• şənbə, 27 Aprel, 08:10
  • Baku Bakı 12°C

Müharibənin qana buladığı pijama

18.06.16 11:05 2371
Müharibənin qana buladığı pijama
Bu yazını yazmağıma səbəb EuroNews kanalında gördüyüm bir xəbər oldu. Kadrlar o qədər təsiredici idi ki, bunu başqalarına ötürmək istəyi məni yazmağa yönləndirdi. Ümid edirəm ki, oxuyanda yaşadığım hissin az bir hissəsini duya bilərsiniz.
Gurultulu səslərin içərisində oyandı. Bu səhər də hər tərəfdən partlayan bomba səsləri gəlirdi. Beyni oyanmışdı, amma gözlərini aça bilmirdi. Yuxu onu buraxmırdı. Normalda bu qorxulu səslərin içində yatmaq bir yana, heç ayıq şəkildə dayanmaq belə mümkün deyildi. Lakin bu səslər artıq onun üçün doğma səsə çevrilmişdi. Günün hər saatı bu səsləri eşidirdi. Hər gurultu ilə partlayan bomba səsinin içində neçə insanın fəryadı, neçə insanın yalvarışı, "kömək” deyən qışqırığı boğularaq batıb yox olurdu. Bəzi vaxtalarda bu səslər eşidilmədikdə, nəyinsə çatışmadığını düşünür, boşluq hiss edir və bunun nə olduğunu axtarırdı. Tapmaq isə heç də çətin olmurdu. Çünki tez bir zamanda eyni səslər yenə təkrarlanırdı.
Həyatda bir çox şeylərə ac olduğu kimi yuxudan da ac bir vəziyyətdə gözlərini açdı. Gözlərinə inanmadı. O qədər sevindi ki, sanki həyatının ən xoşbəxt gününü yaşayırdı. Köhnə, paslanmış, yaş dəmir qoxusu gələn yatağının yuxarı tərəfində yeni, çəhrayı rəngli pijama vardı. O qədər sevinmişdi ki, hər şey ona gözəl görünürdü. Dünya sanki böyümüş, gözəlləşmişdi. Balaca, qıyaraq ətrafa baxdığı gözlərində əvvəlki kədər, yaşından qabaq daddığı ağrı, acıların kölgəsi yox olmuşdu. Dodaqlarının kənarı qeyri-iradi qıvrılır, gülməkdən özünü saxlaya bilmirdi. Ağzını bağlamaq istəyir, amma bacarmırdı. Әli ilə ağzını tutub gülürdü. Sanki gülməkdən qorxur, səsini boğmağa çalışırdı. Onun sevincli gülüşünün səsinə anası gəldi. Çiynini qapının kənarına söykəyib ona tamaşa edirdi. Onu elə görmək anasında da təbəssüm yaratmışdı. Uzun zaman olmuşdu ki, bu qədər sevinməmişdi. Tez əynindəkiləri yeniləri ilə dəyişdi. Pijamaları o qədər bəyənmişdi ki, onları həyatının sonuna qədər geyinə biləcəyini düşünürdü. Elə nə oldusa o gün oldu. Balaca qızcığaz yeni pijamalarını doyunca geyinə bilmədi. O da uşaqdır axı, o da oynamaq istəyir. Amma yox, o, lənətlənmiş, BMT-nin qəzəbinə tuş gəlmiş, Qərbin ac gözlərini dikdiyi Suriyada yaşayır. İnsan həyatda bir çox şeyi seçə bilmədiyi kimi, doğulduğu yeri də seçə bilmir. Uşaqlığın nə olduğunu azca da olsa dadmaq istəyən bu uşaq oynamaq üçün evdən çıxdı. Yeni pijamasını yaşıdlarına göstərmək istəyirdi. Amma həvəsi qursağında qaldı. Yaxınlıqda bomba partladı. Sağ qıçı yaralandı. Bütün paltarı qana bulanmışdı. Ağlayırdı, kiçik bədəninin dözə bilməyəcəyi şiddətli ağrı hiss edirdi. Səsə anası çıxdı. Bilirdi onun evdə olmadığını. Uşağın evdən çıxmasına icazə verdiyi üçün özünü danlayırdı. Ev təhlükəsiz yer imiş kimi. Qızı təcili xəstəxanaya apardılar. Әslinə qalsa, şanslı idi. Gecikdirilmədən həkimə çatdırılmışdı. Onun yaşında olan onlarla uşaq bu cür hadisələrdə vaxtında həkimə çatdırıla bilmədikləri üçün həyatını itirir, ya da ən yaxşı halda əlil qalırdı. İndi isə bu qızı həkimə çatdıracaq adam tapılmışdı. Həkim əvvəl onun yarasına baxdı, nə isə fikirləşdikdən sonra alət stoluna tərəf getdi. Geri qayıdanda əlində qayçı vardı. Qız qayçını görəndə daha şiddətlə ağlamağa başladı. Ona görə yox ki, qayçıdan qorxurdu. Ona görə ki, o başa düşmüşdü ki, həkim onun pijamasını kəsmək istəyirdi. Canının ağrısını unudub fəryad etməyə başladı:
"Kəsmə, pijamamı kəsmə. O, hələ təzədir. Kəsmə. Anam bu gün alıb. Başqası yoxdur”. Müqavimət göstərməyə gücü yox idi. Həkim ona təkcə bunu dedi: "Yaranı sağaltmaq üçün kəsməliyəm”. Fəryadlarına baxmayaraq, həkim onun yeni pijamasını kəsdi. O ağlayırdı. Göz yaşlarından paltarının yaxası islanmışdı. Axı o, bu gün sevinmişdi, xoşbəxt idi. Dünya gözəlləşmişdi, yaxşılaşmışdı. Niyə yenə bütün ağırlığını onun üzərinə saldı? Onun arıq, gücsüz çiyinləri buna dözə bilərdimi? Niyə bu dünya sadəcə zəifləri əzir? Bu qədər acizdirmi KI? güclülərə qalib gələ bilməsin? Artıq o gözəl, təzə pijama da dünya qədər gözündən düşmüşdü. Artıq onu ömrünün sonuna qədər geyinmək istəmirdi. Çünki anlayırdı ki, pijamaların yüzü alınsa belə, onun taleyini dəyişə bilməz. Müharibə ona bir pijamanı belə qıymadı.
Sonra uşaq səsini də çıxarmadı. Onsuz da ac, susuz yaşayan, həyatın ən zalım üzünü görən bu balaca bədən nə edə bilərdi ki?
Səbinə Şirməmmədova
banner

Oxşar Xəbərlər