• cümə axşamı, 02 may, 02:03
  • Baku Bakı 15°C

Memarlar yetişdirən universitet – Universitet

04.06.16 10:19 3236
Memarlar yetişdirən universitet – Universitet
Azərbaycanda 95 illik tarixi olan memarlıq və inşaat ali təhsilinin davamçısı sayılan Azərbaycan Memarlıq və İnşaat Universiteti bu günlərdə 40 yaşını qeyd edəcək. 40 il bir ali təhsil ocağı üçün o qədər də çox yaş deyil, lakin universitetimizin bu illərdə qazandığı uğurlara baxanda, təvazökarlıqdan uzaq olsa da, qürurlanmaya bilmirsən. Elm və təhsildə, tədris və təcrübədə, eləcə də ictimai işlərdə əldə etdiyimiz nailiyyətlər göz qabağındadır.
Qurmaq, tikmək, yaratmaq eşqi, abadlıq işləri xalqımızın canında, qanında var. Ta qədimlərdən əcdadlarımız tikib, qurub, yaradıblar, qərinələr, əsrlər görmüş qalalarımız, daş sərdabələrimiz, şah saraylarımız, karvansaralarımız dədə-babalarımızdan bizə miras qalan ən böyük xəzinədir. Bu gün məmləkətimizin elə bir məkanı tapılmaz ki, orada əsrlər, nəsillər görmüş tikililər olmasın. Bakının qədimliyinə şahidlik edən Qız qalası, Şirvanşahlar sarayı, Şəki xanlarının cah-cəlalından xəbər verən Şəki Xan Sarayı, Naxçıvanda Mömünə Xatun türbəsi, Gəncədə Nizami Gəncəvinin məqbərəsi və yüzlərcə bu qəbildən olan tikililər... Bu eşq, bu həvəs heç vaxt bitməyib, tükənməyib, zaman-zaman cilalanaraq daha da mükəmməlləşib, bu günümüzə qədər uzun bir yol gələn memarlıq sənəti bu illər ərzində dəyişib, formalaşıb, inkişaf edib, ənənələri yaşatmaqla yeni çalarlar qazanıb, yenilənən dünyanın tələblərinə cavab verməyə çalışıb. Təhsilsiz, savadsız, lakin dünyagörmüş müdriklərdən əldə etdikləri biliklər sayəsində daş yonub kərpic kəsib qalalar, sərdabələr, saraylar tikən babalarımızın sənəti ali təhsil səviyyəsinə qalxıb, gələcək nəsillərə ötürülüb.

Tarixə nəzər
Azərbaycanda ali memarlıq və inşaat təhsili başlanğıcını 1920-ci ildə Azərbaycan İnqilab Komitəsinin sədri Nəriman Nərimanov və xalq maarif komissarı Dadaş Bünyadzadənin imzaladağı dekretlə açılan Bakı Politexnik Texnikumunun nəzdində fəaliyyətə başlayan mühəndis-inşaat fakültəsindən götürüb. Həmin dönəmdə belə bir təhsil verən ali məktəbə ehtiyac vardı. Ötən əsrin əvvəllərində kapitalizmin, onun fonunda sənayenin inkişafıyla tikinti və memarlıq sahəsi də genişlənirdi, "neft bumu”nun təsirindən siması gündən-günə dəyişən Bakıda Avropa memarlıq məktəblərinin ənənələrini özündə daşıyan tikililərin sayı artırdı. Ali təhsilli kadrların olmaması Bakı milyonçularını kənardan mütəxəssis çağırmağa vadar edirdi. Bir tərəfdən tikintilərin miqyasının genişlənməsi inşaatçı, memar peşələrinə marağı artırırdı, digər tərəfdən milli kadrların olmaması vətənpərvər ziyalıları narahat edirdi. Məhz belə bir zamanda 1920-ci ildə Bakıda Politexnik İnstitutu yaradılır və onun nəzdində mühəndis inşaat fakültəsi açılır. İlk ali təhsilli kadrlar burada hazırlanır, daha sonra bu hazırlıq Azərbaycan Neft və Sənaye İnstitutunda, ötən əsrin 50-ci illərindən yeni yaradılmış Azərbaycan Politexnik İnstitutunda davam etdirilir.
1970-ci illərdə ölkədə başlanmış geniş quruculuq işləri, siması gündən-günə dəyişən paytaxt Bakıda sürətlə tikilən yeni yaşayış massivləri, fabrik və zavodlar, müasir görkəmli binalar memar və inşaatçı peşələrini aktuallaşdırdı, bu kadrlara tələbatı artırdı. Bu dönəmdə Azərbaycanda hakimiyyətə gələn xalqımızın ümummilli lideri Heydər Əliyev bu zərurəti zamanında dəyərləndirərək Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun (AzIMI) yaradılması təşəbbüsüylə çıxış etdi. 1975-ci ildə Azərbaycan SSR Nazirlər Sovetinin qərarıyla AzPİ-nin 4 fakültəsinin bazasında AzİMİ yaradıldı. Kiçik kollektiv, azsaylı tələbə kontingenti, zəif maddi-texniki baza ilə yola çıxan yeni institut ildən-ilə böyüyür, genişlənir, yerini möhkəmlədir, nüfuzunu artırırdı. Bu inkişafda onun yaradılmasına ilk xeyir-duasını verən ulu öndər Heydər Əliyevin xidmətlərini unutmaq olmaz.

Universitetə çevrilən institut
Ümummilli lider Heydər Əliyevin təşəbbüsüylə həyata vəsiqə qazanan AzİMİ 2000-ci ildə yenə də böyük hamisinin himayəsiylə müstəqillik qazanır, ulu öndərin imzaladığı fərmanla Azərbaycan Memarlıq və İnşaat Universitetinə çevrilir. Fakültələrin sayı artırılır, maddi-texniki baza gücləndirilir, elmi potensialı artırmaq üçün mühüm işlər görülür. 2002-ci ildən büdcədən maliyyələşən 5 elmi-tədqiqat laboratoriyası fəaliyyət göstərir. 2004-cü ildən universitetin tərkibində İnşaat kolleci yaradılıb və 2005-ci ildən burada 8 ixtisas üzrə mütəxəssis hazırlığına başlanılıb. Eyni zamanda 2005-ci ildən AzMİU-nun nəzdində fizika-riyaziyyat təmayüllü lisey də fəaliyyət göstərir, şagirdlərimiz regional və beynəlxalq səviyyəli elmi tədbirlərdə əhəmiyyətli uğurlar əldə edirlər.

3 dildə təhsil
Ötən 40 il ərzində universitetin uğurları ilbəil artıb, yeniliklər bir-birini əvəzləyib. Bu gün AzMİU ölkəmizin qabaqcıl ali təhsil müəssisəsinə çevrilib, 40 ildə əlli mindən çox mütəxəssis hazırlayıb. Klassik memarlıq və inşaat ali təhsilinin davamçısı missiyasını şərəflə həyata keçirən universitetimizdə hazırda 7 minə yaxın gənc təhsil alır, tədris 3 dildə - Azərbaycan, rus və ingilis dillərində aparılır. Fondunda 520 minədək ədəbiyyat olan geniş və müasir kitabxanamız var, tələbələrimiz rahat şəkildə kitabxanada istədikləri kitabları əldə edib dərsləriylə məşğul ola bilirlər, habelə internet resurslarından istifadə üçün geniş imkanlar yaradılıb. Məzunlarımızın işlə təmin olunmasına kömək məqsədiylə 2013-cü ildən Karyera və təcrübə şöbəsi fəaliyyətə başlayıb. 2015-ci ildən AzMİU-da Təhsil Nazirliyinin təşəbbüsüylə yerli və beynəlxalq əmək bazarında rəqabətə davamlı kadr hazırlığı həyata keçirmək məqsədilə 3 ixtisas üzrə SABAH qrupları fəaliyyət göstərir, həmin qruplarda 100-dən çox tələbə təhsil alır.
Hazırda dünyanın bir çox universiteti ilə əməkdaşlıq edən universitetimiz 9 beynəlxalq təşkilat və assosiasiyanın üzvüdür, bu və ya digər proqramlar çərçivəsində 80-dək xarici ölkə universitetləri ilə əməkdaşlıq edirik. 2012-ci ildən Erasmus-Mundus layihələrinə, 2013-cü ildən isə Türkiyə Respublikasının Mövlanə Mübadilə Proqramına qoşulmuşuq, 100-dək tələbə və müəllim mübadilə proqramlarında iştirak edib.


Tələbə Həmkarlar İttifaqının fəaliyyəti

Universitetin aparıcı ictimai təşkilatı olaraq tələbələrin sosial-iqtisadi problemlərinin həlli, hüquqlarının qorunması, asudə vaxtlarının səmərəli keçirilməsi üçün çalışır, tələbələrin iştirakı ilə müsabiqələr, seminarlar, festivallar, sərgilər, elmi konfranslar təşkil edirik.
Azad Tələbə Həmkarlar İttifaqının nəzdində fəaliyyət göstərən "Şən və hazırcavablar” klubu, bədii özfəaliyyət dərnəyi və "Buta” rəqs ansamblı tələbələrin asudə vaxtının səmərəli təşkilinə xidmət edir. Bu kollektivlər universitetdə, eləcə də respublikamızda keçirilən tədbirlərdə çıxış edir, bayramlarda konsertlər verirlər.
31 Mart - Dünya azərbaycanlılarının soyqırımı günü bir qrup tələbənin Quba Kütləvi Məzarlıq Memorial kompleksinə ziyarət etməsi artıq ənənə halını alıb, hər il bu səfərləri təşkil edirirk ki, gənclərimiz xalqımızın tarixində olan qanlı olayları, günləri unutmasınlar. Tələbə bədii özfəaliyyət dərnəklərinin uğurlarından da danışmaq istəyirəm. Universitetimizin özfəaliyyət komandası ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümü münasibətiylə Təhsil Nazirliyi və ATİAHİ RK-nın birgə təşkil etdiyi tələbə özfəaliyyətinin yekun konsertində iştirak edərək birinci yerə layiq görülüb. Teatra, incəsənətə olan marağı nəzərə alaraq tələbələrimizdən ibarət teatr qrupu yaratmışıq, onların səhnəyə qoyduqları Xocalı soyqırımına həsr edilmiş tamaşa tələbələrimiz və müəllimlərimiz tərəfindən müsbət qiymətləndirilib.
Komitəmizin üzvləri Azərbaycan Prezidenti yaninda Gənclər Fondunun qrant layihələrinə qoşulurlar, bu günə qədər 8 layihədə qalib olublar. Maraqlı aksiyalarımızdan biri də tələbələrin kitab oxumağa, mütaliəyə marağını artırmaq üçün təşkil etdiyimiz "Kitab oxuyan”, "Oxuyaq, oxuduğumuzu paylaşaq” adlı layihələrdir.
Sevinirik ki, universitetimizin 40 illik yubileyində qazanılan uğurlarda bizim də payımız var. Bu gün gənclərimiz çox təşəbbüskardırlar, yaradıcıdırlar, kreativ düşüncəyə malikdirlər, onlara öz ideya və arzularını həyat keçirmək, öz üzərində işləmək üçün şərait yaradılmalı, qayğı və diqqət göstərilməlidir. AzMİU-nun rəhbərliyi, hörmətli rektorumuz Gülçöhrə xanım həmişə belə gənclərin yanındadır, onlara böyük dəstəkdir.
Bayram Aslanov
Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri


banner

Oxşar Xəbərlər