“Müflis olmaqdan qorxmuram” - Uğur hekayəsi
Ruslan
Məmmədov: "Sahib olduğum hər şeyi əlimdən alın, bir
dollar pul verin...”
Deyir ki, nəyisə əldə etmək
üçün nələrisə qurban vermək lazımdır. Hələ ki işlərindən dolayı ailəsinə
istədiyi qədər zaman ayıra bilmir. Amma 2021-ci ilin yanvar ayının 8-ə qədər özünə
vaxt qoyub, o vaxtdan sonra ailəsi ilə daha çox zaman keçirəcək. Düşünür ki,
uğurun sirri çoxdur və yalnız bu sirləri bilən insanlar həqiqətən uğurlu olurlar.
Müsahibimiz "Mario Russo” kişi geyim
brendinin yaradıcısı Ruslan Məmmədovdur.
Qeyd edək ki, Ruslan Məmmədov
1988-ci ildə Almaniyada Postdam şəhərində anadan olub. Uşaqlıq və gənclik
illəri Rusiyada keçib. 2004-cü ildən isə ailəsi ilə birlikdə Azərbaycana gəlib.
2005-ci ildə Bakı Biznes Universitetinin maliyyə və kredit fakültəsinə daxil
olub.
Həmsöhbətimlə yaratdığı biznes
barəsində danışarkən qeyd edir ki, "Mario Russo” elə Ruslan Məmmədov adından
yaranıb: "Uşaqlıqda dostlarım mənə Ruslan yox, Russo deyərdilər və bu, mənə xoş
gəlirdi. Markamıza ad seçəndə də ağlıma ilk bu ifadə gəldi. Mario isə soyadımın
italyan versiyasıdır. Düşündüm ki, səslənişi qulağa yatımlı olsun. Həmçinin, dünya
bazarlarına çıxış zamanı da özünəməxsusluğu ilə seçilsin”.
- Uşaq vaxtı sizə ünvanlanan "kim olmaq
istəyirsən” sualına "adam” deyə cavab veribsiniz. Maraqlıdır, Ruslan üçün "adam
olmaq” nə deməkdir?
- Bizim ailədə, nəsildə çox
xoşlayırlar ki, insan insanları sevsin, onlara fayda versin. Həmçinin də
insanlar onu sevsin, ona hörmət etsin. Bizim üçün bu məqamlar çox önəmlidir.
Şəxsən mənim üçün ən böyük motivasiya işimdə əldə etdiyim inkişafdan çox
yaxınlarıma etdiyim yaxşılıqların qarşılığında onların sevinməyidir. Kimisə
sevindirmək xoş təsir bağışlayır. Hər şeyi pulla əlaqələndirmək olmaz. Hətta
mən işə götürəcəyim insanın ilk olaraq xarakterinə baxıram, sonra iş
təcrübəsinə.
-
Başqalarına xeyir vermək, faydalı olmaq sizin üçün niyə bu qədər önəmlidir?
- Hər kəs nələrdənsə zövq
alır. Mən də bu kimi işlərdən zövq alıram. İnsanları sevindirməyi çox sevirəm,
ətrafımdakı insanların xoşbəxtliyi mənim xoşbəxtliyimdir. Mən o vaxt gülürəm
ki, onlar da gülür. Məsələn, bura gəlməmişdən öncə bir-iki nəfəri sevindirmişəm
və indi əhvalım çox yaxşıdır (gülür).
-
Almaniyada doğulmağınıza baxmayaraq, uşaqlıq və yeniyetməlik dövrünüz Rusiyada
keçib. O illəri necə xatırlayırsınız?
- Həmin dövr çox ağır
keçib. Rusiyanın paytaxtında yox, çox ucqar bir yerində yaşayırdıq və orada
rasizm hiss olunurdu. Kriminal hadisələr baş verirdi. Xüsusilə də yeniyetməlik
dövrünü orada keçirən biri üçün çox dəhşətli idi. Bu yaxınlarda sosial şəbəkələrdə
bir sual qarşıma çıxdı. Soruşulurdu ki, imkan olsaydı, həyatınızda nələri
dəyişərdiniz. Açığı, bu sual ətrafında çox düşündüm. Ağlıma ilk həmin illər
gəldi, əlimdə olsaydı, öz ölkəmdə doğulardım, ilk addımlarımı burada atardım.
Amma bir az dərinə gedəndə, düşündüm ki, yox, heç nəyi dəyişməzdim. Çünki bugünkü
Ruslanın formalaşmağında, inkişafında o illərin də böyük rolu var.
-
2004-cü ildə Azərbaycana gəlibsiniz. 11-ci sinfi bitirib, universitetə sənəd verdiyiniz bir zamanda atanız müflis olur. Həmin dönəmdə hansı çətinlikləri
yaşadınız?
- Ümumiyyətlə, ən böyük
çətinliyim dillə bağlı idi. Rus bölməsində oxuduğum üçün Azərbaycan dilində
danışanda çətinlik çəkirdim. Həmçinin o dövrdə sinif yoldaşlarımın əksəriyyəti
hazırlığa gedirdi, amma mən gedə bilmədim. Özüm hazırlaşdım və zəhmətimin
nəticəsini də gördüm. Universitetə qəbul oldum, amma ödənişli. Ödənişliyə qəbul
olmağımla çətinliklər davam etdi. Çünki illiyi ödəmək üçün işləməli idim. Amma
dili yaxşı bilmirəm, təcrübəm yox, düşünürdüm ki, necə iş tapacağam. Elə oldu
ki, ofisiant işləməyə başladım. Maaşım çox aşağı idi, sırf evə yük olmamaq, heç
olmasa, yol pulumu qazanmaq üçün işləyirdim. Yadımdadır, ilk "çayavoy”um 30
qəpik olmuşdu. Onda necə sevinmişdim. Amma düşünürəm ki, nə yaxşı həyatımda o
çətin günlər olub.
-
İllər əvvəl 30 qəpik "çayavoy”a sevinən Ruslan bu gün özü nə qədər "çayavoy”
qoyur?
- (Gülür). İstənilən sahədə
xidmət böyük rol oynayır. Ofisiant işlədiyim dönəmdə də, indiki işimdə də
bacardığım qədər yüksək səviyyədə xidmət göstərməyə çalışıram. Eynilə də yüksək
xidmət görməyi xoşlayıram. Xidmət tam ürəyimcə olanda 10, 100, hətta 200 azn də
"çayavoy” qoyuram.
-
Əsgərlikdən sonra iş həyatına başlamaq üçün hansı əngəllərlə rastlaşdınız,
onları necə aşdınız?
- Dil və təcrübə problemi
hələ də davam edirdi. Amma düşünürdüm ki, artıq ofisiant işləməklə heç nə əldə
edə bilməyəcəyəm, inkişaf etmək, irəli getmək vaxtıdır. Müraciət etdiyim
yerlərdən "yox” cavabı almaqdan bezmişdim. Qərara gəldim ki, insanları mənimlə
işləmələri üçün maraqlandırmaq lazımdır. Bir mağazada sual-cavab zamanı
yalandan dedim ki, çin və rus dilini bilirəm. Onlar da güldülər, adımı, nömrəmi
götürdülər, amma müsbət heç nə demədilər. Nə isə mağazadan çıxdım, metroya
tərəf gedirdim. İçimdə də bir təəssüf hissi var idi ki, yenə də iş tapa
bilmədim. Bu məqamda telefonuma zəng gəldi, həmin mağazadan idi. Məni geri
çağırdılar, çin dilini bilməyim onların marağına səbəb olub. Mağazanın İnsan
Resursları mütəxəssisi ilə görüşdüm. O məndəki potensialı görüb işə götürdü.
İnanın, heç çin dili biliyimi yoxlayan olmadı (gülür). İşə götürüldüyüm üçün
çox xoşbəxt idim və bacardığımdan çox işləyirdim. 100 yox, 101 faizlik nəticə
göstərməyi qarşıma məqsəd qoymuşdum. İşlədiyim butikdə ilk ay ən çox satış edən
satıcı idim. Növbəti 3 ayda isə mağazanın 13 filialı arasında ən çox satışı
edən oldum. İstirahət günü götürmədən işləyirdim.
-
Bir zamanlar iş həyatının kəskin şərtləri ilə qarşılaşan, iş axtaran Ruslan bu
gün özü böyük bir biznesin sahibidir və 200-dən çox işçisi var. Maraqlıdır,
hazırda Ruslan hansı şərtlərlə işçi götürür?
- İlk növbədə insanın
potensialına, sonra təcrübəsinə baxıram. Təəssüf ki, əksəriyyət şirkətlər hazır
kadr axtarışındadır. Mən isə kadrı özüm yetişdirirəm. Mənim investisiyam
vaxtımı ayırmaq, bildiklərimi öyrətməkdir. Əgər işçidə o potensial varsa, hazır
kadrdan da yaxşı işləyir və sənin onun üçün etdiyin xeyirxahlığı daha yüksək
qiymətləndirir. Sabah başqa firma ona 5-10 manat artıq maaş verəndə də səni
tərk edib getmir. Ola bilər ki, təcrübəsiz kadr götürməklə bir tərəfdən
itirirəm, amma potensial baxımdan düzgün seçim etmişəmsə, gələcəkdə ikiqat
qazanıram.
-
Necə düşünürsünüz, bir markanın inkişafında işçi-rəhbər münasibətinin rolu nə
qədər önəmlidir?
- Mənim üçün komandam çox
önəmlidir. Komandamdan pozitiv enerji almasam, onlarla məsləhətləşməsəm, işləyə
bilmərəm. Bu gün sahib olduğum işi özüm təkbaşına qurmuşam, amma inkişafında
komandamın rolu böyükdür. Hər bir insanın yanaşması fərqlidir. Bu baxımdan, istənilən
işdə fərqli fikirlər dinləmək gözəldir. Onların risk eləmək potensialı daha
yüksək olur, çünki bunu öz pulları ilə etmirlər (gülür). Ona görə normal və
anormal ideyalar verə bilərlər. Komandanı dinləmək lazımdır, amma qərarı sonda
özün verirsən. Əslində, komandaya da xoş olur ki, rəhbər onunla məsləhətləşir,
fikrini dinləyir. Hətta hansınınsa ideyasından istifadə edəndə motivasiya
alırlar. Bu zaman işə daha məsuliyyətli və yaradıcı yanaşırlar. Nəticədə
markanın inkişafı üçün nə isə etmiş olurlar.
-
Bir müsahibənizdə oxudum ki, ölkəmizdə fəaliyyət göstərən bir multi-brend
univermağında ilk görüşdə təklif olunan maaşdan imtina edibsiniz. Amma bir neçə
gün sonra sizə istədiyiniz maaşı təklif edərək işə dəvət ediblər. Bilmək olar,
nə qədər təklif edilmişdi və sonda razılığa gəlinən məbləğ nə qədər oldu?
- Həmin şirkət çox yaxşı
statusa sahib olan böyük tekstil şirkəti idi. Səhv etmirəmsə, indi də ölkədə
nömrə bir şirkətlərdəndir. Əslində, onlardan təklif gələndə təəccüblənmişdim.
İlk təklif edilən maaş 450 manat idi, amma 3 ay sonra 600 manata qalxacağı və
faizlərdən də müəyyən qədər gəlir olacağı deyildi. Lakin razı olmadım, çünki
işlədiyim yerdə təklif ediləndən çox qazanırdım. Bəlkə də indiki Ruslan
şirkətin adına, öz inkişafıma görə nələrsə göz yumub gedərdi, lakin o vaxt pula
ehtiyacım var idi. Belə risk edə bilməzdim. 4-5 gün sonra, zəng vurub görüşə
çağırdılar. Görüş zamanı razı olub-olmadığımı soruşmadan "600 manat veririk və
heç bir söz demədən işə başlayırsınız” dedilər. Mən də gülərək "başlayaq”
dedim.
-
Atanızın müflis olmağının səbəblərindən biri də yerli bazarı bilməməyindən
irəli gəlib. Maraqlıdır, siz bu bazarı necə öyrəndiniz?
- Deyir, yaxşı bankir olmaq
üçün qapıçı olmaq lazımdır. Mən ən aşağı vəzifədən bütün səhvləri, düzləri
görərək bu yerə qalxdım. Deyə bilmərəm ki, işə başlayan kimi pullar başımdan
töküldü. Şəxsən iki dəfə müflis olmaq yolundan qayıtmışam. Amma o riskləri
bilə-bilə edirdim. Çünki risk edə-edə öyrənirdim.
-
Heç düşünübsünüz, müflis olsanız nə edərsiniz?
- Bu sualı 2015-ci ilə
qədər hər gün özümə verirdim. Hansısa mağazada işləyəndə düşünürdüm ki, buradan
işdən çıxsam, nə edərəm, biznesimi qurduqdan sonra müflis olsam, nə edərəm?
Amma hazırda heç nədən qorxmuram. Çünki keçən zaman ərzində investisiyanı işimə
yox, özümə etmişəm. Bu sahədə özümü kifayət qədər inkişaf etdirmişəm. Sözün əsl
mənasında bu dəqiqə sahib olduğum hər şeyi əlimdən alın, amma mənə bir dollar
pul verin. Bu gün məndən aldıqlarınızı bir il sonra yenidən qazanacağam. Ona
görə müflis olmaqdan qəti şəkildə qorxmuram. Bunun üçün də hər kəsə məsləhət
görürəm ki, ilk olaraq özlərini inkişaf etdirsinlər.
-
Maraqlıdır, siz özünüzü necə inkişaf etdirirsiniz?
- Məşq edirəm, idmanı çox
sevirəm, hətta deyərdim ki, ondan asılıyam. Sağlamlığıma ciddi nəzarət edirəm, düzgün
qidalanıram, siqaret çəkmirəm, amma arada xeyir işlərdə içirəm (gülür). İdman
insanı passivləşməyə qoymur, qan dövranı çox yaxşı işləyir. Nəticə olaraq da
ətrafda baş verənləri daha yaxşı müşahidə edib, informasiyanı daha rahat qəbul
edə bilirsən, beyin itilənir, yaradıcı ideyalar düşünürsən və daha məhsuldar
işlər görürsən.
-
Biznesinizi devalvasiya vaxtı, hər kəsin işini itirdiyi, şirkətini bağladığı
bir dövrdə qurubsunuz. Bunu cahil cəsarəti yoxsa, özgüvəndən doğan bir risk
adlandırmaq olar?
- Heç nəyə güvənmədən riskə
getmək ağılsızlıqdır. Demirəm, 51 faiz, ən azından 10 faiz də olsa, nəyəsə
güvənmək lazımdır.
-
Bəs, siz nəyə güvənərək bu addımı atmışdınız?
- Yaşadığım bütün
çətinliklərə baxmayaraq, uşaqlıqdan
özümü çox xoşbəxt saymışam. Hiss edirəm ki, Allah məni çox istəyir. Hansısa
çətinliyim olsa belə o, məni dəstəkləyəcək, kömək edəcək. Həyatda ən böyük
dəstəkçim isə ailəmdir. Onların da dəstəyi təsirsiz ötüşmədi və onların mənə
olan inancını, güvənini boşa çıxartmamalı idim. Bundan başqa, az da olsa, iş
təcrübəm var idi. Müəyyən qədər ona da güvənirdim (gülür). Bir də hisslərim
məni yanıltmır. Həmin dönəmdə hiss etdim ki, risk etmək vaxtıdır.
-
Güvənilir geyim markası olmağın əsas şərtləri nələrdir?
- İlk növbədə hər bir insan
ekskülizivlik, keyfiyyət axtarır. Digər tərəfdən, qiymət nüansını da gözardı
etmək olmaz. İnsanlar keyfiyyətə və ekskülizvliyə nə qədər maraq göstərsələr
də, qiymətə də önəm verirlər. Bu qiymət nə aşağı, nə də yuxarı olmalıdır.
Həmçinin insanlar peşəkarlığa da diqqət yetirirlər. Bütün bunlar bir arada
cəmlənəndə, güvəni qazanmaq elə də çətin deyil.
-
Yerli bazarda özünüzə rəqib görmədiyinizi deyibsiniz. Bunu nəyə əsasən
bildiribsiniz?
- Məni inkişaf etdirən
xüsusiyyətlərimdən biri də rəqabətdir. Kiminsə məndən güclü və ya yaxşı
işlədiyini görəndə yaxşı mənada aqressiya yaranır və hər nə olursa, olsun onu
keçməyə çalışıram. Ondan daha yaxşı olmağı qarşıma məqsəd qoyurdum. Məqsədimə
çatanda isə darıxmağa başlayırdım. Hazırda fəxrlə deyirəm, sübut edirəm və
edəcəyəm də ki mən daha yaxşıyam. Əlbəttə, ola bilər bu gün daha yaxşı bir
brend yaransın və məndən də yaxşı xidmət göstərsin. Amma ona da müddət qoyuram
ki, hansısa müddət sonra mən onu da keçəcəyəm (gülür). Çünki yenə rəqabət və
daha yaxşı olmaq hissi yaranacaq. Bəlkə də eyni səviyyədə olacağıq, amma işə
yanaşma mütləq şəkildə fərqli olacaq.
-
Yaxşı bir atalar sözü var, "insanı geyiminə görə qarşılayıb, ağlına görə yola
salarlar”. Sizcə, münasibətlərin qurulmasında geyimin rolu nə dərəcədə
önəmlidir?
- Bu deyimi bəyənirəm. Psixoloji
yanaşmadır. Yəni qarşınızdakı insanla ilk əlaqəniz gözlə olur. Onunla
danışmadan, əl-ələ salamlaşmadan öncə istər-istəməz gözünüzlə qiymətləndirirsiniz.
Bu, insanın özündən asılı deyil. Ona görə də ilk baxış, təəssürat çox
önəmlidir. Daha sonra onun xarakteri, düşüncəsi ilə bağlı fikirlər yaranır.
Demirəm, insan mütləq bahalı geyinməlidir. Sadəcə, səliqəli olmaq, geyinmək
üçün elə də çox pula ehtiyac yoxdur.
-
Kişilər dəbli klassik geyimdə qadınların diqqətini daha çox cəlb edirlər?
- 99 faiz bəli (gülür).
Çünki xanımlar instinktiv olaraq həyat yoldaşı, uşaqlarına ata axtarırlar. Nə
qədər adrenalini sevən qadın olsa belə, yenə də müəyyən vaxtdan sonra
stabillik, normal həyat tərzi istəyir və klassik geyimdə olan kişilərdə bu
potensialı daha çox görür. Çünki həmin kişilər daha ciddi, yaradıcı, ağıllı
təəssürat bağışlayır.
-
Sözünüzdən belə anlaşıldı ki, kostyum, şalvar kişinin ağlının göstəricisidir.
- (Gülür). Əslində, bunu
mən yox statistika deyir. Dünyanın məşhur jurnallarından olan "Forbes” deyir
ki, dünyada olan milyonerlərin, milyarderlərin 92 %-nin üzü qırxılı və klassik
geyimlidir. Yəni kostyum geyinən, üzü qırxılı adam daha uğurludur.
-
Uğurdan danışmışkən, sizcə, uğurun sirri nədir?
- Uğurun sirri
pozitivlikdir, işə sevgi ilə yanaşmaqdır, arzulamaqdır. Məncə, insan ilk olaraq həyatda onu nəyin
motivasiya etdiyini bilməlidir. Bəlkə də bu, yaxşı səslənmir, amma insan
kiminləsə rəqabətə girməli, ondan daha üstün olmağı qarşısına məqsəd
qoymalıdır. Uğurun sirri çoxdur və sirləri bilən insan həqiqətən uğurlu olur.
-
Ən böyük dəstəkçinizin ailəniz olduğunu dediniz. Bu qədər işin arasında onlara
vaxt ayıra bilirsiniz?
- Nəyisə
əldə etmək üçün, nəyisə qurban etmək lazımdır. Təbii ki, ailəmə çox vaxt ayıra
bilmirəm. Amma çalışdığım qədər onlarla daha çox zaman keçirirəm. Özümə 2021-ci
ilin yanvarın 8-ə, yəni 33 yaşıma qədər vaxt qoymuşam. Nə olursa, olsun o
zamandan sonra ailəmə daha çox vaxt ayıracağam.
Günel
Azadə