şəxsin profilini izləməməli, şəkillərinə baxmamalısan. Fikrini dağıdacaq  işlər görmək lazımdır. Ən əsası, qarşındakı insana pis olduğunu hiss etdirməməlisən. Onu görəndə rahat, heç nə olmamış kimi davranmaq, hətta yeri gələndə, eyni məkandasınızsa, salamlaşmaqdan belə çəkinməmək lazımdır. Güclü olmaq və güclü görünmək həmişə yaxşı üsuldur. Belə olanda qarşındakı insan da sənin dəyərini anlayır. Ağlayıb depressiyaya düşmək ümumiyyətlə olmaz. Buna heç kim dəymir”.
Aygün ƏZİZ

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6489
GBP 1 İngilis funt sterlinqi 2.2562
TRY 1 Türk lirəsi 0.2727
KWD 1 Küveyt dinarı 5.6171
SEK 1 İsveç kronu 0.1937
EUR 1 Avro 2.0024
CHF 1 İsveçrə frankı 1.7728
USD 1 ABŞ dolları 1.7000