• çərşənbə, 17 Aprel, 00:13
  • Baku Bakı 14°C

“Muğam müsabiqəsi həyatımdakı çox şeyi dəyişdi” - Debüt

14.06.19 15:00 6215
“Muğam müsabiqəsi həyatımdakı çox şeyi dəyişdi” - Debüt
Hələ yolun başındadır. Özü ilə bağlı gələcəyə dair arzuları, xəyalları, ümidləri, istəkləri var. Arzularına doğru gedən yolu isə VII Muğam Televiziya Müsabiqəsindən keçib. 13 tur davam edən və hazırda final mərhələsini yaşayan müsabiqənin 13-cü, sonuncu turunda müsabiqəni tərk edən Türkanə Nəcəfova ilə görüşdük.
Türkanə peşəkar səhnədə öz debütünü etdi. Media olaraq isə ilk debütünü isə "Kaspi” qəzeti ilə yaşadı. Deyir ki, bu, bir tarixdir, tarixdə debütlər isə unudulmur.
Hələ çox gəncdir. 1996-cı ildə Tovuz rayonunun Əyyublu kəndində anadan olub. İlk təhsilini 2003-cü ildə 1 saylı Eyvaz Bayramov adına məktəbdə alıb. Həmin illərdə məktəbdə təşkil olunan tədbirlərdə fəal iştirakı ilə seçilib. Məktəbdə hazırlanan tamaşalarda rol alıb, dərslərini əla qiymətlərlə başa vurub. Muğam oxumağı çox sevib və zaman keçdikcə bu marağını reallaşdırmaq qərarına gəlib. Uşaqlıq arzusu ali təhsil almaq olub. Arzudan isə arzu doğub, bir arzuya çatdıqda o biri arzu özünü yetirib.
"İfaçılıq sənətinə marağım məktəb illərindən yaranıb. Ancaq heç vaxt ağlımdan belə keçirməzdim ki, mənim üçün əlçatmaz arzu olan bir sənətin sahibi olaram. Uşaq yaşlarımda hobbi olaraq mahnı oxuyar, özüm üçün züm-zümə edərdim. Çevrəmdəki insanlar, müəllimlərim səsimin gözəl olduğunu, məni xanəndə kimi gördüklərini deyir, bu sənətin arxasınca getsəm, daha çox uğur qazana biləcəyimi iddia edirdilər. Nəticədə onlar məni buna inandıra bildilər. Artıq ifaçılığa hobbi kimi deyil, bir sənət kimi baxmağa başladım. Məktəbi bitirdikdən 2 il sonra - 2016-cı ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Musiqi sənəti fakültəsinin Solo oxuma ixtisasına daxil oldum. Burada xalq artisti Səkinə İsmayılovadan xanəndəlik üzrə dərs alıram. Hazırda üçüncü kurs tələbəsiyəm”.

- VII Muğam Televiziya Müsabiqəsinin həyatınızdakı rolu nədən ibarətdir?
- Muğam müsabiqəsi mənim üçün bir müəllim rolunu oynadı. Müsabiqə həyatımda uğura gedən yolun açarı idi. Mən bu müddət ərzində bilmədiyim muğamları öyrəndim, biliyimi artırdım, durmadan məşq etdim, səs imkanlarımı genişləndirdim, tanındım, ustad sənətkarların qarşısında çıxış etmək imkanı qazandım. Böyük ustadlardan tövsiyələr adım. Müsabiqə həyatımdakı çox şeyi dəyişdi. Müsabiqəni sonuncu həftə tərk etsəm də, buna heç də təəssüflənmirəm. Mənə görə belə mötəbər layihədə sonuncu həftəyə qədər gəlməyimin özü bir qalibiyyətdir. Bu müsabiqədə özümə çox yaxşı dostlar qazandım, əhatəm genişləndi, daha çox insan tanıdım. VII Muğam Televiziya Müsabiqəsində iştirakım arzularıma gedən yolda bir vasitəçi rolunu oynadı. İçimdə böyük bir arzu var idi. Bu arzuya çatmaq üçün nə qədər çalışırdımsa, kifayət etmirdi. Bu müsabiqə isə o arzu dolu yolun qapısının açarını mənə təqdim etdi.
- Müsabiqə zamanı münsif heyətləri tərəfindən hər hansı ayrı-seçkilik hiss etdinizmi?
- Müsabiqə şəffaf şəkildə keçir. Mən ancaq özümə cavabdehəm. Misal üçün, müsabiqə boyu uğurlu və uğursuz ifalarım oldu və münsiflər heyəti tərəfindən hər bir ifam düzgün şəkildə qiymətləndirildi. Yaxşı oxuduğum mahnılar münsif heyətləri tərəfindən yüksək balla qiymətləndirildi, qüsurlu olan mahnılar isə onların diqqətindən yayınmadı.

- Müsabiqə boyu çətin mahnılara müraciət edirdiniz. Ritmi tutmaq, xırdalıqlar etmək iştirakçıdan böyük təcrübə tələb edir. Repertuar seçərkən bunları nəzərə alırdınızmı?
- Repertuar seçimini biz özümüz tək etmirdik. Seçim zamanı bizi yönləndirən müəllimlərlə məsləhətləşir, səsimizin tembrinə - zilinə, bəminə uyğun mahnılar seçirdik. Seçdiyimiz mahnıların üzərində məşq edirdik. Seçdiyim mahnılar hər nə qədər çətin olsa da, onların ifası zamanı heç bir çətinlik çəkməmişəm. Həftədə 3-4 dəfə məşqlərimiz keçirilirdi. Ancaq bu məşqlərlə kifayətlənmirdik. Belə ki, həftə ərzində qüsursuz, yaxşı ifa nümayiş etdirmək üçün daha çox məşq edirdik. Həftədə 2 dəfə bu məşqlərdən əlavə müsabiqə boyu bizi müşayiət edən ansamblla da çalışırdıq. Oxuyacağımız muğamların arasında çalınan rəngləri hazırlamaq, bizim səhnəyə tam hazır şəkildə çıxmağımız üçün bir neçə dəfə ansamblla məşq etməyimiz çox vacib idi. Müsabiqə boyu gərgin həftələrimiz olurdu. Müsabiqə zamanı ritmində, xırdalığında çətinlik çəkdiyim hər hansı bir mahnını olmayıb, çalışmışam ki, hər zaman öhdəsindən gələ biləcəyim repertuara müraciət edim. Tamaşaçıların dediyinə görə seçdiyim mahnılarla həmişə dinləyicinin zövqünü oxşaya bilmişəm. Ünvanıma səslənən bu xoş sözlər məni ruhlandırırdı. Təbii ki, burada müəllimlərimizin də böyük rolu var.
- Qorxmurdunuzmu ki, ağır mahnılar seçərsiniz və öhdəsindən gələ bilməzsiniz?
- Bunu bir növ özümüzlə imtahanımız da adlandıra bilərik. Və bu çətinliklərin öhdəsindən gəlmək məcburiyyətində idik, əks təqdirdə məğlubiyyəti gözə almalıydıq. Təsəvvür edin ki, heç vaxt oxumadığınız və ağlınızın ucundan keçməyən bir mahnını bir həftə içərisində öyrənib tamaşaçılarımızın və ustadlarımızın qarşısında təqdim edirdik. Bu məsuliyyətin özü belə, insana böyük həyəcan verir.

- Sizə görə istedadlı xanəndə olmaq üçün hansı mərhələlərdən keçmək və nələri bilmək lazımdır?
- Əvvəl hesab edirdim ki, dinləyicinin ruhunu oxşamaq, gözəl səsi olmaq, oxumaq məharətini formalaşdırmaq, səhnə mədəniyyətinin olması, muğamlarımızı bilmək istedadlı ifaçı olmaq üçün yetərlidir. İndi başqa cür düşünürəm. Hər şeyin başında zəhmət dayanır. Zəhmətdən də əlavə, insan gərək bir yola çıxanda özünə inansın və özgüvəni formalaşsın. İnsanın daxilində bir şeyə inam olduqdan sonra zəhmətə qatlaşıb istəyə nail olmaq mümkündür. Əgər içində az da olsa bir istedad varsa, bu bacarığı inkişaf etdirməli və irəli getməyə can atmalıyıq. Bu işdə istedadla bərabər, şansın da rolu az deyil.
- Sizcə, hər bir tələbə müəlliminin yolunun davam etdirməli, ona oxşamalıdır?
- Müəllim tələbəyə gözəl örnəkdir. Mən çox istəyərdim ki, müəllimim kimi olum, xalqın sevgisini qazanım və müəllimlərimdən öyrəndiklərimi bizdən sonra yetişən gənclərə öyrədim, tələbələrim olsun. Fürsətdən istifadə edib buradan öz ustadıma Səkinə İsmayılovaya dərin təşəkkürümü bildirirəm. Bu günə qədər əldə etdiyim bütün uğurlarımı məhz ona borcluyam. Fikrimcə, hər bir tələbə müəllimin ona öyrətdiyini layiqincə yerinə yetirməyə çalışmalıdır. Onun əziyyətini qiymətləndirməlidir.

- Bir alim deyib ki, yazıq o tələbəyə ki, müəllimini üstələyə bilməyib.
- Əlbəttə ki, mən tək müəllimimdən öyrəndiklərimlə kifayətlənmir, daima yeniliklər axtarıb, daha çox bilik əldə etmək üçün klassik xanəndələrə müraciət edirəm və hər xanəndənin ifasında özüm üçün nələrsə öyrənirəm. İndi müasir dövrdür, nəyisə öyrənmək istəyiriksə, tək bir mənbə ilə kifayətlənə bilmərik. İnternet, komyuter vasitəsilə dünyanın hər bir nöqtəsindən xəbər tuta bilirik, orada hansı prosesin baş verdiyini öyrənirik. Yəni deməyim odur ki, öyrənmək istəyən insan hər vasitə ilə buna nail ola bilər. Misal üçün mən asudə zamanlarımda ustad sənətkarların ifalarını dinləyirəm.
- Sizcə, muğam yeniliyi qəbul edirmi?
- Biz klassik muğam ifaçılarının davamçılarıyıq. Hər bir muğamın öz dəsti-xətti var. İfa zamanı mənə elə gəlir ki, o dəsti-xətdən kənara çıxmaq olmaz. Belə ki, muğamın başlanğıcı, şöbədən-şöbəyə keçən zaman verilən sonluq düzgün olmalıdır. Əslində, bu sənətdə hər zaman yeniliyin tərəfdarıyam, niyə də olmasın. Muğamlara yeni nəfəs, yeni boğazlar gətirmək çox yaxşı olardı. Amma bəzən klassik muğam ifaçılarımızın, ustad xanəndələrimizin çoxu bu yeniliyi qəbul etmir. Təbii ki, biz də onların fikrinə hörmətlə yanaşır və çalışırıq ki, hər şeyi öz üslubunda öyrənək.

- Bir gənc olaraq hədəfləriniz nələrdir? Məsələn, 20 ildən sonra özünüzü harada görürsünüz?
- İndi əsas hədəfim sənətimlə məşğul olmaq, oxumaq imkanlarımı daha da genişləndirmək, tutduğum yolda dərin biliklərə sahib olmaqdır. Bilirəm ki, bütün bunların başında böyük əziyyət, zəhmət dayanır. Uğura gedən yolda zəhmət qaçılmazdır. Qarşıma qoyduğum hədəfə çatmaq üçün bütün imkanlarımdan istifadə etmək lazım olacaq. İndi deyə bilmərəm ki, 20 ildən sonra harada, necə olacam. Amma o zirvəyə qalxmağın yollarını bilirəm. Özümü gördüyüm yerdə olmaq üçün bu gün çox çalışmalıyam və hər şey bu gündən başlayır.
Xəyalə Rəis

banner

Oxşar Xəbərlər