Milli kinomuz 123 yaşına böyük ümidlərlə daxil olur
Mütəxəssislər deyir ki, son
illər kino sənayesində müəyyən uğurlarımız olsa da, hələ çox az yol qət etmişik
Kino danışan və hadisələri
ekran vasitəsi ilə göstərən bir aləmdir. Elə bir aləm ki, hərdən onun qəhrəmanlarının yerində olmaq,
dünyanı xilas etmək istəyirsən. Kinonun gücü ifadə edilməyəcək qədər geniş və təsirlidir.
Bəzən çökmüş bir insanı ayağa qaldırar, bəzən isə bir ordunu ruhlandırar. 2001-ci ildən ulu
öndər Heydər Əliyevin sərəncamı ilə avqustun
2-si Azərbaycanda MilliKino Günü kimi qeyd olunur.Hər kəsə bəllidir ki, Azərbaycan
kinosunun tarixi heç də yaxın keçmişə dayanmr. Tarixə boylananda, hər zaman
bizim dəyərli, keyfiyyətli filmlərimizin olduğunun şahidi oluruq. Bu gün də
barmaqla sayılası sanballı filmlərimiz var, amma prodüser qıtlığından onların nəinki
dünyada, heç öz ölkəmizdə reklamı ilə məşğul ola bilmirik. Ancaq bu, müasir
filmlərimizin çəkilməməsi anlamına gəlmir.Azərbaycanda kino sənayesində
çalışan və bu işdə ömrünü fəda edən sənətkarlarımız
az deyil. Onlarla milli kinomuzun perspektivi və hazırki durumu barədə danışdıq.
Əməkdar incəsənət xadimi, kinorejissor Elxan Cəfərov cəmiyyətimizdə kinoya ictimai və sosial marağın ötən illərdəkindən daha
yüksək olduğunu bildirdi: "Azərbaycan kinosuna ümidlərimiz çox böyükdür. Gənclərimizin
kino qavrama potensialı yüksəkdir. Kino kimi vizual mədəniyyətə bu gün böyük
bir ehtiyac yaranıb. Bu çox sevindirici haldır. Çünki cəmiyyətin istəyi və tələbatı
olmasa, heç bir sahə inkişaf edə bilməz. Bu gün ictimaiyyət arasında kinoya
maraq kifayət qədərdir. Ümidliyəm ki,
yaxın illərdə "Azərbaycanfilm” kinostudiyasının maddi-texniki bazası düzələcək
və yeni keyfiyyətli filmlər çəkiləcək. Biz həm Azərbaycana, həm də dünyaya gözəl
kino nümunələri təqdim edə biləcəyik. Müstəqil Azərbaycan kinosunda müəyyən mərhələləri keçib uğurlar əldə etmişik. Əlbəttə
ki, biz bundan daha yüksək və gözəl nəticələr istəyirik və bu nəticələr uğrunda
da çalışacağıq".
Xalq artisti Qurban İsmayılov Azərbaycan kinosunun müasir incilərinin sayının çox olmasını arzulayır:
"Kəmiyyət çox olanda, onların arasından daha yaxşılarını seçmək də asan
olur. Biri var 10 filmin arasından ən yaxşısını seçəsən, biri də var ki, 2
filmin. Azərbaycanın bugünkü filmləri qənaətbəxşdir. Yəni demək olmaz ki, film
cameəmiz tamamilə inkişafdan dayanıb. Ola bilsin ki, çəkilən filmlərimizin təbliğatı
aparılmır. Amma əslində yeni çəkilən əksər filmlərimiz beynəlxalq festivallarda
iştirak edib, mükafata layiq görülürlər. Bu istiqamətdə gənclərin rolu
böyükdür. Kino sahəsində çalışan istedadlı gənclərimiz kifayət qədərdir. Hətta sentyabrda
keçiriləcək 77-ci Venesiya Film Festivalının əsas müsabiqəsində azərbaycanlı rejissor Hilal Baydarovun "Səpələnmiş ölümlər arasında”
filmi yer alıb. Bundan başqa, Rüfət Həsənovun "Daxildəki
ada" filmi avqustda beynəlxalq festivalda iştirak edəcək. Əslində bunlar
böyük bir nailiyyətdir. Təkcə adını qeyd etdiklərim deyil, bundan öncə çəkilən "Nar bağı", "Nabat",
"Çölçü", "Axınla aşağı" və digər filmlərimiz bir çox tanınan,
beynəlxalq festivallarda iştirak edib. Sonra da deyirlər ki, Azərbaycanda film
çəkilmir. Əgər çəkilmirsə, bu festivallarda iştirak edən filmləri kimlər çəkir?
Sadəcə olaraq, çəkilən filmlərimizin təbliğatı zəifdir. Bu filmlər Azərbaycanda
çox az təbliğ olunub. Sovet dövründə çəkilən filmlər davamlı olaraq efirdə
nümayiş olunur, kinoteatrda göstərilirdisə, indi çəkilən filmlər festivallara
göndərilir. Festivalların da şərtləri ondan ibarətdir ki, bu filmlər heç bir şəbəkədə
nümayiş olunmamalıdır. Bundan başqa, həmin filmlər nə kinoteatrlarda, nə də
televiziyada nümayiş olunur. Eybi yox, təki, dünya kino festivallarında azərbaycanlı
rejissorların adları çəkilsin və bu, kiçik bir şey deyil. Azərbaycanın adının
dünya kinosunun siyahısına düşməsi bizim kinomuzun uğurudur. Bu o deməkdir ki, Azərbaycanda kinonu başa
düşən, kino çəkməyi bacaran insanlar var. Kinonu hər adam çəkə bilmir. Kino çəkmək
üçün yüksək təfəkkür, düşüncə, savad və intellekt lazımdır. Qarşıdan gələn
Milli Kino Günü münasibəti ilə intellektli, yüksək əqidəli rejissorlarımızı,
aktyorlarımızı, eyni zamanda bu sahədə çalışan hər kəsi təbrik edirəm".
Əməkdar artist Azad Şükürov kinomuzun həm rejissura, həm də yaradıcılıq baxımından Şərq ilə Avropa
kinosu arasında bir mövqedə dayandığını bildirdi: "Milli Kino Günü münasibəti
ilə bütün kino xadimlərimizi ürəkdən təbrik edirəm. Azərbaycan kinosunun inkişafında zəhməti olan hər kəsə
bu təbrikdən pay düşür. Milli kinomuzun
avqustun 2-də bayram kimi qeyd olunması ümummilli liderimiz Heydər Əliyevin
kinoya, mədəniyyətə olan diqqəti sayəsində baş verib. Azərbaycan kinosunun hər
zaman özünəməxsus dəst-xətti olub. Heç kəsə sirr deyil ki, son illər kinomuz
sanki öz tempindən geri qalıb. Hər halda bu vəziyyət kinonu sevən insanların ürəyincə
deyil. Burda kimisə şəxs olaraq günahlandırmaq fikrində deyiləm. Söhbət ondan
gedir ki, biz bir yerə toplaşıb kinomuzun inkişafı ilə məşğul olmalıyıq. Heç
olmasa, 70-ci illərdəki Azərbaycan kinosunun vəziyyətinə gətirə bilsək, böyük
iş görmüş olarıq. Bunun üçün hər cür potensiala malik sənətkarlarımız var. Gənclərimizin
çoxunu yaxından tanıyıram. Kifayət qədər dəst-xətti, sözü və münasibəti olan, vətənini
sevən gənclərimiz var. Bu barədə düşünmək lazımdır. Bəzən hansısa bir dərdi,
hansısa problemi böyük konfranslarla, məqalələrlə geniş tamaşaçı kütləsinə
çatdırmaq çətin olur, nəinki kino ilə".
A.Şükürov kinonun bu günkü gücündən danışaraq
onun nələrə qadir olduğunu qeyd etdi: "İkinci dünya müharibəsində yəhudilərin
başına gətirilmiş hadisələri Stilberq kinoya köçürdü. Filmi dünyanın müxtəlif
ölkələrində nümayiş etdirdi. Onlar bütün dünyaya sübut etdilər ki, yəhudilər İkinci
dünya müharibəsində əzab çəkiblər. Onlara
qarşı soyqırımı həyata keçirilib. Həmin kinonun dili ilə öz problemlərini
göstərmiş oldular. Bu mövzuda çəkilən filmlər dünyanın ən böyük film mükafatı
olan "Oskar"a layiq görüldü. Yəni deməyim odur ki, biz kino mədəniyyəti,
estetikası ilə bütün dünyaya öz problemlərimizi göstərə bilərik. Qarabağ münaqişəsi,
Xocalı faciəsi, Aprel döyüşləri kimi mövzularda filmlər çəkib, bütün dünyaya
nümayiş etdirmək olar. Bu, seminarlar, çıxışlarla səsimizi dünyaya çatdırmaqdan
daha effektlidir. Bu yöndə kinonun gücü çox böyükdür. Təəssüflər olsun ki, həmin
gücdən səmərəli istifadə edə bilmirik. Bizim bəlamız burdadır. Haqqında ssenari
yazılmağa layiq hadisələr başımıza gəldiyi halda, onların heç birini normal səviyyədə
ekranlaşdırmamışıq. Bu sahədə müəyyən cəhdlər olub. Amma çox az yol qət
etmişik. Biz Azərbaycan kinosunu inkişaf etdirmək üçün ciddi işlər görməliyik.
Demirəm ki, bu sahədə uğursuzuq, əsla. Müəyyən
uğurlarımız var. Məsələn, son illər çəkilən film və seriallarımızın
milli kinonun inkişafı üçün müstəsna rolu var. Ancaq daha böyük işlərə ümidliyik,
ümid isə sonda ölür".
Filmləri beynəlxalq
festivallarda iştirak edən və xaricdə təhsilini davam etdirib ölkədə yeni filmlər
çəkən gənc rejissor Amil Məmibəyli də həmkarlarını təbrik edib, kinonun
bugünkü durumundan danışdı. Gənc rejissor Azərbaycan kinosunun uğurunu beynəlxalq kino təşkilatlarına üzv olmaqda
görür: "Əsas gözləntilərimdən biri EURİMAGES kimi təşkilata üzvlüyü, nəhayət
ki, qəbul etməkdir. Bundan əlavə, nazirlik tərəfindən filmlərə ayrılan vəsaitlərin
tender yolu ilə, düzgün proqramlarla həll olunması vacibdir. Ən azı, Avropa təcrübəsini
götürə bilərik. Ortada heç bir xidməti olmayan və işdən xəbərsiz olan bəzi kino
məmurlarının vasitəçiliyini aradan qaldırmaq lazımdır. Yeni sistem və bu
sistemi çalışdırmaq üçün perspektivli gənc kadrlara ehtiyac var. Kinoyla məşğul
olan, xaricdə təhsil almış kinematoqrafçıları kinodan küsdürmək yox, onları
birbaşa bu işə sövq etmək lazımdır. Karantin dövründə Moskva təhsilli Rüfət Həsənovun
"Debüt” studiyasında təşkil etdiyi onlayn master-klasslar və özünün nüfuzlu
festivalda iştirakı onu göstərdi ki, bu işi bu işdən başı çıxanlar və ancaq təhsilli
gənclər görə bilər. Bu gün mən qarışıq, xaricdə təhsil alan gənclərin çoxu
başqa işlərlə məşğuldur. Halbuki, içimiz aşıb-daşır. Hazırda Moskva təhsilli
rejissorlar olan bizlər - Məzahir Həşimov, Ayşad Səfərəliyev, mən hələlik gözləmə
mövqeyindəyik. Bu şəxslər şəxsən yaxından tanıdığım rejissor dostlarımdır.
Onlarla belə gənc rejissorlar var. Ümid edirik ki, Mədəniyyət Nazirliyinin yeni
rəhbərliyi qurduğu yeni sistemlə bütün bu nöqsanları aradan qaldıracaq,
boşluqları dolduracaq. Bir neçə gün əvvəl Hilal Baydarovun filminin uğurunu
hamımız gördük. O uğur ki, Azərbaycan kino tarixində bir ilkdir və deyərdim ki,
hələ beləsi olmamışdı. Halbuki, bu işin hazırki Azərbaycan kino sistemi ilə bir
əlaqəsi yoxdur. Bu mənada, Hilal Baydarova böyük bir təşəkkür düşür. Yuxarıda
adını çəkdiyim təşkilata üzvlüyün bərpası baş tutsa, kinomuz həm mövzu sərbəstliyi
qazanar, həm də "məmur kinosu”ndan azad olarıq. Bu da dünyanın ən nüfuzlu
festivallarına bizlərin də ayaq açmasını sürətləndirəcək. Buna çox inanıram".
Xəyalə Rəis