• cümə axşamı, 28 mart, 18:28
  • Baku Bakı 13°C

“Mobil telefon nömrəm əksər tələbəmizdə var” - Gör-götür

13.09.19 11:00 1659
“Mobil telefon nömrəm əksər tələbəmizdə var” - Gör-götür
Sosial şəbəkədə aktiv olan, orda yazılan mesajları özü cavablandıran rektor. Eyni zamanda feysbuk profilində mobil nömrəsini də yazıb. Söhbət İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədovdan gedir. Deyir ki, istənilən tələbə istənilən vaxt institutda onun qəbuluna düşə bilər, sadəcə olaraq, tələbənin ona çıxış imkanının çox olması üstünlükdür. Bu, həm də işçiləri daha da məsuliyyətli edir.

- Müsahibədən öncə feysbuk profilinizə də bir nəzər yetirdim. Diqqətimi çəkən mobil telefon nömrənizi qeyd etməyiniz oldu. Bunu özünüz istəmisiniz, yoxsa bilmədən belə qalıb?
- (Gülür) Özüm qeyd etmişəm. İnstitut olaraq biz ictimaiyyətlə, tələbələrimizlə münasibəti şəffaf qurmağa çalışırıq. Mobil telefon nömrəm demək olar ki, bir çox tələbəmizdə var. Mətbuatla da çox açıq şəkildə işləyirik. İstəyirik ki, institutda, eləcə də mənim rektor kimi fəaliyyətimdə cəmiyyət üçün aydın olmayan məqam qalmasın. İnstitut yeni yaradılıb və cəmiyyət üçün fəaliyyətimiz maraqlıdır. Ona görə ilk gündən fəaliyyətimizi bu cür qurmağa çalışmışıq. Telefonla yanaşı, sosial şəbəkə vasitəsilə mesajlar gəlir, onlara da cavab vermək lazımdır. Təbii bu cür işləmək çətindir, amma biz işimizi elə qurmuşuq ki, ünsiyyət asan olsun.

- Tələbələr nömrəni bilirlər, maraqlıdır, zəng vururlar?
- Mesaj yazan, zəng edən çox olur. Yayda tətilə çıxsaq da, o müddətdə də tələbələr dəfələrlə zəng ediblər, mesaj yazıblar. Biz hesab edirik ki, uğurun ən vacib elementlərindən biri ünsiyyətdir. Telefon, sosial şəbəkə bir tərəfə, tələbə günün istənilən vaxtı gəlib köməkçiyə, eyni zamanda bizim qəbul otağına məlumat verərək qəbula düşə bilir. Məqsədimiz davamlı, sıx təmasda olmaq, əgər hər hansı problem varsa, onu zamanında bilməkdir. Mən işlərin gedişini davamlı izləyirəm. Əməkdaşlarımız müxtəlif mənbələrdən əldə edib mənə çatdırırlar, eyni zamanda tələblərlə sıx ünsiyyətdə olub, onlardan öyrənirəm. Nə planları var? Hansı fəndə çətinlik çəkirlər? Nə kimi yeniliklər görmək istəyirlər? Bu sualların cavabını onlardan öyrənmək mənə maraqlıdır.


- İnstitutda nə qədər tələbə təhsil alır? Çünki düşünə bilərlər ki, digər universitetlərdəki qədər tələbə yoxdur, ona görə belə ünsiyyət qurmaq alınır.
- Ötən il 109 tələbəmiz var idi, bu il də 76 nəfər qəbul olub. Ümumilikdə, 185 edir. Biz bu şəraiti yaradırıq, amma bütün tələbələr zəng etmir, mesaj yazmır axı. İşimizi elə qurmuşuq ki, tələbələr ən son məqamda məni axtarırlar. Əgər digər işçilər problemi həll edə bilməzsə, tələbə rektora müraciət etməli olduğunu hiss etdiyində o zaman mənimlə əlaqə saxlayır. Tələbənin mənə çıxış imkanının olması həm də işçiləri daha məsuliyyətli olmağa sövq edir. Çünki bilirlər ki, tələbənin probleminə diqqətsiz yanaşsalar, tələbə mənimlə əlaqə saxlayacaq. Düzdür, bu, bir az bizim cəmiyyətin alışdığı metod deyil, amma təhsil müəssisəsinin uğur qazanması üçün rektor tələbənin nə düşündüyünü bilməlidir.

- "Ceyhun müəllim nəinki biz tələbələrin dostudur, o həm də müəllim və valideyndir” deyə yazmışdı bir tələbə. Tələbənin rektoru haqqında bu cür düşünməsi nəyin sayəsində olub?
- Tələbənin mənə valideyn kimi yanaşdığını hiss edirəm. Bunun başlıca səbəbi səmimiyyət, tələbələrə açıq olmaqdır. İlk gündən belə sistem qurduq ki, bütün rəhbər heyət auditoriyalara girir. Mən də institutda müəllim kimi çalışıram və bu fəaliyyət mənə böyük imkanlar yaradır. Tələblərlə müəllim kimi də ünsiyyətdə oluram. Səmimiyyətlə yanaşı, diqqət, qayğı bu işdə önəmlidir. Bəzən tələbənin problemi olur. Bu zaman onu dinləmək, hansı hisslər keçirdiyini düşünmək lazımdır. Tələbə o ünsiyyəti görəndən sonra dediyiniz münasibət öz-özünə formalaşmış olur. Yaxud tələbələrlə bir yerdə rayonlara səfərlərimiz olub, Cocuq Mərcanlıya, Qubaya getmişik. Bu zaman mən tələbələrlə eyni avtobusda getməyi üstün tuturam. Bəzən tələbələrə qəribə gəlir ki, rektor bizimlə oturub, amma bu, bizim münasibətlərimizi daha da rahatlaşdırır.

- Bu cür ünsiyyəti vaxt cəhətdən çatdırmaq olur?
- Biz təkcə tələbələr deyil, eyni zamanda valideynlərin zəngləri ilə qarşılaşırıq. Elə olub ki, saatlarla telefonda hansısa valideynlə danışmışam. O baxımdan bu, bizə bəzən çətinlik yaradır. İş saatımız çoxdur. Səhər tezdən - yeddi, səkkizin yarısı işdə oluram, axşam səkkizin yarısı gedirəm. Bir ildir ki, institut yaradılıb, hər işi qurmaq lazım idi, ona görə kollektivimiz bu bir il ərzində çox gərgin rejimlə işlədi. Hər birimiz günümüzün 15 saata yaxınını işə həsr edirik. Bəzən işdə çatdıra bilmirik, mesajlara evdə cavab veririk. Elə olur ki, yatmışam, gecə ayılanda baxmışam ki, tələbə, ya valideyn institutun səhifəsinə, ya mənə sual yazıb, onunla məşğul olmuşam. Bu cür mesaj çoxluğu əsasən, qəbul ərəfəsində özünü göstərir.

- İnstitutun səhifəsinə də nəzarət edirsiniz?
- Bəli, bəzən səhifəyə bu işi görən adamlardan çox özüm baxıram (Gülür). Vaxt olduqca təbii ki bunu edirəm. Bəzən yoruluram, amma bu, ümumi işin xeyrinədir.


- Tez-tez tələbələr üçün tövsiyələrinizi paylaşırsınız. Buna ehtiyac hiss etdiniz?
- Bu gün sosial şəbəkələr güclü tribunadır və biz ordan müxtəlif məqsədlər üçün istifadə edə bilərik. Hesab etdim ki, iş təcrübəmi, tələbələrlə ünsiyyət zamanı qarşılaşdığım məsələləri auditoriya ilə yanaşı, bir də bu vasitəylə tələblərə çatdırım, gələcək fəaliyyətinə nə isə bir töhfə verim.

- Bir tövsiyəniz də belə idi: "Bilin ki, yarımçıq mütəxəssis heç kimə lazım deyil”.
- Hesab edirəm ki, insan öz sahəsinin peşəkarı olmalı, çalışdığı işə ürəyini qoymağı bacarmalı, sahəsi ilə bağlı daim üzərində işləməlidir. Öz sahəsinin dərinliklərini bilməyən, sahəsində baş verən yeniliklərlə maraqlanmayan insan müəyyən mənada yarımçıq mütəxəssis hesab olunur. İnformasiya texnologiyalarından istifadə, yaxşı yazı, nitq qabiliyyəti və eyni zamanda sahəvi biliklər bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Burda universitet təhsilinin rolu çox böyükdür.

- Bəzən insan öz təcrübəsində nəyisə görməyəndə, o şəraiti başqaları üçün yaratmağa çalışır. Bu mənada sizin bu gün tələbələr üçün etməyə çalışdığınız nələri tələbə vaxtı görməmişdiniz?
- (Gülür) Mən ölkə xaricində - Suriya Ərəb Respublikasında təhsil almışam. O vaxt ölkədən xaricə təhsil üçün getmək indiki qədər asan deyildi. Şərqşünas, tarixçi olmaq istəyirdim. Bir gün valideynlərim gəldi ki, belə bir imkan var, ilk dəfə Azərbaycandan xaricə tələbələr göndərilir, istəyirik səni də göndərək. Getdik və tələbəlik illərimiz çox çətin oldu. Yataqxana, qida ilə bağlı problemlər yaşayırdıq. Ölkənin adət-ənənələri tam fərqli idi. Birinci iki il müxtəlif səbəblərdən Azərbaycana gəlmədim. Yay tətilindən istifadə edərək öz biliklərimi artırmağa çalışdım. Tələbəlik illərində müəyyən çətinliklər yaşadıq. Ona görə bu gün tələbə hansı hissləri keçirə, hansı çətinliklərlə üzləşə bilərsə, onları təsəvvür edə bilirəm. Hansı çətinlikləri yaşamışıqsa, onlarla bizim tələbələrin üzləşməməsi üçün bütün səyimizlə çalışırıq. Tez-tez müəllimlərimizə də deyirəm ki, tələbələrlə maraqlansınlar. Çünki çoxunun valideyni burda yoxdur, bəzən tələbənin pula, ya başqa nəyəsə ehtiyacı olur. Bəzi tələbələrin imkanları həddindən artıq zəifdir.

- Bunu universitet üçün edirsiniz, yoxsa insanlıq naminə?
- İlk olaraq vətəndaşlıq borcumuzdur. Biz vəzifəyə əmanət kimi yanaşırıq. Ölkə başçısı etimad göstərib, məni bu təhsil müəssisəsinə rektor təyin edib. Çalışmalıyam ki, bu etimadı doğruldum. Və bu gənclər gələcəkdə ölkəmizin inkişafına böyük töhfə verə bilərlər. Həm də insanlıq borcudur. Hər zaman qarşımdakı insanı öz yerimə qoymağa çalışıram. Özümə istəmədiyim rəftarı başqasına da istəmirəm. Bir-birimizə bu diqqət və qayğını göstərməliyik ki, nəticələr də yaxşı olsun. Ruzi də, imkan da insana ona görə verilir ki, bunu paylaşsınlar.


- "Bir-birimizə” dediniz. Tələbələr buna qarşılığı necə verirlər?
- Bizim bir kriteriyamız var: onların təhsili. Məqamı düşdü deyirəm, amma bu haqda çox danışmaq da istəmirəm. Bəzən "tələbələrlə bu qədər yaxın olmağa ehtiyac yoxdur" kimi stereotiplərə əsaslanan fikirlər olur. Tələbələrin bütün diqqətinin təhsildə olması üçün biz bunları edirik. Etdiyimizin qarşılığı yalnız o ola bilər, layiqli vətəndaş kimi yetişmək, peşəkar kadr olmaq.

- İlahiyyat İnstitutu deyəndə burda ancaq dinin tədris olunduğunu düşünənlər də var. Dini tədris burda ümumi təhsilin neçə faizini təşkil edir?
- Bəli, biz də bu cür fikirlərlə rastlaşırıq, elə bilirlər ki, burda ancaq din öyrədilir. Əslində isə elə deyil. İlahiyyat İnstitutunun fərqi nədən ibarətdir? Burda bütün universitetlərdə keçirilən məcburi fənlər tədris olunur. Sosiologiya, psixologiya, fəlsəfə, multikulturalizm, xarici dil, nitq mədəniyyəti və s. Bütün fənlərin hamısı tədris olunur. Digər fənlərlə dinin tədris faizi əlli əlliyədir. Düzdür, bəzi ölkələrin ilahiyyat institutlarında yalnız din tədris olunur. Amma bura, dünyəvi təhsil müəssisəsidir. Hesab edirik ki, institutu bitirən şəxslər üçün həm dünyəvi biliklər önəmlidir, həm də dini. Bunlardan biri olmayanda quşun bir qanadı əskik kimi olar.

- Din ümumilikdə həssas məsələdir. Bu mövzuda tədris də diqqət tələb edir.
- İlahiyyat İnstitutu olaraq dövlətin bizim qarşımızda qoyduğu məqsəd öz dini təhsil sistemimizi qurmaqdır. Bu sistem milli, vətənpərvər ruhda olmalı, təəssübkeşlikdən, radikallıqdan uzaq olmalıdır.


- 1 il ərzində institutda nəyi qura bildiniz? Qarşıda hansı hədəflər var?
- Bir il ərzində qarşımıza bir neçə hədəf qoymuşduq. Tədris sistemini qurmaq, peşəkar kadrların işə cəlb olunması, tələbələrin qəbul balının artırılması kimi hədəflərimiz var idi, bunları etdik. Qarşımıza məqsəd qoymuşduq ki, xarici universitetlərlə əlaqələrimizi daha da gücləndirək. Həmçinin yeni dərsliklərin yazılması qarşıya məqsəd qoyulmuşdu. Artıq bu istiqamətdə xeyli işlər görmüşük. İnstitutun kitabxanasının zənginləşdirilməsi kimi məqsədlər var idi, genişmiqyaslı planlar həyata keçirdik, əvvəl 14000 kitab var idisə, indi 20 000 kitab var. Dərsliklərin bir hissəsi artıq hazırdır. Növbəti ildə qarşımızda duran əsas hədəflərdən biri elektron təhsil sisteminin qurulmasıdır. İkili diplomlar, tələbə, müəllim mübadiləsi üçün işlər görmək üçün çalışırıq. Xarici mütəxəssislərin müəyyən müddətə institutumuza cəlb edilməsi, xarici universitetlərlə əlaqələr, xaricdə yaşayan həmvətənlərimizin institutda təhsil alması üçün şərait yaradılması istiqamətində işlər gedir. Yeni binamızda təmir gedir, növbəti aylarda ora köçməyə hazırlaşırıq. İnstitutun fəaliyyətinin daha da təkmilləşdirilməsi, genişləndirilməsi, ölkə xaricində tanıdılması istiqamətində fəaliyyətlərin qurulması, tələbələrimizin eləcə də, müəllimlərimizin bilik və bacarıqlarının artırılması, eyni zamanda İlahiyyat İnstitutunda müxtəlif seminarların təşkili istiqamətində də fəaliyyəti qurmağa çalışırıq. Hesab edirəm ki, bu istiqamətdə xeyli iş görülüb. İnstitutun saytı istifadəyə verilib, 3 dildə hər gün fəaliyyətimiz barədə orda məlumatlar yayımlanır. Hazırda saytımızın ərəb dili üzərində işləməyə çalışırıq. Məqsəd institutun bölgənin, ümumiyyətlə, dünyanın aparıcı təhsil müəssisələrindən biri olmasıdır. Hesab edirik ki, bunun üçün çox geniş imkanlar var.

- Bir övladınız var. Tələbələrə dost, valideyn yanaşmasında olmağa çalışırsınız. Bəs övladınızla münasibəti necə qurursunuz?
- 16 yaşlı bir oğlum var. Hesab edirəm ki, indiki gənclərlə dostluq etmək lazımdır və mən də buna çalışıram. Dostluq etmək, daha yaxşı münasibət qurmaq, daha çox ünsiyyətdə olmaq önəmlidir. İndiki gənclərin düşüncələri, yanaşmaları bir qədər fərqlidir. Biz çalışırıq ki, onlarla dostluq edək, fikir mübadiləsi aparaq. Ümumiyyətlə, həmişə mövcud olan məsələdir, valideyn bir şey istəyir, övlad başqa bir şey. Hər halda bu yaş dövrü bizdən diqqətli, ehtiyatlı olmağı tələb edir.

Aygün Asimqızı


banner

Oxşar Xəbərlər