AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Müəllimlərinin əməllərini yaşadan tələbələr - Örnək

Müəllimlərinin əməllərini yaşadan tələbələr - Örnək

Gənclik qəzeti
08 May 2020, 12:00 2163
 
"Şəhla Qarayeva Təqaüd Proqramı” maddi imkanı zəif olan qızlara təhsil almaqda kömək göstərir
 
"Şəhla Qarayeva Təqaüd Proqramı” (ŞQTP) haqqında məlumata sosial şəbəkə paylaşımında rast gəldim. Saytlarına daxil oldum və ilk qarşıma çıxan - ötən il bu proqram vasitəsilə təhsilinə maddi dəstək alan xanım tələbələrin fikirləri oldu.

Ləman Mövlanova: "Gələcəklə bağlı planım mükəmməl təhsil almaqdır. Həm də gələcək nəslə mükəmməl təhsil vermək məqsədim var. Tək valideyn tərəfindən böyüdülməyim bu məqsədə çatmağımda xeyli maddi çətinliklər yaradıb. Lakin ŞQTP kimi qurumların mövcud olması mənə təhsil karyeramda cəsarət verir və mən də bir gün bu proqramın mənə kömək etdiyi şəkildə hər hansı tələbəyə kömək olmaq istəyirəm”.

Jalə Məmmədova: "Orta təhsilimi Tovuz rayonunun Əhmədabad kəndində başa vursam da, ailəmdə baş verən faciə nəticəsində atamın qollarını itirməsi səbəbi ilə əmim qızının və ailəsinin təkidi ilə Bakı şəhər Qobustan qəsəbəsinə, əmimgilin ailəsinə köçdüm, burda yaşamalı oldum. Sonra Bakı Dövlət Universitetinin Qazax filialında ödənişli əsaslarla fizika müəllimi ixtisasına qəbul olsam da, maddi çətinliklər səbəbindən problemlərlə üzləşdim. ŞQTP sayəsində təhsilimi maneəsiz davam etdirə biləcəm”.
 


Layihəni kimlər yaradıb?

Saytda qeyd olunur ki, proqram Azərbaycandan olan aztəminatlı və təhsilə çıxışı məhdud qızların təhsil imkanlarının genişləndirilməsi üçün yaradılıb və həyatını təhsilə həsr etmiş pedaqoq və təbələrinin dostu olan Şəhla Qarayevanın adını daşıyır.

Ötən il bu proqramın imkanından 4 xanım tələbə yararlanıb. Fikirlərin hər biri ilə tanış olduqca, məndə belə sual yarandı ki, bu layihəni kim yaradıb? Bəlkə övladları? Başqa variant haqqında heç düşünmədim də. Təsisçilərlərin Abbas Abbasov, Aygün Qarayeva və Aynur Nəbiyeva olduğunu öyrəndim. Aydın oldu ki, övladları deyil. Bəs kimlərdir? Bu haqqda elə onların özləri ilə danışdıq. Bildirək ki, Aynur və Abbas ABŞ-da, Aygün isə İtaliyada yaşayır.

Qeyd edək ki, Şəhla Qarayeva 1962-ci ildə Füzuli rayonunda dünyaya gəlib. Orta təhsilini doğulduğu rayonda başa vurub, Azərbaycan Dillər Universitetinin filologiya fakültəsində amerikan ədəbiyyatı və dili ixtisası üzrə bakalavr təhsili alıb. Universiteti bitirdikdən sonra Füzuli rayonuna qayıdıb, bir neçə il orta məktəbdə ingilis dili müəllimi işləyib. 1993-cü ildən sonra Bakı Dövlət Universitetinin beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsində ingilis dili və amerikan ədəbiyyatı üzrə dosent olaraq çalışıb. Türkiyənin Bilkent Universitetində magistr təhsili alıb. Aktiv şəkildə akademik fəaliyyətlə məşğul olub. Akademik fəaliyyəti ilə bağlı bir çox ölkələrə səfər edib. 

Müsahiblərim bildirdilər ki, Ş.Qarayeva həyatının son 8 ilini müəllim kimi çalışa bilməyib: "Xərçəng xəstəliyi son 3 ildə başlasa da, ondan öncə dağınıq sklerozdan əziyyət çəkib. Bu xəstəlik onun yerimək, danışmaq, əl hərəkəti qabiliyyətlərini itirməyinə səbəb olurdu. Həmin vaxtlarda da evdə davam edirdi, bəzi tələbələrinə dərs keçirdi, amma şərtlər əvvəlki kimi deyildi”.
 


Həyatının amalına çevirdiyi dəyərləri yaymaq

Gələk, proqramı təsis edənlərə. Onlardan Abbas Abbasov Ş.Qarayevanın sevimli tələbələrindən olduğunu deyir: "Mən Şəhla müəllimi Bakı Dövlət Universitetində çalışdığı müddətdə tanımışam. Onu tanıyan hər kəs tələbələri üçün nə qədər can yandırdığını bilir. Onun övladı olmayıb, tələbələrinə övladı kimi yanaşıb. Tələbələri onun hər şeyi idi. Məni bir tələbəsi olaraq xüsusilə sevirdi. İndiyə kimi bütün tələbələri, məni vaxtilə şəxsən tanımayanlar belə, Şəhla müəllimənin həmişə nümunə kimi dərslərdə adımı çəkdiyini deyirlər.

Çox dürüst və prinsipial insan idi. Keçirdiyi ağır həyat şərtlərinə baxmayaraq, öz bilik və bacarıqları hesabına özbaşına müstəqil qadın olaraq uğurlu karyera qura bilmişdi. Xəstə olanda belə, tələbələri ilə əlaqə saxlayırdı. Heç vaxt özünü tələbələrdən yuxarıda dayanan müəllim və ya tələbələrinin problemlərindən uzaq biri kimi apardığını görməmişəm.

Universitetdə işlədiyi dövrdə yüzlərlə, bəlkə də minlərlə tələbəyə dərs deyib və indi Şəhla müəllimin adını eşidəndə, əminəm, onların hər biri təsdiqləyər ki, o, bir dəyər idi. Qadın azadlığı, bilik və bacarığın aliliyi və dürüstlük dəyəri idi. Biz də proqram vasitəsilə onun öz həyatının amalına çevirdiyi dəyərləri yayır, Azərbaycanda bu dəyərlərin daha da köklü şəkildə oturuşmasına onun adını daşıyan bu layihə vasitəsilə öz töhfəmizi veririk”.
 


Aynur Nəbiyeva şəxsən Şəhla müəllimi tanımayıb, sadəcə olaraq, onun haqqında tələbələrindən o qədər xoş sözlər eşidib ki, belə bir proqramın yaradılmasında iştirak edib: "Tələbələrinin həyatında onun necə bir iz buraxdığının şahidi olmuşam. Mənim təsəvvürümdə o, tələbəsinin, şagirdinin həyatına təkcə dərs dediyi müddətdə yox, bütün ömrü boyu təsiri olan müəllim kimi canlanıb. İnsanda həyatı boyunca iz buraxan müəllimlərə biz nadir halarda rast gəlirik. Belə bir müəllimlə bağlı layihədə iştirak etmək də mənə, təbii ki, xoşdur”.

4 nəfərə 750 dollar miqdarında təqaüd verdik

Aygün Qarayeva isə onun tələbəsi yox, bacısı qızıdır. Ancaq uşaq yaşlarından onun müəllimlik qabiliyyətinə bələd olduğunu deyir: "Kiçik yaşlarımdan başlayaraq mütəmadi olaraq dərslərində iştirak etmişəm. Onun tələbələrinə münasibəti hər zaman fərqli olub. Müəllimdən çox dost kimi yanaşıb. Təhsil həyatlarında düzgün istiqamət seçmələrində böyük rol oynayırdı. Təhsillərini davam etdirmələrinə, xaricdə təhsil almalarına təkan verirdi, bu mövzuda dəstəkləyirdi. Xərçəng xəstəliyi ilə uzun mübarizədən sonra 2018-ci ilin aprel ayında dünyasını dəyişdi. Tələbələrinin həyatında buraxdığı iz belə bir proqrama başlamağımız üçün səbəb oldu. Düşündük ki, bu ideyanın reallaşması onun həyatda olduğu vaxt etdiklərinin davamı olacaq. Onu da deyim ki, komandamız artıq 3 nəfərdən ibarət deyil. Mentorluq proqramımız üçün Könül Əliyeva bizə qoşulub. Ötən il Toğrul Səbzəliyev bizə böyük dəstək göstərdi və komandamıza qoşuldu”. 
 


Bəs niyə qızlar?A.Qarayeva bu haqda da danışdı: "Hacı Zeynalabdin Tağıyev deyib ki, bir oğlana təhsil verməklə təhsilli bir insan qazanırsınız, bir qıza təhsil verməklə isə, təhsilli bir ailə. Qadının təhsilli olması önəmlidir. Bu cəhətdən qadınlara fokus olmaq istədik. Oktyabr ayında pul yığma kampaniyasına başladıq. 2 ay ərzində müəyyən miqdarda pul yığıb proqramı həyata keçirməyə, qızlara təqaüd verməyə nail olmaq mərhələsinə keçdik”.

Maliyyənin toplanmasına gəlincə, A.Qarayeva deyir ki, ilk böyük dəstəyi Şəhla Qarayevanın tələbələrindən alıblar: "İlk vaxtlar istədiyimiz qədər maliyyəni toplayıb-toplamamaqla bağlı özümüzə suallar verdik. Bu bizi narahat edirdi, amma düşünürdük ki, Şəhla xanım həyatda olduğu zaman bir çox insanın təhsil həyatına böyük dəstək göstərib və həmin insanlar – tələbələri ona bu şəkildə təşəkkür etmək istəyərlər. Maliyyə cəlb etməyə çalışanda da, ilk müraciət etdiyimiz insanlar onun tələbələri oldu. Müsbət rəy bildirdilər və bizə həm maddi, həm də mənəvi şəkildə dəstək oldular. Sosial mediada yayıldı və bizi tanıyan və tanımayan bir çox insandan dəstək gördük. Biz ötən il 6 qıza təqaüd vermək imkanına sahib olduq. 2 xanım ölkəni tərk edirdi deyə, təqaüddən imtina etdi, amma 4 nəfərə 750 dollar miqdarında təqaüd verdik”.
 


Bizim üçün qərar vermək çox çətindir

Təqaüd proqramı haqqında məlumat verən A.Qarayeva bildirdi ki, maliyyə birbaşa şəxsə verilmir, universitetə təhsil haqqı kimi ödənilir: "Təqaüd müəyyən kriteriyalar əsasında xanım tələbələrə verilir. Azərbaycanda yaşayan, aztəminatlı və ya məhdud imkanlı ailədən olan, orta və ya ali təhsil xərclərini qarşılamaqda çətinlik çəkən xanım tələbələr üçün nəzərdə tutulub. Müraciət üçün ərizə formasını doldurmalıdırlar. Ərizə formasında suallar elə qoyulub ki, istər-istəməz, tələbənin maddi durumu haqqında müəyyən fikir demiş olur. Ərizələri analiz edirik və sonrakı mərhələyə keçənlərlə müsahibə aparırıq. Müsahibədə qızları yaxından tanımaq, təhsil, karyera məqsədlərini öyrənməyə çalışırıq. Axırda isə artıq təqaüd verəcəyimiz tələbələri müəyyənləşdiririk”.

A.Qarayeva deyir ki, seçim etmək heç də asan deyil: "Ötən il apardığımız 20-yə yaxın müsahibədən sonra gördük ki, bizim üçün qərar vermək çox çətindir. Elə tələbələr müraciət edir ki, onların həqiqətən də bu təqaüdə ehtiyacları var. Təkcə təhsil haqqı deyil, tələbələrin maddiyatla bağlı problemləri çoxdur. Kirayə xərcləri, kitab almaq, dil, proqram öyrənmək və s. üçün imkanları yoxdur. Amma hazırda büdcəmiz belə maddi yardım göstərməyə imkan vermir. Ona görə topladığımız məbləği ən vacib olan təhsil haqqına yönəltmək istəyirik. Üstünlüyü təhsil haqqını qarşılamaqda problemlə üzləşən qızlara veririk”. 

Bu il üçün müraciət tarixinin bitməsinə sayılı günlər qalıb. A.Qarayeva bildirdi ki, bu il 6 nəfərə təqaüd vermək imkanları var: "İl ərzində nə qədər məbləğ toplasaq, o qədər təqaüd veririk. Bu il 700 dollar məbləğində 6 nəfər qıza təqaüd verilməsi nəzərdə tutulub. Ərizə forması yanvar ayından may ayının 10-na qədər açıqdır. Müraciət edə bilərlər”.

A.Qarayeva deyir ki, ötən ildən həm də mentorluq proqramının icrasına başlayıblar: "Ötən il 4 nəfər təqaüdçü qızlarımızı həm də mentorlarla təmin etdik. Beləliklə, mentorluq proqramına başladıq. Müəyyən kriteriyalara əsasən, təqaüd verdiyimiz qızlar təhsil istəkləri, arzuları, karyera məqsədlərinə uyğun mentorlarla təmin olunurlar. Qızların bilik və bacarıqlarının inkişafında, karyera seçimində, gələcəkdə iş həyatına hazırlanmaq kimi məsələlərdə onlara yardım edirlər. Komandamıza qoşulmuş Könül Əliyeva mentorluq proqramının koordinatoru olaraq fəaliyyət göstərir. Mentor kimi qızlarımızın həyatında rolunun olmasını istəyən şəxsləri də əməkdaşlığa dəvət edirik”.

A.Qarayeva deyir ki, komanda üzvlərinin fərqli ölkələrdə yaşaması bu işləri görmək üçün maneə deyil: "Komadamızın digər üzvləri də fərqli ölkələrdə yaşayırlar. Saat fərqi cəhətən problemlərimiz olur, amma həll edirik. İnternetin, sosial medianın imkanları sayəsində işləri yoluna qoyuruq. Götürdüyümüz öhdəlikləri vaxtında edirik”.
 


Gəlin, bir-birimizə kömək olaq

Ş.Qarayevanın hələ Füzuli rayonunda işləyərkən orta məktəbdə şagirdlərindən olan Samir Kazımlı onunla bağlı belə bir xatirəsini yazıb: "Dərs zamanı mehriban davranırdı, şagirdləri üzünə baxanda, gülümsəyirdi. Tez-tez şagirdlərə "mən sizi çox sevirəm” deyirdi. Hər dəfə dərs zamanı bizi lövhəyə çıxarıb, ora ingiliscə sözlər yazdırırdı, yəni evə verdiyi tapşırığı. Biz də bəzən çətin sözləri əlimizin içinə yazırdıq, imkan yaranan kimi əlimizə baxırdıq. Bir dəfə Şəhla müəllim bunu məndə gördü və mənə yaxınlaşdı. "Qorxma, əlini aç” dedi. Əlimdəkini görəndə, mənə və digər uşaqlara dedi: "Əlinizi yazmayın, çətinlik çəkəndə məndən soruşun, sizə kömək edərəm. Gəlin, bir-birimizi aldatmayaq, bir-birimizə kömək olaq”.

Onun tələbələri də məhz "bir-birimizə kömək olaq” deyib bu işi görürlər. Yazını hazırladığım vaxtda qarşıma belə bir fikir çıxdı: "Təhsil yaxşı niyyətləri yaxşı nəticələrə çevirir” (Berry). Biz bir MÜƏLLİMin verdiyi təhsilin nəticəsindən bəhs etdik, əminik ki, bu nəticənin də öz nəticələri olacaq.
 
Aygün Asimqızı