• çərşənbə axşamı, 19 mart, 14:19
  • Baku Bakı 8°C

MOK-un vitse-prezidenti: “I Avropa Oyunlarında qələbəmizin ən böyük sirri...“

30.07.15 18:51 3202
MOK-un vitse-prezidenti: “I Avropa Oyunlarında qələbəmizin ən böyük sirri...“
“Avropa Oyunları ölkəmizə həvalə edilərkən Azərbaycan dövləti, Milli Olimpiya Komitəsi olaraq bilirdik ki, yarışa çox az bir vaxt qalıb. Şəxsən mən fikirləşirdim ki, bu məsələ 2 il 7 aya alınmayacaq. Həmçinin, hər dəfə Avropa Olimpiya Komitəsinin Koordinasiya Komitəsi Bakıya gəlib, bütün detalların təhlilini ortaya qoyduqda özümüz dəhşətə gəlirdik ki, Azərbaycan bu işlərin öhdəsindən gələ biləcək, yoxsa bilməyəcək? Amma gördünüz ki, ölkəmizə gələn qonaqlar, idmançılar, mətbuat işçiləri, ümumiyyətlə Oyunlara təşrif buyuran bütün insanlar yüksək səviyyədə qarşılanıb, yüksək səviyyədə də vətəninə yola salındı”.
Bu fikirləri APA TV-nin “Avropa Oyunları” layihəsinin qonağı, Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti, “Ədalətli Oyunlar” komissiyasının sədri Xəzər İsayev deyib.
MOK rəsmisi Bakıda keçirilən I Avropa Oyunlarının yekunlarından danışıb, yarışa qatılan yığmalarımızın çıxışını analiz edib. X. İsayev bildirib ki, Azərbaycan bu yarışa yüksək səviyyədə ev sahibliyi etməklə qitədə yeni tarix yazıb: “Yarış fantastik bir proqram əsasında həyata keçirildi. Bu, Avropa idman tarixinin bünövrəsini qoydu”.
Vitse-prezident Bakı-2015-də yığmamızın inamlı qələbəyə imza atdığını deyib. Onun sözlərinə görə, “Avropa Oyunları” layihəsinin ilk buraxılışında medal gözləntilərimizlə bağlı verdiyi proqnozu yeni nəslin əla çıxışı səbəbindən özünü doğrultmayıb: “Bəli, mən 20-22 medal qazanacağımızı proqnozlaşdırırdım. Peşəkar idman mütəxəssisi kimi Avropa və dünya çempionatlarındakı nəticələrimizə əsasən bu qənaətə gəlmişdim. Amma yarışda gənclərimiz, xanım idmançılarımız böyük potensiallarının olduğunu nümayiş etdirdilər. Həmçinin, inandığımız və inanmadığımız federasiyalar öz işlərini yüksək səviyyədə ortaya qoydular. Triatlon və qılıncoynatma idman növlərindəki uğurumuzu sürpriz kimi qiymətləndirərdim. Çünki Azərbaycan Triatlon Federasiyası cəmi 2,5 il öncə yaradılıb və bu qısa müddətdə belə uğuru əldə etmək çox çətindir. Amma onlar bunun öhdəsindən asanlıqla gəldilər. Fikrimcə, idmançımızın Bakı-2015-də qazandıqları bürünc medalı hamımız “qızıl” kimi görməliyik. Həmçinin, qılıncoynadanlarımız uzun müddətdir ki, Avropa və dünya çempionatlarında, Olimpiadalarda mükafat qazana bilmirdilər. Bizim üçün ənənəvi və tarixi növdə müəyyən çatışmazlıqlarımız vardı. Buna baxmayaraq, 1 gümüş və 1 bürünc medal qazanmağa nail olduq”.
X. İsayev yığmamızın 56 medal (21-15-20) qazanmasını ölkədə idmana göstərilən diqqət və qayğının nəticəsi, maddi-texniki bazanın gücləndirilməsi və federasiyalarda işin düzgün qurulması kimi qiymətləndirib: “Karateçilərimizdən 1-2 qızıl medal gözləyirdik. Amma onların birdən-birə 4 çempionluq sevinci yaşamaları Azərbaycanın həm qüdrətli, həm də fiziki cəhətdən inkişaf edən dövlət olmasının göstəricisidir. Bundan əlavə, karate döyüş növü olduğundan gələcək nəslin ordu üçün tam püxtələşdiyinin şahidi olduq. Qız karateçilərimiz də özünü Avropa Oyunlarında yaxşı tərəfdən göstərdilər. Ukrayna əsilli İrina Zaretskayanın fəxri kürsünün ən yüksək pilləsində Azərbaycan himnini oxuması onu göstərdi ki, bu komandada nə qədər ölkəmizə bağlılıq var”.
Vitse-prezident uğurumuzda əsas pay sahibi olan güləş, boks və taekvondo yığmalarımızın çıxışını yüksək qiymətləndirib: “Güləş Azərbaycanda populyardır. Hər bir yarışda, Olimpiadalarda belə onlardan müəyyən nəticələr gözləyirik və onlar bunu doğruldurlar. Boks və taekvondo yığmalarımızın yüksək səviyyədə çıxışını qeyd etmək istəyərdim. Bu onu göstərir ki, Azərbaycan Boks Federasiyası yüksək səviyyədə iş qurub. İdmançılarımızın da potensialı göz qarşısındadır ki, artıq Oyunlarda qızıl medalların sayı kifayət qədər çox oldu. Ümumilikdə, 15 çəki dərəcəsindən 11 medalın qazanılması böyük uğurdur, qəhrəmanlıqdır. Kişilərdən ibarət taekvondo millimizin də qələbəsi xüsusi vurğulanmalıdır. 4 çəkidən 3-də qalib gəlmək böyük bir plan əsasında qurulan mexanizm sistemin nəticəsidir. Doğurdan da, bütün idmançılarımız, federasiyalarımız böyük güc qoydular”.
X. İsayev bildirib ki, hələlik müvəffəqiyyət qazana bilmədiyimiz növ üzgüçülükdür. Lakin o Su İdman Mərkəzi inşa olunduğundan federasiyanın da öz işini qaldıracağına, bu idman növündə də çox ciddi dönüş olacağına inam ifadə edib.
Azərbaycan millisinin yüksək nəticələr göstərməsində bir sıra amillərin rol oynadığını bildirən X. İsayev azarkeş amilini də xüsusi qabardıb: “Nəticələri tək idmançıların potensialı ilə ölçülməsini istəmirəm. Burada bir çox amillər var ki, qələbələrimizdə rol oynadı. Azarkeşlərin Azərbaycan bayrağı ilə daima idmançılarımıza dəstək olmasını da əlavə güc kimi dəyərləndirərdim. Cənab prezident İlham Əliyevin final yarışlarında olması qızıl medalların qazanılmasında əsas amil hesab edilməlidir. Təbii ki, prezidentin ailəsi də bütün finalları canlı izləyirdi. İdmançılar da prezident başda olmaqla, bu ailəni orada gördükcə daha da ruhlanıb, İlham Əliyevin əlindən həmin qızıl medalı almaq istəyirdi. Qələbəmizin ən böyük sirri də bundadır”.
Gimnastlarımızın da çıxışını yüksək dəyərləndirən vitse-prezident atletika və atıcılıq növlərində medalsız qalmağımıza, cüdoçularımızın ümidləri doğrultmamasına da aydınlıq gətirib: “Atletika növündə 5-ci yerlə kifayətləndik. Bu, ilk Oyunlar üçün yüksək nəticədir. Amma atletikada növlərin sayı çox olduğundan onlardan real medallar gözləməliyik, inkişaf getməlidir. İnanıram ki, gələcəkdə bunu görəcəyik. Çünki bu gün yaradılan potensial, sistem, federasiyanın işi, yeni stadionlarımız və orada gələcəkdə keçirilə biləcək tədbirləri nəzərə alsaq, gələcəkdə nəticələrə ümid edərik. Avropa Oyunlarında atıcılıq və cüdo idman növlərindən nailiyyət gözləsək də, bunu görməməyimizə bir neçə amillə yanaşa bilərəm. Məsələn, atıcılıq idman növlərində gəncləşməyə, nəsildəyişmə prosesinə start verilib. Yeni nəslin gəlməsi ilə bağlı ola bilsin ki, hansısa boşluqlar əmələ gəlib. Hafiz Cəfərov, İradə Aşumova, Zemfira Meftahətdinova kimi peşəkarların federasiyada çalışdığımı nəzərə alsaq, gələcəyə nailiyyətlər əldə etmək ümidi ilə baxa bilərik. Cüdoya gəldikdə, bu növdə uzun müddətdir ki, yüksək nəticələr görə bilmirik. Burada da bir sıra amillər öz əksini tapır. İnanırıq ki, gələcəkdə cüdoda sistematik şəkildə dəyişikliklər olacaq. Ümumiyyətlə, çatışmayan cəhətlərimizi aradan götürməliyik. Çünki cüdo dünyanın ən sevimli idman növlərindən biridir”.
X. İsayev Bakı-2015-də sürpriz nəticələr kimi, gözlənilməz nəticələrin də qeydə alındığını deyib: “Gözlənilməz nəticələrə gəldikdə, nailiyyət baxımından bizi qane etməyənlər oldu. Bunu istəyərəkdən deyirəm. Həmin idmançıya çox böyük hörmətim, rəğbətim, məhəbbətim var. Bu, Hacı Əliyevdir. Doğurdan da, ondan qızıl medal gözləyirdik. Çünki Avropa və dünya çempionatlarında qalib gələn idmançının I Avropa Oyunlarında uduzması adama təəccüblü gələ bilər. Bunun üçün mən çox təəssüflənirəm. Cüdoçularımız arasında da Avropa və dünya çempionatlarının mükafatçıları vardı. Boşluqlar nəzərə çarpırdı, idmançılarımızın hazırlıq prosesini tam şəkildə keçmədiyini gördüm. Bu növdə nəticələrimizin aşağı olmasına çox təəssüf edirəm. Fikrimcə, badminton, stolüstü tennis, kamandan oxatma növlərində nəticələrimiz isə gələcəkdə olacaq. Ən əsası odur ki, bu gün bütün federasiyalarda yüksək səviyyədə bir mexanizm qurulub, iş aparılır. Təbii ki, iş olan yerdə gələcəkdə nəticə də olacaq”.
“Ədalətli Oyunlar” komissiyasının sədri yarışda ədalət prinsiplərinin çox yüksək səviyyədə həyata keçdiyini vurğulayıb: “Açılış mərasimdə Təşkilat Komitəsinin sədri, Azərbaycanın I xanımı Mehriban Əliyeva çıxışında ədalətli qələbələrdən söz açdı. Həmçinin, cənab prezident İlham Əliyev bu barədə yüksək səviyyədə danışdı. Yəni, onların ədalətli qələbələr arzulamağı yarışların gedişatında tam öz əksini tapdı. Hətta Oyunların voleybol turnirində dırnağa dəyən topun səsi gəlirdisə, bunu tabloda təkrarən göstərib, düzgün qərar verirdilər. Ümumi hakimlik prosesi bütün növlərdə çox dəqiqliklə yerinə yetirildi. Bütün bunlar əsil ədalət naminə görülən işlər idi. Təşkilatı baxımdan desək, artıq Avropa özünün avropalı olduğunu yaddan çıxardı. Mən bunu belə gördüm. Çünki Avropa Olimpiya Komitəsinin İcraiyyə Komitəsi və yarışın Koordinasiya Komitəsinin üzvləri ilə tez-tez görüşürdük. Onlar ilk dəfə belə yüksək səviyyədə təşkilatçılıqla qarşılaşdıqları deyirdilər. Hətta bildirirdilər ki, Azərbaycan Avropa Oyunlarına iki Olimpiada qədər diqqət yönəltmişdi. Bundan əlavə, ölkəmiz, xalqımız bu yarışa ürəyini qoydu. Bu sözlər heç vaxt yadımdan çıxmaz. Bir azərbaycanlı kimi fəxr edirəm ki, Oyunlar belə yüksək səviyyədə keçirildi. Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Təşkilat Komitəsinə dünyanın ən güclü mütəxəssisləri dəvət olunmuşdu və yarış zamanı yanımızda idilər. Bu səbəbdən Oyunlar başqa cür də keçirilə bilməzdi. Növbəti Avropa Oyunlarının məşəli üçün od Atəşgah Məbədindən götürülüb gedəcəksə, artıq qitənin idman mərkəzi məhz Azərbaycan oldu. Bu, rəsmi şəkildə həyata keçdi”.
X. İsayev təkbətək idman növlərindən fərqli, komanda idman növlərində medal qazana bilməməyimizin də səbəbini açıqlayıb: “Bizdə komanda idman növləri hələlik tam şəkildə püxtələşə bilmir. Burada çox böyük çatışmazlıqlar var. Lakin deyə bilərik ki, bütün bu növlərdə bir canlanma gedir. Qadınlardan ibarət voleybol yığmamız bir neçə top fərqi ilə uduzub, ən azı 3-cü yerdən məhrum oldu. Yaxud kişilərdən ibarət voleybol yığmamız ilk turda Finlandiya ilə görüşdə 2 set irəlidə ola-ola, oyunu əldən verdi. Lakin onlar qalib gəlsəydilər, medal qazanmış bir komandaya çevriləcəkdilər. Qadın yığmalarında elə olur ki, matç zamanı da problemlər yaranır. Bu, onların qadın olmasından, psixologiyasından asılıdır. Bizdə həmçinin, ucaboylu qızların tapılması, mentalitet, Azərbaycan qanunları, ümumiyyətlə qadın idmançıların bölmələrə yazılması heç də asan başa gəlmir. Kişilərdən ibarət voleybol komandamıza gəlincə, onlar yeni bir araya gəliblər, komanda yeni formalaşır. Basketbolun 3X3 növü üzrə millilərimiz də qənaətbəxş çıxış etdilər. Onların oyununu da yaxşı qiymətləndirirəm. Çimərlik futbolu komandamıza da ümidlər böyük idi, lakin medalçılar siyahısında yer ala bilmədilər”.
MOK-un vitse-prezidenti qeyri-komanda hesabında Azərbaycanın Rusiyadan sonra ikinci olmasını məntiqə uyğun sayıb: “Ölkəmizə Avropanın ən güclü idmançıları gəlmişdi. Bu barədə beynəlxalq qurumlar da məlumat yaymışdı. Yığmamızın ikinci yerdə olmasında əsas amil yarışın doğma divarlar arasında keçirilməsi, torpağın, vətənin güc verməsidir. Məhz bu səbəblərdən digər dövlətləri qabaqladıq. Həmçinin, ölkəmizdə ənənəvi olan idman növlərində medallar qazanmağımızın da böyük rolu oldu. Bəli, komanda növlərində həmişə çətinlik olub. Amma bu gün bizim gözəl gimnastika komandamız formalaşıb. Avropanın 6-cısı olmaq, zəif nəticə deyil. Yəni, komanda idman növündə ən dahilər liderlik edir. Burada daha geniş masştablı işlər görülməlidir ki, gələcəkdə nailiyyətlər əldə edək. Lakin komanda idman növlərinə başqa tərəfdən yanaşdıqda, onlar bir neçə nəfərdən ibarət olduqlarından cəmi 1 medal qazanırlar. Təkbətək növlərdə isə daha çox mükafat gözlənilirdi ki, bu da oldu”.
X. İsayev 2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunları ilə bağlı proqnozlarını açıqlayıb və bildirib ki, Avropa Oyunlarında qazanılan medallar komandalarımızda arxayınçılıq yaratmamalıdır: “London Olimpiadasına 53 idmançı ilə qatılmışdıq. Braziliyada bu sayı artıracağıq. Avropa Oyunlarına 300-ə yaxın idmançı ilə qatılmağımız da bundan xəbər verir. Lakin indidən rəqəm açıqlamaq bir qədər çətindir. Çünki qarşıda bizi lisenziya turnirləri gözləyir. Bu medalların arxayınçılıq yaratmasına gəlincə, idmançı gərək ilboyu nəbzini buraxmasın, formasını qorusun və özündə arxayınçılıq hiss etməsin. Çünki bir qədər geriləyən idmançının yenidən əvvəlki formasını bərpa etməsi çox müşkül bir məsələdir. Təsadüfən medal qazanan idmançı da hazırlığını davam etdirməlidir. Fikrimcə, təsadüfi uğur olur. Yəni, həmin idmançının daxilində böyük potensial var və yenə də bunu təkrarlaya bilərlər. Rio Olimpiadasına cəmi bir il qaldığından hər bir idmançımız formasını qorumalıdırlar ki, Olimpiadada da uğurlu çıxışımızı davam etdirək. Ümumiyyətlə, bütün idman növlərində ehtiyat qüvvə vacibdir. Belə olduqda rəqabət də yaranır. Məsələn, keçmiş SSRİ-də öz çəkimdə millinin 1 nömrəsi idimsə, arxamda mənimlə eyni səviyyədə 10 idmançı vardı. Onlar mənim hansısa yarışda büdrəməyimi gözləyirdilər və elə də oldu. Fransada dünya çempionatında (1987 - red.) ikinci olduğumdan Seul Olimpiadasına (1988 - red.) əvəzimə 10 dəfə məğlub etdiyim ermənini göndərdilər. Halbuki Oyunlaradək mən real namizəd idim. Belə rəqabətləri idmançılar arasında federasiya yaratmalıdır. Ən azı 3-4 atlet bir-birini əvəzləmək gücündə olmalıdır. Məsələn, lider axırıncı gün zədə ala bilər, adi zəhərlənmədən xəstəxanaya düşə bilər, başına müəyyən hadisələr gələ bilər. Həmin vaxt ikinci, üçüncü və ya dördüncü nömrələrimiz elə olmalıdır ki, liderin yoxluğunu bildirməsin”.
X. İsayevin sözlərinə görə, Azərbaycanın Avropa Oyunlarına yüksək səviyyədə ev sahibliyi etməsi gələcəkdə Yay Olimpiya Oyunlarını keçirmək şansımızı artırıb: “Fikrimcə, biz artıq Olimpiya Oyunlarını keçirdik. Yarışa ürəyimizi qoymaq onu göstərdi ki, Azərbaycan Olimpiadanı da keçirməyə qadirdir. Həmçinin, Avropa Oyunlarını təşkil etməyə 2 il 7 ay vaxtımız vardısa, Olimpiya Oyunlarının ev sahibi 8 il öncə bilinir. Bu zaman yarışa daha yaxşı hazırlaşırsan”.
banner

Oxşar Xəbərlər