“Müəllim bizə çatanda dedi ki, sizi vurmağa əlim gəlmir” – Məktəb illəri

“Müəllim bizə çatanda dedi ki, sizi vurmağa əlim gəlmir” – Məktəb illəri

Gənclik qəzeti
15 İyun 2019, 13:00 1777
Məktəb illəri ömrün ən şirin, qayğısız illərinə təsadüf edir. Ona görə o illərdən danışanda hər kəsin danışmağa sözü, xatirəsi çox olur. Təlimçi Fəxri Məmmədlinin də o illərdən xatirəsi çoxdur, bu dəfə onlardan birini bizimlə bölüşdü: "Məktəb illərində çox aktiv şagirdlərdən olmuşam, dərslərimi yaxşı oxumuşam. Bizdə, adətən, uşaqlar iki qrupa bölünür. Sakit və dərslərini yaxşı oxuyanlar, dəcəl və dərs oxumayanlar. Amma düşünürəm ki, hər ikisinin uşağın həyatında müəyyən yeri olmalıdır. Məndə ikisi də olub. Dərslərimi çox yaxşı oxusam da, şagirdə xas olan müəyyən dəcəlliklər də etmişəm. Deməli, 9-cu sinifdə oxuyurduq. Təhmasib adlı bir sinif yoldaşımız başqa bir məktəb keçmişdi, amma uzun müddət onun adı jurnalda getdi. Hər dəfə müəllimlər onun adını çəkirdilər, sonra deyirdilər ki, o, artıq məktəbdən çıxıb. Bir dəfə hərbi dərsində sinif yoldaşım olan oğlanla plan qurduq, uşaqlara dedik ki, müəllim o oğlanın adını çəkəndə, hamımız onun yerinə ayağa duraq. Müəllim nə qədər "əyləşin” desə də, oturmayaq. Oğlanlı-qızlı hamımız, müəllim Təhmasibin adını çəkəndə ayağa qalxdıq. Müəllim dəfələrlə "əyləşin” desə də, oturmadıq. Qızların bəzisi əyləşsə də, oğlanlar ayaq üstdə dayandı. Həm də gülürdük. Müəllim də çox əsəbiləşdi və oğlanların hamısını lövhəyə çağırıb hərəyə bir sillə vurmağa başladı. Zarafatı təşkil edən oğlanla mənə növbə çatdı. O qədər nizam-intizamlı idik ki, heç kim bunu bizim təşkil etdiyimizi fikirləşməzdi. Müəllim bizə çatanda dedi ki, sizi vurmağa əlim gəlmir, yəqin ki, günahınız yoxdur. Bizdən keçib o biri uşaqları vurdu (gülür)”.
 
Aygün